news-inner
clock12:40 calendar-gray 05 Sentyabr 2014 view-gray3995 dəfə oxunub
view-gray3995 dəfə oxunub

Yataq otağımdakı Sibel Can

Kulis.az “90-lar” layihəsi çərçivəsində Kənan Hacının “Toyu yasa dönən illər” yazısını təqdim edir.

Layihənin digər yazıları:


Qan Turalı: Atalarımızın erməni sevgililəri

Şəhriyar del Gerani: Qvadalupenin şalvarındakı inqilab

Gülnarə İlham: Bacısıyla öpüşən qardaş...

Nuranə Abbasova: Qızlarımızın evdə qalmaq qorxusu

Bəxtimiz onda gətirdi ki, uşaqlığımızı yaşaya bildik, sevincdən yanıq düşmədik. Firavan və xoşbəxt uşaqlığım həyatımın ən işıqlı parçası kimi yaddaşımda ilmələndi. 90-cı illər bizim ömrümüzə itkilərlə, qan-qadayla gəldi. İlk onilliyin başlanğıcı azadlıq istəyimiz qan gölündə boğuldu. 20 yanvar mənim yeniyetməliyimin son günü oldu. Bir günün içində böyüdüm. Başımın üstündən qırmızı güllələr şütüyəndə vur-tut on beş yaşım vardı...

Dinc vaxtın çevrilişi bizi zaman burulğanına saldı, hərəmiz bir tərəfə səpələndik. Kiyev bazarlarında gül satmaqdan yorulub Vətənə dönəndə məmləkətin başının üstündə hələ də qara buludlar dolaşırdı. Evin yeganə övladı olduğu üçün məni müharibəyə buraxmadılar, amma bir sinifdə oxuduğum oğlanlardan ikisi şəhid oldu. Samir və Kamran... 1992-ci ilin yayı mənim yadımda müdhiş bir günün ağrısı kimi qalıb. Kənddə nağaraçalan Gülağanın toyu idi, toyun səsi kəndi başına götürmüşdü, qəfildən elə bil mağara bomba düşdü, qara xəbər toyun sevincini şimşək kimi doğradı; mənimlə bir sinifdə oxuyan Hüseynin qardaşı Hatəmin meyitini gətirmişdilər... Toyu yarımçıq saxladılar, “Məşədi Qərib” məscidinin qarşısına axışdıq, Azərbaycan bayrağına bükülmüş tabut məscidin qarşısındakı meydançada qoyulmuşdu. Toyun yasa döndüyünü ilk dəfə onda gördüm... Tabuta baxıb eləcə susurdum. Ölüm hər üzünü mənə göstərirdi. Gəncliyim kəndə gələn şəhid tabutlarıyla yaralandı. Elə o vaxtlar içkiyə qurşandım. Bir-birinin ardınca yaşadığım sarsıntılar məni içkiyə sürüklədi... O vaxtdan kədər mənimlə gizlənqaç oynamağa başladı, əvvəllər o gizlənirdi, mən tapırdım, sonra mən gizləndim, o tapdı. Tapdı və bir də yaxamdan əl çəkmədi... Kədər çox bic gədədi, gözünə kül üfürməklə deyil.

Qıtlıq dövrüydü, gecə yarıdan camaat isti yerindən qalxıb çörək növbəsinə gedirdi. Çörək dükanlarının qarşısında adamlar az qala, bir-birini tapdayıb keçirdi. Getsin o günlər, gəlməsin. Bu sətirləri yazdıqca qışın soyuğunda gecənin bir aləmi isti yerimdən qalxıb çörək növbəsinə getdiyim günlərin ümidsizliyini, çarəsizliyini sanki yenidən yaşadım...

O zamanların ən bahalı siqareti “Conqress” idi, sonralar itkin düşən uşaqlıq dostum Zakir yük maşınında işləyirdi, daş karxanasından daş gətirib satırdı, həmişə cibi pulla dolu olurdu. İkimiz də “Conqress” çəkirdik. Gecələr məni də özüylə karxanaya aparırdı, elə kabinədə oturub içirdik, sonra Sibel Canın, İbrahim Tatlısəsin mahnılarını dinləyib kədərə batırdıq. Xatırlayıram, yatdığım otağın divarlarına Sibel Canın şəkillərini yapışdırmışdım. Özümə bir “Vesna” maqnitofonu almışdım, bütün gecəni türk mahnılarını dinləyirdim. Mobil telefonlar hələ həyatımıza daxil olmamışdı, sevdiyimiz qızlarla gecələr ev telefonuyla pıçıltıyla danışırdıq. Anam gileylənirdi ki, ay bala, bu qızın ata-anası yoxdu, buna demir ki, gecənin bu vaxtı kiminlə danışırsan?..

Bizim “bulvar”ımız Zağulba idi, axşamlar gəzintiyə çıxırdıq, qəşəng rus qızlarıyla tanış olurduq. Yaxınlıqda mədəniyyət sarayı vardı, həftənin şənbə, bazar günləri orda diskoteka keçirilirdi, yeniyetmə, gənc oğlanlar bura qız ovuna gəlirdilər. İlk dəfə restoranın böyründəki barda “Amaretto” içdiyim gün də yadımdadır. Sinəsinə “Chanel” yazılmış köynək geyirdim, sonra güllü köynəklər dəb düşdü, ətəyi enli, yuxarısı büzməli şalvarları ayrıca parçadan tikirdilər, mən də o parçadan alıb özümə şalvar tikdirmişdim. Çoxdandı bu məqamları xatırlamırdım, yazdıqca elə əhvalatlar yadıma düşür ki, təəccüblənirəm, indiyədək zənn edirdim ki, bu hadisələri çoxdan unutmuşam. Amma bütün yaşanılanlar zaman keçdikcə şüurun alt qatına yığılır.

Bir əhvalat da olmuşdu, o əhvalat indiyəcən içimi sızladır. Atam dünyasını yenicə dəyişmişdi, evdə olan-qalan pul da tükənmişdi, tanış mağazadan bir kisə nisyə un götürmüşdük ki, anam çörəyi evdə bişirsin. Mən o unun pulunu ödəyə bilmədim, mağazanın yiyəsi gözümün qabağında gəlib evdən atamın aldığı ağ-qara televizoru pulun əvəzinə apardı. Özümü dəvəsi ölmüş ərəbkimi hiss edirdim, ağzımda gövşək vurduğum arzuları o mağaza yiyəsinin üzünə tüpürmək istəyirdim.

Anam əli qoynunda sakitcə qapıya söykənib baxırdı, onun gözlərindəki kədər mənim gəncliyimin üstündən tank kimi keçib getdi. Gəncliyimin kinosu o televizorda bitdi.

1999-cu ilin son günləri idi...

news-inner-user
Kənan Hacı

193 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qadına görə öldürülən Mikayıl Müşfiq
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020