Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...

Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
9 may 2021
# 09:01

Kulis.az Bircənin “Bu may bir başqa maydır” yazısını təqdim edir.

Qalalı bir oğlan ollam,
O, qalanı geri allam...
Folklor

Xumar-xumar dan sökülür,
Üstümə nurlar tökülür...
Safruh

Hadisələr təzə başlamışdı, Qorbaçovu ekranda görən kəndçimiz Nəsib dayı külqabını qapıb televizora hücum çəkir, qolu göydəcə ürəyi partlayıb köməcli ağac kimi yerə çırpılır.

Paşinyan Cıdır düzündə "Yallı" gedən günü iki əzizimiz çatlayıb öldü. Elə həmən gün bir qara titrətməylə xərçəng - üzünə daş yamanmış atamı çəngəlinə vurdu...

Axcilər bir vaxtlar Üzeyir bəyin seyrəngahı olmuş yastanada sac asıb kətə bişirəndə, kababı yuxanın arasına doldurub gözümüzə soxa-soxa yeyəndə, kürəyimə Qaraca çobanın sapandından çıxan daş boyda bir yaman sancıldı.
Cıdır düzündəki “Şeytanın möhtəşəm ziyafəti" bütün xalqın üstünə qor, köz (su yox) ələdi.

O dığalar, axçilər, oyunlar, gülüşlər, heç vaxt yadımdan çıxmayacaq. Düşmənlərin üzünü belə beynimdən silə bilmirəm.

Bir "namərd" iş yoldaşım Paşinyanın oynamağını mənə izlətdi. Oyun bitməmiş mən çırpı kimi yerə gəldim.

Şokdan, titrətmədən ağız-burnumun suyunu yığa bilmirdim.

Bir dəstə adam da mənim "şokumdan şoka" düşürdü.

O günü əlimi Şuşadan üzdüm...

Başımda el qoşun-qoşun,
Qanı axmaz bu vuruşun....

Sıldırım qayalardan, insan ayağı dəyməyən gədiklərdən əsgərlərimizi Üzeyir bəyin ruhu salamat keçirdi.

O dərələrin ərköyünlüyünə, şıltaqlığına mən bələdəm. Ağzını açıb pıçıldaşan səsin qarşı dağlara dəyib əks-sədası qulağını deşər.

O gecə Xan qızının ruhu igid əsgərlərin silah-sursatının səsinin üstünə öz yaylığını sərdi.

O gecə Xanın ruhu əsgərlərimizi gözəgörünməz elədi...

Tək döyüşmədilər, tək qalmadılar o mübarək gecədə igidlərimiz.

Tarixdəki bütün qalalılar o müqəddəs gecədə orduyla bir qol çaldı, güllə atdı, torpaq fəth elədi,
Şuşaya çatdı!

Bir dəftərim var. Hər ilin bu günü haqqında bir cümlə yazmışam.

Bu gün istədim o dəftərimi cırıb atım. Çox pis oldum onları oxuduqca.

Həm özümü lənətlədim, həm də özümə yazığım gəldi...

"Şuşasız daha bir ili bürüb-büküb yola saldım. Güclü yağış yağır. Görən indi Şuşa necədi?" (08.05.09.)

"Paşinyan "yallı" gedir, mən heç sənin bir sərçən, bir qarışqan da deyiləm, ay Şuşa!” (08.05.19.)

Ortalığa çıxarılası olmayanlar daha çoxdur...

Bu gün dəftərimə heç nə yaza bilmədim.

Gözün aydın, ay elim-obam!

Ağır yükünə, elə gedişinə, belə qayıdışına qurban olum, ay ŞƏHİDİM!!!

Səni var olasan, ay Turan elim, Türk dünyam!

# 3186 dəfə oxunub

Müəllifin son yazıları

# # #