Matka - HEKAYƏ

Matka - HEKAYƏ
15 iyul 2014
# 15:12

Etgar Keret 1967-ci ildə Tel-Avivdə doğulub. 40-dan artıq hekayəsinə film ssenarisi yazılıb, animasiyadan müstəqil kinoya və televiziyaya qədər fərqli layihələr həyata keçirib. Çağdaş prozanın ən yaradıcı və orijinal simalarından sayılır.

Keret fantastika-reallıq arasında gedib-gələn, oyunbaz, insani və duyğusal hekayələr yazır. Kitabları 29 dilə çevrilib və bütün dünyada marağa səbəb olub. Keret, 2010-cu ildə Fransa Mədəniyyət Nazirliyi tərəfindən kültür-sənət sahəsindəki işlərinə görə Şevalye ordeni ilə təltif olunub. “Biləkkəsənlər” və Kann Film Festivalında “Altın Kamera” ilə SACD ssenari mükafatına layiq görülən “Jellyfish” filmlərinin də ssenaristi olan bu gənc yazıçı Ortadoğunun ən parlaq imzası hesab edilir.

Kulis.Az Qismətin tərcüməsində Etgar Keretin “Matka” hekayəsini təqdim edir.

On beşinci ad günümdə anama xərçəng diaqnozu qoydular, həkimlər dedilər ki, matkasını əməliyyatla götürmək lazımdır. Kədərli gün idi. Hamımız atamın “Subaru”suna minib xəstəxanaya getdik və həkim gözü yaşlı əməliyyat otağından çıxana qədər gözlədik. Həkim əməliyyat maskasını çıxararkən dedi: “Ömrümdə belə gözəl matka görməmişəm. Özümü qatil kimi hiss edirəm.”

Doğurdan da anamın matkası çox gözəl idi. O qədər gözəl idi ki, xəstəxana onu muzeyə bağışladı. Şənbə günü sırf buna görə muzeyə getdik, dayım matkanın yanında şəklimizi çəkdi. Atam artıq ölkədən getmişdi. Əməliyyatın səhəri günü anamı boşadı. Alyaskaya uçan təyyarəyə minməmişdən qabaq qardaşımla mənə dedi: “Matkasız qadın olmaz. Qadın olmayan bir qadınla yaşayan kişi də kişi deyil. Böyüyəndə başa düşərsiz”.

Anamın matkasının sərgiləndiyi otaqda işıqlandırma yox idi. Otaqdakı yeganə işıq anamın matkasından gəlirdi; zərif bir işıq, gecə uçuşundakı bir təyyarənin içi kimi... Fotoaparatların işığı çox parlaq olurdu deyə, fotolarda pis düşürdü, amma yaxından baxanda, həkimin niyə ağladığını anlamışdım. Dayım matkanı göstərib demişdi: “Siz burdan çıxmısız. Şahzadələr kimi yaşayırdız orda, inanın mənə. Ananız nə dəhşət qadın imiş?!”

Axırda anam öldü. Axırda bütün analar ölür. Atam məşhur bir Qütb səyyahı və balina araşdırmaçısı oldu. Yatdığım qızların matkalarına baxanda, məni həmişə səhv başa düşdülər. Elə bildilər ki, ginekolojik asılılığım var, buna görə onlardan tez soyuyurdum. Amma qızlardan biri, sağlam bədənli bir xatun, mənimlə evlənməyə razı oldu. Uşaqlarımı tez-tez döydüm, özü də çağa vaxtlarından. Çünki ağlamaları əsəbimə toxunurdu. Düzünü desəm, çox tez ağılları başlarına gəldi, doqquz aylıqdan ağlamağı kəsdilər. Bəlkə də daha tez... Əvvəllər doğum günlərində nənələrinin matkasını görsünlər deyə, onları muzeyə aparırdım. Fəqət çox da məmnun qalmırdılar. Həm də ki, arvadım da babat əsəbiləşirdi. Yavaş-yavaş “Uolt Disney” filmlərinə meylləndik.

Bir gün maşınımı evakuator apardı, maşının dalınca getdim, avtopark muzeyin yerləşdiyi məhəllədəydi. Getmişkən muzeyə də baş çəkdim. Matka həmişəki yerində yox idi. Yan otaqlardan birinə köçürmüşdülər, köhnə fotolarla dolu bir otağa... Yaxından matkaya baxanda, üstündə yaşıl ləkələr gördüm. Muzeyin qarovulçusunu tənbeh etdim ki, niyə matkanın təmizliyinə riayət etmirlər. Çiyinlərini çəkdi. Muzey müdirinə dedim ki, əgər kadr çatışmazlığı varsa, matkanı özüm təmizləyərəm, hətta yalvardım. Dedi ki, personaldan başqa heç kim heç nəyə toxuna bilməz. Arvadım muzeyin 100 faiz haqlı olduğunu, hətta matkanın xalqa açıq yerdə, xüsusilə də uşaqların getdiyi bir muzeydə sərgilənməsini manyaklıq saydığını söylədi. Amma mənim ağlıma başqa heç nə gəlmirdi. Muzeyə gizlicə girib matkanı oğurlamasam və təmizliyinə özüm məsul olmasam, özümdən nəsə itirəcəyimə içdən-içə əmin idim. O gecə təyyarənin trapında dayanmış atam kimi, nə etməli olduğumu çox yaxşı bilirdim.

İki gün sonra işdən bir mini avtobus götürdüm, muzeyin iş vaxtı bitməmiş ora getdim. Otaqlar boş idi, amma kimsə qabağıma çıxsa da, məni dayandıra bilməzdi. Silah da götürmüşdüm, özü də, əla planım vardı. Amma problem başqaydı – matka itmişdi. Muzeyin müdiri məni görəndə, çaşdı, tapançanın lüləsini boğazına dirəyəndə, bülbül kimi cəh-cəh vurmağa başladı. Matka bir gün əvvəl Alyaskadakı bir xeyriyyəçinin xahişinə əsasən orda yerləşən bir mərkəzə göndərilibmiş. Alyaskaya gedərkən isə yolda Ekoloji Cəbhə Təşkilatının bəzi yerli üzvləri tərəfindən oğurlanıbmış. Təşkilat bir matkanın əsarət altında saxlanmasına etiraz olaraq mətbuat açıqlaması yaymış və matkanın öz yerində gözəl olduğunu bildiribmiş. Reuters agentliyinin fikrincə, bu təşkilat çox təhlükəli və radikal təşkilatdır. Təşkilatın lideri təqaüdə çıxmış balina ovçusudur və təşkilatını bir quldur gəmisindən idarə edir. Müdirə təşəkkür etdim, silahımı yerinə soxdum. Evə qayıdanda, yol boyu bütün işıqforlarda qırmız yanırdı. Güzgüylə arxanı gözləmədən yolumu dəyişdirib, maşını saxladım, boğazıma yığılan qəhər düyünündən xilas olmaq üçün. Anamın matkasını yamyaşıl, geniş bir tarlanın ortasında, sonra da delfinlərin üzdüyü bir okeanda sürüklənərkən təsəvvür elədim.

# 4760 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər