Avropa niyə ermənilərin arxasında dayanır?

Avropa niyə ermənilərin arxasında dayanır?
12 oktyabr 2020
# 06:44

Uzun illərdir aşağıdakı şablon fikirləri eşitməkdəyik:

  1. Ermənilər xristian olduqları üçün Qərb dövlətləri tərəfindən müdafiə edilir.
  2. Ermənilərin dünyada bizdən çox tanınmaqlarının səbəbi onların bizdən qabaq xaricə köçməkləridir, lobbiçi fəaliyyətləri, zirəklikləridir.
  3. Ermənilər millətçilik xəstləliyinə tutulublar, gözləri kor, başları xarab olub.
  4. Erməni xalqını öz ziyalıları aldadıb.
  5. Erməniləri qızışdırıb üstümüzə salışdıran ruslardır.
  6. Erməni cinayətinin baiskarı daşnak ideologiyasıdır.
  7. Ermənilər özləri də bilirlər ki, torpaqlar onların deyil, ancaq həyasızlıqlarından, nankorluqlarından özlərininki iddia edirlər.
  8. Azərbaycan tarixi sovet tarixşünaslığı tərəfindən, Stalinin göstərişləri əsasında saxtalaşdırılmışdır.
  9. Tariximizin saxtalaşdırılmasında bu tayda mərhum akademik İqrar Əliyevin, o tayda Əhməd Kəsrəvinin xüsusi rolu olmuşdur.
  10. Azərbaycan elminin dünya elminə qovuşa bilməməsinin səbəbi öz bacarıqsızlığımızdır; belə ki, Azərbaycan alimləri tariximizi düzgün yazıb ortaya qoya bilmirlər.
  11. Dünya elmi jurnallarında az çap olunmağımızın səbəbi də, dünya mediasında ermənilərə uduzmağımızın, Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilməməyimizin səbəbi də bacarıqsızlığımız, passivliyimiz, zəhmətkeş olmamağımızdır.
  12. Ermənilər iş aparanda biz yatmışdıq.
  13. Avropa alimləri obyektivdir, həqiqət elmdədir, Avropa elmi nə deyirsə həqiqətdir.
  14. Avropa maarifçiliyi Şərqin xilasıdır, maarifçiliyin əksi cəhalətdir, biz də maariflənsək, Avropaya inteqrasiya etsək (demokratikləşsək və s.), bizə münasibətləri dəyişəcəkdir.

Mənim aşağıda təqdim etdiyim yeni və vahid izah yuxarıdakı izahların hamısını biryolluq silib atır, çünki onlar ya tamamilə səhv, ya alayarımçıq və ya da ikinci dərəcəlidir.

Belə gərgin günlərdə məqalənin hamısını oxumağa hövsələsi çatmayanlar üçün onun qısa xülasəsini deyim. Avropa xalqları, daha doğrusu, Hind-Avropa dil ailəsinə daxil edilən dillərin (misal üçün, rusca, farsca, fransızca, yunanca və b.) birində danışan xalqların qurmuş olduqları dövlətlər (misal üçün, Rusiya, İran, Fransa, Yunanıstan və b.) bizə qarşı erməniləri müdafiə edir, etmişdir və edəcəkdir. Bunun səbəbi Avropa elminin 18-19-cu əsrlərdən etibarən xalqları irqlər (rasse), dilləri isə dil ailələri adı altında qruplaşdırmış olmasıdır.

Bu yanaşmaya görə vaxtilə onlarla dilin vahid kökü, onlarla xalqın da vahid əcdadı mövcud olmuşdur. Bu dil ailələrindən biri olan “Hind-Avropa” dil ailəsi guya ən üstün irqə – ari irqə məxsusdur. Qərb dövlətlərinin dərin dövlət (deep state) anlayışı irqçiliklə (rassizmlə, yəni genetik və linqvistik qohumluqla) müəyyənləşir. Bu sxemə görə ermənilər hind-avropalıların qohumudur. Avropalı irqşünasların fikrincə avropalı ilə qafqazlı eyni qrupda yer tutur və azərbaycanlılar uzaq asiyalı, ermənilər isə qafqazlıdırlar.

Dövlətlərarası siyasətdə isə təkcə dini və iqtisadi maraqlar təyinedici deyildir, hansı xalqın hansı dildə danışması, yəni hansı irqə mənsub olması da həlledici rol oynayır. Qısası, Hind-Avropa dövlətlərinin (bu sıradan rusun, fransızın, farsın və b.) erməniləri himayə etməsinin səbəbi irqçilikdir, arianizmdir. Ermənilər Qarabağda bizim etnik təmizləmə apardığımızı, erməniləri genosid etdiyimizi, bu müharibənin xristian-müsəlman davası olduğunu tez-tez səsləndirirlər ki, bu ifadələrin özü irqçiliyin politkorrekt maskasıdır. Biz təkcə müdafiə olunmamalı, bu iddiaların qarşısına Cənubi Qafqazda avropamənşəli gizli arianizmin ifşasıyla çıxmalıyıq.

Amerikalı məşhur sosioloq I. Wallerstein yazır ki, 15-ci əsr Avropasında siyasi iqtidarlar arasında belə razılaşma vardı ki, onlar müsəlman ölkələri ilə ticari əlaqələr qurmasınlar, hətta bu, onlara daha qazanclı olacaqsa da. Müəllif göstərir ki, indi əksər müsəlman ölkələrin acınacaqlı iqtisadi vəziyyətinin səbəbi vaxtilə xristian dövlətlərin müsəlman dövlətləri ticari blokadaya almış olmasıdır (Sərbəst sitatın sonu).

18-19-cu əsrlərdən etibarən dini ayrı-seçkiliyin üstünə irqi ayrı-seçkilik də gəldi.

İndi isə keçək incəliklərə.

Yuxarıda da dediyim kimi, 18-19-cu əsrlərdə Avropa dilçi alimləri bu qənaətə gəldilər ki, mövcud dillər artıq mövcud olmayan, xəyali əcdad dillərdən törəyiblər; belə ulu ana, daha doğrusu, ulu nənə dillərin sayı dörddür. Bu ulu nənə dillərdən törəyən, bir-birinə qohum dillər öz aralarında bir ailə meydana gətirirlər – dil ailəsi. Bu ailələrdən biri Hind-Avropa dilləri ailəsi adlandırılır, yəni Hindistan yarımadasından Skandinaviyayadək danışılan dillərin, başqa sözlə ari irqə daxil olan xalqların genetik qohumluğu...

Hind-Avropa dil ailəsinə aşağıdakı qohum-əqrəba dillər aiddir: Hindo-İran dilləri (hindcə, avestaca, midiyaca, skifcə, soqdca, farsca, tacikcə, bəlucca, əfqanca, osetincə və s.), slavyan dilləri (rusca, çexcə, polyakca və s.), roman dilləri (latınca, ispanca, portuqalca, fransızca, italyanca və s.), german dilləri (almanca, ingiliscə, norveçcə, dencə, isveçcə, hollandca və s.), albanca, yunanca və nəhayət ERMƏNİCƏ. Bu dil adlarını burada sadalamaqda məqsədim – ari irqinə aid edilən xalqları oxucuya göstərməkdir.

Yeri gəlmişkən, gürcücə Hind-Avropa dil ailəsinə daxil edilmədiyindən gürcüləri ermənilərə xristianlıqdan başqa bir şey bağlamır. Qərblilərin gürcülərə bizdən daha yaxın olmaqları gürcülərin sadəcə xristianlıqlarından irəli gəlirsə, avropalılar erməniləri həm dini, həm də irqi baxımdan öz doğmaları hesab edirlər.

Sadəcə bir misal: alman şərqşünası H. Hübschmann (1848-1908) 1897-ci ildə “Ermənicənin qrammatikası” əsərinin birinci cildində yazır: “[Ermənilər – A.Q.] Ola bilsin irqi keyfiyyətləri, ola bilsin coğrafi, tarixi, dini əlaqələri ucundan, bəxtləri uzun müddət onların üzünə gülməməsinə baxmayaraq, bu qədim, sarsılmaz, milli qürurlu, etiqadına sadiq kultur xalqı (Kulturvolk) elmə və təhsilli dünyaya iddialıdır, ələlxüsus da, bu xalq öz etnik mənşəyinə görə hindo-german (Hind-Avropa – A.Q.) dil gövdəsinin bir budağı və etiqadına görə də xristian olmaqla, bizə yaxındır.”

Bəzən yazdıqlarımızın gələcəkdə qətiyyən gözləmədiyimiz, bəlkə də heç razı olmayacağımız nəticələri ola bilir. Misal üçün, L. Trotski 1934-cü ildə “entrizm” (eyməndirən, xof, vəsvəsə, qorxu yaradan) adı verdiyi taktikayla Sovet İttifaqında partiya orqanlarına və müxtəlif təşkilatlara sızmağı təklif etmişdi (indiki nurçuların təkrarladıqları metod); nəticədə İ. Stalin 1937-ci ildə bütün Sovet İttifaqı boyu, sonralar repressiya adı da verilən, “təmizləmə” tədbirlərinə başlamış, yüz minlərlə günahsız insan güllələnmiş, Sibirə sürgün edilmişdi. Salmanmümtazların, Hüseyncavidlərin, Mikayılmüşfiqlərin ölümünə Trotskinin ideoloji təklifi səbəb olduğu kimi, Qarabağda tökülən və töküləcək qanların da əsl səbəbkarları avropalı irqçilik nəzəriyyəçiləri, avropalı şərqşünas alimlərdir.

İrqçilik nəzəriyyəsinə görə, yaşamasıyla yaşamaması elə də fərq etməyən, daha doğrusu, yox olması arzulanan millətlər vardır – yəhudilər, qara dərililər, ərəblər, qaraçılar, türklər... Bu yanaşma bu gün də qalır. Və bu yanaşma aktiv fazaya keçdikdə rassizm dönüb olur qətl ideologiyası.

Gəncədə gecə yarısı yaşayış binasının bombalanmasına qarşı Avropa medialarının susqunluğunun, ya da bu hadisəni sanki hansısa yazılmamış prinsipə əməl edirmişcəsinə eyni baxış bucağından qiymətləndirmələrinin başlıca səbəbi də budur. Görəsən, hara yox olub demokratik medianın plüralizmi?!

Ümumiyyətlə, Avropa təfəkkürü rassizmə qarşı əks-nəzəriyyə (Gegentheorie) ilə qarşı çıxmamışdır, ortalıqda sadəcə olaraq siyasi deklarasiyalar, qərarlar, məhdudlaşdırıcı qanunlar, bəyanatlar vardır.

“Neqr” sözünü “qara dərili” ifadəsiylə dəyişdirmək irqçiliyi yox etmir. Nə Hitler, nə də nasizm göydən düşmüşdü. Avropa intelligensiyası irqçilik nəzəriyyəsini 18-ci əsrin ikinci yarısından ta 20-ci əsrin ikinci yarısınadək, nə az, nə çox, düz 200 il intensiv müzakirə etmiş, bu mövzuda onlarla cild əsərlər yazılmışdır. Bu müzakirələrdə kimlər yoxdu – Volter, Russo, Herder, Kant kimi maarifçi filosoflar! Müəlliflərin də çoxu almanlar...

Şərqşünaslıq elminin meydana gəldiyi və klassik etimologiya lüğətlərinin yazıldığı dövr irqçilik nəzəriyyəsinin hakim olduğu dövrdür. Bu səbəbdən də Avropa kultur elmlərində hələ də alimlər arasında irqçi uzlaşmalar (intersubyektiv konsensuslar) qalmaqdadır.

Azərbaycan həqiqətlərini dünyaya nə üçün çıxara bilmiriksə, dünya mediasında yalan ermənipərəst xəbərlər nə üçün ayaq tutub yeriyirsə, Azərbaycan tarixçiləri də eyni səbəbdən öz tariximizi yazıb dünyaya çıxara bilmirlər. Tariximizi saxta yazanlar nə İqrar Əliyev, nə də ruslardır. Ermənilərin “İlk insan Adəm də armenoid irqindən olub” kimi fikirləri avropalı irqçilərin ideoloji bazası üzərində yaranmış sayıqlamalardır. Daşnak ideologiyasının baniləri də ermənilər deyildir, avropalı irqçi ideoloqlardır.

Bəs ermənilər və farslar Avropa elminə niyə lazımdır?

Avropalı alimləri ilk növbədə ermənicə və farsca maraqlandırır. Sadə bir misal verim. İstər ermənicəyə, istərsə də farscaya bizim dilimizdən çoxlu, mədəniyyətin yüksək səviyyəsini ifadə edən sözlər və yaxud yer adları keçmişdir. Bu müştərək, ortaq sözlər Hind-Avropa dil ailəsinin digər üzvlərində də (məsələn, yunancada, almancada, ruscada və s.) olmalı ikən yoxdur. Lakin avropalı alimlər bu müştərəklikdən çıxış edib deyirlər ki, bu sözlər və toponimlər mənşəcə hind-avropacadır, yəni arilərdən türk dillərinə keçmişdir, başqa sözlə, guya Hind-Avropa dilləri ən üstün irq olan ari irqin dili kimi ən qədim dil ailəsidir. Beləliklə, arianizm ideoloqları türk dilləri hesabına erməni və fars körpüsü üzərindən arian mədəniyyətinin üstünlüyünü və qədimliyini əsaslandırmağa çalışırlar.

Mənim gördüyüm qədəriylə, etimologiya qədər irqçi elm yoxdur! Bütün o Urartu, Artsax nağılları da buradan qidalanır.

Xristian teologiyasında bütün xalqların Adəm və Həvva adlı vahid mənşədən törəməsi monofiliya və yaxud monogenizm adlanır. Bu nəzəriyyəyə görə gənc xalqlar (və gənc dillər) Adəm və Həvvadan yox, şeytandan törəmiş xalqlar (və dillər) hesab edilir. Hind-Avropa adı verilən dil ailəsinin qədimləşdirilməsinin, bu dil ailəsinə daxil edilməyən dillərin (məsələn, türk dillərinin) isə gəncləşdirilməsinin irqçi-dini səbəbi budur.

1934-cü ildə fars Şah Pəhləvinin “Persiya”nı “Eran” (İran) adlandırması kimi ermənilərin də beynəlxalq arenada “Hayastan” əvəzinə “Armenia” adına bürünməkləri birbaşa arianizmdir. Çünki avropalı irqçi dilçilər (avropalı dilçilərin demək olar hamısı irqçidir!) “armenia” və “eran” adlarını “ari” sözüylə əlaqəli izah edirlər.

Qərb İranda molla rejiminin dəyişməsini istəyir, ancaq orada hakimiyyətin etnik dəyişikliyini və yaxud Güney Azərbaycanın müstəqilliyini əsla istəmir.

Səbəb – irqçilikdir.

Qərb Rusiyanın yumşalmasını, zəifləməsini istəyir, lakin Rusiyanın parçalanıb, tatarın, başqırdın və b. müstəqil olmasını istəmir.

Səbəb – irqçilikdir.

Misalları çoxaltmaq mümkündür.

Belədə, biz nə etməliyik?

Biz çox şey edə bilərik, indilik ancaq birini deyim. Azərbaycan avropalı diplomatların, mediaların və beynəlxalq təsisatların üzünə açıq mətnlə çırpmalıdır ki, biz məsələni başa düşmüşük, siz nə məlumatsızsınız, nə sadə xristian təəssübkeşlərisiniz, nə də humanist dəyərlərin müdafiəçiləri, siz sadəcə olaraq gizli irqçilər, maskalı arianistlərsiniz!

# 17508 dəfə oxunub

Müəllifin son yazıları

# # #