Yaşar Nurinin sevdiyi qızın adını nəvəsi qoydular

Yaşar Nurinin sevdiyi qızın adını nəvəsi qoydular
5 sentyabr 2014
# 18:10

Sentyabrın 5-i Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin görkəmli teatr və kino aktyoru Yaşar Nurinin yaradıcılığına həsr olunmuş “Yaşadan əbədi Yaşar” adlı monoqrafiyanın təqdimat mərasimi keçirildi.

“Yaşar Nuri tək ekranda deyil, canlı ünsiyyətdə belə insana elə xoş enerji ötürürdü ki, ondan bir addım ayrılmaq olmurdu.”

Bu sözləri mərasimi giriş sözü ilə açan teatrşünas alim Məryəm Əlizadə aktyor haqqında danışarkən dilə gətirdi. Teatr Xadimləri İttifaqının sədri, rejissor Azərpaşa Nemət də aktyor haqqında xatirələrini bölüşüb, onu “xoşbəxt aktyor” adlandırdı.

Kinorejissor Eldar Quliyev aktyorun daha çox komik ampluada oynamasına baxmayaraq, dramatik aktyor kimi böyük potensialı olduğunu da vurğuladı: “Buna görə də onu “Nə gözəldir bu dünya” filminə dəvət edəndə hamı mənə dedi ki, Yaşar Nurini çəkməkdə düz eləməmişəm. Amma sonra onu filmdə görənlər yanıldıqlarını gördülər. Mən bu filmin ssenarisini onu düşünərək yazmışdım.”

Aktrisa Firəngiz Mütəllimova çıxışında xoş bir hadisənin sevincini bölüşərək Yaşar Nurinin nəvəsinin dünyaya gəlməsi münasibətilə aktyorun ailəsini təbrik etdi: “Uşağın adını “Səni axtarıram” tamaşasındakı obrazıma uyğun olaraq Gülnar qoyublar.”

Tədbirdə kitabın müəllifi İlham Rəhimli monoqrafiyanın yaranmasından danışaraq onu 2012-ci ildə aktyorun sağlığında yazdığını söylədi: “Kitabı Yaşarın xəstə olduğu vaxtda bir neçə nüsxə çap etmişdik. Nazirliyin işçiləri – Vəfa xanım, Nahidə xanım- canı dildən çalışırdılar ki, bu kitab çap olunsun və Yaşar onu görsün. Yaşar kitabı gördü. Onu xəstəxanaya göndərdik. Amma Yaşar kitab haqqında sözünü demədi. “Təqdimatda çıxışda deyəcəm” demişdi. Amma təqdimatda iştirak etmək Yaşara qismət olmadı.”

Tədbirin sonunda Rövşən Nicatın ifasında, Ramiz Rövşənin sözlərinə yazılmış, Yaşar Nuriyə həsr olunmuş mahnının klipi təqdim olundu. Imzalı kitablar qonaqlara hədiyyə olundu.

Monoqrafiyanın elmi redaktoru sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, redaktoru sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir. “APOSTROF” nəşriyyatında işıq üzü görmüş monoqrafiyada Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin yaradıcılıq yolunun əsas estetik səciyyələri araşdırılır, aktyorun teatr, kino və televiziyada yaratdığı bir sıra rollar təhlil edilir.

# 3307 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər