[b]O pərdəni cırmaq üçün fürsət gözləmişdim[/b] – BİRCƏNİN ROMANI

[b]O pərdəni cırmaq üçün fürsət gözləmişdim[/b] – BİRCƏNİN ROMANI
29 dekabr 2017
# 11:17

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Qaynatamın yeddisi çıxandan bir-iki gün sonra Eminin əmisi uşaqları, dostları yas mağarını söküb traktorun lafetinə yükləyib gətirdikləri yerə daşıdılar. Bir yığın kişi həyətdə günortayacan əlləşdi, mənsə mətbəxdə onlara yemək hazırlayırdım.

Bayırda payız sazağı əsirdi, boz buludların arasından günəş ölgün-ölgün işıldayırdı. Cavid əmisi uşaqlarına qoşulub yerə dağılmış taxta qırıqlarıyla oynayırdı. Əllərim kələm dolması bükür, gözlərim pəncərədən Cavidi güdürdü. Qaynanam həmişəki sayaq pilləkənin başında oturub göstərişlər verirdi. Mən “ora getmə, ona dəymə” deyə-deyə Cavidi qoruduğum kimi o da dil boğaza qoymadan Eminin hər hərəkətinə göz yetirirdi:

- Bu ağırdı, bunu sən götürmə... Ona əl atma, o sənlik deyil... Qırağa dur, qoy uşaqlar gəlsin...

İmkan vermirdi Emin əlini bir işə uzatsın. O, belə elədikcə hirs-hikkə məni yerimdəcə dingildədirdi, dillənməkdən özümü güclə saxlayırdım.

Mağarın ağır dəmirləri lafetə yüklənəndə Zöhrə xala daha yerində bənd alammadı, yüyürüb Emini necə qomarladısa az qaldılar analı-balalı traktorun altına girələr:

- Demirəm ağır şey qaldırma? Sənin qolun zədəlidi axı!

Elə bil anasının sözü Emini ayıltdı, sağ əliylə sol qolunu başı bərabərinə qaldırdı, bir az havada saxlayıb yenidən aşağı saldı. İşləyən cavanların başının üstündə durmuş Sahib əmi də qaynanamın sözünə dəstək verdi:

- Anan düz deyir, sən əl vurma, qoy uşaqlar yükləsin.

Emin çəkilib pilləkənin ayağında dayandı. Ona baxa-baxa məni maraq götürdü: axı bunun qoluna nolub, nəyi var bunun?

Hava nə qədər isti olur olsun, Emin heç vaxt qolsuz köynək geyinməzdi. Qardaşlarım həmişə ona qollu-qolsuz qəşəng futbolkalar alardılar, qolsuzları kiçik qardaşı Elgizə verərdi, bu da məni cırnadardı. İndi də Zöhrə xalanın elə həyəcanla onun qolunun qayğısına qalması içimdə maraq dolu bir şübhə oyatdı. Dolmanı tələsik büküb üstünə heyva düzdüm, qazanı ocağın üstünə qoyub bayıra çıxdım. Pilləkənin dibində durmuş Emini pıçıltıyla yuxarı çağırdım. Emin ağır-ağır evə qalxdı. Öz otağımıza gedə-gedə:

- Bura gəl, - dedim, - sənə sözüm var.

Emin duruxdu, bir az da pörtdü:

- Camaat qapıdadı, ayıbdı axı, məni bura nəyə çağırdın?

Onun ürəyinə nə dolduğunu bilirdim. Atası ağırlaşandan bəri biz qonşu kimi yaşayırdıq.

Emin otağa girən kimi qapını örtdüm, özüm də söykəndim qapıya:

- Əynini soyun.

Emin gözləri bərələ mənə baxırdı, eşitdiyinə inanmırdı:

- Dəlisən, əmilərim həyətdə, hamı məni gözləyir, bu dar dəkədə nə olub sənə?

Mən hikkəylə əmr elədim:

- Sənə soyun deyirəm! Əmilərin bura gələsi deyil.

Emin məni üstdən-aşağı istehzayla süzdü:

- Özgə vaxt səni yatağa sürüyə-sürüyə gətirirəm, indi noldu ki, qızdın belə? Çəkil qapıdan, həyət-baca adamla doludu.

Gördüm belə getsə, bu, əlimdən çıxacaq:

- Pencəyi, köynəyi soyun, sənə sözüm var. Soyunmasan qışqıracam.

Emin əlacsız qalıb pencəyi soyunub təpəmə atdı:

- Həə, al bu da sənə pencək! Mən demişəm də, bu dəli mənim axırıma çıxacaq.

Əl çəkmədim:

- Köynəyi də çıxart.

- Aaz, sənin başın xarab olub? Dedim axı bayırda hamı məni gözləyir.

- Kim gözləyir gözləsin. Soyun dedim, vəssalam!

Emin:

- Kaş elə ayrı vaxt da məni belə soyunduraydın, - deyib əlini atdı kəmərinə, - di al sox gözünə!

Mən tez onun qollarından yapışdım:

- Yox, hələ köynəyi soyun, şalvarı sonra çıxararsan.

Emin mənə təşəxxüslə baxıb erkək-erkək güldü:

- Sənə demişdimmi bir gün gəlib ayaqlarıma düşəcəksən? Deyəsən bu gün o gündü.

Onun üzünə tox bir təbəssüm yayılmışdı. Məni qalib ədasıyla süzə-süzə köynəyinin düymələrini açmağa başladı. Mən tövşüyürdüm, həyəcandan sinəm qalxıb çənəmə dirənirdi. Düşünürdüm ki, axtardığımı tapmasam, bu işin altından nə təhər çıxacam?

Emin canına dolmuş ehtirasın sərxoş havası içində köynəyini soyunub kürsünün başına atdı. Bir gözü pəncərədə:

- Sən Allah, nə eləyirsən tez elə, gələn olar, - deyib əlini şalvarına atanda mən gözümü onun çılpaq qollarına zilləyib irəli durdum:

- Dayan, sol qolunu bəri ver.

Emin yarıyacan soyunduğu şalvarını yuxarı çəkib duruxdu, təşviş qarışıq şübhəylə üzümə baxdı, sonra qəddini dikəldib gözlərini məndən qaçırdı:

- Qolumu neylirsən, fikrin nədi?

Mən onun lap çənəsinin altına yeridim. Emin bir göz qırpımında əl atıb köynəyini kürsünün başından qapdı. Köynəyin soyunanda tərsinə çevrilmiş qollarını geri çevirənə qədər mən onun sol qoluna baxmağa macal tapdım: dirsəyində iri, eybəcər bir fır vardı. Tez əl atıb tutdum o fırdan:

- Bu nədi, nolub sənin qoluna?

Emin sanki oğurluq üstündə tutulmuşdu, çox pərt olmuşdu. Məni qırağa itələyib paltarlarını tələsik geyinməyə başladı. Mən ona imkan vermirdim, köynəyini dartışdırıb qolunun fırına daha yaxından baxmaq istəyirdim. O məni bir də itələyəndə gedib qapını kəsdirdim:

- Hə, de görüm bunu məndən niyə gizlətmisiz? Niyə mənə deməmisən şikəst olduğunu?

- Bunun nəyini deyəsiydim ki! Gizlədirdiksə, bəs indi hardan bildin?

Hikkəylə Eminin üstünə atılıb onun qarnını, sinəsini yumruqlamağa başladım. İnan, Dostum, onun bir qolu kökündən qopsaydı belə vecimə almazdım. Sadəcə, xəstəliyimə görə bunlar məni o qədər ələ salmışdılar, o qədər lağa qoymuşdular, azar-bezarımı başıma o qədər qaxmışdılar ki, indi mən də özümü ləçərliyə vurub mənə elədiklərinin qisasını almağa çalışırdım. Özümü göyə atıb yerə çırpırdım, qapıya-divara vururdum, qışqırıb ağlayırdım, məni aldatdıqlarına görə onlara söyüş-qarğış, lənət yağdırırdım.

Emin quruyub qalmışdı, bilmirdi neyləsin, mənlə necə davransın. Bəlkə də mənim oynadığım tamaşanı özünə olan istəyin bir əlaməti kimi anlamışdı. Bəlkə elə buna görə çıxardığım hoqqanın, qopardığım vay-nöysənin, elədiyim həyasızlığın müqabilində Emin özünü çox təmkinli apardı, gözləriylə məni izləyə-izləyə dinməzcə əynini geyindi.

Mənsə geri çəkilmək, susmaq fikrində deyildim. Handan-hana qaynanam səsə özünü içəri atdı:

- Nolub, a bala, qapı-baca adamla doludu, səsiniz götürüb aləmi başına.

Emin dillənmədi, arvad mat-mat bir mənə, bir ona baxdı. Eminin özünü suçlu kimi apardığını görəndə mən bir az da üstünə qoydum:

- Gündə yüz yol mənə “xəstə Qasım” deyirsiz, indi get öz oğlundan bəri bax.

Arvadın qaşları yay kimi gərildi:

- Oğluma nolub ki?

- Nolacaq, şikəstliyini hamıdan gizlətmisiz.

Zöhrə xala pörtüb allandı, gözünü gözümdən yayındırdı:

- Heç kimdən gizlədib eləməmişik, anangil hamısı bilir.

Yenə geri durmadım, ləçər maskasını üzümdən çıxarmadım:

- Anamdan mənə nə! Ərə gələn məniydim, mənə niyə deməmisiz?

- Ay bala, orda nə var ki, balaca bir şeydi. Şil deyil, şikəst deyil, işində-gücündə olan adamdı...

Bu evə gələndən mən Eminin həyət-bacada hansısa işin qulpundan yapışdığını görməmişdim, anası onu heç buyurmazdı. Ev-eşiyin kişiyə aid işlərinin ağırlığı müdam Mahmud əmiylə qaynım Elgizin çiyninə düşərdi.

- Hansı iş-gücdən danışırsız? Mən onun bir çöpə əl atdığını görməmişəm hələ. Həə, demək, buna görəymiş!..

Ana-bala ikisini də pis yerdə yaxalamışdım. Əslində, həmişə məndən gizlətməyə çalışsa da, mən Eminin qolundakı o fırı əvvəllər də görmüşdüm (görməmişdim desəm, yəqin mənə heç inanmazsan da), sadəcə, özümü görməzliyə vurmuşdum, ondan bunun nə olduğunu, nədən olduğunu soruşmamışdım, bir növ pərdə saxlamışdım. Bəlkə o pərdəni cırmaq üçün də münasib bir zaman, bir fürsət gözləmişdim. İndi o zaman gəlmişdi. Onlar qarşımda günahkar şagird kimi susduqca mən daha da qızışırdım, əlimə düşmüş yağlı girəvənin ömrünü uzatmağa çalışırdım.

Eminin əmiləri, pişik ətənəsinə oxşayan baldızım, eltim Maral, indi xatırlamadığım üç-dörd ayrı adam hamılıqla səsimə gəlib içəri doluşmuşdular. Məsələdən halı olan da, olmayan da mənə suçlu nəzərlə baxırdı.

Axırda yenə Maral irəli durdu, məni qucaqlayıb köksünə sıxdı:

- Ta keçib, əmiqızı, olan olub, torba dolub, ağlamağın faydası yoxdu, dur əl-üzünü yu. Qaynanamız öyrəncəlidi belə şeylərə, mənim də başımı qızıl-brilyantla tovlayıb qartımış oğluna gətirdi.

Gəvgəndiş baldızım Maralın sözlərini havadaca haqladı:

- Ağlın olaydı, gəlməyəydin. Pisiydisə niyə üç ilə dörd uşaq doğurdun?

Maral başını hərləyib iri qara gözləriylə pişik ətənəsini qanlı-qanlı süzdü:

- Qardaşının möhləti bitirdi də, doğmasaydım sonsuz qalacaqdı.

Baldız səsini uddu. Sahib əmi irəli yeriyib məni qucaqladı:

- Qızım, ağlama, Emin çox yaxşı oğlandı, hayıf bunun (qaynanamı göstərdi) əmcəyini tutub. İndiyəcən onda bir şikəstlik görməmisənsə, inşallah, indən belə də görməzsən. Fikir vermə belə şeylərə, dur bizə çay gətir. Bu evdə bundan sonra kim sənin xətrinə dəysə, qarşısında məni görəcək.

Qaynanamla baldızım gizlicə baxışıb otaqdan çıxdılar, Sahib əmi də onların ardınca getdi. Başımı qaldıranda gördüm içəridə Maralla mən qalmışıq. Maral məni sinəsinə sıxıb kürəklərimə sığal çəkirdi, o mənə ana kimi nəvaziş göstərdikcə mən uşaq kimi kövrəlirdim. Mənim halıma baxdıqca Maral da ağlayırdı. Belə diribaş qadının aciz, məzlum görkəmə düşməsi mənim dərdimə dərd artırırdı, özümə arxa, bəzən lap ana bildiyim eltimin zəifliyi ürəyimi üşüdürdü.

Arada ona təskinlik üçün artistlik elədiyimi açıb demək istədim, ancaq Maralın köşək gözlərindən axan yaş məni fikrimdən daşındırdı, onun məsum kədərinə ləkə salmağa vicdanım yol vermədi...

O gecə Emin evə lap gec gəldi. Oğru kimi sivişib mənə sarı baxmadan yatağına girdi, yorğanı başına çəkdi, yuxulayana qədər yorğanın altından çıxmadı.

***

Mahmud əmidən sonra onun otağına girməyə ürək eləmirdim, kişinin yiyəsi ölmüş paltarlarına baxanda bağrımın başı tüstülənirdi. Di gəl, hələ yeri soyumamış dağ boyda ailə başçısının nə arvadının, nə bircə qızının, nə də oğlanlarının üzündə bir sarsıntı nişanəsi görməzdin. Elə bil çiyinlərini basan ağır yükdən azad olmuşdular.

Əl-ayaq çəkiləndən sonra qaynanamla baldızım Mahmud əminin otağını ələk-vələk elədilər. Ana-bala illərlə qapısından içəri ayaq basa bilmədikləri otağın hər künc-bucağını sevinə-sevinə, həris bir maraqla eşib yağı malı kimi yağmalayırdılar. Sandığa çatanda qaynanam məni də içəri çağırdı; o sandıqdan qaynatamın mənə nəsə verdiyini bilirdi, amma verilənin nə olduğunu dəqiq bilmirdi.

- Sən burdan nə götürmüsənsə hamısını qaytar.

Qızardım.

- Mən heç nə götürməmişəm, Mahmud əmi özü bir-iki xırda-xuruş ayın-oyun verib mənə.

Qaynanam ağzını açmamış baldızım səsini qaldırdı:

- Kəməri bura gətir!

Hirs vurdu beynimə, baldızla savaşmağa canımda bir dəli həvəs baş qaldırdı.

- Tutalım vermədim, neyləyəcəksən?!

Xonçalı iri qapıya söykənib gözlərimlə Bəstiyə meydan oxumağa başladım. Qaynatamın ölümündən, bunların da leşə daraşmış quzğun kimi onun otağını yağmalamasından sonra dünya malı gözümdən düşmüşdü onsuz. Sadəcə bu qızı bir az cırnatmaq istəyirdim.

- Sən kimsən verməyəsən, o kəmər mənə çatmalıdı!

Qaynanam sandığın iri qapağını ehmalca örtüb üstündə oturdu, ətli üzünün tərini silib tövşüyə-tövşüyə:

- Burdan götürdüklərinin hamısını qaytar, - dedi, - o kişinin madar bircə qızı var, hamısı ona çatmalıdı.

Belə sözlər eşitmək mənim qürurumu zədələyirdi (hərçənd indiki ağlım olsaydı, onlara heç nə verməzdim). Söykəndiyim qapını ana-balanın üzünə şaqqıltıyla örtüb öz otağıma getdim, Mahmud əminin sandıqdan mənə verdiklərini qucağıma yığıb geri qayıtdım. Qaynanam sandığın üstündə, baldızım da anasıyla üz-üzə yerdən oturmuşdu – qucağımda nə vardısa ikisinin arasındakı boşluğa səpdim:

- Məndə olanlar budu. Təkcə gülməxmərdən özümə yubka-kofta tikmişəm.

Döşəməyə dəyib cingildəyən gümüş kəməri görəndə baldızımın gözləri parıldadı, tez əyilib yerə tökdüklərimi eşələməyə başladı.

Qaynanam üzümə qəddar bir şübhəylə baxdı:

- Sən o basabasda paltarı nə vaxt tikdin? Get parçanı da gətir.

- Gecələr Mahmud əminin sistemlərini qoşurdum, yata bilmirdim, bax onda tikmişəm.

Hirslə geri qayıtdım, qədimi parçadan tikdiyim yubka-koftanı da gətirib ana-balanın arasına atdım. Özümü o qədər alçalmış sanırdım ki, bıçaq vursaydılar qanım çıxmazdı. Daha onların yanında dayanammadım, yelli-yelli eşiyə çıxdım. Qapıda Maralla burun-buruna gəldim:

- Əmiqızı, niyə kefin yoxdu?

- Gir içəri, indi sənin də kefinə soğan doğrayarlar, görərsən.

Maral iri əndamını yırğalaya-yırğalaya:

- Özünə baxma, - dedi, - mən adam gəzirəm kefinə sarımsaq əzəm.

Sonra Maral ora-bura boylanıb soruşdu:

- Hanı bunlar?

- Rəhmətliyin otağında.

- Nədi, yazıq kişinin meyidi hələ soyumamış pay-püş eləyirlər?

Maral bərkdən danışa-danışa Mahmud əminin otağına yönəldi, orada ləl-cəvahirat axtarışına çıxmış qaynanamla baldızımı ikrahla süzüb:

- Siz indi ağlamaqdan, ah-vay eləməkdən sandıq eşirsiz? - dedi. - Haram olsun o kişinin çörəyi ikinizə də.

Baldızım Maralı acıqlı-acıqlı süzüb dinmədi, qaynanam:

- Molla-molla danışma, - dedi, - get sandıqdan götürdüklərini gətir görüm səndəkilər nədi.

Maral əllərini belinə vurub qaynanamla baldızımı üstdən-aşağı süzdü, sonra sağ əlinin baş barmağını şəhadət barmağıyla orta barmağının arasından çıxarıb ana-balaya tuşutdu:

- Bax bunu verərəm sizə!

Yerdəki əşyaları görəndə Maral vəziyyətin nə yerdə olduğunu anladı, qanrılıb çiyninin üstündən mənə çəp-çəp baxdı:

- Kül sənin qorxaq başına! İki ildə o kişinin nə qədər əziyyətini çəkmisən, o şeylər nədi ki sənin əziyyətinin qabağında! Niyə verdin, niyə sevindirdin bunları?

Ana-bala quruyub qalmışdılar, dillənə bilmirdilər. Maral onlara ağlına-ağzına gələni dedi, ikisini də yuyub sərdi, qapıdan çıxaçıxda yenə əllərini belinə vurub:

- Kimin hünəri çatırsa, gəlsin o şeyləri məndən alsın, - dedi, qapını çırpıb getdi.

Nənəm öləndə də belə sarsılmışdım; həftələrlə özümə gələ bilmirdim, evdə kimsə danışıb-güləndə acığım tuturdu. İndi də bunların heç nə olmamış kimi davrandığını görəndə havalanırdım.

Onları içəridə qoyub yenə qovağımın altına çəkildim, çılpaq budaqlara qoşulub üşüyə-üşüyə insanın necə yırtıcı xislətli bir məxluq olduğu haqda bədbin düşüncələrə ilişib qaldım.

Ana-bala axşama kimi kişinin otağını töküb-töküşdürdülər, özlərinə gərək olanları seçib götürüb, gərəksiz saydıqlarını həyətə atdılar. O otaq mənim nəzərimdə bir tarix muzeyi idi, ixtiyarım çatsaydı orada bir çöpə əl vurmazdım. Çölə atdıqları nəyisə əlimə alan kimi mataha mindirirdilər. Sonralar bir neçə əşyanı onların gözündən oğurlayıb Səməndərin tarix muzeyinə vermişdim. Allı-güllü cecimlər, kəlağayılar, Xorasan şalları, Bağdad mahudundan arxalıqlar, araxçınlar, çarıqlar, əllə yazılma Quranlar – bunlar qaynanamla baldızımın bəyənmədiyi şeylər idi. Qaynanam hər təndir odlayanda bunlardan bəzisinin üstünə nöyüt töküb çırpı yandırmaq üçün istifadə eləyirdi, onda təndirlə birgə mən də odlanırdım, təpəmdən tüstü çıxırdı. Mən atılmış əşyalardan hansınısa seçib ayırıb yuyub sığallayanda qaynanam üzümə mat-mat baxıb soruşurdu:

- Neyləyəcəksən onu?

Mən ona:

- Saxlayacam, bu, qiymətli şeydi, - deyəndə Zöhrə xala tez onu əlimdən alırdı:

- Bəri ver görüm!

Gözləyirdi, baldızım gələndə həmin əşyanı ona verib deyirdi:

- Al gör bunu neyləmək olar?

Bəsti də mənim dəyərli bilib saxlamaq istədiyim əşyanın o üz-bu üzünə diqqətlə baxıb tullayırdı:

- At getsin, bundan heç nə olmaz.

O qafilə heç cür anlada bilmirdim ki, əlində tutduğun Xorasan şalı sənin başsız, duyğusuz cəmdəyindən min qat qiymətlidi...

ardı var

# 2206 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #