“Rəfiqələrinizi də gətirin”

“Rəfiqələrinizi də gətirin”
4 may 2015
# 10:48

Ötən gün mənə 077 271 25 XX nömrəsindən zəng gəldi. Bir xanım idi. Birbaşa adımla müraciət edib məni “Gənclik”də yerləşən kosmetoloji mərkəzə (heç mərkəzin adını da demədi,) “DeSheli” adlı bir firmanın pulsuz prosedurlarına dəvət elədi və xeyli şey sadaladı.

Şübhələndim. Soruşdum ki, nömrəmi hardan götürmüsünüz? Qız bir anlıq duruxdu, sonra dərhal mobil operatorla əməkdaşlıq etdiklərini, mənim nömrəmin aksiyaya düşdüyünü dedi. Mən xanıma dedim ki, bu nömrə öz adıma qeydiyyatda deyil və necə ola bilər ki, mobil operator sizə nömrənin sahibi kimi mənim adımı desin? Xanım suallarımı qulaqardına vurdu və -“Siz əvvəllər “Xəzər Xəbər”-i aparan aparıcı deyilsiniz ki?”,-dedi. Vəssalam. Sonra əlavə etdi ki, buyurun gəlin, şəxsiyyət vəsiqənizi də gətirin və bu aksiyadan faydalansınlar deyə, rəfiqələrinizə də xəbər verin. Mən ona heç bir yerə gəlməyəcəyimi bildirdim.

Sonra öyrəndim ki, bu firma fırıldaqla məşğuldur. Heç bir yerdə tanınmayan, mənşəyi bəlli olmayan məhsulları bu yolla qadınlara “sırıyırlar”. Baha qiymətə olan məhsulları ala bilməyən, amma dırnaqarası “kosmetoloqun” inandırıcı nitqindən sonra həmin vasitələri gözəlliyinin yeganə çıxış yolu hesab edənləri kredit variantına razı salırlar. Şəxsiyyət vəsiqəsi də bunun üçün lazım imiş.

Qızıl, dərman fırıldaqçılarından sonra, indi də kosmetoloq fırıldaqçılar peyda olub.

Cəlalə Nəzəroğlu

İnterAz Tv-də Xəbərlər departamentinin rəhbəri, teleaparıcı

# 1377 dəfə oxunub

Müəllifin son yazıları

# # #