Azərbaycanda kinoya senzura yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 51-ci maddəsinə görə, hər kəsin yaradıcılıq azadlığı vardır və dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Bəs hazır məhsulun nümayişi hansı qaydalarla həyata keçirilir?
Kino haqqında qanunun 7-ci maddəsinə görə, kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş bütün filmlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınır və filmlərin dövlət reyestrinə daxil edilir. Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarı ilə bütün filmlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydə alınır, filmlərin dövlət reyestrinə daxil edilir və filmə yayım vəsiqəsi verilir. Bəs yayım vəsiqəsini almaq üçün texniki şərtlərdən başqa hansı şərtlər vacibdir? Daha doğrusu, hansı filmlərə yayım vəsiqəsi verilə bilməz? Bu suala Mədəniyyət və Turizm Nazirliyinin Milli filmlərin istehsalı və qeydə alınması sektorunun müdiri Aydın Hüseynov cavab verdi:
“Lazımi sənədlərin siyahısı istənilir, filmə nümayiş keçirilir və ona yaş kateqoriyası tətbiq olunur. Qaldı hansı filmlərə vəsiqənin verilməməsinə, kino haqqında qanunda göstərildiyi kimi, filmlərdə zorakılıq, pornoqrafiya, dövlət əleyhinə çağırışlar, milli, irqi və ya dini düşmənçiliyə çağırışlar varsa, təbii ki, o filmlərə yayım vəsiqəsi verilmir. Bu məsələləri nazirliyin kinematoqrafiya şöbəsi həyata keçirir”.
“Zorakılıq, pornoqrafiya, dövlət əleyhinə çağırışlar, milli, irqi və ya dini düşmənçiliyə çağırışlar...” Göründüyü kimi, bu hallar olduqca ümumidir və görəsən o, istənilən, daha doğrusu istənilməyən filmə mane ola bilərmi və ya kinonu məmurdan – subyektdən asılı vəziyyətə salarmı? Bu sualla rejissorlara müraciət etdik:
Kinorejissorlar Gildiyası Bürosunun sədri, kinorejissor Hüseyn Mehdiyev bu sualda hardasa həqiqət olduğunu söyləyir:
“Amma siz mənə son 20-30 ildə çəkilmiş bir film göstərə bilərsinizmi ki, o filmi dövlət bu səbəblərdən qeydiyyata almayıb və ya yayımına icazə verməyib? Belə şey hələ ki, olmayıb. Amma mən sizi anlayıram, pornoqrafiya da deyəndə, zorakılıq da deyəndə bunun açıqlaması, qanunu olmalıdır. Çünki subyektiv amillərlə bunları müəyyənləşdirmək mümkün deyil. Televiziya tamam başqadır, kino tamam başqa. Televiziya böyük kütləyə hesablanır, amma kinoteatrda seçim tamaşaçıya verilir. Filmin də tamaşaçıya görə kateqoriyaları var. Tutalım filmdə erotik çalar varsa, o yaş məhdudiyyəti ilə təqdim olunur. Bu məhdudiyyətləri nizamlayan mexanizm var. Amma mən inanmıram ki, Bizim Mədəniyyət və Turizm Nazirliyində hansısa filmə tutalım pornoqrafiya adı verib, onu kənara qoysunlar. Dünyada eyni praktika var. Filmlər dövlət reyestrinə bu şərtlərlə alınır. O qanunu 1998-ci ildə biz hazırlamışdıq və onlar Avropa standartlarına uyğun müəyyənləşdirilib. Deyək ki, bu bizdədir - belə deyil. Bu, hər yerdə belədir. İstəsələr bundan filmləri kənara qoymaq üçün istifadə edə bilərlər. Amma indiyədək hələ belə şey olmayıb. Ümid edirəm ki, bundan sonra da olmayacaq. Yaxşı filmi gizləmək mümkün deyil, yaxşı film subyektiv faktor deyil”.
Kinorejissor Əli İsa Cabbarov bunu normal praktika hesab edir:
“İstənilən qanundan sui-istifadə etmək olar. Yayım vəsiqəsinin alternativi yoxdur, o, olmalıdır. Trier kimi rejissor da Avropada yayım vəsiqəsini redaktə olunmuş versiya üçün alıb”.
Rejissor İntiqam Hacılı bunun senzura ola biləcəyini düşünür:
“Əgər filmdə zorakılıq, pornoqrafiya, irqi ayrı-seçkilik, dövlət əleyhinə çağırışlar varsa, bunu kinoteatrlarda onsuz da nəzərdən keçirirlər və belə hal ol sa onlar filmi nümayiş etdirmirlər. Çünki kinoteatrların özlərinin nizamnaməsi var onlar da buna uyğun işlərini görürlər. Hansı kinoteatr qanuna zidd olaraq zorakılıq, pornoqrafiya, irqi ayrı-seçkilik, dövlət əleyhinə çağırışlar olan filmi nümayiş etdirər? Və ya niyə nümayiş etdirməlidir? İkinci tərəf də odur ki, film istehsal edənlər niyə bu mövzuda film çəkməlidirlər? İndiyəcən kinoteatrda nümayiş olunan filmlər göz qabağındadır. Sadəcə, "yayım vəsiqə"si adı altında müstəqil şəkildə, öz bacarığına əldə etdiyin pulun hesabına çəkdiyin filmlərə gələcəkdə senzura kimi istifadə edə bilərlər.”