Qismət: Meqapolis hüznləri silsiləsi - ESSE

Qismət: Meqapolis hüznləri silsiləsi - ESSE
11 iyul 2011
# 15:40
Birinci yazı

Bir də... bir də... bir də...

1

Monoton keçən günlərdəki təkrarın əzabvericiliyi bir yana qalsın, başımıza gələnlərin, qarşımıza çıxanların da bir az keçən kimi təkrar təkərinə düşməsi dözülməzdi. Eyni vaxtda oyanmaq, əl-üzünü yumaq, çayı dəmləmək, işə getmək.

Eyni bina, eyni yol, eyni adamlar, eyni siqaret və metrodakı eyni dispetçer qadın. Bu sonu gəlməz yolu başdan sona getmək, sonra axşam düşdümü geridən əvvələ yaşamaq... Fərmanımızın möhürü basılıbmı görən?

Nə vaxt sonuncu qatara özümü çatdırmışamsa, metroda mütləq könül bulandıran bir hadisəyə rast gəlmişəm. Əvvəl-əvvəl bu mənə təsadüf kimi gəlirdi. Öz-özümə deyirdim ki, “əşşi, sən də böyüdürsən, olur da belə şeylər”. Get-gedə gördüm ki, təsadüf sözü bu olayları ifadə etməkdə acizdir. Ona görə yox ki, bunlar mənim başıma gəlir, ona görə ki, gördüklərim heç də normal şeylər deyil.

Qəribə burasıdır ki, bütün sərnişinlər baş verənlərə o qədər etinasız baxırlar ki, elə bil dəfələrlə gördükləri bir filmə baxırlar ; sanki bu səhnə burda mütləq olmalıdır. Belə düşünürlər yəqin: “Bu filmi görmüşəm, axırda zənci qalib gələcək...”

2

Milan Kundera məşhur romanı “Varolmanın dözülməz yüngüllüyü”nə Nitsşenin əbədi təkrar düşüncəsi haqqında danışmaqla başlayır. Bilə-bilə “yazmaq”la yox, “danışmaq”la yazdım. Çünki romanın başlanğıcı hər oxuda mənə Kunderanın özünün özüylə söhbəti təsirini bağışlayır.

Özünə suallar verib, onlara cavab axtaran bu monoloq tipli esseistik başlanğıcda, bütün yaxşı romanlarda olduğu kimi əsərin nüvəsi gizlənib. Kundera yazır: “Yaşamlarımızın hər saniyəsi sonsuzluğa kimi təkrarlanırsa, deməli İsanın çarmıxlandığı kimi biz də sonsuzluğa çarmıxlanmışıq. Bu, insanı dəhşətə gətirən bir ehtimaldı.

Sonsuza Qədər Təkrarlanma dünyasında hər atdığımız addımın boynunda dözülməz bir ağırlığın məsuliyyəti var. Bax, Nitsşe buna görə Sonsuza Qədər Təkrarlanma düşüncəsinə yüklərin ən ağırı demişdir .“

Əbədi təkrar düşüncəsi hinduizmdə bir qədər fərqli şəkildə qarşımıza çıxır. Hindu dinində çarx simvolu var. Bu dinə görə insanın ruhu dünyada çarxa bağlanmış kimi fırlanır və bir bədəndən o birinə düşür. Fəlsəfədə rastımıza çıxan metempsixoz (yunanca “yenidən canlandırmaq” mənasındadır ) termini də bu məsələylə bağlıdır. Ölmüş ruhun bir bədəndən başqa bədənə keçməsinə metempsixoz deyirlər.

Hinduizmə bir də sansara sözü var. Sansara təxminən Kunderanın Nitsşedən sitat etdiyi əbədi təkrar düşüncəsinin işgəncə sayılması ilə qohum düşüncədir ( Güman ki, qohum yox, elə bu düşüncənin valideynidir ).

Sansaraya görə, ruhun bu dünyada çarx içinə düşmüş kimi fırlanması işgəncədir. Bu isə birbaşa karma anlayışı, yəni mükafatlanma-cəzalanma sistemi ilə bağlıdır. Karmaya görə, əgər bir adam bilə-bilə, məqsədli nəsə edirsə, onun etdikləri həyatında buna uyğun nəticələr verir.

Hinduizmdə ruhun gedib brahmanın bədəninə düşməsi də tam rahatlıq deyil. Bu mənada əsas məqsəd ruhu bədəndən bədənə keçməkdən xilas edib azadlığa çıxarmaqdır. Sansaradan (çarxdan, zəncirdən, təkrardan) qurtulmuş ruh mokşaya (mokşa - azad olma, xilas olma, özgürləşmə) çatır.

3

Bir dostun doğum günündən evə qayıdırdım. Özümü sonuncu qatara çatdırdım. Cəld tərpənib gözümə sataşan boş yerlərdən birini tutdum. Qatar yola düşdü. Ad günündə dostumun şərəfinə xeyli sağlıq demişdim deyə halsız idim.

Dünya kimi bir yandan boşalıb, o biri yandan yenə dolan qədəhin yükünü çəkmək əməlli başlı sizif əməyidir. Yuxulu-yuxulu qatarın bizim stansiyaya çatmasını gözləyirdim. Bir yandan da ağlımın oyaq qalmış hansısa küncündə oturmuş yazar eqosu mənə deyirdi ki, adamlara göz gəzdirmək lazımdır.

Qaraköynək bir oğlan qatarın qapısındakı “Söykənməyin!” sözünə söykənib telefonunu qurdalayırdı. Görünür, bluetooth-unu açıb əhatə dairəsinə çəkməyə qız axtarırdı. Çünki hər bir-iki dəqiqədən bir qatardakı qızlara,xanımlara ümumi nəzər yetirirdi. Əsas da telefonunu əlində tutmuş qızlara.

Deyəsən, o gün göl bərəkətsiz idi, çünki tora balıq düşmürdü. Oğlan hər dəfə bu sonu olmayan cəhdi təkrarlayırdı və get-gedə dilxor olduğu üçün, hər axtarışdan sonra telefonu əlində əsəbi-əsəbi fırlatmağa başlayırdı.

Üçnəfərlik oturacağın künc tərəfində əyləşmiş, sağ çiynində boz çanta, dizlərinin arasında yarım içilmiş fanta tutmuş bir qız saçlarını oynada-oynada telefonunun displeyinə baxırdı. Arabir qaraköynək oğlan kimi ətrafa göz gəzdirirdi, amma bu baxmaqdan çox altdan-altdan süzmək idi.

Deyəsən o gün göl bərəkətsiz idi, düşməyə tilov yox idi. Saçları nazlı-nazlı cilvələnən bu qız bir az keçəndən sonra çantasından saqqız çıxarıb çeynəməyə başladı.

Bu hərəkətiylə sanki iki vacib məsələni ifadə etmək istəyirdi. 1) Əsəbiyəm və saqqız çeynəyirəm ki, azca əsəblərimi sakitləşdirim. (nədənsə saqqız çeynəməyin əsəbləri sakitləşdirdiyini əksər qızlar inanır); 2) Görən, kimsə mənim saqqızımı oğurlayarmı? (etiraf edim ki, bu mənim yozumumdu)

“Ulduz” stansiyasında qatara iki sərxoş mindi. Görünüşlərindən səfillik yağırdı. Dişlərinin yarısı tökülmüş, paltarları kirin-pasın içində, ayaqqabılarında küçələrin diş yeri. Metro yeraltı dünyadı, amma onlar hardansa çoxumuzun bilmədiyi daha aşağı bir dünyadan gəlmişdilər. Qatar yola düşən kimi sərxoşlar bir-birini söyməyə başladılar. Çox az keçən kimi söyüşlərin açıq-saçıqlığı da, onların səsi də himalaya qalxmağa başladı. Qaraköynək oğlan əlində əsəbi-əsəbi fırlatdığı telefonunu astaca cibinə dürtdü, bir az aralanıb kənarda durdu.

Saçlarını işvəkarlıqla oynadan çantalı və fantalı qız tələsik fantasını, telefonunu çantasına qoydu. Qorxudan saqqızını da uddu, deyəsən. Söyüşlər isə durmadan daha yaradıcı və əclafca olmağa başlayırdı.

Bir-birlərinin anasının, bacısının, yeddi arxa dönəninin ən məhrəm yerləri barədə ağılagəlməz variantlar səslənəndirdikdən sonra, yəni dilnən çəkilən bu şifahi porno film bitən kimi nisbətən hündürboylusu o birinə möhkəm bir yumruq ilişdirdi.

Zatən ayaqüstə güclə duran kişi arxaüstə yərə sərənləndi, başı oturacaqlardan birinin küncünə dəydi. Yumruqdan dodağı partlamış kişinin başı da qanamağa başladı.

Saqqızını udmuş qız çığırıb ayağının altına sərənləmiş sərxoş kişinin üstündən atdanıb qatarın əks tərəfinə qaçdı. Yaxın oturacaqlarda kim vardısa hamısı ayağa durub qatarın o biri qütbünə meylləndilər. “Vurulmuş” sərxoş tutacaqlardan birtəhər tutub qalxdı və boşalmış yerlərdən birinə çökdü.

O biri sərxoş isə düz onunla üzbəüz oturacaqda oturub əlini ya dilinin altına, ya da dişlərinin arasına aparıb yarım bölünmüş lezva çıxardı, başladı o lezvayla venasını doğramağa. Qatarda fövqalədə bir qışqırıq başladı. O biri vaqonun pəncərəsindən heyrətli gözlər bizim vaqona zillənmişdi. Yer qan gölməçəsinə dönmüşdü.

Qan nazik bir zolaq üzrə vaqonun bu başından o başına sanki kimisə axtarırcasına axmağa başladı. Heç kim cəsarət edib onlara yaxınlaşa bilmirdi. Bir qız ağlamağa başladı, bir kişinin ürəyi bulandı. Birdən adamlardan birinin ağlına gəldi ki, maşinistlə əlaqə düyməsini sıxıb olanları demək lazımdı. Elə belə də etdi. “Məşədi Əzizbəyov”a çatan kimi hamımız platformaya axışdıq. Qapının ağzında polislər gözləyirdi.

Onlar gecənin qəhrəmanlarını qatardan çıxarıb yeraltı dünyadan yerüstü dünyaya ötürdülər. Biz isə hamımız qatarımıza qayıtdıq, bir-birimizi tanımasaq da olanlar barədə danışmağa başladıq.

Birimiz dedik ki, bu metronun keçidindəki polislər hara baxır ?

Bir başqamız dedi ki, onlar söyüş söyməyə başlayan kimi mən bildim belə olacaq axırı. Bir qadın dedi ki, kül bunların arvadlarının başına.Kişinin ipinə vaxtında yığmaq lazımdı. Əzələləri köynəyiylə yola getməyən bir oğlan dedi ki , mən vurardım, amma fikirləşdim sonra deyəcəklər içkili adamı vurub.

Nitqindən oxumuş olduğu hiss olunan eynəkli bir oğlan dedi ki , məncə bunu sosial-psixoloji tərəfdən araşdırmaq lazımdı.

Sonra söhbətlər səngidi və hər öz əvvəlki axarına döndü. Qaraköynək oğlan telefonunu çıxarıb qurdalamağa başladı. Get-gedə gözləri də ətrafa süzməyə hazırlaşırdı. Bir azdan telefonu əsəbi-əsəbi oynatmağa başlayacaqdı...

Çantalı qız “fanta”sını çıxarıb bir qurtum içdi və fanta şüşəsini yenə dizlərinin arasına qoydu. Yenə cilvəli-cilvəli saçlarını oynatmağa başladı, amma bu dəfə cilvəsinə nəsə bir az başqa bir şey də qarışmışdı elə bil. Əlləri nəsə narahat idi. Qorxunun və əsəbin redaktəsindən çıxan bütün adamların əlləri belə olur.

Bir sözlə, hamı əvvəlki yerinə və həyatına qayıtdı, amma heç kim düşünmədi ki, bir az əvvəl bir-birimizi tanımadan bizi danışmağa məcbur eləyən qüvvə nə idi? Bəlkə, biz hamımız beynimiz hansısa hissəsiylə düşündük ki, sabah da, birisi gündə, o biri gündə metroya minəcəyik və bir gün belə bu qatarda tək olmaq ehtimalı həmişə var.

Bəlkə, həmin ehtimal olunan tənhalığın qorxusu, bizim kimi tənha olan, çarəsiz olan o sərxoşların qarşısındakı acizliyimiz məcbur etdi ki, danışmağa başlayaq? Başqa çarəmiz vardımı? Çünki eyni yerə bir də qayıtmaq var.

Metrodan çıxdım və çıxan kimi bir siqaret yandırdım. Boş küçələrdə addımlaya-addımlaya binaları yarısı yanan, yarısı sönmüş işıqlarına baxdım.

İyirmi dörd saat işləyən əczaxanalar, binaların altındakı dükanların alnına yazılmış “market” sözü içimə sonsuz bir hüzn gətirdi. Siqaretimi tulladım, bir daşın üstündə oturdum və sakit-sakit ağlamağa başladım.



# 1249 dəfə oxunub

Oxşar xəbərlər

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
#
#
# # #