Rüstəm İbrahimbəyovun qəbrinə sarı güllər düzən qadın kim idi? - Vida mərasimindən reportaj

Rüstəm İbrahimbəyovun qəbrinə sarı güllər düzən qadın kim idi? - Vida mərasimindən reportaj
16 mart 2022
# 17:22

Kulis.az Ayxan Ayvazın Rüstəm İbrahimbəyovun vida mərasimindən yazdığı reportajı təqdim edir.

Rüstəm İbrahimbəyovla vida mərasiminə çathaçatda əlində sarı güllər olan kübar bir xanım gördüm. Xanım da, güllər də başını aşağı salmışdı, hər ikisi asfalta baxırdı.

Nizami Kino Mərkəzinin qabağında üç-üç, beş-beş duran adamlar siqaret çəkirdilər. Xanım əlindəki sarı gülü dikəltdi, saçına-başına düzəliş verib içəri keçdi.

Pillələri qalxanda Məmməd Orucla rastlaşdım. Məmməd Oruc ağır-ağır pillələri qalxır və hər pillənin başında nəfəsini dərirdi. Yanımızdan sürətlə adamlar keçirdilər. Məmməd Orucla sakitcə salamlaşdıq və gedə-gedə Rüstəm İbrahimbəyovdan danışdıq.

– Mənimlə tanışlığı vardı. Çox yaxşı insan idi. Onun əsərlərini tərcümə edirdim.

Məmməd Oruc pillənin başına çatıb dərindən nəfəs aldı və mənə gülümsədi.

Zalın içində hamı qaynaşırdı, biri televiziyaya canlı yayım üçün məşqlər edir, o biri fotolar çəkir, başqaları pıçhapıçla yəqin ki, Rüstəm İbrahimbəyovdan danışırdılar. Bu yerdə Ramiz Rövşən hamıyla salamlaşa-salamlaşa qabaq sıraların birində əyləşdi. Ardınca Baba Vəziroğlu və Rasim Balayev göründü. Onların arxasınca bir nəfər gəlirdi – maska taxmışdı deyə tanıya bilmədim.

Ekranda Rüstəm İbrahimbəyovun müsahibəsindən kadrlar verilirdi. Rüstəm İbrahimbəyovun canlı görüntüsü verilən vaxt Nəriman Əbdürrəhmanlının ayağa durub şəkillər çəkdiyini gördüm. Yavaş-yavaş hamı ekrana baxmağa və təəssüflə iç çəkməyə başladı. Bir azdan ekranda Rüstəm İbrahimbəyovun şəkli qaldı. Eyni şəkil zalda da var idi və bütün səhnəni çələnglər doldurmuşdu.

“Ölsəm, bağışla...”

“Bir cənub şəhərində...”

Növbəti kadrlarda Rüstəm İbrahimbəyovun ssenarisini yazdığı filmlərdən kadrlar göstərilirdi.

Və o kadrlardan sonra səhnəyə Çingiz Abdullayev çıxdı. O, hamını salamlayıb sözə başladı:

“Bilmirdim, Rüstəm İbrahimbəyovun vida mərasimini aparmaq mənə nəsib olacaq. Çünki burda elə insanlar var ki, onunla 60 il dostluq ediblər. Mən anadan olandan. Rüstəm İbrahimbəyov nəinki ədəbiyyatımızın, kinomuzun, mədəniyyətimizin böyük şəxsiyyəti idi. Biz bu cür böyük şəxsiyyət itirmişik. O, dünyanın 6 nüfuzlu mükafatını qazanıb. Fransanın ordenindən, Rusiyanın vətəndaşlığından imtina edib. Onun qardaşı Maqsud İbrahimbəyov da böyük sənətkar idi. Hər ikisi böyük sənətkar olduqlarından bir-birindən aralı idilər. İndi onlar bir yerdə Azərbaycan torpağında olacaqlar”.

Vida mərasiminə yığışanlar köks ötürdülər.

“Xatırlayıram ki, 1990-cı ildə Rüstəm İbrahimbəyov məndən 10 nüsxə “Qara Yanvar” kitabını istəmişdi. O, kitabda olan dəhşətli şəkilləri Fransa və ABŞ ictimaiyyətinə göstərmək niyyətində idi. Kitabları sərhəddən keçirə bilməyəcəyini ona bildirəndə, o, cavabında SSRİ-nin deputatı olduğu üçün onu yoxlamayacaqlarını söyləmişdi”.

Və çıxışının sonunu belə bitirdi:

“Bir dəfə Rüstəm İbrahimbəyov mənə dedi ki, ləyaqətlə yaşasan, sənin dəfninə ləyaqətli adamlar gələcək”.

İçəri alqış səsləri doldu.

“Bu gün Azərbaycan mədəniyyəti üçün ən kədərli gündür. Rüstəm İbrahimbəyov 60 il Azərbaycan mədəniyyətinə xidmət edib. O, mədəniyyət və incəsənətimizin zənginləşməsində, keyfiyyət baxımdan yeni bir müstəviyə çıxmasında və dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib”. – bu sözləri Mədəniyyət naziri Anar Kərimov söylədi.

“Rüstəm İbrahimbəyov kino işçisi, yazıçı, dramaturq, rejissor idi. O, Azərbaycan və Rusiya mədəniyyətlərinin qarşılıqlı əlaqəsinə və inkişafına öz töhfəsini verib. Bu gün biz Rüstəm İbrahimbəyovu ehtiramla anırıq. Bu böyük insanı kədər və ürək ağrısı ilə onu son mənzilə yola salırıq”. – bunu isə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov dedi.

Bu vaxt zala xorultu səsi yayıldı. Xorultu səsinin mənbəyini axtarmaq üçün hamımız başımızı sağa-sola, aşağıya, yuxarıya çevirdik. Səs getdikcə artmağa və səfirin sözlərini batırmağa başlayırdı. Nəhayət, kimsə xorultunun sahibini tapdı və onu zərərsizləşdirdi (“A kişi, dur, ayıbdı e” – deyib yaşlı adamın böyründən bir çimdik qopardı).

Növbəti söz Xalq yazıçısı Anarın idi:

“Azərbaycan böyük oğlunu itirdi. Mən altmış il dostuq etdiyim bir insanı itirdim. Mənim üçün çox ağırdır. Rüstəm XX və XXI əsrin övladı idi. Mənə elə gəlir ki, o orta əsrlərdən gələn cəngavər idi: Mərdanəliyinə, cəsarətinə, qeyrət və namus anlayışlarına görə... O, vətənini sevirdi, daim ölkəsi ilə maraqlanırdı, Azərbaycanda nə baş verirdisə hamısından xəbərdar idi. Onun Azərbaycandan kənarda yaşamasına baxmayaraq, daim ürəyi Vətənlə döyünürdü. Onun özü də, əsərləri də bundan sonra yaşayacaq. Ancaq onun bir yadigarını yaşatmaq bizim borcumuzdur. Onun yaratdığı və balası kimi bəslədiyi "İbrus" teatrını yaşatmaq lazımdır”.

Bu sözlərdən sonra seyrək-seyrək gələn alqışlar getdikcə gurlaşdı və o yerdə Anar müəllim kədərlə çıxışına son nöqtəni qoydu:

“Əlvida, Rüstəm...”

“Rüstəmlə belə vidalaşmağı gözləmirdik. Heç yaraşmadı bu ona. Onun hər dəfə Bakıya gəlişi bayrama çevrilirdi. Rüstəm həyatını dolu yaşadı. Onun adı dünyada hər zaman səslənəcək. Ancaq fiziki olaraq biz onu hər saniyə axtaracağıq. Mən son günlər hətta yuxularımda belə Rüstəmlə təmasda olub onunla danışıram”. – Qəhər Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovu danışmağa aman vermədi.

Xalq artisti Fərhad Bədəlbəyli:

“O, dənizi sevirdi. Ona görə evini lap dənizin yanında tikdirdi. Dəniz ona hücum edirdi, onu götürüb aparmaq istəyirdi. Rüstəm isə buna dözürdü. Və bir gün dəniz məğlub oldu”.

Fərhad Bədəlbəylinin bu obrazlı çıxışından təsirlənən vida mərasiminin iştirakçıları yüngülvari köks ötürdülər.

“O, ədalətsizliyi qəbul etmirdi. Yaltaqlıqdan zəhləsi gedirdi. Onun müşketyor ürəyi vardı. Həmişə həqiqəti deyirdi”. – Fərhad Bədəlbəyli bunu deyib üzünü Rüstəm İbrahimbəyovun ailəsinə tutdu və rusca dedi: “Sizin üçün də, bizim üçün də ağır itkidir”.

Və sözünü tamamlaya bilməyib, qırıq-qırıq “Allah rəhmət eləsin” deyib mikrofondan uzaqlaşdı.

“O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.

Oğlu Fuad İbrahimbəyov bunları deyəndə mərasim iştirakçıları təsirləndilər.

“Atam böyük insan, möhtəşəm ailə başçısı idi”.

Və o da çox danışa bilməyib mikrofondan çəkildi.

Sonra Rüstəm İbrahimbəyovun görüntüləri ekrana gəldi. Rüstəm İbrahimbəyov gülür, əylənir, hansısa tədbirdə yallı gedib oynayırdı. Sonra yorulur, stulda oturur və onu oynamağa qaldırmaq istəyən adamları gülə-gülə uzaqlaşdırırdı.

Rüstəm İbrahimbəyov gülümsəyirdi. Yeyin-yeyin tribunaya çıxırdı.

Rüstəm İbrahimbəyov baxdığımız kadrlarda yaşayırdı.

O kadrların getdiyi vaxtda kinoteatrın işçiləri çələngləri bir-bir götürürdü. Bir azdan səhnədə Rüstəm İbrahimbəyovun şəklindən savayı heç nə qalmadı. Bir də hərdən-hərdən, bizə səsi çox-çox uzaqdan gələn ağlayış səsləri.

Cənazəni maşına yerləşdirəndə də bu ağlayış səsi fon musiqisi kimi Rüstəm İbahimbəyovun şəklinin yanından yavaş-yavaş bizə tərəf gəlirdi. Sonra Rüstəm İbrahimbəyovun şəkli də yoxa çıxdı. Hamı maşınlara doluşdu. Kinoteatrın qabağında yarımçıq çəkilmiş siqaretlər qaldı.

Dəfnə çatanda hava tutqunlaşmışdı, hamı başına papaq qoyurdu, ya da “kapşon”larını qaldırırdılar. Molla Yasin oxuyurdu. Fəxri Xiyabanın işçiləri qum dolu torbalar gətirdilər. Qəbrin yan-yörəsində qum dolu torbalar artmağa başladıqca adamlar da getdikcə çoxalırdı.

Birdən gün çıxdı, sapsarı bir gün işığı qəbirə daş düzən işçilərin yanından keçib təzədən kölgəliyə çevrildi. Hər yan tutqunlaşdı. Bir qadın ağlayır, burnunu qara dəsmalla silirdi. Kimsə qəbirin böyür-başında işləyənlərə təlimat verir, onları tələsdirirdi. Molla Yasini daha da ucadan oxuyurdu. Bayaq, vida mərasimində xoruldayan kişini gördüm, əsnəyə-əsnəyə siqaret yandırırdı.

Rüstəm İbrahimbəyovun qəbri getdikcə torpaqla dolmağa və bayaqkı gün işığını da özündə saxlamağındaydı. Bu məqamda Rasim Balayev əyilib ovcunu torpaqla doldurdu və işçilərin Rüstəm İbrahimbəyovun şəklini baş ucuna keçirtmək üçün əlləşdikləri vaxt o bir ovuc torpaq qəbirə səpələndi. Ondan sonra hamı əllərindəki gülləri qoymağa başladı. Qəbir qırmızı güllərlə dolub-daşırdı. Kimsə çiynimə toxundu, baxdım ki, vida mərasiminə gedən yolda gördüyüm həmin xanımdı. Çəkildim. O, əlindəki sarı gülləri qəbrin baş ucuna qoyub içini çəkdi.

Mən isə o qadının kim olduğunu öyrənməyə çalışdığım vaxt Rüstəm İbrahimbəyov güllərin içində yoxa çıxdı.

Foto: Sabir Məmmədov

# 17877 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #