28 Mayda da olmayan ədəbiyyat

28 Mayda da olmayan ədəbiyyat
25 iyul 2014
# 10:57

Mirmehdi Ağaoğlu

Çingiz Mustafayevin sözü olmasın, dünən “28 May”-dan, Sahilə, Sahildən Füzuli meydanına qədər 8-9 köşk gəzdim, amma rastıma normal jurnal-qəzet satan bir dənə köşk çıxmadı.

“Yazı” jurnalının növbəti sayını axtarırdım. Bu sayda bir-birindən maraqlı yazılar var. Birini deyim. Əkrəm Əylislinin yeni povesti çap olunub. O qədər köşk gəzdim. Biri də demədi ki, bizdə o jurnal var.

Tutalım mən ədəbiyyat adamıyam, mənə bu jurnal lazımdı deyə məcbur qalıb köşkləri gəzirəm. Bəs sıravi oxucu necə, o bu əziyyətə qatlaşarmı? Yox. İkincisi onu heç belə əziyyətə salmaq da olmaz. Bu nə ədəbiyyat-mənəviyyat baxımından doğru olardı, nə də iqtisadi baxımdan.

Bir-iki yerdə o nəfis tərtibatlı, təmiz, gözoxşayan, cığalaya qoyulmuş “Kitabçı” jurnallarını gördüm. Vallah ürəyim ağrıdı. O cür gözəl jurnal köşklərin vitrinlərində sap sarı saralıb “qocalmışdı”.

Bir yerdə də “Azərbaycan” jurnalına rast gəldim, qulağı qatlanmış, üzü saralmışdı. Sanki min əldən çıxmışdı. Amma and içərəm ki, vitrinə qoyandan ona heç kim əl dəyməyib. Onu bu hala külək, yağış, günəş salıb.

Bir yerdə üstündə albalı çiçəyi olan bir jurnala rast gəldim. Maraqlı gəldi, dedim götürüb baxıb. İnan allaha, elə bil əl damında min ildi əl dəyilmiş bir əşyaya toxunmuşdum, əlllərim toz-torpağa batdı, üst-başım bulandı.

Hardasa bir ay qabaq Elçin Hüseynbəyli ilə “Ədəbiyyat qəzeti” ilə bağlı bir məsələni müzakirə edirdik. Cənab baş redaktorun qəzetə baxması lazım idi. Çox gülməli bir vəziyyət alındı. Həmin gün iş günü olmayan o boyda baş redaktor axşama qədər heç bir köşkdə öz qəzetini tapa bilmədi.

Vəziyyət bu qədər acınacaqlıdır. Ədəbiyyat sıxışdırılıb. Dar dalana dirənib. Bu ölkədə ədəbiyyat ancaq ədəbiyyatçılara lazımdır, onların ilgi alanındadır, o da ancaq dolanışıq üçün.

Qalanlarına isə... Toyda tamadanın tərif üçün bir-iki bənd dediyi şeir şəklində, ya da bir məclisdə sağlığın böyründə çərəz kimi verilən “ibrətamiz” hekayə şəklində lazımdır.

Yəni “Kabab üstən sərin su” kimi.

# 1531 dəfə oxunub

Oxşar xəbərlər

# # #