Tünzalə Ağayeva: “Bu söhbətlər mənə çox gülməli gəlir” - MÜSAHİBƏ

<span style="color:red;">Tünzalə Ağayeva:  “Bu söhbətlər mənə çox gülməli gəlir” - <span style="color:red;">MÜSAHİBƏ
2 aprel 2018
# 09:00

Kulis.az “Şəklinlə danış” layihəsindən əməkdar artist Tünzalə Ağayeva ilə müsahibəni təqdim edir.

Müsahibə üçün razılaşıb görüşmək qərarına gələndə çox təəccübləndim. Elə bildim onu razı salmaq çətin olacaq, heç də elə olmadı, sadəcə layihəmiz haqda müəyyən suallar verib özü üçün müəyyən mətləblərə aydınlıq gətirəndən sonra məkanı təyin etdik. Çox xoş qarşılaşma oldu, elə alındı ki, heç söhbətə “Salam, necəsiz?”dən deyil, birbaşa sənətdən başladıq...

- Daim üzərinizdə işləyirsiniz, zəhmətinizin qarşılığı olaraq durduğunuz pillədən razısınızmı?

- İstedadı və professionallığı olan adam daim yenilik axtarışında olmalıdır. Təbii ki, olduğum pillədən danışsaq, nisbi dərəcədə məmnuniyyətim var. Professional olaraq mən istədiyim musiqini onsuz da təbliğ edirəm, istiqamətimi dəyişməyə məni heç nə məcbur etmir, nəyisə nəyəsə qurban vermək zorunda qalmıram. Fəqət prodakşn, şou-biznes sahəmizin, konsert turlarmızın istədiyimiz səviyyədə olmaması məni üzür. Olduğum sferanın axsaqlığı ucbatından, təəssüf ki, sənət pilləsindəki yerimdən çox da razı deyiləm, çünki potensialıma güvənirəm və mən bilirəm ki, çox işlər görə bilərəm. Çox sevinirəm ki, musiqimin zəngin auditoriyası var və mənim hər mahnım bir gəncin zövqünün formalaşmasında rol oynayır.

- Sizcə, müğənni özü formalaşdırmalıdır auditoriyasını, ya kütlənin ardınca getməlidir?

- Məsələnin qoyuluşu ikitərəflidir. Burda ortaq məxrəc olmalıdır. Əgər mən işimin ustasıyamsa, sənətimin biliklərinə yiyələnmişəmsə, səhnə fəaliyyətimi peşəkarlıq üzərində qurmuşamsa, tamaşaçı bunu hiss edəcək və ortaya qoyduğun sənət nümunələrini dinləyərkən qərar verəcək ki, sən onun ifaçısısan, ya yox. Mənim kimi professional bir musiqiçi qarşısına çıxdığı auditoriyanı nəzərə alır. Həddindən artıq akademik, fəlsəfi musiqi estrada musiqisində satılmaz, deməli tamaşaçını bu mənada nəzərə almaq lazımdır. Geniş auditoriyanın zövqünə yaxın olmaq başqa şeydir, bayağılaşmaq tamam başqa şeydir. Mənim dediyim odur ki, sən səviyyəli musiqi təqdim etməklə həm dinləyicilərinin zövqünü formalaşdırırsan, həm də kommersiya baxımdan öz gəlirini qazanırsan. Qısacası, tamaşaçı öz artistinə, artist də öz tamaşaçısına oxşayır.

- “Musiqi zövqü” dediyiniz şey nəylə ölçülür?

- Var bəstəkar mahnıları, var “folklor” dediyimiz mahnılar. Hərçənd bu xırdalıqları sizə musiqişünaslar daha yaxşı izah edə bilər. Musiqi keyfiyyətinin göstəricisi birinci növbədə onun intellektual olmasıdır. Çox stereotiplər pozulur, bəsit bəstələrə daha çox yer ayrılır. Tofiq Quliyevin musiqilərinə fikir verin, sadə olduğu qədər də mürəkkəbdir. Hər kəs onu dinləyə bilir. Nə yazıq ki, bir çoxları da özünü istedadlı hesab edib evində oturduğu yerdə musiqi bəstələyir. Nə yazıq ki, bu da satılır, həmin musiqidən gəlir əldə edir deyə, elə bilir ki, bəstəkardır. Bu da bizi faciəyə sürükləyir. Musiqi tarixindən, janrlardan bixəbər bir adam bir az türk, bir az rus popunu dinləyir və elə zənn edir ki, bu, ona bəsdir. Bir maraqlanmır ki, dünyanın gedişatı necədir, bu günün tələbi nədir?

- Bəs özünüz səhnəmizdən kimlərin sadiq dinləyicilərindənsiz?

- Alim Qasımov, Sevda Ələkbərzadə, Brilliant Dadaşova, Eyyub Yaqubov - bu sənətkarlar araşdırmaçıdırlar, sözün əsl mənasında musiqiçidirlər. Bunlar təbliğ etdikləri sənətin nəzəri və elmi biliklərinə sahiblənmiş insanlardır. Hər yeni layihələrini maraqla izləyirəm, qaçırmıram. Yoxsa ki, maşınımın qiyməti bu qədərdir, geyimim filan qiymətədir, bütün bu söhbətlər mənə çox gülməli gəlir.

- Bir anlıq təsəvvür edin ki, artıq sizin musiqi tərziniz bu cəmiyyətdə həzm olunmur.

- Bilirsiniz, nə vaxt həzm olunmayacaq? Mən öz mental musiqimizdən uzaqlaşsam. Nə qədər ki, mənim canımda muğam hissiyyatı var, nə qədər ki, mən bəstəkarlarımızı araşdırıram, yadlaşmağım mümkünsüzdür. Əgər mən kosmos axtarışında olsam və yaradıcılığıma bir “stop” desəm və yazmaq istəməsəm, onda siz deyən vəziyyət yaranacaq.

- Sənət adamları bir-birinin konsertinə bilet alırlar, yoxsa dəvətlə gedirlər?

- Dəvət etdiklərim də olur, daim özü bilet alıb gələnlər də. Məsələn, Eyyub Yaqubov məni dəfələrlə təəccübləndirib, konsertimə özü bilet alıb təşrif buyurub. 2012-ci ildə “Jazz Club”da ayda bir dəfə silsilə konsertlər verirdim, iki dəfə Flora Kərimova özü gözləmədiyim halda həmin konsertə gəlib. İnsanın könlündən gəlməlidir, sevdiyi sənətçinin konsertinə getmək imkanı varsa, niyə də getməsin? Elnur, Samira, Xəyyam, Murad Arif, Abbas mənim daimi dinləyicilərimdir, tədbirlərimə də hər zaman qatılırlar. Mən də həmçinin adlarını çəkdiklərimin və çəkə bilmədiyim bir çoxlarının layihələrinə məmnuniyyətlə istər iştirakçı, istərsə də tamaşaçı kimi qatılıram.

- Adətən sənət nümayəndələri qastrol səfərlərindən danışır, konsert salonlarını doldurduqlarını deyirlər, amma görüntülərdə konsert salonu deyil də, kiçik bir kafe-restoranda toy xarakterli bir şey olduğunu və ya uğursuz nəticələrin şahidi oluruq.

- Dediyiniz bu problem prodakşnların olmamasından qaynaqlanır. O insanlar özfəaliyyətlərindən nə istəyirlərsə, onu da uydururlar. Bir məsələ də var ki, çox vaxt konsert salonlarını da doldururlar. Rusiyanın “böyük bazar kütləsi” o dediyiniz müğənnilərin konsertlərinə bilet alıb gedirlər. Kütlə baxımından düşünsək, normaldır, həmin insanların zövqündə mən yox, qeyrisidir, amma əsl musiqi sarıdan nəzərə alsaq, bu, yaxşı hal deyil. Mən konsert dəvətləri alanda, təkcə maddi tərəfini düşünmürəm, həm də gedəcəyim yerdə dinləyicimin olub-olmadığını düşünürəm, daha sonra ya razılıq verirəm, ya da əksinə. Getdiyim konsertləri də piyar etməyə çalışmamışam, buna lüzum görməmişəm sadəcə.

- Repertuarınıza nəzər yetirdikdə poeziyayla sıx bağlı olduğunuzu deyə bilərik... Ümumiyyətlə, ədəbiyyatla aranız necədir?

- Düzünü desəm, son zamanlar çox vaxtım olmur mütaliə etməyə. Musiqiyə gəlincə, mahnı janrının sözləri olmalıdır, mütaliə etsən də, etməsən də, söz seçməlisən. Məndə hər zaman sözə musiqi yazılıb, yəni öncə bir şeiri bəyənmişəm, sonra onun üzərinə musiqi yazmışam. Bu o demək deyil ki, mütləq bütün günü kitablar oxuyuram, xeyr! Bu, işin gərəyidir. Uşaqlıqdan gələn bir tərbiyədir kitabları sevməyim. Mənə kimsə deməyib ki, aç filan kitabı oxu. Onlar sadəcə bunu öz üzərilərində aşılayıblar, mən də görüb-götürmüşəm. Yəqin bunun nəticəsidir ki, bu gün ətrafımda bu qədər gözəl söz yazarları varkən, mən gedib Mikayıl Müşfiqin, Cəfər Cabbarlının, Hüseyn Cavidin qapısını döyürəm. Bir dəfə görkəmli şairimiz Ramiz Rövşən məndən soruşdu ki, Tünzalə, mən sənin siyahında hansı tərəfdəyəm, ölülər, yoxsa dirilər? (gülür) Çox xoşbəxtəm ki, Ramiz Rövşənlə eyni dövrdə yaşayıram.

- “İlk məhəbbət məktubu bircə dəfə yazılır” – deyilər. Bəs ümumiyyətlə məhəbbət məktubları neçə dəfə yazılır?

- Bu gün SMS-lər o qədərdir ki, sayı-hesabı itib. Pərəstişkar məktubu çox alıram, amma bilmirəm, bəlkə onların içində həqiqi məhəbbət məktubları da var. Hətta bəzən olur ki, həmin məktubları cavablandırmayanda ya küsürlər, ya narahat olub bir də mesaj yazırlar. Paylaşdığım şəkil və ya statuslardan mənim əhvalımın necə olduğunu, günümün necə keçdiyini analiz etməyə qadir pərəstişkarlarım var.

- Fotolarla aranız necədir?

- Sosial şəbəkə istifadəçisi olduğumdan, tez-tez yeni fotolar paylaşmaq məcburiyyətindəyəm. Buna görə də kameralarla sülh şəraitində yaşayıram, amma çox da sevmirəm tez-tez şəkil çəkdirməyi. Sənətimə duyduğum məsuliyyət və tamaşaçıma olan hörmətimdən irəli gəlir ki, onların qarşısına necə lazımdırsa, elə çıxmalıyam. Sənət adamını da fotolarsız təsəvvür etmək çətindir.

# 3250 dəfə oxunub

Müəllifin son yazıları

# # #