Tanınmış yazıçı AYB-dən istefa verdi

Tanınmış yazıçı AYB-dən istefa verdi
12 iyun 2014
# 11:37

Tanınmış yazıçı, tərcüməçi, kinosseanrist Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Nəriman Əbdülrəhmanlı birlik üzvlüyündən və orada tutduğu bütün vəzifələrdən istefa verib. O, bununla bağlı qurultay iştirakçılarına müraciət ünvanlayıb.

Kulis.az həmin müraciəti təqdim edir.

“Azərbaycan yazıçıları XII qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları!

Artıq 56 yaşım var. Ədəbi taleyimdən narazı deyiləm. İndiyədək 5 sənədli nəsr, bir povest və hekayələr kitabım, 4 romanım nəşr olunub, daha bir kitabımsa Bakıda və İstanbulda çap ərəfəsindədir. Bununla yanaşı, 12 toplu və antologiya tərtib eləmişəm, 32 tərcümə kitabım nəşr olunub, 9 kitabsa çapını gözləyir. İki bədii, 8 sənədli kino, 40-a yaxın sənədli televiziya filminin ssenarisini yazmışam, ekran sənətinin tarixinə dair araşdırmalar aparmışam, publisistik yazılar qələmə almışam. Qələmimdən çıxan irili-xırdalı görə özümün və oxucularımın qarşısında gözükölgəli deyiləm. Ömür möhlət versə, hələ kifayət qədər də görəcəyim işlər var.

1998-ci ildən AYB-nin üzvüyəm. Bu müddət ərzində maddi məsələlərlə əlaqədar qapı döyməmişəm. 2003-2004-cü illərdə “Ulduz” jurnalının nəsr və publisistika şöbəsinin yarımşat müdiri işləmişəm. Amma bu illər ərzində tam şatata keçirilmək bir yana, orurub işləmək üçün yer verilmədiyindən redaksiyadan getməli olmuşam. 2004-cü ildə keçirilən XI qurultayda AYB İdarə Heyətinin üzvü seçilsəm də, aradan ötən 10 il ərzində bir dəfə də olsun, təşkilatın nizamnaməsilə İH-nin səlahiyyətinə daxil olan hər hansı məsələnin müzakirəsinə, AYB-nin yubileylərinə və rəsmi tədbirlərinə dəvət olunmamışam. Bu vaxtacan bir əsərim belə AYB xəttilə buraxılan toplulara salınmayıb. Ən axırda da naməlum səbəblər üzündən XII qurultayın iştirakçıları sırasında deyiləm.

Bununla belə, bəzən AYB ilə bağlı münasibət bildirəndə də etik çərçivədən çıxmamış, yazıçı adına ləkə gətirən hərəkətə yol verməmişəm. Amma Azərbaycan yazıçılarının doğma ocağı sayılan təşkilatdakı yarınma, dostbazlıq, yerlibazlıq, regionçuluq mühitinin dərin kök saldığını ürək ağrısı ilə müşahidə eləmişəm. Doğma saydığın təşkilatın “ögey övladı” olduğunu dərk eləmək, dövlətin qayğısının ancaq bir qrup qələm adamına şamil edildiyini görmək məndən ötrü ağırdır.

Buna görə də artıq AYB sıralarında qalmaq üçün mənəvi haqqım olmadığını dərk eləyir, təşkilatın üzvlüyündən çıxdığımı bildirirəm. Elə bilirəm ki, bununla onsuz da çoxsaylı olan Birliyə heç bir ziyan dəyməyəcək.

Sizə gərgin fəaliyyət və yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,

Nəriman Əbdülrəhmanlı,

yazıçı-tərcüməçi”

# 3709 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #