Ər hayında deyildim – Bircənin Romanı

Ər hayında deyildim – Bircənin Romanı
14 iyun 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Cavidin yerindən arxayınımışdım deyə payızın qayğısı, qışın qarğaşası məni qorxutmurdu. Ayda bir dəfə tərbiyəçilər oğlumu rayonumuza gələn avtobusa mindirib kəndə yola salırdılar, Rüfət rayon avtovağzalında onu qarşılayıb evimizə gətirirdi. Uşaq tamam dəyişmişdi, evin adamlarına sayğı-sevgi göstərirdi; Rüfətin balalarını incitmirdi, gəlinə cavab qaytarmırdı, arada gəlib mənə qısılır, boynumu qucaqlayıb susurdu, iki daşın arasındaTelli mamaya dəyməyi də unutmurdu.

İlk valideyn iclasında Cavidin müəllimləri ən gözəl gül dəstəsini mənə bağışladılar. Qısa zamanda oğlum həm məktəbin, həm də qaldıqları yurdun sevimlisinə çevrilmişdi. Müəllimlər fərqlənən uşaqları bayram günlərində evlərinə qonaq aparırdılar. Cavidin püşkünə tarixdən dərs deyən Faiq müəllim düşmüşdü. Müəllimin həyat yoldaşı Rəna xanım üç il uşağımı süfrəsinin başında əyləşdirib səkil tikəsini Cavidə yedizdirdi. Oğlum onlara getməyə utananda Faiq müəllim iki balasını yanına alıb yurda gəlirmiş, uşaqların sözünü yerə sala bilməyən Cavid onlara qoşulub müəllimigilə gedirmiş.

Oğlumun evdən aralanmağına artıq sevinirdim, əlim-qolum açılmışdı. Qardaşlarım Cavidi etibarlı müəllimlərin könəlgəsinə verib məni rahatlığa çıxarmışdılar. Daha evimizə də yovuşa bilmirdim, özümü gedərgi quş kimi hiss eləyirdim. Əllərim anamın tapşırıqlarını yerinə yetirir, xəyalım gəz yazırdı. Xəyalən gündə azı on yol anama xəyanət eləyirdim. Hərdən gerçəyi də olurdu – yağından oğurlayıb bibimə, motalından Səməndərə, qaymağından qardaşımın dostlarına pay tuturdum.

Qışdakı rahatlığım yazda burnumdan gəldi – yenə haldan-hala düşdüm, məni qara basmağa, qulağıma səslər gəlməyə başladı. Bəzi gecələr yenə məni doğmalarımın səsiylə çağırırdılar. Rüfət halımdan halıydı deyə bir qaraçı, cırtdan küçük tapıb gətirib qapıya atmışdı. Yuxulu-yuxulu bayıra çıxan kimi qapının cəhəngində yatan it hürürdü, mən ayılırdım.

Günlərin birində hiss elədim ki, sinəmdən bir cüt daş sallanır. Əllərimi döşlərimə vuranda qorxudan qulaqlarım qıjıldadı – hər iki qolumun altından döşlərimin kökünə doğru xırda-xırda fırlar düzülmüşdü. Qollarımı güclə qaldırırdım.

Bir anda dünya gözümdə cəhənnəmə döndü. Özüm özümə kəsmə kəsdim – mən xərçəngəm! Amma niyə belə tez? Başladım hər iki tərəfdən soyumu-kökümü araşdırmağa. Səkinə bibinin üç uşaqla dul qalmış qardaşı qızı Reyhan dörd il idi bu mərəzin çənəsində çabalayırdı. Onun xəstəlik xəbəri yayılanda kəndimizdə hamı bir ağızdan “Belə də olmalıydı, Reyhanın anası, xalası da bu xəstəlikdən getmişdi” deyirdi. Bu söz qulağımda qalmışdı.

İki günə nəslimizi ələkdən keçirdim – yaman şişdən ölən olmamışdı. Anam bu qədər uşaq doğub böyütmüşdü, heç qadın həkiminə də düz-əməlli getməmişdi, di gəl, döşləri hələ də dumbuz kimiydi. Düşdüm qırx arşın quyunun dibinə, dərdimi açıb kimsəyə deyə bilmədim. Gün-gündən quruyurdum, canımın suyu çəkilirdi. Gecələrim lap dözülməz olurdu, kürəklərimin ağrısından, döşlərimin zoqqultusundan gözümə yuxu getmirdi. Başımda bircə sual vardı: niyə belə tez, niyə belə faraş başladı mənim ölümüm? Cavidi zalım dünyanın əlində yiyəsiz qoyub getmək istəmirdim.

Atam məndəki dəyişikliyi duymuşdu, könlümü almaq üçün hərdən:

- Sevgi sevən qızlara oxşayırsan, günü-gündən sozalırsan, - deyirdi, - birdən vurulub eləyərsən, xəbərimiz olmaz ha...

***

Canımla əlləşdiyim bu dar-damanda Lalənin qaynanasıgillər mənə elçi düşdülər. Bacımın Rusiyada yaşayan çox imkanlı bir qaynı vardı. Yeznəmin anası onu dilə tutub, özü demiş, öz qanımızdan bir babanın qızıyla evləndirmək istəyirdi. Arvad rus qızından iki uşağı olan oğlunu yola gətirib gəlib oturmuşdu bizdə.

Ər hayında deyildim, sinəmdən sallanan bir cüt daş vücuduma düşmüş meteorit kimi canımın səliqəsini pozmuşdu, içimdə hər şey baş-ayaq olmuşdu. Bacımın qaynanası diplomatik yollarla hamının rəyini öz xeyrinə dəyişə bilmişdi. Anam bu dəfə lap ürəklənmişdi:

- Ta nə istəyirsən, sənə ev alır, uşağını oxudur, səni işə düzəldir. İstəsən Bakıda yaşayarsan, istəməsən Moskvada.

Bütün bunları o qədər rahat, o qədər asan söyləyirdi, həmin dəqiqəsi qalxıb ərə getməyim gəlirdi.

- Yaxşı, bu kişi bunları bir dul arvaddan ötrü niyə eləsin? Nə əcəb gedib bir qız uşağıyla evlənmir?

- Adam varından keçir ki, sən də ona bir uşaq doğasan.

Xəstələnəndən bəri boş dayanan kimi sağ əlimlə sol döşümü tutub dururdum – əlimi döşümə söykək verəndə ağrım azalırdı. Anamın sözlərinə ovcumdakı döşüm gizildədi.

- Demək mən də olacam bu Moskva lotusunun Bakılı arvadı, eləmi?

Anam dirəşirdi:

- Nə vaxtacan balalarım öz boğazlarından kəsib səni saxlayacaqlar, uşağını bahalı məktəbdə oxudacaqlar? Çıx get birinə, qoy qəhrini çəksinlər.

Söz güləşdirməyə gücüm qalmamışdı, anam danışıb ürəyini boşaldandan sonra dedim:

- Qorxma, lap az qalıb. Mən də Reyhan kimi yaman çıxartmışam, tezliklə öləcəm, pullarınız özünüzə qalacaq.

Anam üzümə çəpəki baxa-baxa nə dediyimi anışdırmağa çalışırdı. Mən onun qabağında donqarının sirrini açan qozbel kimi dayanmışdım; elə bilirdim irəli durub məni qucaqlayacaq, niyə belə dediyimi soruşacaq, əllərini daşa dönmüş sinəmdə gəzdirəcək. Yaylığını təzəcə xınaladığım başına dolayıb dedi:

- O bizik ey gün görməmiş torpaq dombaldaq. Bax gör mənim nəslimdə kim qocalıb öldü. Bəxtəvərlər, nənən səksəni haqlamışdı, əmilərin səksəni adladılar, Telli maman qıza oxşayır. Qorxma, ölməzsən.

Deyib getdi əmim oğlu Məhərgilə. Qalxıb atamı axtardım – kişi özünü evin sağ cəhəngindəki güllüyə verib kitab oxuyurdu.

- Mən gedirəm bacıngilə, axşamtərəfi qayıdacam.

Atam eynəyini gözündən aralayıb gülümsündü:

- Nə var ey bacımgildə, Allah bilir indi o da bir aşıq şəkli qoyub qoynuna səni gözləyir.

Bu səfər dodağım qaçmadı, kişi mənim mandıxıb qaldığımı görəndə:

- Gedirsən get, - dedi, - amma yenə bir qoburnatın qızına desən yaxşıdı.

Atamın sözünü ağzında qoyub çaparaq doqqazdan çıxdım. Gedirdim döşlərimi bibimə göstərəm, dərdimi bölüşüb məsləhət alam. Gedə-gedə elə bilirdim özümü ona çatdıra bilməyəcəm, elə yoldaca yıxılıb qalacam. Tez-tez nəbzimi yoxlayırdım, üzümə şapalaq vururdum, özümü çimdikləyirdim – deyirdim görüm sağammı.

Ortalığa çatanda camaatın qaynaşdığını gördüm. Heç kimə fikir vermədən yoluma davam elədim. Gülnazgilin döngəsini burulanda onlar sarıdan bərk çığırtı gəldi. Can qorxusu ayaq saxlamağıma mane olurdu. Bir xeyli də gedəndən sonra qəfil geri dönüb xəstə bacıların evinə doğru yönəldim. Doqqazı aralayıb baxanda gördüm Xalidə xala pilləkənə sərilib, qonşular da başına toplaşıb. İməkləyə-iməkləyə pilləkənin başına çıxmış Gülnaz çır-çır çığırırdı. Məni görcək qız əyilib qobaz-qobaz olmuş barmaqlarını çox çətinliklə başına yaxınlaşdırıb təpəsinə döyməyə başladı:

- Ay Bircə, deyirlər anam ölüb, bir irəli dur gör düzdü? Axı anam bizi belə qoyub ölə bilməz.

Mən pilləkəni çıxanda qonşu Tovuz xala arvadın çənəsini çəkirdi...

***

Kəndin üstünə su ələnmişdi, yer xəstəsi qızların anasının qəfil ölümü hamını dağlamışdı. Yaxşı ki, başı əldə bir bacıları, bir qardaşları vardı; Xalidə xala dəfn olunandan sonra Gülnazı Bakıdakı qardaşı, quruyub taxtaya dönmüş Validəni isə qonşu kənddə ərdə olan bacısı yanına apardı. Qapılarına qara qıfıl vuruldu, mənim gedəcək yerimdə, həsrətlə gözləndiyim bir evdə bayquşlar yurd salmağa başladı.

Xalidə xalanın dəfninə gəlmiş bibimi götürüb evimizə apardım. Daldaya çəkib dərdimi danışdım. Quruyub yerə yapışmış Telli mamanın dili bir müddət söz tutmadı. Handan-hana:

- Həə, deyəsən əzrayıl yaxamızı tanıdı, - dedi, - bizi fağır gördü deyəsən.

Bibim əlimdən çıxıb doqqaza sarı götürüldü. Atam dalınca çağırdı:

- Ay bacı, şər qovuşub, yolun qəbiristanlığın yanından keçir, hara gedirsən bu vədə?

Bibim atama cavab vermədi, dəsmalını başından sıyırıb əlinə alıb doqqazdan çıxdı. Elə bildim arvad eşitdiklərindən qorxub qaçdı. Anam üzümə quşqulu-quşqulu baxıb soruşdu:

- Nə dedin arvada mözələk tutmuş dana kimi çıxdı qapıdan?

Bibimin getməyiylə Kamil yedəyində qayıtmağı bir oldu. Qardaşım çolpumuş üzümə baxıb dedi:

- Adam da dərdini gizlədərmi? Bəs neçə vaxtdı niyə birimizə demirsən, gərək hər görənək səni tapa?

Kamilin belə təlaşlanması anamın, atamın canına qorxu saldı. Qardaşım başıma dolana-dolana yanıxırdı, gah oturur, gah da durduğu yerdə fırfıra kimi fırlanırdı. Anam Telli mamanın Kamilin üstünə qaçmasından cırnamışdı:

- Əşi, nə var ey orda, nə sovruq atırsınız! Allah bilir, bir qamqalaq boyda şey çıxıb ordan, kəndi-kəsəyi yığmısız bura.

Kamil möhkəm təntimişdi:

- Nə qamqalaq, ay ana, Reyhanı, Şahnazı, Kamiləni görmürsüz? Kəndin say-seçmə gəlinləridi, üçünü də yaman azar şam kimi əridib.

Reyhan, dediyim kimi, Səkinə bibinin qardaşı qızıydı, əri şəhid olmuşdu, yedəyində üç uşağı qalmışdı. Şahnaz Məhərin baldızıydı, iki körpə balası vardı. Anamın uzaq qohumunun ocağına gəlin köçmüş Kamilə yazığın da heç uşağı olmamışdı.

Anam yenə geri çəkilmədi:

- O gəlinlərin üçünün də anası elə o yaman şişdən ölmədimi? Şəbeh çıxartmayın, bəlkə də soyuq dəyib Bircəyə.

Kamil anamın zınqını vurdu:

- İndi sən salamatsan, yaman azara tutulmamısan deyə qulağımızı sallayıb oturaq?

Sonra qardaşım mandıxıb qalmış atamın üstünə yeridi:

- İndi neyləyək, nə məsləhət görürsən?

Atam qaxaca dönmüşdü. Durub özünü bayıra atdı, əlini-üzünü soyuq suyla yuyub gəlini hayladı:

- Rüfətin siqaretindən birini tap ver mənə.

Gəlin Kamilin üzünə baxıb devikdi:

- Ay əmi, Rüfət siqaret çəkmir axı.

Qardaşlarım bir-birindən gizli siqaret çəkirdilər. Onların qabaq-qabağa oturub içki içdiklərini də görməmişdim. Əgər kiçik qardaş böyük qardaşdan abır-həya eləyirdisə, gör atamdan necə çəkinirdilər. İndi gəlin də Rüfətin qorxusundan atama siqaret verə bilmirdi.

Atamla gəlin dilləşən məqamda Rüfət içəri girdi. Kişi gəlini buraxıb onun üstünə şığıdı:

- Siqaretinin birini mənə ver.

Nə baş verdiyini anışdıra bilməyən Rüfət ona mat-mat baxıb dedi:

- Əşi, mən siqaret çəkirəm?

Atam uşaq kimi ayaqlarını yerə döyüb dediyindən dönmürdü. Kamil onun çiyinlərindən basıb stula oturtdu:

- A kişi, sən bir hovur dincəl, mən indi sənə siqaret taparam, - deyib Rüfəti sinəsiylə itələyib bayıra çıxardı.

Ağlım kəsəndən atamın siqaret çəkdiyini görməmişdim. Kamil çöldə Rüfətlə xosunlaşıb əlində bir siqaret içəri girdi. Atam siqareti odlayıb ikinci nəfəs kimi içinə çəkdi, gah çölə çıxdı, gah içəri girdi. Handan-hana Kamilin üzünə yazıq-yazıq baxıb dedi:

- Vallah ta mənim mafarım qalmayıb. Bir bu teylənmiş yamanımız əskiyidi. Nə deyirsən onu da eləyək. Bu yaşdan sonra mənim yetim saxlayası hünərim yoxdu.

Əllərimlə sinəmi tutub durmuşdum. Kamil üstümə gələndə sivişib arxa otağa keçdim. Qardaşım tüyüncək özünü yanıma atdı:

- Sən uşaq deyilsən, aç heç olmasa qolunun kökünə baxım, - dedi. - Dərdi gizlədən dərdə düşər.

Cavidin balaca yastığını götürüb sinəmə basdım:

- Qadan alım, qorxma, bekara şeydi, keçib gedər.

Qardaşımdan çox utanırdım, qolumun kökünü, sinəmi ona göstərə bilməzdim. Bibim özünü içəri təpib məni Kamilin əlindən aldı:

- Nəyinə baxacaqsan ey, qadan alım, qoltuğunun altından döşlərinin kökünəcən qırmızı zoğ yeriyib. Heç yaxşı şeyə oxşamır.

Bibimin ardınca anam da içəri girdi:

- Dəli əvəliyi qatıqlayıb pörtlədək, qoyaq üstünə, sonra da toyuğun isti dərisinə bükək. İkicə günə yox olacaq.

Kamil anamı acıqlı-acıqlı süzüb:

- Yox, qışın qış günü gəbələri ver aparıb artezianda yusun, sonra da evlərin tavanını sildir, əriyib yox olacaq, - dedi.

Anam cin atına mindi:

- Ağacdan budaq düşsə, qaranquşun balaları ölsə, Bircə yaman çıxartsa hamısını kərt eləyin mənim boynuma, mən də sizin qadasovanınızam, - deyib içəridən yelbə kimi çıxdı.

Çardağımızın altında hər il bir dəstə qaranquş yuva qururdu. İl quraqlıq oldu, erməni suyumuzu kəsdi, yazıq quşlar iki günə qurduqları yuvanı bir həftəyə qurub bala çıxaranda anam çardağın altına milçək dərmanı səpdirdi. Yuvalardakı ətcəbalalar hamısı qırılıb yerə töküldü. İki gün çardağımızın altında qaranquş çığırtısından qulaq tutuldu. Atam ölü quşları süpürüb yerdən yığdıqca anamı qarğıyırdı:

- Sənin dərman səpən qolun qurusun, bu yazıqlar yuvalarının palçığına suyu gör haralardan daşıyıb gətirmişdilər, sən bunların hamısını beçiz elədin.

İndi anam atamın bostanına atdığı daşı o gündən əlində hazır saxlamışdı...

Kamil məni atama bərk-bərk amanatlayıb:

- Birdən o şişən yerlərə isti-soyuq nəsə qoyarsız ha, - dedi. - Sabah Aqilə zəng vuracam Hakimi göndərsin sənin dalınca. Bakıda səni yaxşı-yaxşı yoxlatsınlar, görək başımıza nə gəlir.

Kamil bibimi götürüb qapıdan çıxaçıxda bir də mənə tüyüdü:

- Bax birdən anam nəsə eləyər ha, - dedi, - qəti yaxına buraxma! Özün ağıllı qızsan, bizə türkəçarə yox, təbib gözü, təbib əli lazımdı. Özün də qorxub eləmə, yadında nənəm nə deyirdi – yaram yara olsa təbibim qarşıma gələr. İnşallah bizim də təbibimiz bizi gözləyir...

***

İki gün keçmiş Hakim başılovlu özünü kəndə yetirdi:

- Görürsən, mən elə düz deyirmişəm, sən bizim uşağımız deyilmişsən. Bizim uşağımız olsaydın belə xəstəliyə tutulmazdın, - deyib mənim domuşuq canımın qırışığını açmaq istədi...

Lap balaca vaxtımda Hakim məni tez-tez cırnadardı:

- Səni mal təzəyinin içindən tapıblar, - deyərdi.

Mən bir az böyüyəndən sonra isə ciddi-ciddi and-aman eləyərdi:

- El dağa köçəndə atamgil səni köç yolunun üstündən tapmışdılar. Başın qərtməkli, ağzın şorlu bir uşaq idin. Nənəmin sənə yazığı gəldi, yuyub təmizlədi, qulluq eləyib böyütdü.

Sonra Hakim Musa əminin kiçik uşaqlarıyla bizim balacaları sıraya düzərdi, məni onların qarşısında farağat durğuzub deyərdi:

- Görürsən, sən bu uşaqların heç birinə oxşamırsan. Hələ bir saçlarına bax, gör hansımızın saçı səninki kimidi.

Uşaqlığımda mənim saçlarım zənci balalarının saçları kimi qıvır-qıvır olardı. Sonralar nənəm sərçə peyininə boyaqotu, quzuqarnı göbələk qarışdırıb məlhəm düzəldər, vaxtaşırı o məlhəmi saçıma yaxardı. Onda Hakim lap şitənərdi. Uşaqlarla darısəpdi oynayanda məni yaxına buraxmazdı:

- Onun başı murdardı, heç kim onunla oynamasın, - deyərdi.

Şüvənim qapımızla bir olardı, qaçıb nənəmi cırmaqlayardım. Nənəm tez başımı yuyub qatıqla yaxalayıb üstündən bal yaxardı. Ballı başımı Hakimə göstərib deyərdi:

- Hə, qızlar ağası, başının qodu-qodusunu dağıt, gəl Bircənin başına bax. İndi də bal yaxmışam, səni şirniyə həsrət qoyacam.

Nənəmin əziyyəti hədər getmədi, mən böyüdükcə saçlarım hamarlaşıb ipək kimi yumşaq oldu. Başımın çölü düzəldisə də içinin yarası uzun müddət sağalmadı. Tapılma uşaq olduğumu düşündükcə qaranlığa çəkilib evdən, ailədən soyuyurdum, özümə xəyali ata-ana, bacı-qardaş uydurub onların həsrətiylə yaşayırdım.

Səməndər mənim dərdimi biləndən sonra tez-tez deyirdi:

- Ay dəli, səni gül səbətinin içində göydən Allah bizə göndərib. Səni yox ey, o hüllükbazın özünü tapmışıq. Bax, hamımız uzunboy, Hakim qıvıdıboy, yerə yapışıq qalıb.

Səməndərin dediklərini Hakimin üzünə oxuyub qaçıb girirdim böyük qardaşımın ana ağuşu kimi isti qucağına, Hakimi qoyurdum yana-yana...

İndi hüllükbaz qardaşım mənim qırışdığımı görüb dil boğaza qoymurdu:

- A bala, sənə vaxtında dedim get dədəni-nənəni axtar tap, gənə kimi yapışdın yaxamıza.

Atamın sırsıra bağlamış qaş-qabağına baxanda Hakimin havası alındı, məni qucaqlayıb dedi:

- Qorxma, səni ən yaxşı həkimlərə göstərəcəyik, sağalacaqsan. Nənəmin peyinlədiyi saçlarını gəlin yolmamış sənə ölüm yoxdu.

ardı var

# 6638 dəfə oxunub

Müəllifin son yazıları

# # #