Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.
əvvəli burada
...Üstünə çırpıldığım çarpayının baş tərəfində divardan asılmış qədimi saat üzü üzlər görmüş kəfkirini yelləyə-yelləyə mənim ümidsiz mübarizəmə səbirlə şahidlik eləyirdi.
İki dəfə dartınıb onun əlindən çıxdımsa da, hər ikisində yalnız qapıya kimi qaça bildim, Emin arxamca cumub barmaqlarını yaş saçlarıma yeritdi. Bir də qaçmaq istəyəndə o məni tutub otağın ayağındakı divanın üstünə çırpdı. Gördüm ona gücüm çatmayacaq, üzümə iki dəfə möhkəm yumruq vurdum ki, bəlkə burnumdan qan açıla, bu cəllad məni buraxa. Adi vaxtlarda bərkdən güləndə belə fışqıran qanım indi elə biləsən damarımda qurumuşdu.
Arada gözüm saata baxırdı, onda anlayırdım ki, xeyli vaxtdı süpürləşirik. Mən artıq gücdən düşdüyümü görüb dəli kimi qışqırmağa başladım, bu da onu lap cinləndirdi. Qışqırmaqdan da bir fayda olmayanda mən onun qolunu, sinəsini dişlək-dişlək elədim. Birində də ağzıma bir çəngə tük doldu, nə qədər elədimsə tükü ağzımdan çıxara bilmədim. Gözlərimi açanda Eminin qolunun altındakı bir əlçim tükün ağzıma pərçimləndiyini gördüm. Yenə öyümək tutdu məni.
Ağlıma-ağzıma gələn ən pis söyüşləri onun cəmdəyinə yağdırırdım. Ayaqlarıyla ayaqlarımı, qollarıyla qollarımı o qədər sıxıb aralamışdı, düşünürdüm ki, indicə qoyun kimi iki şaqqaya bölünəcəm. Daha tamam zəifləyib heydən düşmüşdüm. Son təpərimi toplayıb Eminin sağ qolunun dirsəkdən yuxarı hissəsini ağzıma yığdım, var gücümlə onun ətini qoparmağa çalışdım. O, dəhşətli ağrıdan qollarımı buraxıb üz-gözümü qapaza verdi. Bədənim o qədər əzilmişdi ki, daha zərbələr mənə əsər eləmirdi. Üzümə dəyən hər şillədən sonra elə bilirdim boğazıma qaynar su tökülür. Dodaqlarıma dəyən mayenin istisindən anladım ki, burnum qanayıb; bu da məni sevindirdi, fikirləşdim yəqin daha yaxamı buraxar.
Gözlərimi açanda Eminin sir-sifətini, tüklü sinəsini, hətta əllərini də qana bulanmış gördüm. Nəfəsim bir azca genəldi. O məni buraxıb ayağa qalxdı. Ardınca da mən güclə-birtəhər başımı qaldırıb divanda oturdum. Sən demə, qaynar su kimi boğazımı yandıran elə öz qanımmış. Yenə öyümək tutdu məni. Burnumun qanı axıb-axıb göbəyimin altında gölləndi. Aralı düşmüş ayaqlarımı bir-birinə güclə yaxınlaşdırdım.
Qarşımda üzü, sinəsi, əlləri qana boyanmış bir yırtıcı dayanmışdı. O, hikkəylə əl atıb mələfəni çarpayının üstündən çəkdi, əllərinin, sinəsinin qanını mələfəyə sildi, sonra nəsə axtarırmış kimi sağa-sola göz gəzdirib mələfəni mənim çılpaq döşlərimin üstünə atdı:
- Ağız-burnunun qanını sil!
Mən tez onun dediyinə əməl elədim, fikirləşdim bu xırda məsələdə itaət göstərsəm, bayaqdan bəri olanların üstündən keçər, heç olmasa bugünlük mənə toxunmaz. Bunları düşünə-düşünə ağzımın, döşlərimin, göbəyimin qanını heysiz-heysiz silirdim. Axırda mələfənin təmiz ucunu bürmələyib burnuma tutdum, gözlərimi bir anlıq yumub baş verənləri dərk eləmək istədim. Di gəl, fikrimi toplamağa macal tapmamış elə bildim sinəmin üstünə ağır bir şələ atdılar.
Mələfə burnumda gözlərimi açanda Emini yenə sinəmə çökən gördüm. Başım şaqqıltıyla divanın qoltuğuna dəydi. Ayaqlarımı ayaqlarıyla necə araladısa, elə bildim nicat umduğum tavan üstümə çökdü. Toy gecəsi çarpayımın üstündə qıvrılıb yatmış ilan yenə gözlərimin önündə silkələndi. Amma bu dəfə ilan qara deyildi, qırmızı ətə bənzəyirdi. Başım arxaya qatlandığından burnumun qanı boğazıma axırdı, ona görə də ilanı yaxşı görə bilmirdim. Həmin an düşündüm ki, ilan qapqaraydı axı, niyə indi belə qırmızı boyandı. Gözlərimin önündə titrəyən o ilanı elə bildim burnumun qanı belə qızardıb.
Birdən o qırmızı ilan ayaqlarımın arasından sivişib içimə yeridi. Onun çox iti, çox da zəhərli dişlərinin toxunuşunu bütün sinirlərimlə duydum. Başını içimə soxmuş bu ilan sanki nəfəs ala bilmirdi deyə içimi hikkəylə çeynəyir, içalatımı gəmirirdi. Elə bil göbəyimə qaynar şiş soxmuşdular, ağrısı dişlərimin dibinəcən yayılmışdı. İçimə bomba atılmışdı elə bil.
Suyla dolu bir şüşə zərblə yerə dəyəndə necə səs çıxararsa, içimdən elə bir səs qopub qulaqlarıma yayıldı. Boğazıma yığılmış qanı Eminin süst düşmüş başına püskürdüm. Qaynar qan onun üz-gözünü boyayıb sinəmdə buğlanırdı. Artıq burnumun qanı dayanmışdı. Boğazıma tıxanmış laxta qan az qalırdı ürəyimi partlatsın. Deyəsən, Emin də mənim qanımdan iyrəndi. İçalatımı çeynəyən, qulaqlarımı batıran ilan hansı hikkəylə içimə pərçimlənmişdisə, o hikkəylə də özünü bayıra atdı.
Mənə elə gəldi burnumun qanı sinəmə, göbəyimə yox, boğazımdan içimə axıb dolub – bu yırtıcının içimdən çıxmağını gözləyirmiş ki, özünü çölə boşaltsın. Həmişə burnumdan axmağına vərdiş elədiyim qanım indi paçamın arasından fışqırırdı. Nə baş verdiyini anlamırdım, bircə bunu bilirdim ki, bərk üşüyürəm. İsti qan içimdən çölümə şora verdikcə gözlərimə boz bir pərdə enirdi, məni ağır yuxu basırdı. Qan da ki, dayanmaq bilmirdi, deyərdin içimdə yekə bir çiban deşilib. Qanım axıb getdikcə elə bilirdim uzun bir tunelə düşürəm. Bir də o yadımda qalıb ki, tunelin lap qurtaracağından kimsə saçını yola-yola mənə doğru gəlirdi. Üzünü vahimə qarsmış o adamın nənəm olduğunu görəndə huşumu itirdim...
***
Gözümü açanda elə bildim qollarımdan ağır daşlar asılıb. Yan-yörəm adamla doluydu. Bu adamlara key-key baxa-baxa bir xeyli düşündüm ki, görəsən mən hardayam? Gözümü yuman kimi yenə tunelə düşürdüm. Alnıma elə bil sal duz parçası qoymuşdular.
Çoxlu səsin içindən iki səsi güclə seçib ayırırdım, amma tanıyammırdım. Elə bilirdim yenə həmişəki kimi huşumu itirib harasa yıxılmışam, əzilmişəm. Başıma nə gəldiyini anlamağa çalışırdım.
Üstümə əyilən bir qaraltıdan beynimə elə bil cərəyan qoşuldu. Gözlərimi açdım: başıma ağırlıq salan qaynatamın alnıma qoyduğu əliymiş; qollarımdan asılan da daş yox, dərman şlanqı imiş; üstümə düşən kölgə isə eltim Maralın kölgəsiymiş. Şüurum yavaş-yavaş özümə qayıdırdı, başıma nə gəldiyini dumanlı-dumanlı anlayırdım. Di gəl, gördüyüm adamların adını, kimliyini xatırlaya bilmirdim.
...Məni məğlub eləmişdilər, Dostum. Bir elin, bir mahalın, bir nəslin iştirakıyla, özcə doğmalarımın əliylə çarmıxa çəkilib bakirəliyimdən olmuşdum. Gözlərimi yumduqca iri bir quzğunun caynaqlarında göyə qaçırılan gəlinliyimi görürdüm. Min həvəslə bəsləyib-becərdiyim xəyal gülüstanımda bayquşlar ulayırdı.
Pəncərəmdən bir az aralıda qonşunun iti də o gecə sübhə qədər uladıqca uladı...
***
Canımın oxlanmamış yeri qalmamışdı, elə bilirdim dikəlsəm sümüklərim qırıq-qırıq olacaq. Ancaq məni ağrıdan bunlar deyildi. Kürəklərim yerdə, gözlərim tavanda bircə şeyi düşünürdüm: bu olanları necə unudacam, necə tablayacam bunlara, indən belə necə yaşayacam? Sağalsam belə, bayıra necə çıxacam, bu evdəkilərin üzünə necə baxacam? Başıma nə gəldiyini hamı bilirdi axı!
Mənim işgəncəmə şahidlik eləyən həmin o kəfkirli saat başımın üstündə arsız-arsız çıqqıldayırdı. Dostum, mən Sənin əmanətini qorumaq üçün o saatın fələyin çarxı kimi hərlənən əqrəblərinə baxa-baxa çarpışdım, son damla gücüm canımdan çıxanacan təslim olmadım. Huşumu itirənə qədər düz 1 saat 42 dəqiqə gözü qızmış bir erkəklə əlbəyaxa savaşdım – o saatın əqrəbləri şahiddi dediklərimə. Bundan sonrası yadımda qalmayıb...
Artıq olan olmuşdu. 23 yaşımda sevmədiyim, istəmədiyim, heç sayğı da duymadığım birinin təcavüzüylə qızlığım əlimdən alınmışdı. Bunun acısını, bunun xəcalətini, bunun peşmançılığını ömrüm boyu canımda gəzdirəcəkdim. Ən çox da Səndən utanırdım, Dostum, bu xəyanətdən sonra Sənin mübarək üzünə necə baxacaqdım mən?..
İndi təkcə ağzım yox, bütün bədənim qan qoxuyurdu. Bu da canımdakı ağrılardan betər öldürürdü məni. Ha çalışırdım belimi dikəldə bilmirdim, dikəltsəydim sürünüb canımın qanını birtəhər yuyub təmizləyərdim.
***
Mənim acı məğlubiyyətimin sutkası tamam olmuşdu.
Başımın üstündə fələyin istehzası kimi kəfkirini oynadan qocaman saat zəhləmi lap tökmüşdü. Suyumsuz baldızım güləndə qabağa çıxan gəvgən dişlərini ağarda-ağarda hərdən otağıma girib baxır, əlində çaydan-yeməkdən nəsə gətirib-aparırdı. Gəlişlərinin birində ondan xahiş elədim ki, qalxıb o saatı divardan endirsin. Çox minnətdən sonra baldız saatı düşürüb masanın üstünə qoydu. Kəfkirin çıqqıltısı canımın, qəlbimin ağrılarını daha da artırırdı. Nə qədər çalışdımsa dikələ bilmədim ki, o saatı götürüb pəncərədən tullayım.
Baldızımın hər baxışı mənə bir güllə kimi dəyirdi, elə bilirdim həvə dişləriylə mənim məğlubiyyətimə irişir. Dünəndən Eminin üzünü görməmişdim. Düşünürdüm bu yataqdan bir də qalxmaram, daha mənim sonumdu. Məni aclıq-susuzluq, sümüyümə çökmüş ağrılar yox, bədənimin murdarlanması, saçımdan dırnağımacan canıma hopmuş qan qoxusu öldürürdü. Dünən həkimlər yaş dəsmalla bir az silmişdilərsə də, faydası olmamışdı. Elə bilirdim həmin an bir balaca arxa, ya gölməçəyə özümü atsam, yüz il yaşayaram. Tualet ehtiyacı yaranmasın deyə su içə bilmirdim, yeməksə ağlımın ucundan da keçmirdi.
Zamanı da itirmişdim. Üzü üstə masanın üstünə yıxılmış saat yenə çıqqıldamağındaydı. Təkcə qaynanamın gurultusundan günün hansı vaxtı olduğunu təxmın eləyə bilirdim. Üzü divara uzanıb yata biləndə yatırdım, yatmayanda da fikir burulğanına düşüb dərdin dərinliyinə qərq olurdum. Kəsik-kəsik yuxular görürdüm – özümü gah zibillikdə, gah da əlimdə iyli mal qursağı tutmuş görüb ayılırdım. Əlimi qorxa-qorxa burnuma yaxınlaşdırırdım: elə əlimdən də qursaq iyi kimi bir qoxu gəlirdi.
Nə müddət keçmişdi, bilmirəm, beynim huşda, gözlərim yuxulu hiss elədim ki, altımdan qaynar bir şey axır. Bu qaynar maye getdikcə çoxalırdı, çoxaldıqca da mən rahatlanırdım. Bir az da keçəndən sonra qaynar maye altımda soyuq bir kütləyə çevrildi. Bunun nə olduğunu anlaya bilmirdim. Handan-hana bədənimin əlçatan yerlərini yoxlayanda nə baş verdiyi yarıyuxulu şüuruma çatdı: yerimi islatmışdım.
Soyumuş sidik canıma titrətmə gətirdi. Qolumu qaldırıb yorğanı üstümə çəkə bilmədim. Pəncərəyə boylandım görüm günün hansı vaxtıdı. Qəti qənaətə gəldim ki, artıq sonumdu, bu iylənmiş bədənlə bu bulaşıq divanın üstündə ölürəm artıq. Ancaq heç nədən qorxmurdum, düşünürdüm elə ölsəm yaxşıdı. Nənəmin öyrətdiyi kəlmeyi-şəhadəti dodaqlarım yalan-yanlış pıçıldadı. Dara düşən anasını arzular – anam yadıma da düşmədi. Bu halımda kimsənin gəlməsini istəmirdim. Dişim dişimə dəyirdi, belim, ayaqlarım elə ağrıyırdı ki, büzüşə də bilmirdim; elə bilirdim ayaqlarımı qarnıma yığıb büzüşsəm, üşütməm azalar.
Məni yenə qara basırdı: uzundiş, keçəlbaş məxluqlar uzaqdan üzümə gülür, üstümə köz atırdılar. Gözümü yuman kimi özümü uçurumun başında bitmiş tək ağacdan sallaşan görürdüm. Qulaqlarımın uğultusu başımı deşirdi.
***
Bu halım nə qədər çəkdi, bilmirəm. Qapı möhkəm cırıldadı, otağın işığı zərblə yandı. Mən gözlərimi bərk-bərk yumdum, düşündüm ya baldızımdı, ya da qaynanam. Özümü yatmış kimi göstərdim ki, yersiz suallarla zəhləmi tökməsinlər.
Yox, gələn kimiydisə məni öpürdü. Göz qapaqlarımı güclə araladım: mənim xilaskarım gəlmişdi, hə, bibim gəlmişdi! Elə bildim yenə məni qara basır, ancaq Telli mamanın isti dodaqları bumbuz sifətimə dəydikcə inandım bu möcüzəyə.
İçimdə soluxub bürüşmüş həyat hüceyrələri bir anda pardaxlandı. Başıma toplaşan nə ki cin-şeytan vardı, bibimin mehriban çöhrəsini görcək dağılışıb getdi, sinəmə qonmuş əzrayıl özü belə məndəki dəyişikliyə mat qalıb göylərə çəkildi. Bibim:
- Qalx geyin, - dedi, - sənə elə gözəl şeylər gətirmişəm!
Mən əlacsız-əlacsız onun doğma üzünə baxdım:
- Qalxa bilmirəm, belim qırılıb.
Bibim güldü:
- Ay qız, dəlisən, nəsən! Sən daha qadınsan ey, gəlinsən. Bu ağrılar da ötəri şeydi.
Sonra o, yorğanı üstümdən götürdü. Əsirdim. Başdan-ayağa çirkab içindəydim. Bibim bədənimi gözdən keçirəndə halımın yaxşı olmadığını anladı.
- Bəs yerin niyə sudu? - əllərini ayaqlarımın arasında həyəcanla gəzdirə-gəzdirə soruşdu.
- Su deyil, deyəsən, yerimə işəmişəm.
Bibim iki əliylə başına-başına döydü. Sonra dəli kimi otaqda özünü ora-bura vurdu. Mən bəlalı başımı yastıqdan güclə qaldırıb:
- Əgər çimə bilsəm, ölməyəcəm, - dedim.
Arvad nə qədər çalışdısa məni yerdən tərpədəmmədi ki, düşürüb hamama aparsın. Titrəyən canımı yorğana, adyala büküb bilmədi nə çarə qılsın.
Mənə dəyməyə bibim qonşusunun maşınıyla gəlmişdi. Bir az öz-özünə götür-qoy eləyəndən sonra eşiyə çıxıb, maşını sürən oğlanı qardaşım Səməndərin dalınca rayon mərkəzinə göndərdi.
Canıma bükülən qalın yorğanın isti ağuşunda məni yuxu apardı. Bir də bibimlə qaynanamın deyişməsinə gözümü açdım. Telli mama qaynanamın xeyir-şər ləyənini həyətdən gətirib mənim bəzəkli otağımın ortasına qoyanda qaynanam özündən çıxdı:
- Burda adam çimizdirmək olmaz!
Bibim heç gözləmədiyim halda yaşca özündən böyük qaynanama cavab qaytardı:
- Bəs neyləyim, qoyum burda ölsün xalxın uşağı?! Sənin evin cəhənnəmə batsın, bizlə düşmənçiliyin vardı?!..
Qaynanam arxasına baxmadan ayaqlarını tappıldada-tappıldada otaqdan çıxdı. Səməndər gələnə kimi bibim otağın ortasında mənə bir yuyat yeri hazırladı. İri cehiz vedrələrimi hamamdan isti suyla doldurub evə daşıdı. Vedrələrdə buğlanan suya baxdıqca mən həm sevinirdim, həm də üzülürdüm: ona sevinirdim ki, indicə təmizə çıxacam; ona üzülürdüm ki, yerimdən necə qalxıb o ləyənə girəcəm.
Səməndər qaranəfəs özünü yetirəndə lap pis oldum: yazıq elə ev paltarındaca, ürəyi ağzından çıxa-çıxa gəlmişdi. Əzizlərimə verdiyim bunca narahatlığın, əzab-əziyyətin xəcaləti də məni bir yandan öldürürdü. Bibim vəziyyəti Səməndərə anlatdı, o da həm bibimə, həm mənə ürək-dirək verdi.
Qaynanam etirazını Səməndərə də bildirəndə qardaşım onu susdurdu:
- Sənin evin bacımın həyatından qiymətli ola bilməz. Bulaşdırdıqlarımızı öz əlimlə təmizləyib sonra gedəcəm.
Hər şey hazır idi, qalırdı mənim qalxıb ləyənə girməyim. Bibim güclə-birtəhər məni divana oturtdu – bundan artığını bacarmadım. Başım fır-fır fırlandı, gözlərim qaraldı. Mələfə kürəyimə yapışmışdı. O müdhiş gün başımı geri atdıqca qulaqlarımdan axan qan saçlarımda göllənib qurumuşdu. Başımın quruyub simə dönmüş qanlı tükləri iy verib iylənirdi. Qan iyi sidik iyinə qarışıb üfunət yayırdı.
Bibim əynimdəki çit köynəyi ehmalca sivirib başımdan çıxardı. Nə qədər elədimsə belimə güc verib dikələmmədim. İşi belə görən Səməndər mənim bulaşıq bədənimi qucağına alıb ləyənin içinə qoydu. Elə bildim sümüklərim çilikləndi. Canımın ağrısından qulaqlarım uğuldadı. Bibimə dedim utanıram, Səməndər bayıra çıxsın; çıxmadı, bir qazançayla vedrədən su götürüb başımdan tökdü. Mən zarıya-zarıya bibimə yalvarırdım ki, əlini bədənimə yavaşca çəksin.
Özgə vaxt qardaşlarımın yanında başımı da yumazdım, indi anadangəlmə oturmuşdum Səməndərin gözünün qabağında, o da başımdan su əndərirdi. Görünür, nənəm dediyi üç həya pərdəsinin ikincisi də yırtılmışdı deyə daha qardaşımdan utanmırdım.
Bibim saçlarımı nəvazışlə qarışdırdıqca uşaq vaxtı nənəmin başımı necə yuduğu yadıma düşürdü. Saçlarım həm gur, həm də uzun idi deyə nənəm əvvəlcə bir tağını yuyub darayıb hörərdi, sonra o biri tağını. Bu proses məni yorub bezdirərdisə də, nənəmə zövq verərdi. Saçımdan ayrılan hər tel onu bikeflədərdi, yerə düşən tüklərimi bir-bir dənləyib, əlində düyünləyib ağacların boğazına qoyardı; deyərdi qoy quşlar aparıb yuvalarına hörsünlər, ayaq altında tapdanmasın, yoxsa başın ağrıyar...
***
Səməndər su tökür, bibim canımın qanını-kirini yuyurdu. Qurumuş qan dərimdən təmizləndikcə bədənimdəki qançırlar üzə çıxırdı: qollarım, döşlərim, budlarım, kürəklərim gömgöy idi. Bibim güclə eşidilən sızıltılı bir səslə dodağının altında “Ay sənin qolun qurusun!” dedi. Sonra otaqdakı stullardan birini ləyənə yaxın çəkdi, mən onun köməyilə dikəlib stula dayaqlandım. Bu vəziyyətdə bibim mənə salavat verdi, bədənimi qüsulladı. Sonra da Səməndərlə köməkli məni çarpayıya uzadıb iri qətfəyə bükdü, başıma qalın şərf doladı. İndi də bibimi dərd aldı ki, bir ləyən suyu evdən bayıra necə çıxaracaq.
- Sən Bircəni geyindir, - Səməndər dedi, - mən bir əncam çəkərəm.
Bunun ardınca qardaşım bir ləyən qanlı, sidikli, sabunlu çirkabı başıma su tökdüyü o xırdaca qazanla yenidən qaytarıb cehiz vedrələrimə yığa-yığa bayıra daşıdı. Qaynanam yenə dözmədi:
- O vedrələr də, ləyən də hamısı murdar oldu. Kim bunları təmizləyəcək?
Bibim:
- Narahat olma, bu dəqiqə hamısını sürtüb salavat verəcəm, - deyib onu sakitləşdirdi.
Təmizliyə çıxandan sonra elə bildim ağrılarım da azaldı. Bibim hər şeyi, hər yeri təmizə çıxarıb otağa əvvəlki səliqəsini qaytarana qədər yumşalmış bədənimi dincə qoydum. Sonra Telli mama saçlarımı eynən nənəm kimi qurulayıb daradı, əynimə yüngül paltar geyindirdi. Gətirdiyi zənbili açıb içindəkiləri masanın üstünə düzəndə mənə bir canavar aclığı gəldi. Zənbildən də nə çıxmadı: hələ soyumamış təndir çörəyi, qovrulmuş çolpa, təzə göy-göyərti, bir banka dovğa... Hətta bir termos dəmli çay da gətirmişdi. Toy günü mən ər evinin çayını içə bilməmişdim – bunların suyu bizim su kimi dadmırdı – bu da bibimin yadında qalmışdı.
Telli mama bir ana istedadıyla biz bacı-qardaşa süfrə açdı. Bura gələndən ilk dəfəydi yeməyə tamahım keçirdi. Bibim səkil tikələri seçib Səməndərlə mənim qabıma yığırdı. Mən loxmanı ağzıma qoyandan sonra bir müddət gözləyirdim – tikələri çeynədikcə çənəm əsirdi, çənə sümüyüm tərpəndikcə göbəyimə yenə sancı dolurdu. Ağzıma tikə aparan qolumu masanın üstündən zülümlə qaldırırdım.
Yemək-içməyimiz uzun çəkdi. Bir az sonra qaynanam içəri girib bizimkiləri yeməyə çağırdı. Bibimin bəzədiyi süfrəni görəndə arvad tutulan kimi oldu:
- Balam, biz acından ölmürük ki, sən bura qazanla gəlmisən.
Bir tikə çörəyi yeyiləndə canı gedən qaynanam bəlkə də ürəyində sevindi ki, bibim özüylə yemək-içmək gətirib.
Sonra bibim Səməndəri evinə göndərdi, özü isə o gecə yanımda qaldı. Yola düşəndə Səməndər məni yavaşca qucaqlayıb bağrına basdı, məni bibimə, bibimi də Allaha tapşırıb bizi baş-başa buraxdı.
O gecə Telli mama yaralı bədənimi dizlərinin üstünə alıb zümzüməylə mənə çoxlu layla çaldı:
Lay-lay deyim həmişə,
Karvan gedər yenişə...
Yastığında gül bitsin,
Döşəyində bənövşə...
Bibim dedi, mən ağladım, o dedi, mən ağladım... Sonra başladı mənə nağıllar uydurmağa – mənim yaşadıqlarımı hər qızın yaşadığına məni inandırmaq istəyirdi:
- Sən gözəl bir xanım olacaqsan, çoxlu uşaq doğacaqsan...
Uşaq vaxtı evcik quranda həmişə deyirdim mənim on beş uşağım olacaq. Nə az, nə çox – həmişə on beş deyirdim. İndi bibim o sözü özümə qaytarırdı:
- ...on beş uşağın olacaq...
Qəfildən ikimiz də bu “on beş uşaq” məsələsinə gülüb qəhqəhə çəkdik.
- ...onları böyüdəcəksən, hamıdan qəşəng ana olacaqsan, nənə olacaqsan... Hamı səni çox istəyəcək... Tezliklə sağalacaqsan, hər şey yadından çıxacaq...
Bibim həzin-həzin danışdıqca məni şirin bir yuxu basırdı. O məni öpüb oxşadıqca düşünürdüm: olmaya elə mənim anam budu?
Birdən Telli mama alnını mənim qançır olmuş göbəyimə söykəyib:
- Bəlkə də indi burda sənin balaca bir bəbən yetişir, - dedi, - qalır on dördü...
İlan vurmuş kimi yerimdən atıldım, başımı güclə göbəyimə doğru endirib sidq-ürəkdən “Allah eləməsin!” dedim. Bir anlıq mənə elə gəldi göbəyimin içindən bir körpə yazıq-yazıq üzümə baxır. Qəti şübhəm yoxuydu: o cür zorlanmadan törəyən uşaq çox eybəcər, çox da qorxunc bir məxluq olar. Eşitmişdim gözəl uşaqlar yalnız sevgidən doğulur.
O gecə bibimlə çox danışdıq, çox dərdləşdik. Hərdənbir Emin də yadıma düşürdü, onun harda olduğunu bilmirdim. Dünənki müdhiş qovğadan sonra onu görməmişdim. Mənə bircə məqam maraqlı gəlirdi: görəsən Emin indən belə üzümə necə baxacaq?..
Bibim işığı söndürüb mənim göyərmiş, çilik-çilik olmuş köməksiz vücudumu bir ana duyğusuyla qucağına aldı. Mən onun qollarında şirin yuxuya getdim...
***
...Görüşümə gəlmədin, harayıma yetmədin, elə bilirdim o gecə heç olmasa yuxuma gələcəksən, Dostum, gəlib sehirli əllərini əzilmiş ürəyimə çəkəcəksən, məndən üzür diləyəcəksən. Elə bilirdim başıma gələnlərdə Sənin də əlin var – axı mən Sənə görə bu namərd dünyayla cəngə çıxmışdım, özümü Sənə salamat, üzüağ çatdırmaq üçün hamıyla üz-göz olmuşdum.
O gecə də mən Səni çox gözlədim, hər taqqıltıya, hər çıqqıltıya gözümü açıb qaranlıqda havalı-havalı ora-bura boylandım. Gəlmədin. O daş səbrin çatlamadı ki çatlamadı – Sənin səbrin hər günahdan betərmiş. Bətnimdə zəhərli ilan yuva qurdu – gəlmədin ki gəlmədin. Yuxuma da girmədin.
O gecə məsumluğunu itirmiş döşlərim ovuclarımda taleyimə, qismətimə – yox, meydan oxumaq gücündə deyildim – eləcə lənət oxudum, Dostum. Qiyam qaldırmağa heyim nə gəzirdi, Sənə için-için üsyan elədim:
Mən göylər adamıydım,
Axı niyə doğuldum...
Bir nadanın əliylə aldanıb yerə gəldim,
Gəlib yerdə boğuldum –
axı niyə doğuldum,
axı niyə doğuldum...
Beləcə, qarşımda taybatay açılmış cəhənnəm qapılarından içəri keçdim...
Birinci bölümün sonu