Kulis.az Aliyənin “Şünas xəstəliyi” essesini təqdim edir.
Nəsildən-nəslə ötürülən belə bir fikir var: "Tənqidçi yaradıcı ola bilməmiş uğursuzdur".
Hətta Alexandro İnarutti "Birdman" filmində rejissor inanılmaz bir ehtirasla onu pisləyən tənqidçiyə "bədbəxt" deyir.
Məncə, əksinədir, tənqidçi yazıçı ola bilmədiyi üçün tənqidçi deyil, tənqidçi olduğu üçün yazıçı ola bilmir. Bir yerdə analitik təfəkkür, bədiiyə imkan vermir. Yazıb sonra yozmursan, yazan yerdə yozur, hətta bəzən yozub sonra yazırsan.
Məsələn, sənətşünas Aydın Talıbzadənin "Əbuhübb" romanında belə idi, hətta bir yerdə müəllif əhvalatdan çıxan ideyaları, fəlsəfi tezisləri dərvişin əliylə məktub şəklində mətnə salmışdı ki, bu açıq-aşkar sxematikliyi faş edirdi.
Buna yozucu təfəkkürü, şünas xəstəliyi də deyə bilərik (əgər postmodern fənd demiriksə) Bu şünas xəstəliyi ifrata vara, yalnız mətndə, bədii məhsulda deyil, adi yuxugörmədə də önə keçə, hətta yuxu görə-görə onu yozmağadək müdaxilə edə bilər.
Hər təqdim olunanda bir məna axtarmaq da bundan gəlir. Bu xəstəliyi bilən rejissorlar, yazıçı-şairlər tənqidçilərin qarşısında bic təbəssümlə susub poza verməyi sevirlər: "Qoy qazsın, nə qədər dərin qazsa, o qədər yaxşıdır, əvvəl-axır o quyuya özü düçəcək" - deyə.
Keçmiş zamanlarda - bizdə teatr olan vaxtlarda Yuğ Teatrında mərhum Vaqif İbrahimoğlu müəlliflərlə, tənqidçilərlə belə zarafatlaşmağı sevirdi: bir də görürdün, tamaşa gedə-gedə əlindəki hansısa rekviziti gətirib tamaşaçıların arasından axtarıb tapdığı ciddi bir teatrşünasın önündə yerə qoyur, ciddi-ciddi baxaraq, "Bu, maraqlı tapıntını bura qoydum, sən açmalısan" deyə öz şəyirdlərinə sarı dönüb göz vururdu. "Tapıntı" sözünə gülmək o demək idi ki, adam yaradıcı prosesin özündən zövq alır və bu söz ona cəfəng gəlir.
Amma hörmətli rejissorların, yazıçı və ya şairlərin istehzası natamamdır. Çün, şünas özü də bir cür prosesdədir, bu yozum ilk növbədə özü üçündür, gördüyü haqda düşünmək, danışmaq, hətta tamamlamaq ehtiyacıdır.
Tənqid yaradıcılıqdırmı?
İlk baxışda yox. Çünki, ilk təkan, əsaslanma başqasının yaratdığı məhsuldur. Nəzəriyyəçilər "bədii tənqid" terminini gətirməklə tənqidin məna vermək, interpretasiya etmək, yozumlarla başqa müxtəlif mətnlərlə əlaqə qurmaq, onda işarələnən hətta müəllifdən də gizli kodları görmək kimi yaradıcı cəhətləri əhatə etməyə çalışıblar.
Əgər tənqid yaradıcılıq deyilsə, ya da yaradıcılıq özü şünaslıq deyilsə Trierin son çəkdiyi "Cekin tikdiyi ev" nədir?
Bu gün üçün artıq bir bölgü, ya da hər hansı istehza yersizdir. Postmodernizmin tələbləri, hansısa sərhəddi pozub. Film haqda filmlə, mətn haqda mətnlə bu bölgünün özünün şərtiliyi meydana çıxıb. Ədəbiyyat köhnə sovet kitabının tərifilə desək, həyatın bədii təfəkkürdə inikasıdırsa, tənqid nədir?
O da bədii analitik təfəkkürdə inikası deyilmi?
Verner Hersoqun "Aqirre tanrının qəzəbi" filmində dağdan enən qəhrəmanı göstərərək "bu, mifdən gəlir, insanın dağdan enməsi, sakral başlanğıcdan enməsi anlamındadır" deməklə kinoşünas Ayaz Sayalev bu təsviri dərinləşdirmədimi, daha da estetikləşdirmədimi?
Bədiilik dərinlikdirsə, tənqidçi də bunu faş edirsə daha nə qoyub, nə axtarırıq?
Məsələ müəllifin, o dərinliyin dibsizliyində, özündən xəbərsizliyindədirmi?
Biz nə axtarırıq?
Biz, şıltaq oxucular xalis mətn, iddiasız vizual məhsul axtarırıq. Biz heç nədən xəbəri olmayan, özündən belə xəbəri olmayan, məsum, bakirə mətn (film də deyə bilərik) axtarırıq. Amma "total simulyasiya erası" (Bodriyar) postmodernizm zamanında bu istək özü sadəlövh, hətta gülünc deyilmi? Orijinallıq aldanışdır bu əsrdə.
Bununla belə, bəzən elə ustadlarla rastlaşırsan ki, onları oxuyanda, ya izləyəndə aşiqlik halındakı kimi orqaniklik hiss edirsən. Bu nümunələrdə aşiqlik halındakı kimi "niyə?" sualı yoxdur. Həyat özü özünə durub sual vermədiyi kimi axıb gedir film, ya mətn.
Bəs o müəlliflərin uğuru nədədir?
Hansısa qeybanə və yavan ilham ola bilməz bu.
Heç 21-ci əsrdə müəllif xəbərsiz də ola bilməz. Xəbəri ola-ola bu "dibsizlik effekti" necə alınıb? Müəllifin ustalığı və təvazösu. Yəni, bilgilərini ustaca gizləməsi. Hətta unutması.
Ya da... postmodern zamanına uyğun olaraq, başdan şərtiliyi bəyan etməsi, mətbəxindən utanmaması, bununla oxucu qarşısında bir qayğıdan azad olması, hətta oxucunun sadəlövhlüyünə gülüb onu utandırması; təxminən aşağıdakı sözlərlə:
Sxematiklik dedin? Vay-vay, sən ki ötən əsrdə qalmısan. Çox güldüm... Ta başdan estetika (sənət) naminə orijinaldan (gerçəkdən) imtina etmiş adam məndən xalis mətn istəyir... Madam ki, allahdan (orijinal, gerçək) imtina etdiniz, indi müəllif mətnin allahıdır...
Belə mətnlə, filmlə qarşılaşan tənqidçi nə etməlidir?
Nəyə istinad edib tutuşdurmalıdır?
Heç nəyə!
O da öz mətnini yazmalıdır.
Şünas xəstəliyini orijinal kimi təqdim etməlidir.
Vacib olan müəllifin yox, mənaların oxucuya göz vurmasıdır.