Uşaqpulu istəyənləri söyən intellektual nadan

Uşaqpulu istəyənləri söyən intellektual nadan
3 sentyabr 2021
# 11:25

Aydın Xanı lap balacalıqdan tanıyıram. Onda bığ yeri təzəcə tərləyən və özünü sübut etmək üçün dəridən-qabıqdan çıxan gənc, gənc də yox, yeniyetmə yazar idim. Aydın Xanı ilk dəfə görəndə onun yaxşıca saçı da vardı, özü də çox möhkəm görünürdü. Hətta ilk görüşdə zarafatla mənə dedi ki, “tərbiyəsiz uşaqlara qoşulma”. Aydın Xanın “tərbiyəsiz” dediyi uşaqlar da AYO-çular idi – Azad Yazarlar Ocağının üzvləri. Niyə tərbiyəsiz deyirdi? Çünki onlar “ağsaqqallar”a sataşırdılar, qoca yazarları yıxıb sürüyürdülər.

Zaman keçdi, çox şeylər dəyişdi – elə Aydın Xanın saçı da. Və mən fikir verdim ki, Aydın Xanın saçı hər dəfə bir az töküləndə qəribə-qəribə açıqlamalar verir, naşılığı üzə çıxır. Saçlı vaxtlarında heç o qədər boş-boş danışmazdı, axmaq-axmaq iddialarda bulunmazdı. Lakin nə hikmət idisə, saçı tökülən gündən əttökən açıqlamalar verməyə, özünü biabır edən fikirlər səsləndirməyə başladı.

Hələ Aydın Xanın yoldaşının dəfn mərasimində canlı yayım etməsi, görünür, bu dövrün ilk qəribə, postmodernist hadisəsiydi. Əslində, o, postmodernistləri – “tərbiyəsiz” dediyi gənclərin ajiotaj yaratdığı tərzdə ifadə etmişdi kədərini. Mən hələ kədərin bu sayaq ifadəsini görməmişdim. Faciə hər insanı bir cür silkələyir – ona görə də Aydın Xanın yoldaşının dəfn mərasimində canlı yayım açmasını heç bir halda tənqid edə bilmərəm. Çünki ağrı-acı, itki insana hər şey etdirə bilər. Bircə onu bilirəm ki, əziz kulturoloq Aydın Xanın bu cür qəribə, epataj tərzli çıxışları və görüntüləri nə vaxtsa yazılacaq əsərin rüşeymləridir. Şəxsən Aydın Xanın bir obraz kimi uğurlu olacağına inanıram. Yazan olmasa, özüm də bu işin öhdəsindən gəlməyə hazıram.

Aydın Xan kulturoloq kimi təqdim edirdi özünü. Açığı, indiyə qədər onun bir yazısını da oxumamışam. Ya da belə deyək: dişə dəyən bir yazısı qabağıma çıxmayıb. Əgər olubsa elə bir yazı və oxumamışamsa, deməli, qəbahət mənimdi. Lakin Aydın Xanın özünün yaratdığı qeyri-ciddi atmosfer, təəssüf ki, onun nəsə maraqlı, oxumaqdan bezməyəcəyin bir yazı yazacağı düşüncəsini alt-üst edir.

Axırıncı səfər açdığı canlı yayımda “uşaqpulu istəyən eşşəklər”, “xeyli adam qırılmalıdır”, “elə mən də intihar edəcəm” kimi cümlələri eşidəndə Aydın Xanın kulturoloji dünyasının son akkordlarını da yoxa çıxardığını və nadanlığının təntənəsini gördüm.

Əziz kulturoloq, dünyanın ən aparıcı, inkişaf etmiş ölkələrində də uşaqpulunun olduğunu bilməmiş deyilsən. Bu ölkələrdə uşağa doğulduğu gündən hesab açılır və artıq həddi-buluğa çatanda o puldan istifadə edərək həyatını qura bilir. Yəni bunu bilmək üçün kulturoloq olmağa gərək yoxdur, sadə bir Gooogle axtarışı ilə hər şeyə vaqif olmaq mümkündür.

Dünyada insanların sayının artması, demoqrafik partlayış da hər əsr olduğu kimi bu əsrdə də var və məncə, ölənlər də kifayət qədərdir. Buna görə əziz kulturoloqumuz narahat olmasın. Elə bilməsin ki, onun intihar etməsi bu demoqrafik partlayışın qarşısını ala bilər.

Yəni hər şey qaydasındadır, heç narahat olmasın. Bircə bu covid rədd olub getsə, həyatımız axarına düşərdi.

Məncə, Aydın Xan tökülən saçlarının da dərdini çəkir.

Bəlkə də bütün bu “saçma-sapan” açıqlamalar o tökülən saçların qisasıdır. Kim bilir? Həyat çox qəribədir.

Yazının sonuna çatanda başımı qaldırdım: anasının qucağında, ağzında əmzik mənə baxan qızımı görəndə gülmək tutdu məni, o da səssiz qəhqəhə çəkdi (hələ güləndə səsi çıxmır), ağzındakı əmzik klaviaturama düşdü və möcüzə baş verdi: Əmzik Aydın Xan sözünün başına dəydi!

# 3624 dəfə oxunub

Müəllifin son yazıları

# # #