Çex hakimin ana-bacısı...

Çex hakimin ana-bacısı...
12 dekabr 2014
# 12:37

Hər şey yaxşı başlamışdı. Mən yalnız futbolda əlamətlərə inandığıma görə, gənc yazıçı, dəyərli dostumuz Cavid Zeynallının “Qarabağ”ın oyununa bilet tapa bilməməyini yaxşıya yozdum. Cavidin ayağı yaman ağırdır, nə vaxt stadiona gedir, mütləq başımıza bir iş gəlir. Oyunun uğursuz nəticəsi də öz yerində... İnsaf da dinin yarısıdır, heç öz ayağım da yüngül deyil. Buna görə dünən stadiona getmədim.

Futbola evdə baxmaq isə, faktiki olaraq, mümkün deyil. Balacalar imkan vermir. Televizor bütün günü TRT Cocuk-dadır. Bəzən heç baxmırlar e... amma elə ki, kanalı dəyişdin, səs-küyləri aləmi götürür. İndi gəl bunları başa sal da... Mənasız işdi! Həm də lap böyük ekranda futbola baxmağın ləzzəti ayrıdı... Bu səbəbdən yollandım yaxındakı kafeyə.

Kafe nə kafe! Vur-çatlasın, çal oynasın. Yekə-yekə kişilər düşüb ortaya sintizatorun şit musiqisinə elə oynayırlar ki... Bir nəfər gəlib çıxıb bura, oxuyan-filan deyil, amma yüz-iki yüz içdimi, dərhal mikrofonu götürür. “Meyxanəçi”ni elə oxuyur ki, yalan olmasın, elə bil Adnan Şənsəsin özüdü. Kafe sahibi ona heç nə vermir. Heç dinləyicilər də! Sadəcə bəzi həssas dinləyicilər bir-iki rumkayla onun könlünü şad edirlər.

Heç nə vecimə deyil. Əksinə Az TV-nin boşboğaz futbol şərhçilərinin səsi gəlmədiyinə görə, xoşbəxtəm. Bax bunu da müsbət əlamət kimi yozdum.

Pivədən qurtumlaya-qurtumlaya futbola baxıram və arada göz qoyuram, görüm futbolla maraqlanan varmı? Yoxdur. Hamı öz kefində... Lap yaxşı... Mən də öz kefimdəyəm.

Hər şey yaxşı gedir. “Qarabağ” futbolçuları bəlkə hər qarış uğrunda döyüşmürlər, ancaq dirəşiblər. “Qarabağ”ın bir neçə aparıcı futbolçusu yoxdur, amma yaxşı oynayırlar. Hər şeyin yaxşı getdiyinə, yaxşı olacağına ümidim artır. Əminəm, hər şey yaxşı olacaq.

Arada qanqaraldıcı hadisə baş verir. “Dnepr” hesabı açıb. Deməli, mütləq qələbə lazımdır. Səbirsizliklə “Qarabağ”ın vuracağı qolu gözləyirəm.

Oyun başa çatmaq üzrədir. Və budur qol! Necə qışqırdımsa... Bütün kafeni bir-birinə qatmışam. Sağ olsunlar, futbola maraq göstərməsələr də, mənə mane olmurlar.

Və birdən... Rəşad Sadıqovun əl-qol hərəkətlərini görürəm. Nəyə etiraz edir? Niyə etiraz edir? Ay da, qol hesaba alınmayıbmış. A kişi, belə iş olar? A kişi, belə zülm olar? Bu nə iş idi, düşdük?!

Külqabını əlimə götürüb televizorun ekranına çırpmaq istəyirəm ki, ofisiantın səsini eşidirəm: “Qardaş, 3 min manatdır”.

Əlim-qolum boşalır.

Qanıqara evə gəlirəm, dərhal Facebooku açıram, görüm, futboldan başı çıxan dostlarım nə yazıblar epizodla bağlı. Tamam başqa vəziyyətlə üzləşirəm. Üst-üstə cəmi 3-4 dəfə futbola baxmış, ömründə stadiona getməmiş adamların bəziləri yazıb ofsayt vardı, bəziləri yazır ki, yoxdu. Qanım lap qaralır. Deməli, mən futbolun içində böyümüş adam yalnız həmin epizoda 16 dəfə baxandan sonra özüm üçün müəyyənləşdirdim ki, əslində nə baş verib. Başı çıxmayan adamlar futboldan danışanda elə bil məni söyürlər.

Həə, dünən Facebookda yaman bərk söyürdülər. Baş hakimin var-yoxunu, ana-bacısını. Yazırdılar ki, Qarabağdır bu millətin yarası, yaddan çıxmaz bu hakimin anası... Bir futbol azarkeşi kimi sizi çox yaxşı başa düşürəm, hisslərinizi, emosiyalarınızı anlayıram. Amma vallah, billah, yaxşı oğlan tanımadığı oğlanın ana-bacısını söyməz!

# 1229 dəfə oxunub

Müəllifin son yazıları

# # #