Qadınları öldürən qatil Van Qoq imiş?

Qadınları öldürən qatil Van Qoq imiş?
27 sentyabr 2014
# 08:00

1888-ci ilin 9 noyabr günü Qarınyırtan Cek özünün sonuncu qurbanını da qətlə yetirərək qeybə çəkildi. Onun bu cür yoxa çıxması, dumana qarışması sayəsində sonralar minlərlə insanoğlu bu cani barədə ən amansız xəyallar uydurdu, özünə sərvət qazandı.

Gəlin detallara baxaq. Fahişə Meri Enn Nikolsun cəsədini London polisi 1888-ci ildə, yayın sonlarında, paytaxtın Uaytçepel səmtindəki dalanlardan birində tapmışdı. Qadının boğazı eninə kəsilmiş, qasıq qismi yırtılmışdı, bədənində də bir neçə bıçaq yarası vardı. Yoxsul mühacirlərin cəmləşdiyi bu səmtdə pozğun bir qadının qətlə yetirilməsində qeyri-adi heç nə yox idi, ancaq bənzər hadisələrdəki qəribə faktlar bu cinayəti araşdıran polisləri dərindən məşğul etməkdəydi. Onlar bir məqamı heç cür anlaya bilmirdilər: qurbanın cəsədini bu hala salmaqda caninin məqsədi nə imiş? Digər tərəfdən isə bu fakt qatilin peşəkar qəssab və ya cərrah ola biləcəyinə dəlalət etməkdəydi, çünki o, bıçaqla çox ustaca davranırdı.

Sentyabrın 8-dən, xüsusilə də 30-dan sonra dedektivlər belə qərara gəldilər ki, bu cinayətlər silsilə xarakter daşıyır, çünki qətlə yetirilən sonrakı qurbanların (bunlar da küçə qadını idilər) da cəsədləri, eynilə Meri Nikolsunku kimi vəhşi amansızlığın hədəfinə çevrilmişdi. Son qətl noyabrın 9-da, Meri Kelliyə qarşı işləndi və anlaşılmaz səbəblərdən Qarınyırtan Cek bu qanlı “əyləncələrinə” son qoydu.

London əhalisi rahat nəfəs almağa başladı. Paytaxtda baş verən özbaşınalıqlardan hiddətlənən kraliça Viktoriya baş naziri möhkəm tənbeh eləyəndən sonra ona polis sistemində təcili islahatlar aparmağı tapşırdı. Bunun ardınca Skotlənd-Yardın bütün polis və xəfiyyələri ciddi istintaq tədbirlərinə başlasalar da, bu hər hansı fayda vermədi.

Yaxşı deyiblər ki: “Əgər naməlum bir əl ulduzları yandırırsa, deməli, onlara kiminsə ehtiyacı var”.

Dünya kriminalistika tarixində Qarınyırtan Ceklə müqayisədə daha qansız qatillər olsa belə, o, bu sahədəki birinciliyini hələ də qoruyur. Son 126 il ərzində dünyanın kütləvi informasiya vasitələri, ədəbiyyatı və kinosu londonlu manyakla bağlı bu məşhur “brend” sayəsində milyonlarla dollar qazanıbdır.

Qatilin məktubları

Hətta Qarınyırtan Cekin öz dəsti-xəttiylə yazdığı məktubların araşdırılması da bir nəticə vermədi. Həmin mətnlərdə o, işlədiyi cinayətlərin mahiyyəti barədə öz fikirlərini geniş ictimaiyyətlə paylaşmağa gərək duyduğundan rəsmi instansiyalara bir neçə məktub göndərmişdi. “Dumanlı Albionun” o vaxtkı sakinləri bu tip aksiyalara ümumiyyətlə aşkar ədəbsizlik və çılğınlıq kimi baxırdılar, elə buna görə də məktublarda açıqlanan fikirlər bütün ölkə ictimaiyyətini təşvişə salmaqdaydı.

Birinci məktubda belə bir yer var idi: “Hər tərəfdə şayiələr dolaşır ki, guya polis məni artıq yaxalayıbdır, halbuki onlar indiyədək mənim hətta kimliyimi də təyin eləməyiblər. Mən pis yola düşən qadınların axırına çıxmağa and içmişəm və polis əl-qolumu bağlamayana qədər o cür qadınları yortmağa əsla ara verən deyiləm. Axırıncı qətl lap misilsiz oldu və ledi heç cıqqırını da çıxarmağa macal tapmadı. Baxın, mən bu cür işi uğurlu sayıram və öz uğurumu bir daha təkrarlamağa niyyətliyəm. Yaxın günlərdə növbəti “şıltaqlığımdan” xəbər tutacaqsınız...”

Sonrakı məktubuna qurbanın böyrəyinin yarısını da qoyan Cek yazmışdı ki, bu orqanın qalan qismini ağız dadıyla həzm-rabedən keçiribdir.

Nə isə, qanlı məqamlar barədə bu qədər də yetərlidir, çünki daha maraqlı xüsuslara keçmək vaxtı yetişdi.

Onların sayı-hesabı yoxmuş

Aparılan istintaqlar nəticəsiz qaldı, polisin topladığı dəlil-sübutlar isə sonradan anlaşılmaz şəkildə yoxa çıxdı. Açılmaz düyünə, sirrə çevrilən Qarınyırtan Cekin kimliyi üzərində o vaxtdan bəri çoxları baş sındırıb və hələ də sındırır. Mötəbər mənbələrə əsasən, on beş, rəsmi sənədlərə görə isə cəmi beş qadının canına qəsd edən bu manyakın kim ola biləcəyi ilə bağlı xeyli versiyalar mövcuddur. Onların arasında ən heyrətamizləri isə aşağıdakılardır:

“Qarınyırtan Cek: vecəyaramaz dost” adlı kitabında yazar Riçard Uollis sirli qatilin məşhur yazar, “Alisa Möcüzələr diyarında” kitabının müəllifi kimi şöhrət qazanan Luis Kerrol ola biləcəyi iddiasını irəli sürür.

Doktor Tomas Stouvellə görə isə, londonlu fahişələrin qatili Böyük Britaniya kraliçası Viktoriyanın nəvəsi, şahzadə Albertdir.

Amerikanın tanınmış detektiv yazarı Patrisiya Kornuell isə bu sahədə apardığı araşdırmalara özünün altı milyon dollarlıq vəsaitini xərcləyəndən sonra belə qərara gəlib ki, cinayətkar - ingilis boyakarlığında impressionizmin banisi Uolter Sikkertdir.

Bu versiyalar da “yəhudi izi” olmadan ötüşməyib: məşhur manyakla bağlı bütün sənədləri araşdıran polis baş inspektoru Donald Svenson belə qərara gəlib ki, Skotlənd-Yard vaxtilə həqiqi qatilin - əslən polşalı, yəhudi mühacir Aaron Kosminskinin izinə düşübmüş.

Qatilin bir qadın olacağı ehtimalları da böyük maraq doğurmaqdadır. “Qarınyırtan Cek” ləqəbi daha çox kişi obrazını xəyalımızda canlandırsa da, qətlləri zərif cinsin təmsilçisinin işləyə biləcəyi də mümkün sayılır, çünki şahid ifadələrindəki təfərrüatların ortaq bir məxrəcə gətirilməsi adama ağlasığmaz görünür.

Cekin 165-180 santimetr boyunda, 25-40 yaşlarında, ingilis və ya xarici birisi olması, bir centlmen, dənizçi və ya fəhlə ola biləcəyi şahidlərdən alınan ifadələrdə açıqlanıb.

Qarınyırtan Cekin qadın olma ehtimalını ilk dəfə məşhur yazar, detektiv Şerlok Holms surətinin yaradıcısı Artur Konan Doyl (1859 - 1930) dilə gətirmişdi.

Araşdırmaçı Uilyam Stüart isə əmin imiş ki, cinayətlərdə gizli abortlar üzrə ixtisaslaşan mamaça Meri Pirsinin əli var.

2012-ci ildə Con Morrisin irəli sürdüyü versiyaya görə, canilikdə şübhəli bilinənlərdən birinin xanımı Lizi Uilyams qətli törədib, “Həkimlər dəstəsi”ilə bağlı versiya da maraqlıdır: ona əsasən, əslində Qarınyırtan Cekin əməllərini tək bir adam yox, bir qrup insan, daha dəqiqi, ayrı-ayrı insan orqanlarından bütöv bir insan bədəni “yığmağa” niyyətlənən və bir neçə nəfərdən ibarət başdanxarab imiş. XIX yüzilin sonlarında, elmi inqilabların başlandığı bir zamanda insanlar ixtira və eksperimentlərə hədsiz düşkün idilər və bu mənada sözügedən versiya da ağlabatan hesab olunur. Daha bir versiya isə amansız sutenyorlarla bağlıdır, çünki qadın dəllalları arasında sözdinləməz və həddini aşan “qulları” bu cür cəzalandırma faktları tarixə yaxşı bəllidir.

Ulduz şəxsiyyətlərlə bağlı versiyalar

Uaytcepeldə ard-arda qətillərin işləndiyi dönəmdə iki yüzə yaxın yerli sakin sorğu-suala çəkilibmiş və bunların on nəfəri nisbətən şübhəli sayılırmış. Bugünkü gün isə potensial qatillərin siyahısı otuz beş nəfərə qədər yüksəlibdir, həm də onlar arasında sosial durum və sənət-peşə baxımından fərq yetərincə böyükdür.

Bu “Ceklərdən” biri - rusiyalı feldşerdir, Fransadan İngiltərəyə köçən bu şəxs o vaxtlar bir qrizetin (yünğül qadının, bədənini pula satan dilbərin - A.Y.) qətlində şübhəli sanılırmış.

Əlbəttə, qısa bir yazıda bütün şübhəlilərdən bəhs etmək imkansızdır, ancaq onlardan ən cazibədar ikisi barədə söz etməmək doğru olmazdı.

2013-cü ilin yazında işıq üzü görən “Cek ləqəbli Vinsent” kitabının müəllifi Deyl Larnerin gəldiyi qənaətə görə, Qarınyırtan Cek - məşhur rəssam Vinsent van Qoqdur (1853-1890). Sözügedən dəhşətli qətllərin baş verdiyi dönəmdə dahi rəssam təsadüfən Londonda yaşayırmış. Cinayət tarixləri də müəyyən dərəcədə van Qoqun anasının doğum günüylə əlaqəlidir. Rəssam ilə Qarınyırtan Cekin əl yazısı, xətti oxşardır. Bu versiyanı ortaya atan kriminalist sonuncu qurban Meri Kellinin təsvirinin dahi impressionistin yaratdığı “Süsənlər” tablosunda sezildiyinə də hamını inandırmağa çalışır. Daha bir önəmli təsadüf də var: van Qoqun öz qulağını kəsdiyi məlum əhvalat baş verdiyi müddətdə manyakdan alınan məktubların ardı-arası... qəflətən kəsilibmiş.

İkinci bənzərsiz təxmin isə qəzetdə çıxan aşağıdakı uydurma xəbərlə bağlıdır:

“Uzun illər gərgin axtarışlar aparan Britaniya tarixçisi, professor Endryu Kuk bildirib ki, Qarınyırtan Ceklə bağlı sirrin üzərindəki pərdə qalxıb (Sözügedən qatillə barədə yazılan hər iki məqalədən biri zatən bu cümlələrlə başlayır!). İndiyədək bu manyakın canlı bir insan olduğuna inanılsa da, əslində durum fərqli imiş. O əməlləri törədən heç cinayətkar qrup da deyilmiş. O - kütləvi informasiya vasitələrində sırf sensasiya yaratmağı uman bir mif imiş sadəcə. Daha dəqiq söylərsək, o - ümumiləşdirilmiş obraz imiş, miks imiş və bir neçə qatilin işlədiyi qanlı əməllər nədənsə onun adıyla yazılırmış.

Rəsmi istintaq araşdırmalarında təqdim edilən bir çox məqamlar Kukun incələmələri sayəsində, ən nəhayət, puç və əfsanə elan olunmuşdur. O da məlum olub ki, Qarındeşən Cekin adından yazılan və “Əziz boss!” başlıqlı məşhur məktubun mətnini “The Star” qəzetinin jurnalisti Frederik Best uydurubmuş, “Jack the Ripper” (ingiliscə “Qarınyırtan Cek” deməkdir - A.Y.) ləqəbi də həmin bu Bestin xəyal məhsuludur və o, manyakın adından yazdığı hər üç məktubu bu ləqəblə imzalayıbmış. Kukun yazdığına görə, hiyləgərliklə düşünülən bu uydurma sayəsində “The Star” qəzeti öz tirajını dəfələrlə artırmaq imkanı qazanıb və bunun hesabına xeyli gəlir əldə edibmiş. Həmin dövrə aid sənədlərin araşdırılması göstərir ki, London əhalisinin qaniçən Cekin qorxusundan tir-tir əsdiyi o həyəcan və təlaş dolu günlərdə sözügedən qəzetin tirajı 232 min nüsxəyə yüksəlibmiş.

O ki qaldı həqiqətə, Kuk belə deyir: müxtəlif motivlərlə və cürbəcür insanlar tərəfindən işlənən neçə-neçə cinayət kütləvi informasiya vasitələrinin qismən yanlışı, qismən isə basqısı, istəyi üzündən eyni dosyedə cəmləşdirilmişdi. Halbuki həmin qətllər arasında hər hansı bağın olmaması faktına əvvəllər də diqqət çəkilmişdi. Məsələ burasındadır ki, beş qurbandan yalnız üçünün qarnı yırtılmışdı. 30 sentyabr günü gerçəkləşən və sayca üçüncü ilə dördüncü qurbanların qətllərinə yol açan cinayətlər arasında isə cəmi-cümlətanı yarım saat fərq varmış. Bu fakt isə onların eyni insan tərəfindən işləndiyinə olan inamı xeyli azaldır”.

Medalın o biri üzü

Yaşadığımız informasiya əsrində istənilən mif adama sözün həqiqi mənasında qızıl qədər qiymətli görünür. Bu baxımdan Qarınyırtan Ceklə bağlı miflər və onun sirr dumanına bürünmüş şəxsiyyəti, kimliyi buna ən yaxşı sübutdur. Bu cani hələlik öz qanlı missiyasını tam bitirmədiyindən onun parlaq obrazı hələ də satışa çıxarıldığı bazarda göydəcə qamarlanan matah sayılmaqdadır.

Bu bazara hamıdan əvvəl uyğunlaşan bir London mağazası namusunu yad kişilərin hücumundan qorumağı uman qadınlar üçün polad korsetlərin istehsalına və reklamına girişmiş, bu sayədə, həm də qısa vaxtda öz alış-verişini xeyli gurlaşdırmışdı.

Sadəcə iyirminci yüzilin başlanğıcında və ortalarında nisbətən unudulan və Qarınyırtan Ceklə bağlı bu “ticarət brendi” kütləvi mədəniyyətin (pop-mədəniyyətin - A.Y.) çiçəkləndiyi dövrdə yenidən meydana çıxaraq, məşhurlaşmışdı.

BBC-nin nəşr etdiyi “History Magazine” jurnalının 2006-cı ildə keçirdiyi sorğuya əsasən, Qarınyırtan Cek “Britaniya tarixinin ən qəddar insanı” seçilmişdi. Bugünkü gündə də bu mifdən milyonlarca dollar qazanc götürənlər az deyildir. Amansız Cekin qurbanlarından bir neçəsinin vaxtilə müştərisi olduğu “The Ten Bells” pabı (pivəxanası) indinin özündə də fəaliyyət göstərir, öz tarixi adı sayəsində son 125 il ərzində müştərilərin sevimli yerinə çevrilibdir.

Qarınyırtan Cekə onlarla roman və bir o qədər də film həsr olunub. 2001-ci ildə çəkilən və adı Qarınyırtan Cekin məktublarından götürülən “Cəhənnəmin dibindən” adlı filmin (baş rolu məşhur kino ulduzu Conni Depp ifa eləyir - A.Y.) prokat gəliri 74.558.115 dollar olub. Cek barədə xeyli sənədli film və seriallar çəkilib, dissertasiyalar müdafiə edilib, monoqrafiya, tədqiqat işləri və pyeslər yazılıb, o, animelərin, komikslərin, mahnıların, balladaların, bilgisayar oyunlarının və minlərlə məqalənin qəhrəmanına çevrilib. Bundan başqa, bir sıra mənbələrdə isə londonlu manyak epizodik surət kimi əbədiləşibdir.

Bütün bunlar bir yana dursun, Londonda xarici turistləri Qarınyırtan Cekin “qəhrəmanlıq göstərdiyi” yerlərlə tanış edən rəsmi marşrutlar da mövcuddur. Biletlər böyüklər üçün təqribən iyirmi, uşaqlar üçün isə altı avrodur.

Bu qatilin al qana bələnmiş “yaradıcılığına” dair sərgilər də vaxtaşırı təşkil edilir və giriş bileti təqribən 7 avrodur. Bunlardan əlavə, Qarınyırtanın kinodakı tanış surəti minlərlə oyuncaq vasitəsilə tirajlanmaqla, körpələrin məsum dünyasına da nüfuz etməkdədir.

İki yüz dollar ödəməklə internet-mağazalardan “Qarınyırtan Cek” kostyumunu sifariş etmək, habelə ondan bəhs edən “Ripperana”, “Ripperologist”, “Uaytçepel jurnalı”, “Ripperin qeydləri” və “Uaytçepel cəmiyyətinin jurnalı” kimi nəşrlərə abunə yazılmaq da mümkündür.

Yüzlərlə veb-saytda və şəbəkə forumunda uzaq 1888-ci ilin payızında baş verən olaylar müzakirəyə çıxarılır. İnternet istifadəçilərinin login olaraq özlərinə “Qarınyırtan Cek” adını seçməsi adi hala çevrilibdir.

Yazar Nil Stori isə öz kitabına belə bir ad verib: “Qarınyırtan Cek dövrünün Londonu ilə bağlı almanax”.

Misilsiz və dəhşətli qatil kimi tarixin səhifələrinə adını yazan Qarınyırtan Ceklə bağlı araşdırmalar aparan xüsusi elm sahəsi mövcuddur və ona ingiliscə “Jack the Ripper” adındakı “ripper” (yırtan) sözündən törəyən “Ripperologiya” adı verilib. Bu sahənin mütəxəssisləri isə “ripperoloq” adlanırlar.

# 4463 dəfə oxunub

Müəllifin son yazıları

# # #