Nobelli yazarla Azərbaycanlı yazar bir layihədə

Nobelli yazarla Azərbaycanlı yazar bir layihədə
21 iyul 2014
# 12:51

“Eyni suallar” layihəsində dünyaca məşhur yazarların müsahibələrində cavablandırdığı sualların bir neçəsi azərbaycanlı yazarlara ünvanlanır. Bu dəfə Ernest Heminqueyin cavablandırdığı suallar yazıçı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədliyə ünvanlanıb.

- Xüsusi bir sual vermək istəyirəm: Yaradıcı bir yazıçı olaraq sizcə sənətinizin funksiyası nədir? Niyə həqiqətin bir təmsilçisi də, həqiqət özü deyil?


E.H:

- Bu sizi niyə çaşdırır ki? Olmuş olan şeylərdən, olan şeylərdən, bildiyiniz və bilməyəcəyiniz hər şeydən istifadə edərək nə isə yaradırsınız. Yaratdığınız heç nəyi təmsil etmir. Həqiqi və canlı olan hər şeydən daha gerçək olan yeni bir bütündür. O, sizin həyat verdiyiniz bir şeydir və işinizi kifayət qədər yaxşı yerinə yetirsəniz sizi ölümsüz edər. Yazmağın səbəbi yalnız budur. Ağılınıza gələ biləcək başqa heç nə yazmağın səbəbi ola bilməz. Təbii ki, heç kimin bilmədiyi səbəblər də var ki, bu haqda bir şey deyə bilməm.

N.M:

- Həqiqət sərtdi, birüzlüdü və nə qədər təəccüblü olsa da, ümumi ictimai təfəkkür üçün lazımsız şeydi. Çoxları, xüsusən də, bizim dövrün adamları həqiqətin harada olduğunu və nəyi ifadə etdiyini çox gözəl bilirlər. Elə buna görə də onu qulaqardına vurub, özlərinə təsəlli üçün belə bir uydurma mühakimə yürüdürlər – “Hərənin öz həqiqəti var”. Bu cümləni ona görə tez-tez işlədirik ki, o, bizə əsl həqiqətdən yan keçmək, daha doğrusu, öz yalanımıza haqq qazandırmaq üçün lazımdır. Əsl həqiqət dediyim kimi birüzlüdür, hansı bucaqdan baxırsansa bax, onun yalnız bir üzünü görə bilərsən. İnsanın yaradıcı təfəkkürünün incisi olan ədəbiyyat həqiqətin sərt üzünü görəndə ondan çəkinmir, həmişə onun yanında dayanır və hərəkətsiz həqiqəti özünün sirli bədii boyalarına büküb zamandan-zamana, nəsildən-nəslə ötürür. Belə götürəndə ədəbiyyatı hardasa həqiqətin özü kimi qavramaq lazımdı.

- Özəl məlumatınız və ya təcrübəniz olmayan bir hadisəni təsvir etməyə cəhd edibsinizmi?

E.H:

- Bu, qəribə sualdır. Fərdi məlumat deyərkən vücud təcrübəsindən bəhs edirsinizsə, cavabım “bəli”dir.

N:M:

- Hazırda üzərində işlədiyim silsilə hekayələrin əvvəlində bir oyun qururam, təkcə kompozisiya xətrinə yox, sadəcə özüm üçün də cəlbedici olduğuna görə. Məsələn, ölmək istəməyən, heç vaxt ölüm haqqında fikirləşməyən və mənim təsəvvürümdə ətalətin prototipi olan qoca bürokratın cavan bir oğlan tərəfindən təsadüfən öldürülməsi oyunu... Mən bu cinayətin həm yeganə şahidi, həm də ətalətin qənimi kimi bundan zövq alan yeganə adam oluram. Bəs sonra nə baş verəcək: qətlin motivi mənə aydındı, bəs sonrası? Oyuna davam elədikcə bu vaxta kimi qarşıma çıxan çoxsaylı sualların əksəriyyətinə cavab axtarıram. Təbii ki, mən nəinki təcrübəli, heç yerli-dibli qatil deyiləm. Amma sadə insan, humanist yazıçı nə üçün ədəbiyyatda qatilə çevrilməlidir? Məsələnin qəribə və cəlbedici tərəfi də elə bundadır. Suallar qurtarmır, yeniləri yaranır. Beləcə oyun davam edir.

- Yazı yazanda bundan zövq alırsınız?

E.H:

- Çox.

N.M:

- Mən şükür edirəm ki, hardasa yazı yazmağı bacarıram. Əgər bunu vaxtında bilsəydim, tutaq ki, heç olmasa iyirmi il əvvəl, bəlkə də hər şey başqa cür olardı. Amma məsələnin o biri tərəfi var ki, iyirmi il əvvəl nə vaxtsa bu mövzuların məni narahat edəcəyini, özlərini mənə yazdırmaq istəyəcəklərini ağlımdan keçirməzdim.

- Yazı yazarkən həmin ərəfədə oxuduqlarınızdan təsirlənərsinizmi?


E.H:

- Coys “Uliss”i yazdığından bəri yox. O da əslində, təsir deyildi. Lakin o günlər bildiyimiz həqiqətləri ifadə etməyimizdə qadağalar vardı, hər bir söz üçün mübarizə apardığımız zamanlar idi. O əsərin təsiri hər şeyi dəyişdirməsi idi. Bizim çərçivədən xilas olmağımızı təmin etdi.

N.M:

- Yazmağa başlayanda heç nə oxumuram. Elə bir həddə gəlib çatıram ki, ürəyim heç nə istəmir, gözüm heç nəyi görmür. Belə dolub-boşalma vaxtlarında mənə yalnız siqaret və sakitlik lazım olur.

- Ədəbiyyatda ustadlarınız kimlərdir? Yəni ən çox öyrəndiyiniz, sizə öyrədən kimlərdir?

E.H:


- Mark Tven, Flober, Stendal, Bax, Turgenev, Tolstoy, Dostoyevski, Çexov, Andre Marvell, Con Donn, Mopassan, Kiplinq, Toro, Captain Marryat, Şekspir, Motsart, Quevedo, Dante, Virgil, Tintoretto, Hieronymus Bosch, Brueghel, Patinir, Goya, Giotto, Cezanne, Van Qoq, Gogen, San Xuan da la Kruz, Gungora... Açığı hamısını saymaq bütün günümü alar. Həm də həyatıma və əsərlərimə təsir edənləri saymaqdan çox, sahib olmadığım bir müdrikliyi gözə soxurmuş kimi görünərəm. Əslində bu klişe və ya darıxdırıcı bir sual deyil. Çox yaxşı, bir o qədər də ciddi sualdır. Adamın vicdanını araşdırmasını tələb edir.

N.M:

- Uzun siyahı çıxarmaq istəmirəm. Əsərlərini oxuyaraq özümü gördüyüm, dostlaşdığım yazıçılar var. Mən daha çox üslublardan, dəyərlərdən öyrənirəm. Əvvəl dostlaşdığım yazıçılar realist üslubun mükəmməl nümunələrini yaradıblar. Bir vaxtlar tənqidi realizmə aludə olmuşdum. Bu yazıçılar ədəbiyyatın, doğurdan da, nəyisə dəyişəcəyinə, daha doğrusu, gözəlləşdirəcəyinə inanırdılar. Yavaş-yavaş belə qənaətə gəlirəm ki, maarifçilik ədəbiyyatın böyük miqyasının hardasa ibtidaiyə yaxın formasıdır. Bu aclar və qullar, cahillər və qanmazlar dünyasını dəyişdirməyə ehtiyac yoxdu. O elə belə olduğu üçün gözəldi və polifonikdi, əksər vaxtlar sosial ədalətsizlikdən maraqlı mövzular yaranır. Ədəbiyyat kollektiv şüurun ibtidaidən aliyə doğru hərəkətində vasitə olmamalıdı. Əsas fərddir, insanın özüdür. Yəni sürünü yox, insanı dəyişmək lazımdı. Belə düşüncələr məni yavaş-yavaş absurda yaxınlaşdırır. Düşünürəm ki, absurd estetikası daha mükəmməldi, mürəkkəb və rəngarəngdi.

- Digər yazıçılarla yoldaşlıq etməyin intellektual baxımdan müsbət təsirinin olduğunu deyirlər. Bunun bir yazıçı üçün nə qədər əhəmiyyətli olduğunu düşünürsünüz?

E.H:

- Mütləq əhəmiyyətlidir.

N.M:

- Mən yazıçılara münasibətdə Folknerin mövqeyini bölüşürəm. Fermerlərlə atdan, itdən danışmaq daha yaxşıdı. Təsəvvür eləmirəm ki, kimsə kiminlə söhbət edəndən sonra İQ-sü artsın. Söhbət yalnız təəssürat yarada bilər. Yazıçı kitabla söhbətləşəndə, özündən əvvəl yazıb yaratmış adamlarla dostlaşanda nəsə qazana bilər.

- Yazıçı olmağa qərar verdiyiniz anı xatırlayırsınızmı?


E.H:

- Xeyr, mən həmişə yazıçı olmaq istəmişəm.

N.M:

- Sizə kim dedi ki, mən yazıçıyam?!

Zəruri qeyd: Ernest Heminqueyin bu müsahibəsi Kulis.Az saytında, Vüqar Qurdqanlının tərcüməsində dərc edilib.

# 3985 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #