Həkimin bir gözü yenə çantamdaydı - BİRCƏNİN ROMANI

Həkimin bir gözü yenə çantamdaydı - BİRCƏNİN ROMANI
20 oktyabr 2017
# 11:01

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Hamilə olduğumu hamıdan gizlədim. Bilirdim ki, Emin xəbər tutsa, dərhal anasına çatdıracaq. Qaynanam tibb işçisi olduğuna görə qadın orqanizmini yaxşı tanıyırdı. Xəstəxanada eşidib-gördüklərini, bildiklərini hərdən evdə də danışırdı:

- İkinci uşağı abort eləmək çox xatalıdı, indi heç bir həkim bu işə qol qoymur. İkinci uşağı abort elədən qadınların çoxunda ömürlük qısırlıq yaranır.

Onun bu sözləri bütün gün beynimdə qorxulu bir fərman kimi səslənirdi. Baxırdım Cavidə, istəyirdim yenə uşağım olsun; baxırdım Eminə, istəmirdim ondan bir övlad da dünyaya gətirim. Qalmışdım odla su arasında. Axır dərdimi-sirrimi eltim Marala açıb deyəsi oldum:

- Bacı, mən uşağa qalmışam, amma qurbanın olum, sən balalarının canı, heç kim bilməsin. Cavid böyüməmiş doğmaq istəmirəm, nolar mənə bir yol göstər.

- Qadan alım, mən sənin ərindən, qaynanandan qorxuram (guya bunun qaynanası bir özgəsiydi, guya Allahın var günü qaynanasıyla dimdik-dimdiyə durub der-der deyişən bu deyildi), məni qana salma, mən sənə məsləhət-zad verə bilmərəm.

Bir kərə demişəm, Maral eltilikdən qabaq uzaq da olsa qan qohumum idi, bu yad ocaqda məni hər zaman canı-dildən müdafiə eləyən partiyanın fəal üzvü, məndən ötrü diribaş, mübariz gəlinlik örnəyiydi. İndi onun belə soyuqqanlı davranması, arxamdan qaçması məni möhkəm pərt elədi. Pilləkəndə oturub zülüm-zülüm ağladım. Mənim ağlamağım bu dolu, qırmızıyanaq, dilli-dilavər gəlini bir az yumşaltdı, dalını mənə çevirib getdiyi yoldan qəfil qayıdıb:

- Mən bir dəfə “Aloe”ynən bu işin çarəsini qılmışam, - dedi.

Tez gözlərimi silib onun dilindən tutdum:

- Necə? Məni də öyrət.

- Heç necə, bir qutu “Aloe” iynəsi al, hər buduna beş ampula vur, vəssalam.

Başıma batdı. Dərmanı elə onun özünə aldırdım, yubanmadan hər buduma beş iynə vurdum. Yandırmağına yandırdı, yandırmaq nədi, təpəmdən tüstü çıxdı, amma nəticəsini düşündükcə dərman canıma yağ kimi yayılırdı.

Gecəni rahat yatdım, ancaq səhər açılanda ayaqlarımı hiss eləmirdim. Bədənimin qurşaqdan aşağısı elə bil mənim deyildi, ayaqlarım yerimirdi, budlarımın ağrısından az qalırdı dilim batsın, çənəm kilidlənsin. Canım qan-tər içindəydi, başım çatlayırdı, ağzımda titrəyən dilimi dişlərimlə birtəhər tutub saxlayırdım.

Evdə hamı danışan gözləriylə bir-birinə baxırdı: bir gecədə buna nə oldu? Məndən hələ bir söz soruşmurdular, özüm də qorxudan heç kimə heç nə deyə bilmirdim. Qaynatam təkidlə məni həkimə aparmaq istəyirdi, ancaq mən yüz bəhanə uydurub kişini bu fikirdən daşındırmağa çalışırdım. Gedib həkimə nə deyəydim? Üstəlik də, özü yıxılan ağlamaz.

Arada girəvə tapıb Maralı halımdan halı elədim. Çoxbilmiş eltim mənə toxtaqlıq verdi:

- Qorxma, siftə-siftə belə olur, keçib gedəcək. İki günə uşaq da düşəcək.

Bir həftə it zülmü çəkdim, nəticəsi də olmadı, o qədər ağrı-acının müqabilində bütün əziyyətim havaya sovruldu.

***

Artıq hamiləliyimin bir ayı tamam olmaq üzrəydi, bu müddətdə işlətdiyim bütün əməllər, türkəçarələr, fırıldaqlar puça çıxmışdı. Əlac qalmışdı aborta. Amma necə? Evdən nə adla çıxım, həkimə hansı pulla gedim? Emin niyyətimi bilsə, dünya dağıla nə məni həkimə aparar, nə də mənə həkimpulu verər.

Saatlar-günlər keçdikcə, içimdəki döl böyüdükcə qorxum, həyəcanım da böyüyürdü. Eşitmişdim uşaq bir az böyük olanda həkimlər abortdan boyun qaçırırlar, ona görə də qəti vaxt itirmək olmazdı, təcili tədbir görməliydim. Ancaq bilmirdim neyləyim, nədən başlayım, başıma haranın külünü töküm. Evin içində havalı-havalı vurnuxurdum, özümü qapılara, divarlara çırpırdım, tıncıxanda canımı götürüb həyətə qaçırdım, di gəl, beynim işə düşmürdü ki düşmürdü.

Hər şeydən əvvəl pul tapmalıydım. Bu evdə mənim öz pulum olmazdı, mənə, uşağıma gərək olanı ya Emin, ya qaynatam alıb gətirərdi. Ehtiyaclarımın bir qismini də, bundan irəli dediyim kimi, qardaşlarım ödəyərdilər. Tərs kimi bu aralar atam evindən də gələn yoxudu. Ər evində isə kimsədən pul istəməyə dünyasında üzüm gəlməzdi.

Ancaq Eminin pul saxladığı yeri bilirdim, fikrimə yığmışdım ki, evdən çıxa bilsəm, pulu ordan götürəcəm. Bundan savayı gümanım bir Səməndərə qalmışdı, gözləyirdim bəlkə yaxın günlərdə bizə gələ, gedəndə bir bəhanəylə məni də apara. Sonrası asandı – rayon mərkəzində Səməndərin arvadına qoşulub həkimə gedərəm. Dəqiqələr, saatlar bu minvalla ötdükcə mən içimi yeyirdim, içimdəki də məni...

Bu dar dəkədə heç gözləmədiyim bir fürsət düşdü əlimə: Emin yığışıb dostlarıyla qonşu rayona ova getdi. Onun ov səfərləri adətən iki-üç gün çəkərdi. Mən ərimin ov çantasını böyük həvəslə, zövqlə yığıb onu ovlağa yola saldım. Qaynanam işə gedən kimi Eminin pul saxladığı yerdən 100 manat götürdüm. Evdən çıxmaq üçün qaynatama yalan uydurmağa məcbur oldum:

- Cavidin bir peyvəndi qalıbmış, xəstəxanadan xəbər göndəriblər ki, uşağı gətirin.

O boyda kişini gözümü də qırpmadan vicdansızcasına aldatdım. Elə bu saatlarda qaynım da rayon mərkəzinə işə gedirdi. Qaynatam ona səsləndi:

- Gedəndə uşaqları da apar, həkimə dəyəsidilər.

- Aparmağına aparım ey, - qaynım dedi, - bəs evə kim qaytaracaq bunları? Mənim işim var axı...

Mən nəfəsiyanıq onun sözünü kəsdim:

- Eybi yox, taksiylə qayıdarıq.

Qaynım bizi uşaq xəstəxanasının qabağında düşürüb işinin dalınca getdi. Gəlin köçəndən təkbaşına kənddən çıxdığım ilk dəfəydi. Məni nə gözlədiyini bilirdim – evdən oğurluq eləmişdim, ağsaqqal kişiyə yalan danışmışdım, üstəlik də bir canlının canını almağa hazırlaşırdım. Bütün bunlara baxmadan gözümü yumub niyyətimin üstünə gedirdim, ətəyim, cibim, bətnim yalanla, oğurluqla, günahla dolu olsa da gedirdim. Daha mənimki utanmaqdan, çəkinməkdən, qorxmaqdan keçmişdi, qorxu-zad qanmırdım.

***

Qaynım uzaqlaşan kimi xəstəxananın həyətindən birbaşa böyük yola çıxdım. Bircə bundan ehtiyatlanırdım ki, özümü həkimə çatdırmamış tanış-bilişə rast gələrəm, ya birdən Emin buralarda qabağıma çıxar, planım pozular. Ona görə də yolla keçən taksilərin birini saxladıb mərkəzi xəstəxanaya sürdürdüm. Düşəndə yüzlüyü sürücüyə uzatdım, kişi tərs-tərs üzümə baxıb çəmkirdi:

- Rəhmətliyin qızı, məndə onu xırdalayası pul nə gəzir!

Kişi deyinə-deyinə maşından düşüb yaxındakı dükanları ələk-vələk elədi, handan-hana pulu xırdalayıb öz haqqını çıxandan sonra sürüb getdi.

Cavid qucağımda qaldım xəstəxananın mərtəbələrini dolana-dolana. Soruşa-soruşa ginekoloqun oturduğu otağı tapdım. Bura Cavidin doğulduğu xəstəxananın ikinci qatıydı. Mart ayı olsa da, hava çox soyuq idi, bir əlimlə tez-tez Cavidi bükürdüm ki, birdən uşaq soyuqlayar. Əynimdə bir qatır yükü dublyonka vardı, üstəlik Cavidi də qalın geyindirmişdim, odu ki, özümü də, uşağı da güclə hərləyirdim.

Üstünə “Qadın məsləhətxanası” yazılmış qapının ağzına xeyli qadın yığılmışdı. Uşaqlı gələn təkcə mən idim. Abort elətməyə gəlmiş hər gəlinin yanında bir simsarı, doğması, həyanı vardı – aborta tək gələn də bir mən idim. Qapının ağzındakı arvadlardan biri üstümü-başımı maraqla süzüb soruşdu:

- Sən içəri girəndə uşağını kim saxlayacaq? Özünlə anandan-bacından birini gətirəydin barı.

Yatmışdım, ayıldım. Qadın doğru deyirdi, uşağı kimə tapşırıb həkimin yanına girəcəkdim?

- Neçəncidi rədd elədiyin?

Udqundum. Qaynanamın dedikləri qulağımda cingildədi.

- Üçüncüdü, böyük uşağımı evdə qoyub gəlmişəm, - deyib dəhlizin qaranlıq başına çəkildim.

Elə bilirdim indicə hamı mənim yalanımı tutacaq. Özümü tanıya bilmirdim, səhərin gözü açılandan yalanı yalana calayırdım, heç tüküm də tərpənmirdi. Mən tünlükdən uzaqlaşan vaxt gəlinlərdən biri ortalığa belə dedi:

- Yəqin bicliyindən uşaqla gəlib ki, növbədə gözlətməsinlər.

Onları inandırası halda deyildim. Axı mən nə bilirdim abort nə olan şeydi, bura kimlə gəlmək lazımdı, bu proses necə olur, nə qədər sürür... Elə bilirdim diş çəkdirmək kimi bir şeydi.

Sonra kök, qarayanız bir qadın mənə sarı yeridi:

- Ay bala, sən o stoldan düşüb bu uşaqla necə yol gedəcəksən? Başın gicəllənər, uşağı əlindən salarsan... Heç belə yerə də adam tək gələr?

Məni əsməcə tutdu. Yenə anam yadıma düşdü, ancaq xəyalımda onunla cəngə çıxmağa vaxtım qalmadı – qadınlar öz aralarında məsləhətləşib, əluşaqlı olduğuma görə məni irəli buraxdılar. Tibb bacısı başını qapıdan çölə çıxarıb:

- Kimin növbəsidi gəlsin, - deyəndə gəlinlərdən biri Cavidi qucağımdan alıb məni içəri itələdi.

Otağa girəndə qorxudan dilim batdı: Cavid doğulan gün gecə növbəsi çəkən o həkim – qaynanamın düşməni göyərmiş sifətiylə, acı baxışlarıyla yenə qarşımda dayanmışdı. Qadın məni ayaqdan-başa süzüb əmr elədi:

- Ayaqqabılarını çıxar, qalx stola!

Mən soyunduqca həkim çantama, çəkmələrimə, paltarlarıma sərraf gözüylə baxırdı. Mənim geyim-kecimim, yekə çıxmasın, başqalarından seçilirdi, əynimdə nəyim vardısa hamısını Emin turist kimi getdiyi xarici ölkələrdən alıb gətirmişdi. Həkim çantamı o üzünə-bu üzünə çevirə-çevirə yaddaşının hansısa kanalına düşmək istəyirdi:

- Nəsə çox tanış gəlirsən mənə, elə bil hardasa görmüşəm səni.

Mən çiyinlərimi çəkdim:

- Nə bilim vallah, olar, amma bura siftə gəlişimdi.

Dəhlizdə fəryad qoparan Cavidin çığırtısı xəstəxananı başına götürmüşdü. Uşaq indiyəcən tanımadığı adamların arasına düşməmişdi, yad qucağa verilməmişdi. Ancaq indi heç balamın da hayında deyildim, istəyirdim bu bədheybət göygöz həkim mənə neyləyəcəksə tez eləsin, çıxım gedim cəhənnəmimə. Osa tələsmirdi, yersiz suallarla zəhləmi tökürdü. Mən ona cavab verə-verə soyunub kürsüyə qalxdım. Həkimin bir gözü yenə çantamdaydı:

- Neçənci qarnındı bu?

- Üçüncü.

- Evdə nəyin var?

- Bir qızım, bir oğlum.

- Bəs bunu niyə doğmursan? Özün də, görünür ki, imkanlı yerin gəlinisən.

- Yoldaşım istəmir, - onun zəhmli üzünə baxa-baxa yenə bir qırmızı yalan dedim, yenə tüküm tərpənmədi.

Cavidin çığırtısı ara vermirdi. Həkim arxayın-arxayın əlcəklərini geyindi, danışa-danışa ayaqlarımın arasında dayanıb sağ əlini az qala biləyinəcən içimə yeritdi. Necə bağırdımsa eşikdə ağlayan Cavidin də səsini batırdım.

- Birdən ikinci uşağın olar haaa, mənim evimi yıxarsan!

Az qaldı dolaşıb özümü itirəm, elə bildim qadın indicə məni tanıyacaq, yalanımı tutacaq, məni bu bəlayla əlbəyaxa qoyacaq. Nə olur olsun, bu gün mən bu artıq ətdən qurtulmalıydım.

- Yox, ay həkim, nə danışırsız! Biri evdədi, biri də, odey, eşikdə ağlayır. O səsi gələn mənim uşağımdı.

Həkim əlini geri çəkib dedi:

- Bala, bu hələ çox balacadı, yapışıb analığın divarına. Get bir həftədən sonra gəl, indi eləsəm sənə zülüm olacaq.

Qurşaqdan aşağım soyuqdan onsuz da donmuşdu, indi də başım, kürəklərim buzladı.

- Həkim, qadan alım, hara gedim? Evdən bir müsibətlə çıxmışam, uşağım eşikdə çatlayır. Arxayın olun, hörmətinizi artıq eləyəcəm, nolar məni bu bəladan qurtarın. Özümə neçə iynə vurmuşam, ağır yük qaldırmışam, bu hesabla onu çoxdan zədələmiş olaram.

“Hörmət” adı gələndə həkimin çiçəyi çırtladı:

- Zülmü özün çəkəcəksən, məndən nə gedir ki...

Sonra geri çevrilib tibb bacısına göstəriş verdi:

- Alətləri hazırlayın.

Bu vaxt qapı açıldı, Cavidi məndən alıb saxlayan gəlin başını içəri saldı:

- Ay bacı, al götür uşağını, məni də öldürdü, özünü də.

Qorxudan sarımı uddum, elə bildim uşağı görən kimi həkim məni abort stolundan düşürüb qovacaq. Ancaq yox, bu təhlükədən də sovuşdum, həkim bir Cavidə, bir mənə baxıb:

- Alın uşağı, verin onun qucağına, - dedi.

Tibb bacısı Cavidi alıb sinəmin üstünə qoydu. Mən də sakitləşdim, uşaq da. Balam sinəmə qısılıb hıçqırdıqca ürəyimin qabığı soyulurdu.

Həkim isti alətləri şaqqıltıyla içimə aparıb gətirirdi. Heç nə başa düşmürdüm, bu işi bir su içimi sanırdım. Bilmirəm neçə dəqiqə keçdi, birdən mənə elə gəldi ki, içimə ülgüc dişli bir yırtıcı ağız atdı. İndi də Cavid yalan oldu, mən gerçək. Həkim bir əlində qayçı, bir əlində maşa işləyirdi. Maşayla ətimi tutub yuxarı qaldırırdı, sonra da balaca torbacıqları qayçıyla kəsib yandakı əyri qaba atırdı. Həkim ətimdən ət kəsdikcə bağırtım tavanı silkələyirdi. Mən ağlayıb-qışqırdıqca uşaq da mənə qoşulurdu. Doğuş bunun yanında toya getməliymiş. Həkim hər dəfə qayçını içimə atdıqca dil çıxarıb yalvarırdım:

- Doxtur, qadan alım, tez qurtar, həkim, qurbanın olum, daha bəsdi...

Sonra ağrıdan huşumu itirdim. Cavid doğulanda olduğu kimi yenə həkim məni şillələyib ayıltdı. Özümə gələndə gördüm uşağımın ağlamaqdan bağrı yarılır. Cavidi kiritməzdən qabaq saata baxdım: evdən çıxdığımın üç saatı bayaqdan tamam olmuşdu. Həkim soruşdu:

- Bu halda evə necə gedəcəksən? Əlində də uşaq...

- Yoldaşım gələcək, - yenə qırmızı yalan danışdım.

Mən özümdən gedəndə uşağı sakitləşdirmək üçün çantamın ağzını açıb içindəkiləri ortalığa tökmüşdülər. O zamanlar yüzdə-mində bir rast gəlinən lələkli yelpiyim vardı, həkim onu tezcə götürüb o soyuqda özünü yelpikləyə-yelpikləyə:

- Qızım institutda oxuyur, - dedi, - bunu ver də mənə.

Başımla razılıq verdim. Dişlərini ağarda-ağarda yelpiyi götürüb çantasına basdı. Ətirimi də tibb bacısı tər-dərman iyi verən canına yaxa bildikcə yaxdı. Evdən oğurladığım 100 manatdan qalan 90 manatın hamısını həkim əlimdən qapdı. Utana-utana:

- Heç olmasa mənə onca manat taksipulu verin, - dedim.

- Aaz, bəs indicə demədin yoldaşın gələcək dalınca?

- Vallah gəlməyəcək, yoldaşım uzaqdadı.

Həkim hikkəylə pulun üstündən 10 manat götürüb mənə qaytardı. Pulu cibimə qoyandan sonra Cavidi sinəmə sıxıb qoxladım, canımı dişimə tutub xəstəxananın yaxınlığındakı dayanacağa sarı qaçdım, burda müştəri gözləyən taksilərdən birinə oturub birbaşa evə sürdürdüm.

Yol boyu həm ağrıdan, həm qorxudan, həm Cavidə verdiyim əziyyətin xəcalətindən, həm də tikə-parça elədib çölə atdırdığım günahsız tifilə ana qəlbimdə baş qaldırmış rəhmət duyğusunun təsirindən titrədim, kürəklərim buz bağladı, dilim səyridi...

ardı var

# 2059 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #