Xeyrat - Azad Qaradərəlinin uzun hekayəsi - Dördüncü hissə

Xeyrat - Azad Qaradərəlinin uzun hekayəsi -  Dördüncü hissə
17 iyun 2023
# 09:00

Kulis.az Azad Qaradərəlinin "Xeyrat" adlı uzun hekayəsinin növbəti hissəsini təqdim edir.

Üçüncü hissə burada

“Giləzi yolunun kənarında, qəbiristandan xeyli aralıda, bir təpənin başında tək qəbir var. Eyzən 1918-19-cu illərdə Nuru paşanın başçılığı ilə Azərbaycanı rus-erməni birləşmələrindən xilas etməyə gələn Osmanlı əsgərlərinin təkcə dəfn olunan qəbirləri kimi. Maşını saxlatdırıb qəbirə yaxınlaşanda burada qoyun-quzu otaran bir qocaya rast gəldim. Qəbirə hələ bir neçə qədəm qalmışdı deyə soruşdum ki, bu kimin qəbridir? Niyə belə tək basdırıblar?

Qoca təpənin ayağında, yovşanlığın kənarında söykəndiyi çomağının burnunu yerdən üzüb qımıldandı:”Valla… Mən də maraxlandım o irəli, bunu burda basdıranda, dedilər şəhid qəbridir… Day nədi, nə dəyil, ordan o tərəfini bilə bilməyəcəm…”

Qoyun təpəni o üzə aşdığından kişi çomağını böyrünə qısıb heyvanların ardıncan götürüldü. Mən tək qəbirə doğru urəliləyirdim ki, gördüm bizim maşının yanında bir maşın da dayandı. İçindən əvvəl yekəpər bir kişi, sonra kök, amma əsilzadə yerişli-duruşlu bir qadın düşdü. Kişi qadının qoluna girdi. Əvvəl elə bildim ki, qadın yeriyə bilmir, amma az sonra onun addım atmağından anladım ki, kordur. Dinməz-söyləməz gəlib mənə çatdılar, qəbirə yetişməyə az qalmışdılar ki, qadın elə bil qıyya çəkdi:

— Çiçəklər, qaldı, ay Əpiş!

Əpiş dediyi adam bilmədi qadını da özü ilə maşına apara, ya özü tək geri dönə. Bir an qərarsız qalıb, “a Masuma xanım, sən bir hovur dayan, mən gülü maşınnan alıp, gəlerəm” dedi, qadının əlini buraxmaq istəmirmiş kimi gec də olsa, buraxdı, maşından iri qızılgül dəstəsini alıb qayıdanda məəttəl qaldı: qadın artıq təpəyə şatmış, qəbirin üstündə lal-dinməz dayanmışdı. Özü də elə dayanmışdı ki, elə bil əlindən kimsə tutmuşdu – bir əli bir az yuxarı qalxaraq yumulantəhər olmuşdu.

Əpiş mənə çatanda təlaşla “salam” deyib qadının yanına götürüldü. Mən də onun ardıncan qəbirə tərəf gəlməyə başladım. Bu vaxt gülləri qadına verən kişi ilə aralarında mübahisə başladı.

— A Masuma xanım, sən bırya nə təhər gəldin?! Demersənmi yıxılıp qol-qıçıı sındırersən?!

— Əpiş, görmürsən Gülcamal qolumnan tutub? O gətirdi məni…

Qadının gözlərindən yaş gilələri tökülürdü. Əpiş onun qucağındakı gül dəstəsini açıb, gülləri hələ də üstü götürülməyən qəbirin ortasına necəgəldi düzməyə başladı. Mən qadının hara isə uzanan əllərinə baxır, bu əllərin səssiz bir ağı ötdüyünü duyurdum. Bu əllər, bu qollar haçansa qucduğu bir adamın boyunu sevirmiş, oxşayırmış kimi qalxır, yuxarıda bir-birinə sarılır, boş qalmış qucağın səssiz ağısını ötür, ötürdülər.

Mən üzümü gülləri qəbirə döşəyib qurtaran Əpiş deyilən adama tutub çəkingən səslə dedim:

— Allah rəhmət eləsin? Bu kimin qəbridir? Niyə tək dəfn olunub?

Əpiş dinməyə macal tapmamış əlləri, qolları, boş qalmış qucağı ağı deyən qadın iniltili bir səslə dilləndi:

— Şəhid qəbridir… Qırx ildir qanı qurumayan, Armutludan buralaracan axdıqca axan, seli düzü dünyanı ağzına alan bir şəhidin, yox, yox, iki şəhidin qəbridir… Biri burda - məzarın içində, o biri də məzarın üstündə olan şəhidin… Sevgi şəhidlərinin… Əgər sizdən soruşsalar, elə beləcə də deyərsiniz: orada, Giləzi tərəfdə, təpə başında bir şəhid qəbir var… Tək şəhid qəbri… Amma biri də olacaq…

…Bir də gözümü açdım ki, qəbirin başında tək dayanmışam. Nə bayaq gələn maşın vardı, nə o kor qadın, nə də onun qoluna girib gətirən pəzəvəng kişi… Hələ o kor qadının Gülcamal dediyi heç yoxdu…

Əcəba, məni qaramı basırdı? O adamlar gözümə görükmüşdüsə, bəs qəbirdəki bu tər qızılgülləri kim qoymuşdu?

Bu vaxt bayaqkı çoban yenə təpənin başında göründü. Çomağını yerə dayayıb öz-özüylə danışırmış kimi ozalandı:

— Hər dəfə belə olur. Bir qadın var, qıyya çəkib gəlir bu qəbirin üstünə, elə qıyya çəkir ki, elə bil od vurub özünə, yanır, yanır, söndürəni də yoxdu deyə alov ağzınnan bülənd olub qızılgülə çönür, yayılır qəbirlərin üstümə… Səni allah, hələ bir möcüzəyə baxginən, qadının ağzınnan çıxan o güllər kök atıb bu susuz təpədə bitib də qəbirin üstündə…

Mən yalnız indi baxıb gördüm ki, doğrudan da, qəbirin üstündə susuzdan qınında qalmış qönçələri olan qızılgül kolu bitib. Və yalnız indi başa düşdüm ki, bura, bu qəbirin yeri adi yer deyil, elə bu məzarın içindəki də elə-belə adam deyil. O nağıllarda “övliya, zad” deyirlər ha, bax bura da elə qudsal bir məkan, məzardakı da müqəddəs sayılacaq bir insandır.

Bakıya qayıdanda bu söhbəti yazıçı dostuma danışdım. O bu məzardan, o məzarda yatandan, elə o məzara təşrif gətirən kor qadından xəbərdar olduğunu və onu bu məzarın üstünə aparmağımı xahiş etdi.

Bir neçə gün sonra mən bir usta, bir fəhlə, üstündə “Sevgi şəhidi” sözləri yazılmış bir başdaşı, qum, sement götürüb o məzara yollandım. Məzarın üstünü götürdük, başdaşını da üstünə dikdik və geriyə, şəhərə yollandıq. Bir həftə sonra isə yazıçı dostumu da maşınıma qoyub bir dəstə gül və bir molla ilə o məzarın üstünə getdik. Yenə eyni mənzərə idi: qəbirin üstünə çoxlu qızılgüllər sərilmişdi. Molla Yasin oxuyunca biz də yazıçı ilə ətrafı dolandıq, bir ins-cins görməyincə təzədən məzarın yanına döndük…”

Bu söhbəti edən biznesmen dostum, indiyə qədər bu kitabda oxuduqlarınızı yazan isə onun bəhs etdiyi yazıçı – mən idim…

Sizə bir sir də açımmı?

Təpədəki qəbir elə qazılmışdı ki, onun yanında ikinci qəbir yeri aydınca görünürdü.

Bir il keçməmiş, o qəbir də qazılacaq, amma hələ ona qədər çox sular axacaq, çox bərələr bağlanacaq, çox dəhnələr dağılacaq… Su gedib yanıq yerlərə çıxsa da, yanmışın, külə dönmüşün suya deyil, elə oda ehtiyacı olduğu üzə çıxacaq… Yanmışın üstünə su çiləmək, dünyanın üzünü su alması kimi bir şeyə bənzər. Bir qurtum su istəyəni suda boğmaq kimi…

***

Biznesmen dostum bir gün məni də maşına qoyub Giləzidəki kərpic zavoduna apardı. O zavodda mühasib işləyən Əmirulla bəylə görüşməliydik. Niyə? Bir azdan biləcəksiniz.

…”O çox zəki bir adam idi. Dalbadal keçirdiyi infark onun təkcə fiziki gücünü almamışdı, həm də nitqini qüsurlu hala salmışdı. Ona görə onunla adətən yazı dili ilə danışırdıq. Mən ona yazırdım, o isə iflic olmuş sağ əlini işlədə bilmədiyi üçün sol əli ilə çətinliklə də olsa cavab yazırdı. Hətta mən onunla bəzi yazışmalarımızı saxlamışam. Baxın, adi şagird dəftərinin vərəqlərində yazışmışıq.

Əmrulla:

— Sən nə yaxşı məhz bura, Giləziyə gəlib çıxmısan qaçqınlıqdan sonra? Burada qohumlarınızmı yaşayırdı?

Rəhman:

— Yox, burada heç bir qohumum-filanım yoxdur. Hətta mənim heç qohumum qalmayıb daha. Atamı 68-də DTK həbs edib, o gedən gedib. Bacımı Türkiyədə DTK qətlə yetirib. Anam intihar edib… Məni də görürsünüz… Əslində, mən də ölməli idim… Sadəcə, hansısa qüvvə məni bu vəziyyətdə olsa da, bu günəcən saxlayıb… O ki qaldı buralara gəlib çıxmağıma… Vallah, bilmirəm, bunu necə izah edim?.. Bir qədimi şeir parçası var e, müəllifini də bilmirəm… Xanəndələr son vaxtlaracan oxuyardılar… Qoy görüm yadıma sala biləcəyəm?.. Hey gidi dünya, mənim yaddaşımdan sözmü çıxardı? Hə…

Adət bundadır… ay yerinə gün gecə gəlməz…
Boş sözdür deyərlər, nigarım gecə gəlməz.

Gər cəzbeyi-eşq olsa, gətirrəm, necə gəlməz.
Gər cəzbeyi-eşq olmasa, gəlsə vecə gəlməz…

Daha başqa sözə nə hacət, ay Əmrulla? Sən ki, bu illər ərzində mənim başıma gələnləri apaydın öyrənmisən…

Əmrulla:

— Sən bir yazıdan bəhs etmişdin… Gərək ki, adı “Kabus”du. O nə yazısı idi? Bədii əsərdir, yoxsa?..
Rəhman:

— Yox, mən gənclik illərində şeirlər yazmışam… Amma… Onlar ünvanlı olduğu üçün çapa verməmişəm… Yəni, mən bir pedoqoq kimi, müəllim kimi özümü daha rahat hiss edirdim. Hətta bir zamanlar “Şagirdlərdə individual yanaşmanın mərhələləri və inkişaf təzahürləri” adlı elmi iş də yazmışdım. Sizə danışdığım o məşum hadisə baş verməsəydi, yəqin ki, bir il sonra müdafiə edəcəkdim…

Əmrulla:

— Gəl “Kabus”dan danışaq… Bəs bu hansı janrda yazılmışdı? Orada söhbət nədən gedir? Ümumən, o yazını bir yerə təqdim etmək istərdinmi?

Rəhman:

— “Kabus” pamflet janrında yazılmış bir məqalədir… İndi heç kimə lazım olmayan “Kommunist Partiyasının Manifesti” yadınızdadır? Orada bir cümlə vardı: “Avropada bir kabus dolanmaqdadır – kommunizm kabusu.” Bax, o cümlədəki kabus, ölkəmizi əvvəllər müstəmləkə girdabına soxan o kabus, sonradan bizi 20 Yanvar qanıyla boğdu. Bunula kifayətlənmədi, bizi təpədən dırnağacan silahlandırdığı erməni daşnakları ilə təkbətək qoydu. Onlar da torpaqlarımızı işğal etdikləri bəs deyilmiş, qanımıza susadılar, cavanlarımızı öldürdülər, qız-gəlinimizi əsir alıb namuslarına toxundular… O kabus atamı günahsız yerə həbs etdirib, bizi yetim qoydu… Atamızın həbsindən sonra məndən iki yaş böyük olan bacım bir axşam boynundakı pioneer qalstukunu açıb yerə atdı, ayağı ilə taptaladı və and içdi ki, canımda nə qədər can var, bu quruluşa qarşı vuruşacağam!..

Sonra bacım komsomola da keçmirdi, anamın yalvarışlarından sonra, iraq olsun, komsomola it kəmsiyə gedən kimi daxil oldu… Sonra anamın başına gələnlər… Bunları bilirsiniz… Sonra bacımın Türkiyədə antisovet fəaliyyəti… Daha sonra mənim büro iclasında sevdiyim qadın – rayon partiya komitəsinin birinci katibi tərəfindən linc edilməyim… Ən dəhşətlisi isə anamın intiharı… Əvvəllər də, indi də adamlar etiraz əlaməti olaraq başlarına neft töküb özlərini yandırıblar, amma daha yüksək gərginlikli transformatorun içinə girib özünü toka vermək, qışqıra-qışqıra yanıb kül olmaq heç kimin ağlına gəlməyib…Dostum Əmrulla, sən ki bunları bilirsən, indi niyə yaralarımın gözünü qopardıb qanımı axıdırsan?..

Əmrulla:

— Bilirsən, Rəhman, düzünü bilmək istəyirsənsə, mən istəyirəm ki, bir müxbir çağıram, sənin həyatını yazsın, başına gələnləri xalqa çatdırsın. Bacının qəhrəmanlığını, ananın faciəsini, sizin bütün ailə fəlakətini yazıb faş eləsin, oxuculara çatdırsın…

Rəhman:

— Olmaz, qardaşım. Allah səndən razı olsun. Bu illər ərzində sən mənə burada arxa, dayaq olmusan, hər problemimlə maraqlanmısan, amma bunu eləmə. Mən bir dəfə səhv elədim, bir alçaq müxbirə intervü verdim, o da mənim sözlərimi dəyişib, sevdiyim qıza böhtan atdı, onu rüsvay elədi… Hələ o xalq yazıçısı?! Onun elədiklərini heç ona yaraşdırmadım… Sirri allah açmayıb, sən də açma… O ki qaldı “Kabus”a, onun yeganə əlyazmasını bir nəfərə vermişəm, söz verib ki, mən öləndən sonra aparıb bir siyasi yönümlü qəzetə verəcək… Vəssalam…”

Əmrulla uzun boylu, daim hara isə uzaqlara baxan, elə baxa-baxa da tez-tez danışan, danışdıqca sağ yanağında əl içi boyda qara xalından uranırmış kimi bir əlini hərdən o xalın üstündə tovlayan qəribə bir adam idi. Mənim onun verdiyi kağızları oxuyub bitirdiyimi görən kimi sanki verəcəyim sualı duyub tez-tez danışmağa başladı:

— Rəhmanla mən bir axşam üstü o Sovetdənqalma domiklərin qabağında tanış oldum. Təlk-təkana oturub özünün ağacdan düzəltdiyi sümsünü yanıqlı-yanıqlı çalar, çaldıqca da gözlərindən yaş bıldır-bıldır tökülərdi. Bu boyda binada tək yaşayan buraların yeganə qaçqınına və onun yanıqlı sümsü çalmasına tamaşa edib getmək istəyirdim ki, sümsüdə havanı dəyişib, elə bir şey çaldı ki, qayıdıb təzədən onu dinləməyə başladım. Hətta oturduğu kötüklərdən birini də mən altıma çəkdim ki, daha rahat dinləyə bilim. Bu havada nə yox idi?.. Mən iqtisadçı olsam da, şeirdən, musiqidən başım çıxır. Bu adi ağacdan düzəldilən sümsüdə hansısa döyüşdən bəhs olunurdu. Bir gənc oğlan nağıllarda deyilən kimi silahlarını qurşanıb, böyük bir əcinnəninmi, divinmi üzərinə hücuma keçir, o həyulənin dustaq saxladığı gözəli xilas etmək üçün döyüşür. Qan su yerinə axır. Həyulənin kəsilən qollarının qanı böyük bir dənizə dönür, qəhrmanı da, həyuləni də, gözəlin gizlədildiyi qalaçanı da ağzına alır… Və bu zaman möcüzə baş verir. Şümşad bədənli, uzun saçlı, mina gərdənli bir xanım hardansa çıxıb gəlir, elə qıyya çəkir ki, həyulənin kəsilən qollarının qanı quruyur, vəhşi zarıya-zarıya çıxıb gedir, onun qanı da arxasınca yol alır və düzü dünya qan dənizində boğulmaqdan xilas olur…

Bunu deyəndə xahiş edirəm, məni dəli hesab etməyin, o sümsünü bir kənara qoyanda salam-kalamsız mən onun çalğısından duyduğum o “olayı” ona danışanda heç təəccüblənmədi, kəkələyə-kəkələyə (onda hələ az-maz danışa bilirdi) dedi:

— Həəəə… Dddüz ta-ta-tapmısız… O… o…o… qa-qa-qadın mmmənim anam Gggülcccamaldı…

Sonralar biz tanış olanda mən Gülcamalın kimliyini bildim. Və and olsun o bizi yaradana ki, mən o qadını öz gözlərimlə… naizümbillah… yox, düz olmadı, belə deyim… Hər gün Rəhmanın səhər yeməyi, günorta yeməyi, axşam yeməyi sonrası qab-qaşığı yuyulardı, hətta mən mətbəx kimi istifadə olunan yerdən yuyulan qab-qaşığın səsini eşidərdim. Və bir dəfə bu barədə soruşanda o heç nə olmamış kimi demişdi:”Aaaanamdı dəəəə… Gülllllcamalll arvad… dddddemişdim axı saaaa…”

Sonra mənim heyrətlə ona baxdığımı görüb, “bbbbir bbbu kağğğğğızı da ooooooxuyun” dedi.

Mən kağızı alıb artıq tanış xəttlə yazılanları oxudum, gözüm kəlləmə çıxdı:

“Anam hər gün yanıma gəlir. Deyir ki, düşmanların acığına səni tək qoya bilmərəm. Hətta bu gün Məsumənin də yanına baş çəkibmiş… Əvvəllər ona çox qızğın idi. Qarğış edər, söyərdi. Bundan mənim pis olduğumu görüb, barışdı Məsumə ilə. Deyir ki, o xalanəvəsini yanında saxlamasaydı, səni onun yanına aparardım… Amma mən dedim ki, ay ana, mən bir əlil adam, o da kor, bizim bir-birimizə nə faydamız olasıdı ki? Allah Əpişdən razı olsun ki, yenə Məsuməyə baxır…”

Əmrulla mənim onun danışığına və uzatdığı kağızdan oxuduqlarıma şübhə etdiyimi düşünüb ayağa qalxdı ki, getsin. Mən onun qolundan tutub əyləşməsini rica etdim və dedim:

— Bax, qardaşım, bu işdə o qədər dolaşıqlıq var ki, adam az qalır başını itirsin… Rəhmanın ona zülm etmiş, başına oyunlar açımış bir xanıma görə hətta qaçqın olduğu vaxtda belə gəlib bu Giləzinin itulyanında tək-tkana yaşamasını anlamaqda zorluq çəkirsən… Ona görə də…

Əmrulla özü dediyi kimi şeir, qəzəl, ürfan əhli imiş. Əlini yanağındakı o dəmir manatlıq boyda qara xalın üstündə gəzdirib belə deməzmi:

“İstəsən könlüm kimi zülfün pərişan olmasın,
Ol qədr cövr et mənə, ah etmək imkan olmasın – deyən Sabir Giləzidən bir saatlıq o tərəfdə yaşamamışdımı? Füzulini demədim ki, deyərsiniz Bağdad hara, Giləzi hara, Armutlu hara?!”

Sonra ayağa qalxıb əlini yenə xalında gəzdirdi və tez-tələsik çıxıb getdi…

Mən biznesmen dostuma baxanda o gülümsündü və göz vurdu:”Bir dəfə Əmrulla ilə bu barədə danışanda dedi ki, əgər mən buranın ərazi nümayəndəsi olsam, gözümlə gördüyüm Gülcamal adlı qadını ikinci qaçqın kimi qeydiyyata alaram… Amma bu da mümkün deyil, çünki Armutlu sovetliyindən onun adına ölüm kağızı verilib vaxtilb…”

Giləzidən Bakıya doğru gələndə dostum yol ağzındakı restoranlardan birində maşını saxladı ki, bir qismət çörək kəsək. Mən ayaqyoluna gedəndə yaxınlıqdakı mətbəxdən qab-qacaq səsi eşidib üşəndim. Mətbəxə doğru bir az yaxınlaşanda gördüm ki, əlli yaşlarında bir qadın təzə yuduğu qabları qab dəsmalı ilə silir. Lap uzaqlardan isə kimsə sümsüdə lap qədim bir havanın ciyərlərini sökürdü…

***

Rəhmanın “Kabus” adlı panfletinin əlyazmasını etibar etdiyi adam Əmrullanın da çalışdığı kərpic zavodunun sahibi olan biznesmen idi. (O biznesmen həmin əlyazmasını kimdən almışdı, necə almışdı, bunu bilmirəm. Bildiyim tək odur ki, o da Rəhmanın sərgüzəştini yalnız ölümündən sonra bilmiş, gedib qəbrinin üstünü öz hesabına götürtmüşdü.)

Dost məhz məni Rəhmanın məzarı başına aparan günü o əlyazmasını çıxardıb qabağıma qoydu və xahiş etdi ki, bu panfleti oxuyub, çapa hazırlayım. Bütün xərclərini də özü çəkəcəyinə söz verdi.

Düzdür, mən o əlyazması ilə tanış oldum, zira onu çapa hazırlamağa ehtiyac görmədim, sadəcə, sizin qarşınızda olan bu əsəri – səhifələrinə Rəhmanın atasının, bacısının, anasının və özünün qanı çilənmiş bu əsəri yazmalı oldum. Biznesmen dostum əsəri oxuyandan sonra tək bir şeyə etiraz etdi: əsərin adı “Kabus” olsun dedi. Mən isə “Xeyrat”ın üzərində dayandım. Uzun mübahisələrimiz oldu. Dostumun biznesmen olmağına baxmayın, elmli, kitabsevər bir adamdır. Hərtərəfli düşüncəyə malik birisidir. Nəhayət, o mənimlə belə razılaşdı ki, əsərin lap sonunda yazacaqdım: bu əsərin bir adı da “Kabus”dur…

Hə, mən Rəhmanın “Kabus”undan sizin bilmədiyiniz indi oxuyacağınız sətirləri götürüb əsərimə daxil etmişəm…

…”Mən dördüncüdə idim, bacım altıncıda oxuyurdu. 68-ci ilin bir may günü idi. (Bu aydan zəhləm gedir. Atam bu ayda məhv edilib. O məşum büro iclası mayda olub. Bacımı da bir may axşamında Ankarada DTK qanına qəltan etmişdi…) Aqronom olan atamız Qızıltəpənin altındakı pambıq tarlalarına su çəkdirmək üçün buldozerləri oraya aparmış, Həkəri çayından qol ayıraraq kanal çəkdirməyə başlamışdı. Bir gün axşamacan işləyən buldozerlərin biri nəhəng bir qaya parçasına ilişir və tamam boz kiranlıq olan bu torpaq təpədə bu qayanın haradan çıxdığını düşünən atamız buldozeri saxladıb, o qaya parçasına baxmaq üçün aşağı enir. Və gördüyündən şoka düşür. Bu nəhəng bir quyunun ağzına qoyulmuş neçə ton ağırlığı olan yonulmuş daş imiş. Kişini maraq görürür və daşı buldozerin ağzı ilə itələdib geri aşırdır, o quyu kimiyə girir. Atam həbs olunandan sonra anamla görüş zamanı danışırmış ki, bu quyu deyil, nəhəng bir küp qəbir imiş. Bir adamın içinə rahatca girə biləcəyi bu nəhəng küpün içində insan sümükləri, qılınc, qalxan, çıraq, yemək bişirmək üçün qab-qacaq və sair varmış. Atam danışırdı ki, əvvəl elə bildim ki, bütün bunlar misdəndir. Amma dişimlə yoxlayandan sonra gördüm ki, hətta qılınc və qalxan da, qab-qacaq da qızıldandır.

Ona görə atam buldozerçiyə tapşırır ki, daşı itələyib küp qəbirin üstünə qoysun. Özü isə yanlarındakı xidməti maşına minərək rayon mərkəzinə gəlir, birbaşa Elmlər Akademiyasının Tarix institutuna zəng vurur, rayonda, Armudlu kəndinin yaxınlığında Qızıltəpə deyilən təpənin ayağında bir tarixi qəbirə rast gəldiklərini, qəbirdə çox böyük tarixi kəşflərin ala biləcəyini deyir və geri qayıdanda görür ki, rayonun birinci katibi, prokuror, DTK-nın rayon şöbəsinin sədri və polis rəisi hadisə yerindədir. Atamı da, traktorçuları da həbs edirlər…

(Sonradan bilinəcək ki, bura adicə təpə deyil, hansına xaqanın dəfn olunduğu nəhəng kurqan imiş. Rəhmətlik Rəşid Göyüşov danışırmış ki, əgər kurqandakı məzarı talamasaydılar, çox böyük elmi kəşflərin astanasında olacaqdıq. Hətta əli hər yerdən üzülən alim arxeoloji qazıntını yarımçıq saxlayaraq istintaq təcridxanasına getmiş, atamı danışdırmış, əgər oradakı sərvətin atamda olması doğrudursa, onu üzə çıxartsa, atamı böyük mükafat gözlədiyini, hətta adının tarixə düşəcəyini bildirmişdi. Atam da ağlaya-ağlaya məzarda gördükləri barədə danışmış, yalnız geri qayıdanda məzarın talan edildiyinin şahidi olduğunu alimə demişdi… Beləcə həm oğurluq adı, həm də tariximizə aid böyük bir həqiqətin qarət nəticəsində yox edilməsinin qanı atamın üzərində qalmışdı. Mən atamın əvəzindən Qurana, Konstitusiyaya, Kommunist Partiyasının Manifestinə and içirəm ki, o sərvətdən bizim ailəyə bir misqal da gətirilməyib. O sərvəti və tarixi həqiqəti rayonumuzun o zamankı birinci katibi Abbasovun başçılığı ilə rayon rəhbərliyi talan etmişdi.)

Anam danışırdı ki, atama o qədər işgəncə veribmişlər, kişi bir dəri, bir sümük qalıbmış. Səbəb isə atamın ifadəsində qəbirdəki bütün əşyaların qızıldan olduğunu deməsi imiş. Həmçinin qəbirdə ən qədim dövrlərə aid çoxlu qızıl sikkələr varmış. Və ən maraqlısı isə o imiş ki, qəbirin üstünə qoyulan o nəhəng daşda mixi yazılar varmış.

Atam aqronom olsa da, tarixlə maraqlanar, bizim zonadakı tarixi abidələri – Məmmədbəyli türbəsini, Şəhri Şərifan xarabalıqlarını, məşhur Koroğlu daşlarını və daş-xaç abidələri, qəbirüstü qoç heykəllərini öyrənər, qəzetlərə bu barədə kiçik məqalələr yazardı. Hətta kişi bu işlə o dərəcədə maraqlı idi ki, qədim türk əlifbasını öyrənmiş, bunları bacıma da öyrətmişdi.

Atama deyirmişlər ki, de ki, qəbirdə yalnız insan sümüklər varmış, bir də qəbirin üstündə yazılı daş-filan olmayıb. (Görünür, rayon rəhbərləri qəbirdən çıxan sərvəti talamaq üçün o yazılı daşdan qorxublar. Qorxublar ki, o daşı nişan versələr, alimlər onunun üstündəki yazıları oxuyar, qəbirin sirri açılar, içərisində olan sərvət də faş olar…)

Çox-çox sonralar həbsdən sağ qurtulan o buldozerçilərdən biri danışırmış ki, o daşı birinci katibin göstərişi ilə traktorun lafetinə qoyub, xeyli uzaq bir yerdə torpağa basdırıb. Amma indi o torpaqlar özü belə bizdə olmadığı kimi, o daşın da axtarıb tapılması mümkün deyil. Əgər işdir şayət, torpaqlarımız işğaldan azad olsa, o traktorçunun deməsinə görə, Qızıltəpədən, təxminən min metr aralıda, ikinci bir kiçik təpə var, onun ətəyində o daşı yerə basdırıb. Özü də elə basdırıb ki, daşın bir xeyli hissəsi çöldə qalıb… Yəni kimsə, nə vaxtsa gedib oralara çıxsa, ilk növbədə qədim türklərin yazılı abidəsi olan o Daşı axtarsın… Çünki o Daş həm də bizim atamız əmakdar aqronom Əzim kişinin adının üstündəki ləkəni götürməyə kömək edəcək…”

***
“Kabus”un əlyazmasının lap sonlarında şeirlər vardı. Əvvəl elə bildim ki, bütün gənc sevənlər kimi o da xoşu gələn şeir parçalarını bura köçürüb. Yalnız şeirlərin birini oxuyandan sonra onların da Rəhmana məxsus olduğunu anladım. Uzun müddət o şeirlərə toxunmadım. Yəni bu yazıya daxil edib-etməmək kimi tərəddüdüm vardı. Çünki o şeir parçaları şeirdən çox sevən bir qəlbin çırpıntıları idi. Həm də daha çox mərhəm, daha çox bakirə duyğular idi. Şeirləri bir neçə dəfə oxuyandan sonra üçünü seçdim və yazımıza daha çox yansıdığını fikir edib burda verəsi oldum. Əgər o iki sevən adamın ruhunu incitdimsə, bağışlasınlar məni. Əgər onların romanını yazmışamsa, daha dayanmağa lüzum görmədim. Beləcə, Rəhmanın Məsuməyə müxtəlif dövrlərdə həsr etdiyi üç şeir qarşınızdadır.

BƏRİ GƏL
(Məsumənin Vilnüsə getməsi münasibəti ilə yazılmışdır)

Səndən ötrü gözüm kökü saraldı,
Qara gözlüm,uzaq durma, bəri gəl.
Fikrim-zikrim sən tərəfə yol aldı,
Qara gözlüm, məni yorma, bəri gəl.

Damağının dadı getməz dadımdan,
Nəfəsinin odu çıxmaz yadımdan,
Tez gəlməsən, heç nə qalmaz adımdan,
Qara gözlüm, gözü sürmə, bəri gəl.

Rəhman yazmaz sənsiz çeir, hekayə,
Üzündə var neçə surə, həm ayə,
Sənsiz günüm nəyə dəyər, de, nəyə?!
Qara gözlüm, ləbi xurma, bəri gəl!

MƏSUMƏMSƏN
(Baş tutmayan nişan mərasimi öncəsi yazılıb)

Sən mənə taleyin hədiyyəsisən,
Sən mənim susmayan, qalxan səsimsən,
Sən mənim elim, obam, hər kəsimsən,
Sən mənim ən gözəl ismarıcım, naməmsən,
Sən mənim məsumum, Məsuməmsən.

Sən bir elin həm qızı, həm anasısan,
Sən Həkərinin yaşılbaş sonasısan,
Sən Rəhmanın ömrünün mənasısan,
Sən qızılım, altunum, əyarım - sən,
Sən ayımsan, günəşim, Məsuməmsən.

Mən səni sevəli bəlaya düşdüm,
Bir güllü-gülzarlı talaya düşdüm,
Nazını çəkməkdən bu hala düşdüm,
Qələmim, ilhamım, pərim – yarım sən,
Sən anamın gəlini – Məsuməmsən!

SƏNDƏN GİZLİCƏ
(Bu şeir o məşum büro iclasından bir neçə gün əvvəl yazılıb.)

Sənin gözlərində kədər görmüşdüm,
Onu gözlərindən qovdum illərcə.
Başını vəzifə qatdı, bilmədin,
Çalışdın, əlləşdin gündüz və gecə.

Mən sənə sevgidən qala qurmuşam,
Hüsnünə qanımla naxış vurmuşam,
Bir əsgər kimi farağat durmuşam,
Səni belə sevdim – səndən gizlicə.

O gözəl hüsnünə qurbandı canım,
Nə qədər oduna yanım, hey yanım,
Ay mənim sevgili katib cananım,
Sənə vurulmuşam bu gün – indicə!
Səni belə sevdim – səndən gizlicə!

***

…Üçüncü katibin qəbulunda tünlükdü. Adam o qədər çox ki, katibə qəbula düşmək istəyənlərin siyahısını yetirib yaza bilmirdi. Elə bu an şulum-şurt geyinmiş şüvərək bir oğlan özünü qəbul otağının qapısından içəri atdı və katibəyə sarı baxa-baxa az qala bağırdı:

— Masuma xanıma de ki, mən gəlmişəm…

Katibə heç ona sullax da salmadı. Oğlan bunu görüb hirslə katibin qapısına yönəldi. Katibə qələmi atıb ayağında boğazlı gerz çəkmə, əynində rəngi getmiş köhnə şalvar və elə şalvar “yaşda” dama-dama köynək olan gəncin qarşısına yüyürdü:

— A yoldaş, hara?!

— Cəhənnəmə, gora! Katibə de ki, Əprayıl gəlib…

— Zəhmət olmasa, siyahıya yazıl, növbəni gözlə!

— Nə növbə, aaaz?! Saa dedim ki, Masuma xanıma de ki, Əprayıl gəlib! De ki, Dıqıran maşınla adam vırıb!

Dıqran sözün eşidən kimi katibə dəyişildi. Nə qədər hirsli olsa da, gözləri daim gülümsəyən bu adamın qarşısında əyilən kimi oldu və tez qayıdıb katibin kabinetinə girdi.

Heç bir dəqiqə keçməmiş qayıdıb gənci içəri çağırdı.

Həmin gün raykomun ideoloji işlər üzrə katibi (o vaxt 3-cü katib də deyirdilər) Məsumə Rəhimova Əprayılın vasitəsilə ömründə bircə dəfə də üzünü görmədiyi bacısı oğlu Dıqrana (əslində adı Tiqran idi, amma həm burada, həm də oğlanın doğulduğu Qubada ona hamı Dıqran deyirdi) 2000 rubl pul göndərdi ki, yaşadığı Tolyatti şəhərində maşınla vurduğu adama versin ki, ondan şikayətçi olmasın. Və elə o vaxtdan Məsumə xanım hər üç aydan bir bacısı oğluna pul göndərməyə başladı. Soruşanlara da belə izah edirdi ki, qoy uşaq yad şəhərdə pulsuz-parasız qalmasın.

(Bu Dıqran ki var, Məsumə xanımın böyük bacısının oğluydu. Dıqran beşdə oxuyanda anası öldü. Onda Məsumə Bakıda partiya məktəbində oxuyurdu və buradan onların qrupunu Vilnüsdəki partiya məktəbinə ezam eləmişdilər ki, təcrübə mübadiləsi aparsınlar. Bacısının ölüm xəbərini elə Vilnüsdəykən eşitdi və bir az bikef oldu. Hətta axşam bir qədər ağladı da. Elə ki, səhər dərsdə partiya quruculuğuyla bağlı ciddi müzakirələr başlandı, o, bacısını birdəfəlik unutdu. Bir də Bakıya qayıdanda bacısı yadına düşdü. İstədi Qubaya getsin, amma qızı təcili Mərkəzi Komitəyə çağırdılar. Məlum oldu ki, onu raykoma 3-cü katib göndərmək istəyirlər. (Onda Məsumə təbliğat-tğşviqat şöbəsinin müdiri idi.) Bacısı da yaddan çıxdı, oğlu Dıqran da. Bir də Dıqran Tolyattidə əsgərlikdə olanda yadına düşdü – oğlan katib xalasına məktub yazıb özünü yada salmışdı.)

Bude, indi Dıqran xalasına mesaj yazıb ki, gəlirəm. Özü də Tolyattidən deyil, Karakandadan. Neçə vaxtdır ki, Karakandada yaşayır artıq.

Əslində keçən ay Məsumə xanım ona teleqram vurmuşdu. Məzmunu beləydi:

“Əziz bacıoğlum Tiqran! Mən çox qocalmışam. Özü də həm şəkərəm, həm də gözlərim tutulub. Ola bilsin ki, bu yaz ölüm. Təcili gəl. Qorxma, özümün xeyrat üçün pulum var. Hələ sənə də verməyə nəyimsə olacaq. Axı sən mənim yeganə varisimsən. Xalan Məsumə xanım.” …Xeyrat demişkən…

Əmisi bir axşam tərəfi onun iş yerinə gəldi. Qəbuldakı adamlar ağsaqqalı görən kimi baş endirib xoş-beş etdilər və onu qabağa buraxdılar. Kişi kabinetə girəndə içəridəkilər də ayağa qalxıb sağollaşdılar və pir ziyarətinə gələnlər kimi dalı-dalı çıxıb getdilər. Əmi salam-kalamdan sonra mətləb üstünə gəldi.

“Belə baxıram ki, bunlar ölkənin ipini buraxdılar. Perestroyka adıynan dağıdan dağıdanındır. Bir adam var, konserv zavodunu almaq istəyir. Elə edərik ki, çox aşağı qiymətə sənədləşdirərik, dövlətə mizirni pul köçürər, sən üç-dörd milyon qabağa düşə bilərsən… Elə vinzavodu da… Düzdü, vinzavod məsələsi bir az qəlizdir, amma mən ÇK-da bir nəfərlə danışmışam… Söz verib kömək eləməyə… Mən, bilirsən ki, bu ölkəni, Kommunist partiyasını quranlardanam. Bizim zonada on, on beş adamla birləşib partiya özəyi yaratmışam, qolçomaqlarla döyüşdə neçə dəfə yaralanmışam, faşistlərlə müharibədə ölüb-ölümdən dönmüşəm… Xüləsey ki, bu ölkə, bu partiya üçün canımı fəda etmişəm… Amma indi görürəm ki, SSRİ deyilən ölkənin malını xeyrat kimi dağıdırlar. Biz niyə kənarda qalaq? Axı buna ən çox bizim haqqımız çatır!.. Mən NKVD-nin sədri olanda, ispalkomun sədri olanda bu təzə çıxan kommunistlər hələ yumurtadan çıxmamışdılar! Mən bu çayparada yeganə adamam ki, evimdə Budyonnının hədiyyə etdiyi qılınc var!.. İstefada olan polkovnikəm mən… Sən də o polkovnikin qardaşı qızı, qızı əvəzisən… İndiyəcən bu dövlətin bir çöpünə toxunmamışıq, indi zaman gəlib, əl-ayaq eləmək vaxtıdır.“

“Nə edim, ay əmi, qorxuram axı?! Qadın xeylağıyam, tutarlar, axırdan-axıra rüsvay olaram e…”

“Qorxma. Sən komissiya yarat, tərkibə ağsaqqallar şurasının üzvü kimi məni də sal. O konserv zavodu, rayondakı villis maşınlarını, idarələrdəki minik avtomobillərini, lap elə yük maşınlarını da vaxtı keçmiş inventar kimi sənədləşdir, elə həmin idarə müdirlərinin özlərinə sataq… Sadəcə, onların dövlətə ödəyəcəyi beş manat olacaqsa, bizə verəcəyi beş min olacaq, söz gəlişi deyirəm… Qısası, sən birinci katib kimi komissiyanı yarat, dur qırağa. Vinzavodun isə sahibi gələcək, danışmışam. Üç pay olacıyıq: ŞK-dakı adam, sən, mən. Satacağımız adamla sən heç görüşmə. Axır vaxtlar qəbuluna gələnləri tez qəbul eləmə. Qoy yalvarsınlar… Pulu əlində qalanları qəbul elə, göndər mənim üstümə… Qalanı mənlikdir…”

Həmin il əmisi ilə bərabər, duru yerindən beş milyon rubl pul qazandılar… Şərab zavodu isə hələ də qalırdı. Əmisi nə qədər çalışsa da, qonşu rayonun arxalı katibi əlini qoymuşdu üstünə. Açıqca deyirdi ki, ya mənim adamım alacaq zavodu, ya da məni də şərik edəcəksiniz. Nə var, nə var, o rayonun da üzümü yığılanda bu zavoda daşınırdı…

Axırda əmisi işin böyüyəcəyindən ehtiyat edib, həmin katibi şərik elədi. Şəriklər dörd oldular. İndi də dava kimə satmaq üstündə gedirdi. Bu da vacib məsələ idi. Elə adam olmalıydı ki, digər namizədlər qorxudan səslərini çıxarda bilməsinlər. Axırda qonşu rayonun katibi Nadirovun bacısı oğlunun üstündə dayandılar. Bu gədə bicəngənin biri idi. Deyilənə görə, əli yuxarıların ətəyində idi. Bunun yaratdığı ilk fermer təsərrüfatı fermer təsərrüfatlarının ilk qaranquşlarından sayılırdı. Bacıoğlu katib dayısının əli ilə rayonun bütün kolxozlarının qoyununu, mal-qarasını ucuz qiymətə ələ keçirib fermer təsərrüfatı qurmuşdu. İndi aydın olurdu ki, Məsumənin rayonunun qoyununun da bir qismini Əkbər kişinin aracılığı ilə o ələ keçiribmiş. Yəni, sürüyə dadanan qurdun dişi qana batmışdı… Və Məsumənin ürəyinə dammışdı ki, deyəsən, tezliklə ölkə dağılacaq. Ona görə əmisinin sözü ilə oturub-durur, dağılan ölkədə əlinin boş qalmasını istəmirdi.

…Katib olanda Xalq yazıçısı onların rayonuna gəlmişdi. Qəbulunda Mərkəzi Komitənin şöbə müdiri vardı. Katibəyə dedi ki, hörmətli yazıçımıza çay ver içsin, biz ÇK-nın şöbə müdiri ilə söhbətimizi bitirək, onu qəbul edəcəyəm. Amma iş elə gətirdi ki, az sonra gözlənilmədən Mütəllibovun video-konfransı başladı və tapşırıqla rayona gəlmiş şöbə müdiri də konfransa qatılmalı oldu. Ölkədə yaranmış social-siyasi vəziyyət müzakirə edildi, xüsusilə xalq hərəkatı nümayəndələrinin hər şeyə burunlarını soxmalarından, Dağlıq Qarabağdakı vəziyyətdən, yoldaş Qorbaçovun bu barədəki çıxışlarının tezislərindən danışan Mütəllibov bir-bir rayon rəhbərlərini ayağa qaldırır, rayon haqqında, görülən tədbirlər haqqında üç-beş cümləlik arayış istəyirdi. Məsumə xanımdan isə sərt şəkildə bunları soruşdu ölkə başçısı:

— Sizin haqqınızda burada qəribə şeylər danışırlar… Yerişinizə-duruşunuza fikir verin… Siz rayon rəhbərisiniz…

Məsumə xanımın dili qurudu. Daşın haradan atıldığını bilirdi. “Kommunist” qəzeti məqaləni çap etməsə də, Mərkəzi Komitənin müvafiq şöbəsinə göndərmiş, elə bu günkü qonağın da gəlişi buna hesablanmışdı…

…Xalq yazıçısı bir saat gözləyəndən sonra Məsumə xanımın onu qəsdən qəbul etmədiyini düşünərək gəldiyi maşınla geri qayıtmış, artıq həmin müxbirlə bərabər yazdıqları sənədli povesti “Azərbaycan” jurnalına vermişdi. Əsər elə ilk aydaca çap olunmuş, bununla da birinci katib Məsumə Rəhimovanın kitabı bağlanmışdı. Ona yalnız belə hörmət edə biləcəklərini bildirmişdilər yuxarıdan: ərizəni yaz, üzüsulu get.

O da ərizəsini yazıb, çıxmışdı işdən…

Katib xanımı yandıran isə o idi ki, qocaman yazıçı yaşına yaraşmayan cəfəng şeylər danışmışdı haqqında. Guya Məsumə xanım ona əvvəl pul, alınmayanda isə yaxınlı təklif edib ki, povesti çapa verməsin. “Dedi ki, bu gecə qalın, sizə katib xanımla yatmağın sirrlərini açaram… Amma mən imtina etdim. Çünki mən partiyanın əsgəriyəm. İmkan verə bilmərəm ki, bir matışka partiyanı barmağına dolasın.” Rəhmətlik Xeyrulla Əliyev danışmışdı buları ona və demişdi ki, biz bilirik ki, o qoca əbləh avara-avara danışır, siz təmiz adamsınız. Yazın ərizənizi, öz ərizənizlə sizi işdən azad edək, məsələ bitsin".

# 2384 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #