Ən gözəli kəfəndi geyimlərin-ŞEİRLƏR

Ən gözəli kəfəndi geyimlərin-<span style="color:red;">ŞEİRLƏR
2 sentyabr 2014
# 12:37

Kulis.az şair Saday Şəkərlinin şeirlərini təqdim edir.

***


Get, sən də əl çaldır ağrılarına,
zər-xaraya, qumaşa büksünlər səni,
gözlərdən yaş kimi töksünlər səni,
məncə ən gözəli kəfəndi geyimlərin,
nimdaşı da, təzəsi də ömrünün son rəngidi,
ömrün qələm kimidi, gizlin söz çələngidi,
adam, ölməzdən qabaqkı durumunda,
ilan qabığından soyulduğu andakıdır,
insanlar sünbüllü həyatdakı,
şairlər saralmış qandakıdır,
qanı içinə dolur kimsəsizlərin,
kaman öz içinə ağlayır, şair,
səni şeirlərin saxlayır, şair,
heç yazığım da gəlmir,
bu dünyanın söyüdünə, qarağacına,
dostlarım ən gözəl kətilçəkəndir,
səni qısqanırlar dar ağacına,
keçmişi olmur gələcəyində olmayan şairlərin...

***

Cəhənnəmdə gizlənməkdən savayı
uyğun bir yer tapmadım,
ömrüm, yulğun kollarıtək küləyin ağzındakı yem,
dərd bədəndə yetişir, yetişir çiban kimi,
köçəritək doğulsam da yaşadım çoban kimi,
adam uşaqlığının əlinə su tökməyə yaramır,
yaramır xatalı illərdən sonra,
analı-atalı illərdən sonra,
yaramır keçirdiyi əzablı günlərdən sonra,
burnu ətir tanımaz sevgili güllərdən sonra,
indi xeyli rahatam,
deyərəm, gülərəm indi,
dünyadan bezənləri, yatmağa yer gəzənləri,
qonaq da eləyə bilərəm indi...

***

Gün batır, baxtımı bəzəyim dedim,
bir əlac qılmadı Yaradan, qeyri,
əlimə allahın qələmi keçdi,
o da rəng tanımır qaradan qeyri.

***

Qərib durnalara bənzəyir könül,
yelləri özündən qabaqda gedir,
elə bil canına daraşıb külək,
telləri özündən qabaqda gedir.

Anam doxsanında taxt tapa bilmir,
bu bədbəxt şairin baxt tapa bilmir,
adam qocalmağa vaxt tapa bilmir,
illəri özündən qabaqda gedir.

Bir gün təmizlənər paslı gözlərin,
qaralar içində yaslı gözlərin,
Adəmə dönürkən səsli gözlərin,
selləri özündən qabaqda gedir.

Üstümə hər gecə yağır zillətin,
içimdə dərmanı min-min illətin,
ağıllı dövlətin, kamil millətin,
dilləri özündən qabaqda gedir.

Böyüməz dənizdən göl yaradanlar,
alışan ocaqdan kül yaradanlar,
ölüb unudulur gül yaradanlar,
gülləri özündən qabaqda gedir.

***

"Atıblar qalmışam quyu dibində,
kəndiri kəsilmiş Məlikməmmədəm"

Zöhrab Əmirxanlı

Xudaya, bir mənəm, bir də həsrətim,
bu dünya bir quyu ağzı boydadı,
bir səndən küsməyə yox cəsarətim,
gör mən nə haydayam, yar nə haydadı.

Həsrətim işıqdı, niyyətim sənsən,
nə məscid dolaşdım, nə pir tanıdım,
ən ali, ən ülvü biətim sənsən,
kim səni gözünə təpir, tanıdım.

Saz ilən, söz ilən bəzənib ruhum,
könül qəm yoğurub öz sevdiyindən,
tək sənə bəllidir unudulduğum,
əl haqdan üzülməz, göz sevdiyindən.

Hər qara, baxtımın rəngi sayılmaz,
susdu çeşmələrtək qaynayanlarım,
hər oyun havası cəngi sayılmaz,
öldü yastı-yastı oynayanlarım.

Xudaya, iz qoyur yurda hər qədəm,
bir nicat tapdımı səndən küsənlər,
mən ipi kəsilmiş Məlikməmmədəm,
ağlaşır üstümdə kəndir kəsənlər...

***

Yazığım gəlir sənə,
yazığım gəlir, Vətən.
Gözümdən yaş timsalı,
yazdığım gəlir, Vətən.

Qəribəm, elə sən də,
qəribsən mənim kimi,
utandığından yerə,
giribsən mənim kimi.

Yüküm ağırdı, ağır,
yerə batdım dizəcən,
Ədrəbildən Germiyə,
Dərbənddən Təbrizəcən.

Mən o vaxt itirmişəm,
Çaldıranda başımı,
gündə min qapaz dəyir,
qaldıranda başımı.

Şahdın, nökər kimisən,
üst-başın kir içində,
hər günün zillət ilən,
bu əkində-biçində.

Bu dərdli dünyamızda,
qübarda tayın varmı,
biclikdə bərabərin,
qumarda tayın varmı?

Yazığım gəlir sənə,
yazığım gəlir, Vətən,
qoynunda uşaq kimi,
azmağım gəlir, Vətən.

Uzaqlardan tüstülər,
halına gülüb gəlir,
ölməyə vətən yaxşı
deyənlər ölüb gəlir.

Adam var il uzunu,
içində matəm olur,
adam var yeddisində,
üçündə matəm olur.

Hər daş alnına yazdı,
ölümdən gələnləri,
qəbir götürə bilməz,
şərəfsiz ölənləri...

Sən daşa bənzəyirsən,
alnında adımız var,
ayrı gözəlliyimiz,
bir ayrı dadımız var.

Halalıq arı kimi,
qoşuna nə deyirsən,
köksündəki qurduna,-
quşuna nə deyirsən?

Yazığım gəlir sənə,
yazığım gəlir, Vətən,
gözümdən yaş timsalı,
yazdığım gəlir, Vətən!

# 1286 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #