writer1

Ömər Xəyyam

Məqalə sayı

42
clock13:34 calendar-gray 22 Avqust 2014 view-gray3166 dəfə oxunub
view-gray3166 dəfə oxunub

Toy-nişandır bu dünyanın əzabı...

Qəribə adətlərimiz var, vallah. Bu mövzulara dəfələrlə toxunulub, dəfələrlə müzakirələr aparılıb, amma çi fayda...

Başlayaq elə sünnət toylarından. Yenə indi lazerlə baş tutur bu əməliyyat. Əvvəllər ülgücünü götürüb gəlirdi bığıburma bir əmi. Elə bil toyuq başı kəsməyə gəlib zalım. Kim idi sənin gözyaşına baxan? Elə uşaqlar var idi ki, qorxudan qaçıb toyuq hinində, tövlədə gizlənirdilər. Ola bilər tibbi nöqteyi-nəzərdən xeyirlidi, amma, psixoloji tərəfləri var bu məsələnin. Qorxu elə bir hissdi ki, dərin izlər buraxır insanın həyatında. Epilepsiya, sarılıq kimi xəstəliklər yaranır qorxudan, travma alır insan. Razılaşmamaq da olmur. Pis baxırlar adama. Erməni deyirdilər bir vaxtlar sünnət olunmayan uşaqlara. Məhəllə camaatı, qohumlar bu situasiyanı elə psixoloji formada yeridirlər beyinə bunu peşəkar psixoloq da bacarmaz. Elə o gündən də namus, əxlaq səviyyəsinə qalxır cinsiyyət. Əgər bu artıq idisə niyə yaradılışdan var axı? Məsələnin başqa tərəfləri də var.

Sünnətdən sonra bir qız paltarı da geyindirib uzandırırlar yatağa səni. Əmilər, dayılar, qonşular gəlir, balıncının altına pul da qoyurlar. Pula görə göz aldanır, ağrı unudulur. Xəyallar qurursan, arzu düzəldirsən bu görüntüdən. Ovcunda sıxıb saxladığın velosiped, oyuncaq maşın arzuları. Sabah əlini atırsan ki , balıncın altında qəpik-quruş qalıb. Sonradan məlum olur ki, dünənki məclisin təşkili üçün mağazadan nisyə alınmış içkilərin borcunu ödəyib atan. Bu da ikinci travma. Bu da bir yana.

Ananın eltisinin baldızı da gəlir bu məclisə, atanın sinif yoldaşının müdiri də. Məclisin adını da qoyurlar “ filankəsin kişi olması məclisi” . Bu mənasız və dəxlisi olmayan adamları da atan çağırıb ki, pul yığsın. Qəribə millətik, kimə təsadüfən salam versən, sabah səni qardaşı oğlunun sünnət toyuna dəvət eləyir. Öz toyundan on bir ay keçib, indi də oğlunun sünnət toyudu. İnanın ki, islami dəyərlər, tibbi məqamlar düşünülmür adətən bu məqamda.

Toyda yığılacaq puldu əsas məsələ. Adamlar var ki, sırf sünnət toyundan pul yığsın deyə evlənir, onun da təsadüfdən qızı olur. Guya sünnət olunmayanların nəyi əksik olur bizdən? Sünnət prosesində aldığımız travmanın fərqinə varmadan böyüyürük.

Qohumların, valideynlərin “sevdiyi” qıza aşiq oluruq. Hansısa toyda oynamağından zövq aldığımız bir qız da ola bilər bu. Böyük toy məclisi qurulur. Üzün mütləq qırxılmalıdı, kostyumda olmalısan, ən azından qollu ağ köynək olmalıdı əynində, qalstuk da mütləqdi. Bəlkə də elə bilirlər ki, kostyum, qalstuk olmasa uğurlu ailə alınmayacaq. Laklı ayaqqabılar, xüsusi saç düzümü. Gəlinin bəzədilməsi ən azı paltarı ilə bir yerdə iki-üç min manat arası dəyişir. Gözəllik evlərində xüsusi gəlin “priçoskası” var ki, əlavə şirinlik dəyərini saymasaq, yüz manata başa gəlir ən ucuzu. Bütün bu xərclər o qədər mənasızdı ki, bu qədər pula uzun müddət dünyanın maraqlı yerlərində sevdiciyinlə yaşaya bilərsən.

Toydakı proseslərdən o qədər yazılıb ki, çox uzatmaq istəmirəm. Bir-iki məqama toxunub keçirəm bu məsələni. Bir də görürsən əmilər oynayır, bibin də o tərəfdən qaça-qaça gəlib sarılır qardaşının boynuna, duz kimi yalayır. Kameraya düşməsinə də xüsusi diqqət eləyir. Eltilər bir-birini elə qucaqlayır ki, elə bil doğma bacıdılar. Gəlinlər qaynananın əlindən tutub oyuna dəvət eləyir, o üzünə-bu üzünə öpücük qondurur. Toyun sabahısı elə bil tanımırlar bir-birini vallah. O bunun qeybətini eləyir, bu onun qeybətini. Həmişə toyda oynayanları qınamışam. Nədi axı bunun hikməti, məntiqi? Musiqiçilər heyvagülü rəqsi ifa eləyir bəyin sinif yoldaşı nəlbəki rəqsi oynayır. Ümumiyyətlə rəqs eləməklə oynamaq tamamilə fərqlidi. Toylarda adətən oynayırlar. Davalar düşür bu oynamaq üstündə ki, bəs sən mənim sifarişimə girmisən, yarırlar bir-birinin başını. Dingiş tamadalarımız da ki, “like” dilənçiləri kimi mənasız “ status” yazır ancaq toylarda. Söz verilir bəyin sinif yoldaşlarına, indi isə tələbə yoldaşları buyursun, gəlib xələt versin əsgər yoldaşları. Sonra iş yoldaşları, kurs yoldaşları. Hələ bunun əmisi var, dayısı var, əmioğlu, bibioğlu- nəhayət var-yoxu danışır. Hamısı da eyni sözləri deyir vallah. Sonra hörmətli qız evi və qız evinin var-yoxu. Sondakı “ diskoteka” musiqiləri lap atamı yandırır da mənim.

Keçən dəfə bir toydayam. Bəyin tələbə yoldaşı “ diskoteka” zamanı ayaqqabılarını çıxardı-ayaqlarının iyindən gözlərim yaşardı. Musiqiçilər də ara-qarışdıda nə gəldi eləyirlər də. Not bilmir, ritm bilmir. Qarabağ şikəstəsini elə oxuyurlar, durub oynamağı gəlir adamın. Yeməklər, içməklər dizdən olur. Bu qədər israfa neçə ac ailə dolanar, vallah. Çox məqamları keçirəm, çox mənasızdı.

Atamın tələbə yoldaşının mənim toyumda nə işi var a kişi? Bir də valideynin hər dəqiqə qaçıb pul yazdıranların siyahısına baxmağı var. Ürəyi qopur yerindən ki, bircə qurtarsaydı, ziyan olmasın, “başa-baş” olsa yaxşıdı. Hələ axşam bunun yengəsi var ki, bu məsələni birbaşa keçirəm, səhər gəlinin üzəçıxma mərasimi var, çıxıb hamıyla bir-bir görüşür, gecənin necə sonlandığını “əhvalat” eləyir. Birdən toydan sonra bu cütlüyün qohumlar arasında bir-birlərinə yaraşıb-yaraşmamağı qeybətindən əlavə hörmətləri olur, şirinliyi olur. Bir gün əmi qonaq çağırır, bir gün dayı, az müddət sonra borc istəyirsən tanımır, o əmilər, dayılar...

Bu prosesi xarakterizə elədikcə o qədər mənasız məqamlar çıxır ortaya ki, uzatmaq istəmirəm məsələni. İnsanlar xoşbəxtliyi bahalı toy məclislərində, gəlinlik paltarının qiymətində, yengənin xüsusi təcrübəli olmasında axtardıqca o qədər kiçilirlər və o qədər bədbəxt olurlar... Nəhayət ölür insan. Dəfn mərasimi bir başqa yazının mövzusudu. Bu mərasimlər elə səviyyədə keçir ki, durub ölməyi gəlir adamın. Xoş avazlı mollaları ilə, süfrədə kivi-bananı ilə, sinə daşındakı mərmərin əyarı ilə bir başqa maraqlıdı bu mərasim. Bu Yasamal qəbiristanlığında hər bayramda qəbirlərin üstünə doğmaları bayram payı qoyurlar. Uzaqdan baxanda elə bil yarmarkadı. Xiyardan tutmuş şəkərburaya qədər. Uşaq vaxtı oğurlayıb gətirirdim evə-ləzzətlə yeyirdim. Ölülərin doğum günlərində isə xüsusi təamlar olur. Qınayan olmasa o qəbiristanlıqla dolanmaq olar, vallah. Həmişə əmioğlu deyirdi ki, hamısını götürməyək, ölüyə də pay saxlayaq. Bir dəfə Novruz Bayramında yenə getmişdik “bazarlığa” . Bir qəbrin üstündə hər şirniyyatdan vardı. Bir molla da ərəbcə nə isə mızıldanırdı qəbrin üstündə. Yaxınlaşdıq ki, götürək, məlum oldu ki, molla əmi, ölənin dayısı oğludu. Baş daşındakı tarixdən bilinirdi ki, mərhum yetmiş iki yaşında rəhmətə gedib. Yığışdırdıq hər şeyi, bircə dənə paxlava saxladıq. Yola düzəlmişdik ki, molla oxuduğu kitabı yarımçıq qoyub saxladı bizi :

- Rəhmətliyin dişləri yox idi bala, paxlavanı götürün, halvanı saxlayın- dedi.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021
Əfqanıstanla mədəni əlaqələr qurulur: Nazir səfirlə görüşüb
10:17 09 Aprel 2021