“Milli Dram Teatrı getdikcə cılızlaşır” - MÜSAHİBƏ

“Milli Dram Teatrı getdikcə cılızlaşır” - MÜSAHİBƏ
20 iyun 2013
# 13:10

Xalq artisti İlham Namiq Kamalın APA-ya müsahibəsi

- İlham müəllim, sizi jurnalistlər üçün “çətin adam” saymaq olar?

- Qətiyyən! Niyə çətin adam olmalıyam? Mənim jurnalistlərə böyük hörmətim var. Çalışıram teatrdan xəbəri olan, özünə, peşəsinə, verdiyi suala, qarşısındakı adama hörmət qoyan insanla həmsöhbət olum. Bu yaxınlarda “Ulduz” jurnalı üçün teatrşünas Çingiz Ələsgərli ilə “Azərbaycanda direktor yox, rejissor teatrı olmalıdır” mövzusunda kəskin və geniş müsahibə etdik.

- Sizin də rol aldığınız “Evləri köndələn yar”, “Bəylik dərsi”, “Göz həkimi” tamaşalarını televiziyalarda, demək olar, vermirlər. Sizə elə gəlmir ki, bu əslində sizin də unudulmağınız deməkdir?

- Yox, mən deməzdim vermirlər. “Mədəniyyət” kanalında mənim tamaşalarımı vaxtaşırı verirlər. Günün hansı saatı məsələsi ola bilər, onu da telekanal özü müəyyənləşdirir. Əvvəllər bir verilişi on dəfə verirdilər. İndi o zaman deyil axı. Verilişlər, filmlər çoxdur. Mənim tamaşalarımın, demək olar, hamısı “youtube”da var, kim istəyir, girsin baxsın. Unudulmaq yalnız onda olar ki, aktyor öz üzərində işləməz, passivləşər, tamaşalarda oynamaz və s.

- “Mədəniyyət” kanalı Azərbaycan teleməkanına, mədəniyyətinə nə verdi? Yəni gözlənilənləri doğrultdu?

- Mənim aktyor kimi təkliflərim, arzularım ola bilər ki, yeni tamaşalar çəkilsin.

- Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri vəzifəsində çalışırsınız. Müsahibələrinizdən hiss etmişəm ki, tələbələrinizin səviyyəsindən razı deyilsiniz...

- Test adında bir tələ var, biz də o tələnin içindəyik. Qabiliyyət imtahanına maraqlı, istedadlı uşaqlar gəlirlər. Biz seçirik, istəyirik həmin uşaqlar tələbəmiz olsun, onlar da testdən kəsilirlər. Sonra məcbur olub balaca-balaca əmiləri, balaca-balaca xalaları bir yerə yığırıq, onlara dərs deyirik ki, ümumi işimiz getsin. Boy-buxunlu, səsi, plastikası olan uşaqlara beş il ərzində biz ədəbiyyatı da, tarixi də, xarici dili də öyrədə bilərik. Bizə gələn tələbələr beşinci-altıncı növ valideynlərin balalarıdır. Demək istəyirəm ki...

- Yəni kasıb balalarıdır...

- Dövlətli balalarına ata-ana deyir tibb institutuna, hüquq fakültəsinə sənəd ver. Bizə istedadlı uşaqlar gəlir. Amma onlar da savad tərəfdən axsayırlar. Yenə deyirəm, biz beş il ərzində onlara hər şeyi öyrədə bilərik. Adama səs vermək, istedadlı eləmək isə bizim əlimizdə deyil. Bu çətinliklər uzun illərdir davam edir. Çıxış yolu kimi təklif etmişik ki, qabiliyyət tələb edən ixtisaslarda test olmasın. Məsələn, aktyorluğa ildə 80-100 nəfər gəlir. Olmaz ki, onlar test imtahanından azad olsunlar? Bizim seçdiyimiz istedadlı uşaqların əksəriyyəti testdən kəsilir, qalır orta səviyyəlilər. Biz də məcburuq kursu onların hesabına formalaşdıraq.

- Əksər aktyorların maddi vəziyyəti yaxşı deyil...

- Bizim tələbələr universiteti bitirən kimi teatrlara gedib 120 manat maaşa işləmək məcburiyyətində qalırlar. Amma savadsız bir qabyuyan restoranda 500 manatdan aşağı maaşa qab yumur. Yaxud mənə elə bir kababçı göstərə bilməzsiniz ki, 900 manatdan aşağı maaşa restoranda kabab çəksin. Mənim yetişdirdiyim tələbə isə 120 manata işləyir. Təsəvvür edirsinizmi? Başqa heç bir işlə də məşğul ola bilmir. Məsələn, Musiqili Komediya Teatrında saat 11.00-dan 14.00-a qədər tamaşa, 14.00-dan 16.00-a qədər rəqs məşqləridir. Saat altıda orkestrlə məşq bitəndən sonra isə tamaşa başlayır. Bu adam hara getsin, hansı əlavə işlə məşğul olsun? Ya gərək işləsin, ya da gedib tamadalıq eləsin. Tamadalığa qurşanan gəncin də qüruru ölür. Kiminsə əlinə baxan adam sabah səhnəyə çıxıb padşah rolunu oynaya bilər? Amma mənə elə gəlir ki, prezidentin teatra olan diqqəti bu məsələləri də həll edəcək.

- Gələcəkdə 120 manata işləmək məcburiyyətində qalan tələbəyə teatr sevgisindən necə danışırsınız?

- Biz həmin tələbəni sifariş edib çağırmırıq ki... İkincisi də, bu sənəti seçəndə onun ürəyində sevgi olur. Bilirsiniz, biz teatra necə nağıllar aləmi kimi baxırdıqsa, onlar da nağıl kimi baxırlar. Bizim vaxtımızda kinostudiya da, teatrlar da tam gücü ilə işləyirdi. Aktyor televiziyada, radioda çıxış edəndə qonorar alırdı. İndi belə şeylər yoxdur. Hansı kanal sənətçilərə pul ödəyir?

- Niyə hesab edirsiniz ki, sənətini sevən, özünə hörmət edən aktyor tamadalıq eləməz?

- Əlbəttə, eləməz!

- Bəs həmin aktyor necə dolansın? Bunu düşünmürsünüz?

- Onu mən bilmirəm. Bu, həmin adamın şəxsi işidir, özü bilər. Çünki aktyor sənəti o qədər müqəddəs sənətdir ki, bu sənətin sevgisini içində daşıyan adam heç kimin qabağında əyilməz ki, mənə nəsə verəcək, onun dediyini eləyim. Aktyorun qüruru ölərsə, ondan aktyor olmaz. Aktyorun məni və qüruru olmalıdır.

- O qürurla, “mən”lə qarın doymur...

- Doymur, işləməsin. Ölümdür bəyəm? Ya dözüb öz sənətini davam etdirsin, ya da başqa işlə məşğul olsun. Ya dözsün, ya da ucuz-ucuz qiymətə səviyyəsiz seriallara çəkilsin.

- Siz də hesab edirsiniz ki, bizim seriallar səviyyəsizdir?

- Siz özünüz də bilirsiniz ki, bizim o səviyyədə serialımız yoxdur. Bu yaxınlarda Nuşirəvan Məhərrəmli də dedi ki, seriallarımızın səviyyəsi yüksək deyil. Bizim seriallarda rejissor, ssenari, rəssam işi, aktyor ansamblı çatışmır. Hansı normal sənətkar gedib 20-30 manata seriala çəkilər? O gün bizim sənətkarlardan biri dedi ki, mənim günümə 30 manat, balaca bir itinkinə isə 50 manat verdilər. Təsəvvür edirsiniz? Bunu demək lazımdır. Kim belə şeyləri özünə sığışdırırsa gedir, sığışdırmırsa, imtina edir, çəkilmir.

- Sizi seriallara dəvət edirlər?

- Mən bu işdən uzağam. Birincisi, gərək biləm ki, qarşımdakı rejissor kimdir. Peşəkar adam olarsa, əlbəttə, çəkilərəm. Bir də görürsən bu sahənin adamı deyil, əlinə bir az pul düşüb, gəlib serial çəkir. Mənim pula elə dəhşətli ehtiyacım yoxdur. Professoram, kafedra müdiri vəzifəsində çalışıram, prezidentin fərdi təqaüdçüsüyəm, teatrda çalışıram, tamaşa hazırlayıram. Ümumi götürəndə, mənim ehtiyacım yoxdur. Özü də serialları, demək olar, izləmirəm. Qardaşım Cəfər Namiq Kamal “Space”də yayımlanan “Üç bacı” serialında çəkilir, bir-iki dəfə ona tamaşa eləmişəm. Qardaşım olduğuna görə demirəm, amma o serialı bəzəyən elə Cəfərin oynadığı Maarif roludur. Bu serialı “Üç bacı” yox, “Maarif və üç bacı” da adlandıra bilərdilər.

- Son illərdə çəkilən bədii filmlərimiz niyə tamaşaçı sevgisi qazana bilmir?

- Yenə deyirəm: filmi rejissor çəkir. Məsələn, “Qaynana” filmini Hüseyn Seyidzadə çəkib. Hüseyn Seyidzadə ondan əvvəl “Dəli Kür”ü, “Yenilməz batalyon”u, “O olmasın, bu olsun”u çəkmişdi. Bu filmlər bu günə qədər yaşayır, elədirmi? Rejissor işi varsa, deməli, kino da var, teatr da var. Məsələn, nəyə görə deyirlər Tofiq Kazımovun teatrı? İndi Tofiq Kazımov yoxdur, nə edək? Gərək gözləyək ki, heç olmasa, Tofiq simasında bir rejissor yetişsin?

- Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fakültəsi var, hər il onlarla tələbə məzun olur. Yəni son on ildə bir rejissor yetişmədimi?

- Yox, elə deyil! Azərbaycanda 28 teatr var. Həmin məzunları bu teatrlar arasında bölmək çox çətindir. Prezidentin sərəncamı ilə bizim 90 illik yubileyimiz qeyd olunacaq. Orda universitetin hərtərəfli inkişafı ilə bağlı göstərişlər var. Bizim indi söhbət etdiyimiz bu tədris teatrı altı mərtəbəli olacaq. Universitetin binaları artırılacaq, yeni laboratoriyalar yaradılacaq. Bizim universitet uzun illərdir Energetika Texnikumunun binasında yerləşib. Rektorun zəhməti, əməyi ilə xeyli əlavə işlər görüldü, amma bunu kökündən dəyişmək lazımdır. Bir var kosmetik dəyişiklik, bir də var kökündən.

- Yəni Mədəniyyət və İncəsənət Universitetində yeni bina lazımdır...

- Yeni bina da lazımdır, sonra... Gələcəkdə qismət olsa, bəlkə yeni şəhərcik salınsın? Həm tədris teatrı, həm də yataqxana onun içində olsun, ayrı-ayrı yerlərdə olan fakültələr bir yerə yığışsınlar. Bu çox yaxşı olardı. Dünyanın hər yerində universitetlərin özünün şəhərciyi var və bütün işlərini kompakt şəkildə həmin şəhərcikdə görürlər.

- Müsahibələrinizin birində demisiniz ki, bizim nəsil tükənəndən sonra ölkədə böyük peşmançılıq yaşanacaq. O peşmançılıq nə ola bilər?

- Bizim nəsildən olan Yaşar Nurini, Səməndər Rzayevi, Vəfa Fətullayevanı, Telman Adıgözəlovu itirdik. Bu mənada, bəli, peşmançılıq olacaq. Ya bizlər dünyadan tez köçürük, ya da cavanlar yerimizi tutmağa gecikirlər.

- O cavanların içində gələcəyin İlhamı, Yaşarı, Səməndəri varmı? Kimlərin adını çəkə bilərsiniz?

- Musiqili Komediya Teatrında Əkbər Əlizadə, Çingiz Əhmədov çox maraqlı aktyorlardır. Mənim tələbələrimdən Ruslan, Səməd Xasıyev, Gülnarə Əzizova istedadlı uşaqlardır.

- Siz də düşünürsünüz ki, bizdə gülüşü ucuzlaşdırıblar?

- Bilmirəm bizdə gülüş ucuzlaşıb, ya yox, amma bir şeyi demək istəyirəm: gülüş düşündürücü olmalıdır. Aktyor dediyi sözün mənasını bilməlidir.

- “Bakılı oğlanlar”ın, “Bu şəhərdə”nin çıxışlarını nəzərdə tutursunuz?

- Yox-yox, mənim onlarla işim yoxdur, işlərinə qarışmaq istəmirəm. Biz teatrdakı gülüşdən danışırıq. “Bakılı oğlanlar”ın da, “Bu şəhərdə”nin də konsertlərini ara-sıra izləyirəm. Özfəaliyyətdir də... Niyə özfəaliyyət olmasın? Gedib boş-boş, avara-avara işlərlə məşğul olunca, qoy özfəaliyyətlə məşğul olsunlar.

- Yəni bu iki komandanın işini ciddi yox, özfəaliyyət səviyyəsində qəbul edirsiniz?

- Əlbəttə. Başqa nə demək olar? Yəni peşəkar kimi necə baxmaq olar? Heç cür mümkün deyil. Peşəkar olanın məktəbi olmalıdır. Adil İsgəndərov, Rza Təhmasib mənim müəllimlərim olublar. Mən bu adamlardan görüb-götürmüşəm. Axı bu adamların müəllimi kim olub?

- Rafael və Coşqun Gənc Tamaşaçılar Teatrında çalışıblar, Hüseynağa Atakişiyevin yetirmələridirlər...

- Mənim onlarla işim yoxdur. Onlar tamam başqadırlar. İstedadlı uşaqlardır, universitet bitiriblər, bacardıqlarını edirlər.

- Teatr islahatları aparılır. Bu islahatlar Azərbaycan teatrına nə qazandırdı?

- Teatrlar yenidən qurulur, maddi-texniki bazaları yenilənir. Musiqili Komediya Teatrı, Milli Dram Teatrı, Kukla Teatrı, Rus Dram Teatrı təzədən quruldu. Növbədə Opera və Balet Teatrıdır. Teatrlara yeni qüvvələr cəlb olunmalıdır, kadrlar yeniləşməlidir. Bəzən deyirlər ki, Milli Dram Teatrı niyə zəifləyib? Milli Dram Teatrını ölkədəki bütün teatrların say-seçmə aktyorlarının hesabına yaratmaq lazımdır. Milli Dram Teatrını uşaq bazarına çevirmək lazım deyil. Bu teatrı insanlar tamam başqa cür görmək istəyirlər. İnsanlar bu teatrda əsl mənada monumental tamaşalar, sevimli sənətçilər görmək istəyirlər.

- Milli Dram Teatrının səviyyəsi, təqdim etdiyi tamaşalar qənaətbəxşdirmi?

- Bu teatr günü-gündən zəifləyir. Ansambl çox zəifləyib, kim istədi, orda tamaşa hazırlayır, nə səviyyədə desən, tamaşalar hazırlanır. Yəni o, Milli Dram Teatrı deyil. Biz Tofiq Kazımovun teatrını orda görə bilmirik.

- Bunun günahını kimdə axtarmaq lazımdır?

- Teatra təyin olunan məmurlarda.

- Teatrın rəhbəri İsrafil İsrafilovdur...

- Hər bir teatrın tənəzzülə uğraması onu idarə edən məmurların dünyagörüşü ilə bağlıdır. İnsan gərək teatrı öz səviyyəsinə salmasın, özündən yüksəkdə görsün. Siz bu teatrın tamaşalarına baxmısınız?

- “Şah və şair”, “Qatarın altına atılan qadın”, “Teleskop” tamaşalarına baxmışam...

- Hamısı da yüksək səviyyədədir?

- Sizin fikrini bilmək istərdim...

- Milli Dram Teatrı getdikcə cılızlaşır. Bilirsiniz, əvvəllər teatra aktyor götürəndə tamaşaçı onun görkəmini, səs çalarını görürdü. İndi hamı bir səslə danışır. Heç kim ayırd edə bilmir ki, məsələn, bu İlhamın səsidir, bu Fuad Poladovun səsidir, bu Turabovun səsidir. Hamının ağzından çox cılız, bəsit bir səs çıxır. Elə bil, bu adamların nəfəsləri yoxdur. Bəs bu adamları teatra niyə götürmüşük? Bu, böyük bir bəladır, dərddir.

- Bu cür aktyorlar Milli Dram Teatrına necə yol tapırlar?

- Onu məndən soruşmayıblar da. Məndən soruşsaydılar, deyərdim, götürməyin.

- Teatr islahatlarının tərkib hissəsi kimi əcnəbi rejissorlar işə cəlb olundu. Əgər bunu eksperiment kimi qəbul etsək, effekti necə oldu?

- Vallah, heç nə hiss olunmadı. Bizə Efros səviyyəsində rejissor gəlmədi axı. Bizə adi rejissorlar gəldilər, vaxtlarını keçirib getdilər. Yəni öz səviyyələrində tamaşa hazırlayıb getdilər. Bu gün bizdə o rejissorlardan daha potensiallı, istedadlı rejissorlar var. Məsələn, Azərpaşa Nemətov, Mərahim Fərzəlibəyov. Bu rejissorlardan niyə istifadə olunmur? Onların özünə ayrıca teatr vermək lazımdır. Niyə verilmir? Özü də deyim ki, uşaq da deyillər. Demək, kiməsə bunlar sərf eləmir.

# 2125 dəfə oxunub

Müəllifin son yazıları

# # #