Sevdiyin qadın bir gecəliyə gəlmişdi - Azərdən YENİ HEKAYƏ

Sevdiyin qadın bir gecəliyə gəlmişdi - Azərdən YENİ HEKAYƏ
20 noyabr 2017
# 15:03

Kulis.az yazıçı Azər Qismətin “Kişi köynəyi” hekayəsini təqdim edir.

Onu görəndə təəccübləndi. Çarpayının üstündə idi. Dünən də orda idi. Srağagün də. Şkafdan onu çıxarmamışdı. Zolaqlı uzunqol köynək. Çeçələ barmağı titrədi. Sinirinin pozulmasının xəbərdaredici siqnalı. O, köynəyin yanında uzandı.

...Çevrilib qadını yenə öpdü. Əlini qalın saçının arasına salıb ovcunu yumanda ondan “ayy” kəlməsi çıxdı. Burnunu burnuna sürtüb qıcıqlandıranda qadın gülümsədi. Gecəni yatmamağın işarəsi gözlərin qızartısından bilinirdi.

- Sənin köynəyin məni sığallayır.

Hündürmərtəbəli binanın layihəsini çəkdiyi aleksandrovka kağızının üstündəki kiçikölçülü lampanı yandırdı. Binanın gündüşər hissəsinə eyvan çəkəndə dayandı. Köynəyini başından çıxarıb sürüşən xətkeşə keçirdi.

Lampa söndü. Dolabdan yeni batareya çıxarıb lampaya taxdı. Lampa yananda diksindi. Uzunboğaz çəkməli qadın çılpaq halda qarşısında dayanmışdı. Çeçələ barmağının titrəyişi artdı. Qarşısında diz çöküb köynəyi aşağı düymədən yuxarıya qədər bağladı ki, yenidən açsın.

Lampa söndü. Dolabı yenidən ələk-vələk etdi. Batareya tapmadı.

Yağışın yaratdığı qəzanı aradan qaldırmağa çalışan elektriklər gur projektor altında ora-bura qaçışırdılar. Binanın qarşısındakı elektrik stansiyasının avadanlıqlarından qığılcım çıxırdı. Projektor söndü. Yananda qadını gur işıq seli altında büzüşmüş gördü. Gözlərindən onun mənzilinə qalxmaq istədiyi oxundu. Gəlməsinə başı ilə razılıq verib layihəsini çəkdiyi binanın gündüşər hissəsinə eyvan çəkdi. Sürüşkən lampa sönəndə yeni batareya taxdı. İşıq yandı. Diksindi. Uzunboğazlı çılpaq qadının saçlarının arasından süzülən damlalar şümal bədənindən sürüşüb döşəməyə damcılayırdı. Sürüşkən xətkeşə keçirdiyi köynəyini ona geyindirdi. Yuxarıya qədər bağladığı düymələri yenidən açdı.

- Çıxarma. Sənin köynəyin məni sığallayır.

Hamamdan çıxıb yataq otağına qayıdanda kişi köynəyini yenə də çarpayının üstündə gördü. Qadının köynəkdə iylədiyi qoxu özünə tanış gəldi. Öz qoxusunu iylədi.

Evdən çıxdı. Avtomobildə radionu açdı. Qadının səsi dalğadan eşidildi:

- Bir gecəliyə gəlmişdim. Məni ancaq köynəyin sığallayır.

Qadını gördü. Metroya enirdi. Avtomobilin qapısını açıb arxasınca qaçdı. Həyəcanla axtardı. Metrostansiyanın işıqları söndü. Alışqanın üstündəki lampanı yandırıb heç nədən qorxmayan, narahatlıq keçirməyən adamların arasından keçib onu axtardı. Qatarın ağırlıq saldığı relsin taqqıltısı eşidildi. Qapılar bağlandı. Vaqonun şüşəsində flamastrla yazılmış sözləri oxudu:

- Sevdiyin qadın bir gecəliyə gəlmişdi. Köynəyin heç bir kişinin etmədiyini etdi.

Restorandakı qırmızı lampaların işığında rəqs edənlərə qoşulub əl-qol atdı, bədənini tər basdı. Masasındakı viskini başına çəkdi:

- O dedi ki, daha köynəyini istəmir.

- Hardadır o?

- Qaçdı.

- Hansı tərəfə?

- O tərəfə.

Kişi köynəyini qapıb restorandan çıxdı. Ofisiantın göstərdiyi tərəfə qaçdı. Uzunboğaz çəkməli qadınları saxlayıb üzlərinə baxdı. Onlar deyildi.

Köynəyi geyinib mənzilinə girdi. Layihəsini çəkdiyi binanın gündüşər hissəsinə eyvan çəkəndə qəflətən dayandı. İşıq sönmədi. Arxaya baxdı. Kişi köynəyini əyninə keçirdiyi qadın pəncərədən şəhərin panoramını seyr edirdi. Arxadan yaxınlaşıb barmaqlarını çiyinlərində gəzdirdi. Qadın fırlanıb onunla üzbəüz dayandı. Gözlərinə baxdı:

- Məni yalnız bu köynəyin sığallayır.

Ayın bədirlənən işığında ayaqları parlayan qadının uzunboğaz çəkmələrinin zəncirbəndini dodağının arasına salıb yuxarı çəkdi. Xoş xışıltı. Xoş sığal.

Ofisiantın sual dolu baxışlarına səbri çatmadı:

- Nəsə lazımdır?

- O köynəyi verib qaçdı.

- Köynək məndədir. Onun verdiyi hanı?

- İşıqlar söndü. Tapa bilmədim. Sizinkini iyləmək olar?

- Buyur.

- Bu, o deyil. Demişdi ki, ona geyindirdiyiniz köynəkdən əsl kişinin qoxusu gəlir. Sizinkində sadə qoxudur.

- Əsl kişinin qoxusunu sevilən qadın bilər.

Avtomobilin gur işığında elektrik stansiyasına çatdı. Ora-bura qaçışan əməkdaşlardan birinin çiynindən tutub saxladı:

- Projektorun işığı altında yağışdan büzüşən qadını görmədiniz?

- Uzunboğaz çəkməli qadın idi. Pəncərədən bir kişi baxıb başı ilə mənzilinə gəlməsinə işarə etdi.

- Sonra nə oldu?

- Qadın səhərə yaxın çıxdı. Əynində kişi köynəyi vardı. Xoşbəxtlikdən uçurdu.

- Bəs, köynəyi neylədi?

- Deyəsən, köynək bədənini sığallayırdı.

- Nə bildin?

- Çünki xoş duyğudan bədəni əsirdi. Odur o kişi. Pəncərədən baxır.

Kişinin gülən gözlərinin müşayiəti ilə pilləkənləri qalxıb qapını döydü. Səs eşidilmədi. İçəri girdi. Onu görəndə təəccübləndi. Çarpayının üstündəki kişi köynəyini şkafdan çıxarmamışdı. Zolaqlı köynəyin yanında uzandı. Çevrilib qadının boynundan öpdü.

- Köynəyin elə xoşluqla, elə duyğu ilə və incə sığallayır ki. Sevdiyin qadın yalnız bir gecəliyə gəlib.

- Başqa nə istəyirsən?

- İstədiyim yalnız köynəyindir.

Avtomobili sürətlə sürüb tuneldən keçəndə gözləri yumuldu. Açanda içi deşilmiş qayıqda oturan, tordan kilkələri qoparıb vedrəyə atan balıqçını gördü.

- Bilirəm, o qadını axtarırsız. Sahilə gəlib ağladı. Köynəyini dalğalar qoynuna atdı. Dalğalar üstünə qaytardı zolaqlı köynəyi. Yenə atdı. Dalğalar yenə qaytardı. Ağladı ki, bu köynəkdən qurtula bilmir. Həmin gecənin xoşbəxtliyindən çıxa bilmir.

- Köynəyi yenidən özü ilə apardı?

- Mənə verdi.

- Hardadır?

- Gecə işıqlar söndü. Elektrik stansiyasında kiçik partlayış olubmuş. İşıqlar yananda gördüm ki, yoxdur. Balıqçılar dedi ki, bir kişi gəlibmiş. Siluetini görüblər. Elektrik stansiyası ilə üzbəüz binaya tərəf qaçıb. Deyib ki, köynəyi bir gecəliyə qonaq gələcək qadına geyindirəcək. Ən aşağı düymədən ən yuxarıya qədər bağlayacaq ki, yenidən açsın.

Elektrik stansiyası ilə üzbəüz binaya tərəf qaçdı. Projektorun gur seli altında büzüşmüş qadını gördü. Binanın ikinci mərtəbəsində pərdə aralandı. Bir kişi başı ilə onun gəlmək istəyini cavablandırdı. Başı ilə işarə verdi ki, yuxarı qalxsın. Qadın pilləkənlərə tərəf qaçdı. O da onun ardınca. Qadın qapını döyməyib içəri girdi. İşıq yananda mənzildəki kişi diksindi. Qadın qarşısında dayanmışdı. Diz çöküb uzunboğaz çəkməsinin zəncirbəndini dodaqları arasına alıb aşağı çəkdi. Sürüşkən xətkeşə keçirdiyi köynəyini ona geyindirdi. Ən aşağı düymədən ən yuxarıya qədər bağladı ki, yenidən açsın.

- Bircə gecəliyə gəldim. Köynəyin məni elə sığallayır ki.

Qapı döyüldü. Qəbiristanlığın qarovulçusu içəri girib pıçıldadı:

- Mənimlə gedək.

Yağışın altında ora çatdılar. Kişi bir qəbri ona göstərdi.

- Son sözü bu oldu ki, köynəyi sizə qaytarım. Bir də dedi, bu köynək heç bir kişinin etmədiyini etdi. Gözlərindəki yaş elə hey süzülürdü. Sinəsi xışıldayanda qırıq-qırır dedi ki, bircə gecəliyə gəlibmiş.

# 1252 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #