Ədalətin getməyi

Ədalətin  getməyi
3 oktyabr 2013
# 11:18

Ağa CƏFƏRLİ

Səhər saatları idi. Bir azdan oyanacaq, işə gedəcəkdim. Telefonuma zəng gəldi. Gözlərimi ovuşdura-ovuşdura ekrana baxdım. AYB sədri Anarın müşaviri Rauf Aslanovun nömrəsi idi. Öz-özümə “bu saatda zəng edirsə, ölüm xəbəri var”, - dedim.

Telefonu açdım, salamdan sonra “Ədalət rəhmətə gedib” söylədi.

Qulaqlarıma inanmadım:

- Hansı Ədalət?

- Ədalət Əsgəroğlu.

Yenə inanmaq istəmədim bu xəbərə.

***

Ölümündən bir həftə qabaq görüşmüşdük. Yazıçılar Birliyində, qapısı həmişə açıq olan otağında. Hələ otağa çatmamış, qapının ağzında rastlaşdıq. Rəngi qapqara idi, əsəbdən əsirdi. Əlinin içi ilə alnını ovuşdururdu. Elə bildim, bu dəqiqə ürəyi dayanacaq, yıxılacaq. Nə baş verdiyini soruşdum. Dedi, bunlar məni öldürəcəklər.

Otağa keçdik. Məlum oldu ki, təqaüd istəyənlərdən biri ilə sözü düz gəlməyib. Nə qədər başa salmaq istəsə də alınmayıb.

Elə bu təqaüd məsələsindən yola çıxaraq söhbətimizə davam elədik.

Dedi, hamı elə bilir, qaz vurub, qazan doldururam. Amma mən bu otağın qapısını, pəncərəsini ona görə açıq qoyuram ki, hamı nə işlə məşğul olduğumu görsün. Heç kimdən gizlin işim yoxdur.

Təqaüd almaq istəyənlərin onu bezdirdiyini də söylədi. Dedi ki, başa salıram, başa düşmürlər, əsəbiləşirəm, lap möhkəm əsəbiləşəndə böyük yerdən söyürəm, bu da fayda verməyəndə bir şillə tutuzdururam, gedir yıxılır o yana.

Dedi, dostlara hay salmışam, iş tapsalar, burdan çıxacağam, bezmişəm daha...

Borclarından danışdı, dedi, borcları qaytarsaydım, dərdim-sərim yüngülləşərdi.

***

Yas məclisində də eşitdim, təqaüd istəyənlərin onu əsəbiləşdirməyini.

***

Ədalət Əsgəroğluna münasibət heç vaxt birmənalı olmayıb. Anarla bərabər onu da qınayıblar, arxasınca min cür hərzə-hədyan danışıblar. Heç vaxt da yadlarına düşməyib ki, axı, bu adamın jurnalistlərə münasibəti həmişə yaxşı olub, əlindən gələn köməyi göstərməyə çalışıb. Həmişə səmimi açıqlamalar verib və həmişə də buna görə başı ağrıyıb. Yaxşı münasibətdə olduğu insanlara özəl informasiyalar verib. Öldüyünə görə demirəm, vallah, bu adam jurnalistlərin dostu idi. Jurnalistlərin dostu başqa necə olmalıdır ki?

***

Öldüyü gün yuxuma girmişdi Ədalət Əsgəroğlu. “Gördün? Məni öldürdülər”, - dedi.

# 2438 dəfə oxunub

Müəllifin son yazıları

# # #