news-inner
clock09:00 calendar-gray 30 Avqust 2014 view-gray2532 dəfə oxunub
view-gray2532 dəfə oxunub

Misilsiz it-HEKAYƏ

Kulis.az A.P.Çexovun “Misilsiz it” hekayəsini Azad Yaşarın tərcüməsində təqdim edir.

Orduda xidmətə illərini verən poruçik Dubov sərbəst xidmətə çağırılan Knaps ilə oturub, içki içirdi. Öz iti Milkanı Knapsa nişan verən Dubov dedi:

- Bunun tayı-bərabəri tapılmaz! Mi-sil-siz it-dir bu! Bir onun sifətinə baxın hələ! Təkcə sifəti nəyə desən, dəyər! İtlərdən başı çıxmayan birisi təkcə sifətinə görə buna iki yüz rubl sayar! İnanmırsınız? Onda siz bu məsələlərdən heç nə anlamırsınız…

- Anlamağına anlayıram ey, ancaq…

- Bu ki setterdir, həm də safqanlı ingilis setteridir. Duruşu gözəldir, iybilmə hissinə isə… söz ola bilməz! Heç bilirsiniz küçük ikən bu Milkanı neçəyə almışdım mən? Yüz rubla! Dəh-şət it-dir! Çox-bil-miş-dir bu Milka! Ax-maq-dır bu Milka! Haydı, gəl, gəl yanıma... sevimli itim mənim…

Milkanı özünə tərəf çəkən Dubov itin qulaqlarının arasından öpdü. Bu ara gözləri də yaşardı onun.

- Yo-o-ox, səni heç kəsə vermərəm… gözəlim mənim… şeytanım mənim. Sən də məni sevirsən, eləmi, Milka? Sevirsən?.. Haydı, get, oyna! – deyə poruçik səsini yüksəltdi. - Tozlu pəncələrinlə də mundirimi kirlətmə! Hə-ə, Knaps, küçük ikən buna düz yüz əlli rubl vermişdim mən. Amma o pula dəyərmiş! Bircə şeyə heyfsilənirəm ki, ova getməyə vaxt tapmıram da! Bu itdən yetərincə yararlana bilmirəm, bütün bacarıqları zay olub, gedir… Elə bu səbəbdən də indi onu satmaq istəyirəm. Alın onu, Knaps! Ömrünüz boyu mənə duaçı olacaqsınız! Əgər üstünüzdə o qədər pul yoxdursa, lap yarı qiymətə də verərəm onu… Əlli rubla alın! Qamarlayın, getsin!

Knaps köks ötürdü:

- Yox, qardaş… Əgər bu Milka erkək olsaydı, bəlkə o halda onu satın alardım, yoxsa…

Poruçik heyrətləndi:

- Bəyəm Milka erkək deyil ki? Knaps, siz nə sayıqlayırsınız? Milka… erkək deyilmiş! Ha-ha-ha! Yaxşı, bəs elə isə o hansı cinsdəndir? Bəlkə qancıqdır? Ha-ha-ha… Əcəb adamsan, vallah! Hələ də erkəyi qancıqdan ayırd eləyə bilmirmişsən!

Knaps incidi:

- Elə danışırsınız ki, guya qarşınızdakı ya kordur, ya da ki bir əl uşağı… Əlbəttə ki, o – qancıqdır!

- Onda şükür eləyim ki, siz mənim özümü qadın saymırsınız! Eh, Knaps, Knaps! Özünüz də texniki təhsil alıbsınız! Yox, canım-gözüm, bu it həqiqi və safqanlı erkəkdir! Həm də hər hansı erkək it onun dırnağına da dəyməz… Siz isə deyirsiniz ki, o… erkək deyil! Ha-ha-ha…

- Bura baxın, Mixail İvanoviç, niyə məni… axmaq yerinə qoyursunuz ki? Xətrimə dəyirsiniz, axı..

- Yaxşı, yaxşı, almırsınız, almayın, özünüz bilərsiniz… Sizə dərd anladandadır günah! Bir azdan durub deyəcəksiniz ki, onun quyruğu da beşinci ayağıdır… Nə isə. Mən sizin xeyrinizi istəyirdim. Vaxrameyev, bizə konyak gətir!

Denşik (zabitin xidmətində duran əsgər – A.Y.) masaya təkrar konyak gətirdi. Həmsöhbətlər qədəhlərə konyak süzüb, fikrə daldılar. Sonrakı yarım saat sükut içində keçdi. Baxışlarını içki şüşəsindən ayırmayan poruçik nəhayət, sükutu pozdu:

- Ola bilsin, bu it dişidir… Qəribə burasıdır ki, bunun özü də sizə əlverişlidir. Sizin üçün küçük, bəlkə də bir dəfəyə dörd küçük doğa bilər o… Balalarını da rahatlıqla satacaqsınız. Erkək itlərə niyə belə maraq duyduğunuzu heç cür anlaya bilmirəm, düzü! Dişi itlər onlardan min kərə yaxşıdır. Dişilər sahiblərinə daha çox bağlanır, daha şükürlü olurlar, biləsiniz! Yox, əgər siz dişi cinsdən bu dərəcədə qorxub-çəkinirsinizsə, onda iti sizə iyirmi beşə də sataram.

- Yox, qadası… mən ona qara qəpik də verən deyiləm. Əvvəla, itə bir gərək duymuram, ikincisi də, pulum yoxdur.

- Bunu elə lap başdan söyləyəydin də. Milka, haydı, sürüş buradan!

Denşik süfrəyə qayğanaq gətirdi. Yeməyə girişən hərbçilər az vaxtda və kəlmə kəsmədən tavanı boşaltdılar. Dodaqlarını silən poruçik dedi:

- Hə, Knaps, siz canlara dəyən, əsl cayılmışsınız. Sizdən elə-belə ayrılmaq hec içimi açmır, düzü... Bilirsiniz nə var? Gəlin, o iti sizə peşkəş eləyim!

- Qadası, mən onu harada saxlayacam, axı? - deyən Knaps köks ötürdü. - Ona baxacaq kimim-kimsəm var ki mənim?!

- Yaxşı, yaxşı, lazım deyil... lənət şeytana! Bir halda ki istəmirsiniz, mən də fikrimdən daşınıram... Hara gedirsiniz? Oturun bir az da!

Dartınaraq yerindən qalxan Knaps papağını da götürdü və əsnəyərək:

- Gecdir daha, salamat qalın, - dedi.

Dubov və Knaps əyin-başlarını geyinib, küçəyə çıxdılar. İlk yüz addımlıq məsafəni qət edənə qədər ikisi də susdu. Sonra poruçik sözə başladı:

- Bəlkə bu iti verə biləcəyim birisini təklif edəsiniz? Uyğun bir tanışınız-filan var bəlkə? İti özünüz gördünüz: yaxşı və cins heyvandır, sadəcə mənə gərək deyildir!

- Nə deyim, qadası?.. Mənim buralarda tanış-bilişim nə gəzir?!

Ta Knapsın qaldığı evə çatana qədər onlar bircə kəlmə də kəsmədilər. Ayrılanda Knaps poruçikin əlini sıxıb, pələdin qapısını açdı. Hələ də tərəddüd keçirən Dubov boğazını arıtlayandan sonra ondan soruşdu:

- Buradakı dəri soyanlar, siz bilən, əhalidən it qəbul edirlər, ya yox?

- Hər halda qəbul edərlər... Dəqiq deyə bilmərəm.

- Onda günü sabah Vaxrameyevi oraya göndərərəm... Qoy cəhənnəm olsun, getsin, dərisini soysunlar o itin... O yaramaz itin! O zəhlətökən itin! Otağı pis günə qoymağı azmış kimi, o əclaf dünən mətbəxdəki ətin də hamısını basıb, yeyib... Düzdür ey, cins itdir-filan, ancaq özünü elə aparır, deyərsən ki, bu, həyət itiylə əsl donuzun mələzidir. Gecəniz xeyrə qalsın!

Knaps dilləndi:

- Xeyrə qarşı!

Pələdin qapısı çırpılınca, poruçik yalqız qaldı.

https://www.facebook.com/azadyasharofficial

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020