Kulis.az Aqşin Yeniseyin "Özü yaxşı, ərtafı pis ədəbiyyat" yazısını təqdim edir.
Sənətin, sənət əsərinin ətrafında dolaşan söhbətlər, adətən, onun özündən daha maraqlı, daha çoxşaxəli olur və adətən, gələcəyin böyük sənət adamlarının yetişməsində sənətin özündən çox, bu yan-yörə söhbətləri önəmli rol oynayır.
Məsələn, Azərbaycan ədəbiyyatında "Şərqin Volteri” Mirzə Fətəli Axundovun dilindən hələ orta məktəbdən öyrədilən belə bir sənətətrafı söhbət var. Mirzə Fətəli Axundov yazır:
"Mən atalığımın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib nəstəliq yazısının (xəttatlıq növü) məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: "Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?” Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: "Sən də onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?” Təəccüb və heyrət etdim ki, bu nə sözdür. Mirzə Şəfi mənim halıma baxıb dedi: "Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et!”
Mirzə Fətəli Axundov kimi nəhəng mütəffəkkiri təkcə Azərbaycana deyil, bütün müsəlman dünyasına qazandıran müəllimi Mirzə Şəfi Vazehin bu "sinifdənxaric” sözləri oldu. Bəlkə də, Mirzə Şəfinin bütün yaradıcılığı Axundovun yetişməsində bu sözlər qədər rol oynamayacaqdı. Dünya ədəbiyyatında da belə nümunələr saysız-hesabsızdır.
O nümunələrdən biri də şair, tərcüməçi Qismət Rüstəmovun dilimizə qazandırdığı Peru yazıçısı, Nobel ödüllü Varqas Lyosanın "Qanun” çap evində yayımlanan "İmkansızın cazibəsi” adlı esselər kitabıdır. Kitab çağdaş dövrümüzün ədəbiyyatı ətrafında gedən söhbətlərin intellektual şərhlər toplusudur. O şərhlər ki, bolşevizm qadağalarının tərbiyəsində böyümüş cəmiyyətimiz və onun alternativi deyil, güzgüsü olan ədəbiyyatımız bu gün də şərhi doqmalaşdırdığı köhnəliyin şəri, təhlükəsi görür.
Mədəniyyət dediyin xor olmalı - intellektual doqmamız bu. Sabit, doqmalaşdırılmış həqiqətlərin ən böyük zərbəsi dilə, dil vasitəsilə ədəbiyyata dəyir. Zədələnmiş ədəbiyyat isə şikəst mənəviyyat qaynağıdır. Buna görə də, inkivizisiya müstəmləkələri olmuş Latın Amerikası ədəbiyyatından danışarkən Varqas Lyosa inkivizisiya tonqalları sönəndən üç yüz il sonra deyir ki, şeir dindar mədəniyyətlərin özünüifadə formasıdır, o cəmiyyətlərin ki, orada sosial həyatın şərtlərini insanlar deyil, tanrı və din xadimləri təyin edirlər. Sosial həyat ilahiləşdirilməkdən imtina etmiş insanların nəzarətinə keçdikcə şeirin yerini roman zəbt edir.
Və "Romanı olmayan, kitab azarına tutulmayan cəmiyyətlər kobud və ibtidai dillərinə görə dəhşətli ünsiyyət problemi olan lal-karlar topasına, söz yaratmaq bacarığından məhrum xalqlara çevrilirlər”.
Uzun illər müstəmləkə dili olmuş, üzərinə tərbiyəvi öhdəlik qoyulmuş Azərbaycan türkcəsinin də ən böyük düşmənləri toxunulmazlığını elan edib inandığımız cürbəcür dəyərlərdir. Çünki düşüncələrimizin sərhədlərini bu didaktik, çatmaqaş dəyərlər müyyən edir və qoruyur, hansı sözün, hansı anlayışın dilimizə keçib-keçməməsinə onlar qərar verirlər. Əgər dilə gələn, yaxud dildə yaradılan söz və anlayış bu dəyərlərə yaddırsa, sərhəddən geri qaytarılır.
Beləliklə, dilin söz tərkibi də sabitləşir, ağzımız danışsa da, dilimiz susur. Orada-burada dil-dil ötməyimizə baxmayın, biz, əslində, bu müstəmləkə dilində heç nə deməmək üçün danışırıq, yazırıq.
Söz tərkibi sabitləşən dil xalqın fantaziya məhdudluğuna, ağıldankəmliyinə, intellekt yoxsulluğuna yol açır. Bu dil tragediyası baş verdikdə, yazıçı, şair təkcə öz millətinin həyatında deyil, dilində də təklənir. Ancaq o, bu təklənmədən qorxmamalıdır, çünki bütün dahi şair və yazıçılar, ilk növbədə, öz xalqlarının elində yox, dilində tək qalmağı, tənhalaşmağı bacaranlar, hətta özünü bilərəkdən buna özünü məcbur edənlər olublar. Yalnız kütləvi və bəsit dildən təklənmə zamanı bir yazı adamı öz dilinin fövqünə qalxa və dilinin nə qədər geniş bir ərazi olduğunu kəşf edə bilər. Yaşamaq uğrunda gündəlik mübarizə bəsit dili sevir. Üstünə işıq dirəyi aşan adamı yalnız bir kəlmə, bəlkə də, bir səs, bir çığırtı xilas edə bilər. Həyat tabeli, tabesiz mürəkkəb cümlələri sevmir, bu, onun sənətdən təməl fərqidir. Varqas Lyosa da bunun fərqindədir. Kitabdakı "Bədii ədəbiyyat həyatı öyrədirmi?” essesində ədəbiyyatı həyatın güzgüsü deyil, alternativi adlandırır.
Mən bir oxucu kimi bu fikrə ilk dəfə Robert Muzilin bütün həyatını həsr etdiyi iki cildilik ("Человек без свойств"), ("Niteliksiz adam") "Özəlliyi olmayan adam", yaxud "Boz adam" kimi tərcümə edə biləcəyimiz romanını oxuyarkən gəlmişdim. Mühacirətdə acından ölən bu yazıçının öz romanında həyatın dilinə yox, dilin həyatına, həm də vərdiş olunmamış dilin həyatına necə bələd olduğuna heyran olmamaq mümkün deyildi. Mən hələ türkcə tərcümədən danışıram, yəni Muzilin yarısından. Varqas Lyosanın "İmkansızın cazibəsi” kitabı bir daha bu fikrimi qətiləşdirdi ki, ədəbiyyat bizə öyrədildiyi kimi, həyatın özü, güzgüsü deyil, onun alternatividir, dilin, fantaziyanın dərinliklərində gizlənmiş alternativi...
Ancaq bu alternativ həyata qarşı zamanla təkcə din və totalitar sistemlər bıçaq itiləməyiblər, Lyosaya görə, çağdaş demokratik dəyərlər sitemində də ədəbiyyatdan qisas alan, onun alternativliyini təhdid edən ideoloji qaragüruh qruplar var ki, onların da başında radikal feministlər, amerikalıların sözüylə desək, "feminazilər” dayanır. Lyosa yazır ki, bu dişi faşizmin fallokratiya adı altında ədəbiyyatda kişi təbiətinə qarşı apardıqları qaralama kampaniyalarının qorxusu o qədər şiddətlidir ki, hətta Pablo Neruda, Xavier Marias kimi maskulin yazarların məktəb proqramlarından çıxarılmasını tələb edən "feminist həmkarlar ittifaqı əmrlərinə” İspaniyada kimsənin etiraz etməyə cəsarəti catmadı. Yaxud Lyosa "Lolita” romanının kişi qəhrəmanını pedofillikdə ittiham edən bir qadın yazara etiraz edərək sənət əsərini autodafe yoluyla dəyərləndirmənin yolverilməz olduğunu dilə gətirir. Ədəbiyyatın ali məqsədlərindən biri də digər məqsədlərin ört-basdır etdiyi eybəcərlikləri üzə çıxarmaqdır. Şərin gücü gizlinliyindədir. Qaranlığa qaranlıqla qalib gəlmək mümkün deyil. Sənət buna görə dinin, siyasətin, ticarətin, hətta bəzən elmin də işıqlarını söndürə-söndürə zirzəmiyə əlindəki məşəllə girir.
Sənət əsərini cinsi hegemonluğa can atan fiziolji əxlaqın divanına çəkmək nə qədər qəddarlıqdırsa, siyasi hegemonluğu qorumağa çalışan ideoloji əxlaqın mühakiməsinə hədəf göstərmək də ondan daha betər amansızlıqdır.
Lyosa bu kitabda Viktor Hüqonun məşhur "Səfillər” romanına ideoloji əxlaqın gözüylə baxan və bu möhtəşəm əsəri bizi "bütün ağrılarımızın yox ola biləcəyinə inandıran ən böyük yalan” adlandıran fransız şairi və dövlət xadimi Lamartinin ədəbi-ideoloji tənqidinə geniş yer verməklə ədəbiyyatın "alternativ həyat” iddiasının düşmənləri arasında ədəbiyyatı təmsil edənlərin də az olmadığına işarə edir. Qeyd edir ki, ədəbiyyat Lamartinə görə siyasətdə karyera qurmaq üçün bir vasitə idi (Lamartin bir müddət orientalist güclərin Şərqdəki şair uniformasında agenti də olmuşdu).Və o, bu vasitədən yararlanıb siyasi hədəflərinə çatmaq üçün sonradan boşboğazlıqda ittiham etdiyi Hüqonun özünə belə yardımlar etmişdi. Ədəbiyyatı bürokratik adaxlıbazlığın ayağının altında "bir abbasılıq” hambal kimi görən lamartinlər bizim ədəbi mühitdə də az deyil; inzibati metodlarla "ədəbi hadisə” yaradan, sonra bu ədəbi küyü bürokratik nüfuza çevirib həqiqi ədəbiyyatın üstünə jandarma kimi qayıdanlar… xirtdəyəcəndi.
Oxucular bu kitabı oxumaqla dünya ədəbiyyatında baş verənlərlə yerli ədəbi mühitdə baş verənlər arasında xeyli paralelər apara biləcəklər, sözsüz ki, şeytanın qıçını sındıran belə bir niyyətləri olarsa…