Qabil Quliyev: “Hərbi xidmətimi kinoya çəkilməklə keçirdim”

Qabil Quliyev: “Hərbi xidmətimi kinoya çəkilməklə keçirdim”
18 iyul 2014
# 08:00

Mənim xəyalımda bir Kefli İsgəndər var. Uşaqlıq, yeniyetməlik çağlarımda televiziyada Lənkəran teatrının ifasında baxdığım “Ölülər” tamaşasındakı Kefli İsgəndər. Sonralar çox teatrlarda, çox Kefli İsgəndərlər gördüm, amma nədənsə ilk gördüyüm o, Kefli İsgəndər yaddaşımda daha dərin iz buraxmışdı. Ondan sonra heç Həsənağa Turabovun Kefli İsgəndəri də mənə həmin obrazı unutdura bilmədi.

Sonralar öyrəndim ki, mənim sevdiyim Kefli İsgəndərin, yaxud mənə Kefli İsgəndəri sevdirən aktyorun adı Qabil Quliyev imiş. Sorağına düşüb elə Lənkəran teatrında çalışdığını öyrəndim.

Uzun illər görüşüb onunla həmsöhbət olmaq arzumu həyata keçirə bilməmişdim. Nəhayət, bu yaxınlarda Teatr Xadimləri İttifaqının qurultayında tanış olduq. Beləliklə, aktyor Qabil Quliyevlə həmsöhbətik (Onu xalq artisti Nurəddin Mehdixanlının qardaşı kimi təqdim etmək istəmədim, sadəcə oxucuma bu informasiyanı da vermək istədim).

- Niyə məhz Lənkəran teatrı? Axı oralı deyilsiniz?

- Niyə də yox?! Düzdür, mən Astarxanbazarda (Cəlilabad) doğulmuşam. Amma vətənim Azərbaycandır. Vətənin isə o başı, bu başı olmur.

- Harda keçib uşaqlığınız? Ailə... Qardaş-bacı...

- Uşaqlığım dünyaya göz açdığım rayonun Tahirli kəndində keçib, mən də digər uşaqlar kimi kəndimizin gözəl təbiətinin bütün nemətlərindən bəhrələnib böyümüşəm. Kənd səkkizillik mətəbini oxumuşam. Orta məktəbi isə şəhərdə bitirmişəm. Anam müharibə illərində kənd uşaqlarına dərs deyib, yazı-pozu öyrədib, sonra isə evdar qadın olub. Atam müharibədən qayıdandan sonra müxtəlif vəzifələrdə çalışıb. Ailəmizdə valideyn-övlad münasibətləri olduqca ciddi idi. Ailəmiz çox böyük idi. Amma sayını demərəm. Biz göz götürmürük! (Gülür)

- Ciddi ailə və aktyorluq... Maraqlı gəldi...

- Həmişə məktəbdə tamaşalar hazılayardıq. Əsasən də C.Cabbarlının əsərlərini... “1905-ci il”, “Sevil”, “Almas”... Bəlkə də bu tamaşalar məni gətirib bu sənətə bağladi. Valideynlərim məni həkim görmək istəyirdilər.

- Amma siz İncəsənətə qəbul olundunuz?

- İncəsənətdən əvvəl mən Neft Sənayesi Məktəbini bitirmişəm, özü də fərqlənmə diplomu ilə... İncəsənətə imtahan verəndə isə, imtahan otağında professorlar Rza Təhmasib, Muxlis Cənizadə, xalq artistləri Əliheydər Ələkbərov, Şəfiqə Axundova, Əzizağa Quliyev və tanımadığım daha iki nəfər var idi. Kursu Ə.Ələkbərov qəbul edirdi. Sonralar bizə RzaTəhmasib də dərs dedi.

- Nurəddin Quliyev böyükdür, yoxsa siz?

- Kimin böyük olduğunu nə əcəb indiyə kimi Nurəddindən soruşmamısız?

- Demək istəmirsinizsə, deməyin. Ondan bir-neçə dəfə sizin koordinatlarınızı soruşmuşam, amma haqqınızda söhbət etməmişik. Başqa bacı-qardaşlarınız hansı sənətdədirlər?

- Digər qardaşlarımdan hərbçi olanlar da var, iqtisadçı olanlar da.

- Əyalət teatrında işləmək necədir?

- "Əyalət" kəlməsini çox təəssüf ki, bu gün ayrı mənada işlədirlər. SSRİ dövründə bu kəlməni bir kimsə işlətmirdi. Hamımız Şəki, Gəncə, Lənkəran deyəndə bu qədim tarixə malik şəhərlərimizlə qürur duyurduq. Bu gün isə əyalət deyə-deyə biganələşmiş, vətənimizin yaxınlarını ucqarlaşdırıb unutmuşuq. 123 ildən yuxarı yaşı olan bu sənət ocağında çalışmaqdan qürur duyuram.

- Vaxtilə sizi Kefli İsgəndər kimi tanıyırdı hamı... İndi necə?

- Məni oynadığım rolların adı ilə çox çağırıblar. Artıq yaşa dolmuşam deyə, cəsarət eləmirlər. Sadəcə salamlaşıb keçirlər. İndi daha çox söhbətə tuturlar, suallar verirlər.

- Oynadığınız rolları kütləvi tamaşaçının görməməsi sizi narahat etmir ki?

- Ümumiyyətlə, 41 il ərzində teatrda tamaşaya hazırlanmış əsərlərin 90 faizində müxtəlif rollarım olub. Hətta o tamaşaları bir çoxu ilə ölkə daxilində və xarici ölkələrdə qastrol səfərlərində olmuşuq. Sonuncu bir tamaşamız var - italyan dramaturqu Aldo Nikolainin "Dəmir sinif" əsəri... İstərdim ki, bu tamaşanı Bakı tamaşaçısına təqdim edək. Çox istəyirəm o tamaşanı hamı görsün.

- Mümkünsə, bir az da öz ailəniz barədə məlumat verin...

- Həyat yoldaşım müəllimədir, qızlarım pedaqoqdurlar.

- Deyəsən kino taleyiniz gətirməyib... Yəqin əyalətdə olduğunuza görə...

- Mən Lənkəran teatrına böyük kinodan gəldim. 1972-ci ildə orduya çağırıldım və düşdüm Moskvada Dövlət Kino Komitəsinin hərbiləşdirilmiş kino bazasına... İşimiz kino çəkilişlərində iştirak idi. 1973-cü ilin may ayının sonunda Bakıya çəkilişə gəldim. O vaxt "Səmt küləyi", "Nəsimi", "Qatır Məmməd" filmləri çəkilirdi... İşimizi qurtarıb gedəndə yoldaşlar təkidlə Bakıya qayıtmağımı istədilər. Mənə isə Moskvada iş təklif olunmuşdu. 1973-cü ilin noyabrında Bakıya qayıtdım, mənə heç kim yaxın durmadı. Getdim nazirliyə... O vaxt Məmməd Ziyadov birinci müavin idi, məni Lənkərana göndərdi ki, bir il orda işlə, sonra səni qaytararıq Bakıya. O bir il 41 oldu... Hələ də Lənkərandayam.

- Sonralar paytaxt teatrlarına can atmadınız?

- Mən hələ tələbə ikən Akademik Dram Teatrında çalışırdım. Ustadım Əliheydər Ələkbərov teatrın direktoru idi. Moskvadan qayıdanda o, artıq dünyasını dəyişmişdi. Mən artıq böyük teatda olmuşam.

- Son vaxtlar seriallara çəkilirsiniz, ürəyinizcədir bu?

- Müstəqilliyin ilk illərində Azərbaycan teatrına, kinosuna elə zərbələr vurdular ki, dağıdıb məhv etdilər. Çəkilən seriallara peşəkarları yaxın buraxmadılar, məqsəd bəlli idi. Əgər bu gün vəziyyət düzəlməyə doğru gedirsə, demək hələ hər şey itirilməyib. Sadəcə çəkilən serialların əvvəlcədən ssenarilərinə ciddi yanaşılmalıdır. Bu gün çəkilişlərə vəsait verilir, sadəcə səviyyəni yüksəltmək üçün normal şərait yaradılmalıdır.

# 3558 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #