Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...
27 yanvar 2024
# 17:00

Kulis.az Azər Turanın "Bütün hallarda Baba bəy Şakir tərkedilmişlərdəndir..." adlı yeni yazısını təqdim edir.

Baba bəy Şakir Pənahəli xanın qardaşının nəvəsidir. Sarıcalılardandır.

Mən özüm övladi Pənah aliyəm,

Keçən qəziyyədən yeksər haliyəm.

Tamam aləm bilir, Sarıcalıyam,

Mən türkəm, nə kürdəm, nə ləzgi, nə tat.

Amma nə Mehdiqulu xan, nə də zamanında İbrahim xan ona diqqət yetirməyiblər. Bunun bəlli səbəbi ola bilərdi. Qohumlar arasında söz-söhbət ola bilərdi. Bəs nə üçün öz təzkirəsində erməni Mirzəcan Mədətovun şeirlərinə də yer tapan Nəvvab təqdim etdiyi 91 şairin arasında Qasım bəy Zakirin özünə ustad hesab etdiyi və təxəllüsünü də onun adına uyğun götürdüyü Baba bəy Şakiri görməzdən gəlib? Sadəcə, "Baba bəy - Qarabağın Cavanşir mahalının tanınmış şəxslərindəndir. Pərakəndə şeirləri var" tanıtımı ilə kifayətlənib. Məhəmmədağa Müctəhidzadə də "Riyazül-aşiqin" təzkirəsindəki "Baba bəy" məqaləsində Şakirin şairliyindən ümumi sözlərlə bəhs edir və Şakirdən bir beyt not düşməklə, əsasən, Qasım bəy Zakirin Baba bəy Şakirin vəfatına yazdığı şeiri təqdim edir. Firudin bəy Köçərli isə təəssüflənirdi ki, Baba bəy kimi müqtədir şair dünyadan bixəbər və Avropa elmindən bisəmər olub, gözəl təbini həcvguluğa lətatil söyləməyə sərf edib. Salman Mümtaz isə Şakir mövzusunda Nəvvabla Köçərlini qınayır: "Nəvvab ilə Köçərli də Şakirin sataşdığı və tənqid etdiyi adamların nəvə-nəticələrini nəzərdə tutaraq müsamihə etmişlər. Onu əhəmiyyətsiz bir şair kimi qələmə vermiş və nəhayət, sıradan çıxarmışlar".

Hərgah, Firidun bəy Köçərli Şakiri sıradan çıxarmır, onu əhəmiyyətsiz şairlər zümrəsinə daxil etmir. Amma buna rəğmən, kitabında Şakirin şeirlərini başqaları kimi gen-bol sərgiləmir. Əvəzində, Zakirin Şakirə yazdığı şeiri təhlil edir. Haqqında ətraflı bəhs etmir... Bir az tənbeh edir...

Bütün hallarda Şakir tərkedilmişlərdəndir.

Şakirə şair olaraq, ilk dəfə Salman Mümtaz sahib çıxır. Onun təəssübünü çəkən ilk alim Salman Mümtazdır.

Şakir nə etmişdi ki... Şakir həcv yazmışdı. Həcv yazdığına görə dövrün ədəbiyyat tarixindən çıxdaş edilən Baba bəy Şakir həcvlərindən başqa, yazdığı gəraylılarla əslində dövrünün böyük adlandırıla biləcək qədər seçkin şairlərindən olub:

Nə müddətdi o biilqar

Mənimlə göz-gözə gəlməz.

Boş, bihudə sözdən ötrü,

Yar yarınnan sözə gəlməz.

Eşqinə can verə-verə,

Müştaq idim o dilbərə,

Tor qurmuşam nahaq yerə,

Ahu olub, düzə gəlməz.

Az qalıb ki, fitnə-feli

Şakiri eləyə dəli,

Qapı-qapı gəzər eli,

Yön çevirib bizə gəlməz.

Şakirin təklənməsinin, tərk edilməsinin səbəbkarı yalnız yazdığı həcvlər idimi? Yuxarıda da xatırlatdığım kimi, Salman Mümtaz bildirir ki, Şakirin təzkirələrə salınmaması təzkirə müəlliflərinin Şakirin həcv etdiyi adamların nəvə-nəticələrindən ehtiyat etməsi olub.

Bəlkə heç o da deyil. Bəlkə əsl səbəb başqadır? Əsl səbəb, bəlkə bu misralarda görünən "urus"la bağlıdır:

Vilayətdə urus olub ixtiyar,

Eyləyib bir bina, yoxdu görən kar,

Tamam işlər olub cahilə bazar,

Heyif, bu vilayət, heyhatu heyhat!..

Bu şeir yazılanda Türkmənçay müqaviləsinin bağlanmasından çox vaxt keçməmişdi. Cəmi 20-30 il idi ki, "urus" burada ixtiyar sahibi olmuşdu və Baba bəy Şakir bu misrası ilə rus işğalına qarşı səsini qaldıran ilk Azərbaycan şairi kimi tarixə keçirdi. Bəlkə Şakirin "unudulmasının və unutdurulmasının" əsl səbəbi bu imiş?!.

# 2342 dəfə oxunub

Müəllifin son yazıları

# # #