Dedim hələ evlənməmişəm. Əmi yaxşıca “oxşadı” məni, amma, bu son cümləsi ilişdi qaldı boğazımda – “ oğlan evlənəndə kişi olur”.
İnsanlar arası bütün münasibətlər özünə faydaya köklənir. Tanıdığın bütün insanlar səninlə, başqaları ilə şəxsi faydaları üçün münasibət qurublar. Sən özün də beləsən. Dəqiq bilirəm oxuya - oxuya ürəyində “mən təmənnasız , faydasız qurmuşam hər münasibəti”-deyirsən. Məsələnin maddi tərəflərini nəzərdə tutmuram, ola bilər ki, bir dostunla aranızda heç bir maddi təmənna olmasın, amma, mənəvi faydan mütləq olacaq.
Olmamağı absurddu. Əgər düşünürsənsə ki, yoxdu – niyə o zaman mənimlə yox, sırf onunla dostluq edirsən? Cənnətə, cəhənnəmə inanan hər bir insan Allahı ya cənnətə düşmək üçün , ya da, cəhənnəm qorxusundan dolayı sevir əslində. Elə bu özü gələcək həyatın sığortasıdı, sənin özünü düşünməyindi. Allahın fonunda dolayısı yolla özünə sevgidir. Heç kim özündən çox sevmir, ay tövbə. Sən mənim anamı öz anan qədər sevə bilərsənmi? Əlbəttə, sevə bilməzsən. Halbuki, o sənin anandan daha çox zəhmətkeş, özünü fəda eləmiş biridi. Deməli sən analığı yox, bu məqamı yox, öz ananı sevirsən təkcə. Axı öz ananda bir sən varsan? Bax, sən elə həmin o “səni” sevirsən.
Əslində mən bir oğlan dostumla yeyə, içə, əylənə bilərəm. Dünya turuna çıxarıq, bir evdə qalarıq, kinoya gedərik. Amma, cinsi istəklərimizdən dolayı, yollarımız ayrılacaq. Qız ehtiyaclarımız ortaya çıxır bu məqamda. Axı istədiyim yoxdu dostumda? Qadına bioloji tələbatdan dolayı yaranan istək...
Sənin canına and olsun ki, bu istək bioloji tələbatdı. Bir kişi cinsli adını sevgi qoyduğunuz mənasız münasibətin tərkibində olan ehtiras məqamından başqa hər şeyi eləyə bilər bir oğlanla, elə qızlar da eləyə bilir bunu. Hörmət, diqqət, dünyagörüşü, təfəkkür-düşüncə, hobbiləri, həyat tərzi, dinlədiyi musiqilər, baxdığı filmlər, geyimləri sənin düşüncənə sinxron olan öz cinsindən biri ilə ehtirasdan başqa nə ayıracaq səni?
Evlilik məsələsinin kökündə də bioloji tələbatın özü dayanır. Neçə il bütün çılğınlıqları elədiyin, pozitiv enerji aldığın, həyatın dadını çıxardığın biri ilə evlənirsən. Zaman-zaman bu münasibət adiləşir, kobudlaşırsan, hələ, hələ maddi problemlər də çıxa ortaya. Əvvəlki hisslərdən əsər-əlamət qalmır. İndi sevmirsən, sadəcə doğmalaşırsan. Qayğına qalır axı, qabağına yemək gətirir, paltarını yuyur. Bu doğmalıq zamanla ona qarşı ehtirasını da öldürür. Daha bir müddət sonra sadəcə uşağının anası statusunda olur... Evlilikdən öncə anbaan telefonunu izləyirsən, yoxlayırsan. Evlilikdən bir müddət sonra telefonuna baxmağa da həvəs qalmır, maraqlı olmur sənə. Amma qadında kişidən daha uzun müddət qalır bu telefon yoxlamaları . Bir uşaq da “düzəldəndən” sonra bütün hörmətlər, diqqətlər uşaqdan dolayı baş verir. İmkan düşən kimi başqa qadınlar, mesajlar, əyləncələrə meyl. Uzun müddət orqazm olmayan qadın da sənə qarşı aqressivləşir, soyuyur. Ən çoxu dost münasibəti davam edir növbəti mərhələlərdə. Təsəvvür elə ki, hər gün müəyyən qədər pul verirsən, bahalı paltarlar alırsan qadınına. Amma bir başqası da var həyatında. İnan ki, qadının səni yataqda çözəcək. Aktyorluq elədiyin mütləq aydın olacaq. Bu yataq ki var, orda qadın çox güclüdü.
Əziz bacılar, nəzərə alın ki, ərə getməklə, evlənmək arasında böyük fərq var. Ərə gedərsən arvad olarsan, kirayələrdə yaşayarsan, yada, dədə evində. Evlənərsən, ayrı evdə cütləşərsən, sözüm onda yox. Bu zadın adını taa babalar evlənmək qoyub. Sözün kökündə ev dayandığı kimi, məsələnin özü də evlə bağlıdı. Ərə gedib arvad olmaqdansa, evlənin xanım olun. Əsas məsələ bizim cinsdədi. Kişi olmaq rahatdı, amma, ər olmaq çətin. Hər kişi ər olmasa da hər ər olan kişidi. Bir xanımla ailə qursan, ər olmağa məcbursan, arvad alanda kişi olsan yetər. Sevginin bioloji tələbat və ya hiss olduğunu fərqləndirə bilməyən camaatımız, arvad almaqla, evlənməyin fərqini də bilmir. Faciə budur ki, bacılarımız da bilmir ərə gedir, yoxsa evlənir. Nə mənası var axı ailə qurmağın? Karyera qurun, çərçivələməyin özünüzü. Qadınlara da aiddi bu təklifim. Sərbəst münasibət qurun istədiyinizlə, kölə etməyin özünüzü, uşaq “düzəltmək” də çətin deyil vallah. Rəsmi nikah bağlamaq əslində dövlətə kiminlə yatıb-durduğumuzun kağızla, imzayla təqdim və təsdiq olunmasıdı. Hələ toyu demirəm. Toya xərclədiyin pulun yarısını götür, sevdiciyini də vur qoltuğuna, get xarici ölkələrin birində istirahət elə, ən azından rayonlarımıza səfər elə qayıt gəl.