İŞİD qurbanlarına həsr olunmuş hekayə

İŞİD qurbanlarına həsr olunmuş hekayə
8 iyul 2018
# 14:01

Kulis.Az Mirmehdi Ağaoğlunun “İmamın şəkli” hekayəsini təqdim edir.

İŞİD qurbanlarına

Baltanı bu dəfə ağac kökünə yox, qarsımış torpağa sapladı. Qollarının gücü-qüvvəti tamam çəkildi. Çömbəldi və sustalıb yerə çökdü. Güc-bəla əl atıb bir az aralıda, boğçanın üstünə qoyduğu buxara papağın içindəki “Astra” qutusundan papiros çıxardı. Kibrit çəkib yandırdı. Bir qullab vurandan sonra hər iki dirsəyini dizlərinə dayayıb qollarını irəli açdı. Gözlərini uzaqlara, lap uzaqlara – Kürün o biri sahilinə dikdi.

Evi çox aralı olmasa da - bəndin üstünə çıxsan görünərdi - yarım saat əvvəl elə burdaca, Kürün sahili boyu uzanıb gedən yulğunluqda namazını qılmışdı. Səhər odun qırmağa gələndə tədarükünü görmüş, canamazını da özüylə götürmüşdü. Bəlkə burda, adamlardan uzaqda şeytan qəlbinə girməyə, sidq-ürəklə namazını qıla.

Lənət şeytana, yenə səcdəyə gedəndə o şəkil gəlib gözünün önündə durmuşdu. Daha qıldığı namaz ürəyinə sinmirdi. Buna görə neçə gündü gözünə yuxu getmirdi. Nə yediyini bilirdi, nə içdiyini. Özünü müşriklərə tay tuturdu.

Namaz qılmağı uşaqkən atasından öyrənmişdi. O vaxtdan başına belə hadisə gəlməmişdi. Əllini haqlasa da heç əlli dəfə namazını qəzaya saxlamamışdı.

Bunu təkcə doğulduğu kənddə yox, qonşu kənd-qəsəbələrdə, ətraf rayonlarda da bilirdilər. Kolxoz sədrinə də, milis işçilərinə də, sahə müvəkkilinə də onun təmiz dindar olduğu bəlli idi. Namazı görüntü xətrinə qılmadığını, dini açıq şəkildə təbliğ etmədiyini, mollalıq edib pul-para qazanmadığını da bilirdilər. Ailəsini fəhləliklə dolandırırdı. Ocağına gələn nəziri də tanıdığı – bildiyi kasıb-kusuba verirdi.

İşlədiyi “Kürsəngi neft mədəni”ndə onun əsil-nəcabətinə bələd idilər. Nəslinin hörmət-izzətinin üstünə özü də az hörmət gətirməmişdi. Ona görə kəndə o sirli şəkil gələndə əvvəlcə ona xəbər verdilər.

İşdən qayıdan Ağa darvazadan girən kimi böyük qız həmişəki çevikliklə quyu başına qaçmışdı. Evdə olan o biri uşaqlar isə adəti üzrə qabağına qaçıb görüşmüşdülər. Aşxananın qabağındakı stulda oturanda qızı krujka ilə su tökmüş, əl-üzünü, qurumuş çay yatağı kimi cadar-cadar olan boyun-boğazını yumuş, ayaqlarını sərinlətmişdi. Kiçik qız isə radioda İranı tutub azana səs vermişdi.

Qabağına qoyulmuş taburetkanın üstünə süfrə sərilmiş, stəkan-nəlbəki, qənddan düzülmüşdü. Pürrəngi çay da hazırdı.

Azan vaxtı yetişəndə qalxıb dəstəmaz almışdı. Aşxanaya keçib namaz qılandan sonra mal-qaranı farağatlamağa getmişdi.

Arvadı ilə böyük oğlanları evdə yoxdu. Çöldə, kolxoz sahələrində işləyirdilər.

Ev əhli yığılandan sonra aşxanada şam edəcəkdilər.

Darvaza döyüləndə axşam yeməyi çoxdan yeyilmişdi. Aşxananın yerində mütəkkəyə söykənib “Vremya”ya baxırdı. Gələn briqadir Ağahüseyn idi.

Çıxıb həyətdə talvarın altındakı masanın başında oturdular. Əvvəl kənddəki vəziyyətdən, kimlərin çöldə işləyib, kimlərin işdən yayınmasından, sədr Nuruş Əliyevin təzə təyinatlarından, kolxoz sahəsindən yonca oğurlayanları asıb-kəsməsindən, Brejnyevin son çıxışından, beynəlxalq vəziyyətdən, Amerikanın imperialist siyasətindən, Əfqanıstandakı gərginlikdən, İranda şah rejiminin laxlamasından danışdılar. Masa başında ikisi qalanda Ağahüseyn astadan dedi ki, Məşədi Mehdi oğlu Məmməd bir iş üçün onu çağırıb. Tapşırıb ki, gecəyə buyursunlar. Ağahüseyn vacib məsələ olduğuna eyham vursa da, ətraflı heç nə danışmadı.

Təəccüblü deyildi. Kənddə dolaşıq iş olanda, kimsə küsəndə, kimsə qızının elçilərinə tərəddüd edəndə, qızı qaçırılmış tərəf barışığa gəlməyəndə, borclular arasında münaqişə düşəndə Ağanı ağsaqqallığa çağırırdılar.

Kəndin kommunistləri, dindən uzaq düşməyə məcbur olmuş vəzifəliləri onun dini qərarlarına inanır, rahatlıq, təskinlik tapırdılar. Sanki, bununla öz dini borclarını yerinə yetirmiş sayırdılar.

Məmməd evdə tək deyildi. Şıx Qulam oğlu İnjiner Cəfər, bir də Kəblə Əhməd oğlu şofer Səməd də onlarda idi. Şüşəbənddə oturub samovar çayı içirdilər. Məmmədin yeniyetmə oğlu nəsə gözə dəymirdi. Adətən o, bu vaxtlar dostlarıyla dolaşardı. Arvadı təzə gələn qonaqlara çay süzəndən sonra kabus kimi qapıların birinin arxasına çəkilib yox oldu.

Süfrə başındakı söhbətlər kənddəki cari məsələlər barədə idi: kolxozdakı əkin-biçin, məhsul yığımı, suvarma, mal-qara və s. Bir azdan Məmmədin oğlu gəlib çıxdı. Şüşəbəndə qalxıb qonaqlarla salamlaşdı və üzünü atasına tutdu: “Mirsəttar əmi yoxdu, Bakıya qardaşını yoluxmağa gedib”. Məmməd oğluna razılıq edib öz otağına getməyi tapşırdı.

Kənddə sakitlik idi. Arabir çöldən əsən külək traktorların nəriltisini gətirməsəydi, deyərdin şüşəbənddəki beş nəfərdən başqa bütün kənd hüdudsuz qaranlıqda əriyib yox olub. Bir də bağçadan cırcıramaların səsi gəlirdi.

Məmməd söhbətə başladı:

- İranda vəziyyətin nə yerdə olduğunu bilirsiz. Şahın vəziyyəti pisdi, bu gün-sabah taxtdan salacaqlar. Astarada olanda Səmədə çox gizli bir şey ötürüblər. Deyilənə görə, bunu orda dindarlar hazırlayıb yayır. Səməd əvvəl qorxub, elə bilib, onu dolaşdırmaq istəyirlər. Amma adamlarla söhbət eləyəndə görüb ki, agent-zad deyillər. Ona görə götürüb. Amanatı sizə göstərəcəm. Ağa, sən də baxıb fikrini deyərsən.

Məmməd danışa-danışa əlini pencəyinin döş cibinə aparıb dəsmal çıxardı, stolun üstünə sərdi, içindəki pasportun arasından əmanəti götürməmiş gözucu şüşəbəndə açılan qapılara baxdı, həyətə boylandı. Oğlu ilə arvadı öz işlərində idilər. Bəlkə də arvadı yatmışdı. Həyətdə şübhəli heç nə yox idi.

Pasportun arasından bir şəkil çıxartdı. Öpüb gözünün üstünə qoydu. Sonra Ağaya uzatdı: “Cəddinə qurban olum, bax, bu şəkil İmam Əlinindi. Deyilənə görə, onun haqqındakı məlumatlar əsasında xüsusi mütəxəssislər çəkib. Toçpatoç oxşadıblar. Deyiblər çoxaldıb yayın, paylayın müsəlmanlara.”

Ağa şəkli aldı. Üç dəfə öpüb gözünün üstünə qoydu. Şəkildəki adama diqqətlə baxdı. Dizinin üstündə Zülfüqar tutmuş möhkəm, sərt əllərdə nəzərlərini saxladı. Barmaqlarını ehtiyatla qılınca toxundurdu. Elə bil həqiqi Zülfüqara toxunurdu. Qılıncın iti ağzı indicə barmağını kəsəcəkdi. Əlləri titrədi. Məmməd söhbətin ardını danışırdı, onunsa gözləri şəkildə idi.

- İçimizdə bu şəkli saxlamağa ən layiqli adam sənsən, bilirəm. Amma sənə verib təhlükəyə atmaq istəmirəm.

- Nə danışırsan? Mənimçün şərəf olar.

- Çox təhlükəlidir.

- Allah özü kömək olar.

- İnşallah! – Məmmədin ardınca hamı təkrar elədi:

- İnşallah!

- Bir şey də soruşum, sən yaxşı bilərsən, islamda şəkil çıxarmaq haram sayılır, indi bizim bu şəkli çoxaltmağımız günah deyil?

- Vallah, nə deyim, özün dediyin kimi İslamda surət haramdı. Mənim təqlid elədiyim müctəhid Şəriətmədaridir. Onun da imamın və ya başqa müqəddəslərin təsviri barədə fikrini bilmirəm. Əgər İrandan göndəriblərsə... onlar bizdən çox bilərlər... – Ağa sözü çox uzatmadı, şəkli Cəfərə ötürdü. Cəfər şəkli alıb öpdü, köks ötürüb astadan dilləndi:

- Səməd, bunu sənə verəndə nəsə demədilər?

- Vallah, dedilər, çoxaldın. Ağa demiş, onlar bizdən çox bilir.

Cəfər başını geri çevirib kolxoz idarəsi tərəfə baxdı, sonra yenə masaya döndü. Kolxozun qırmızımtıl işıq saçan kərpic binasının xofu bədənini bürüdü. Sanki bina da güdmək, dinləmək gücünə sahib idi.

- Mən də belə fikirləşirəm. Əgər İranda məsləhət görüblərsə, deməli dinə zidd heç nə yoxdu. Bu, adi şəkil deyil, qurbanolduğum Həzrət Əlinin şəklidir. – Məmməd dedi. – Ağa, şəkil hələlik səndə qalsın, amma, sən allah, əmin yerdə saxla, heç kimə göstərmə.

- Narahat olma. – Ağa dedi.

- Sən də maraqlan, elə hamımız maraqlanaq görək, ağzıbötüv, imanlı bir fotoqraf tapa bilirikmi.

- Uzağa niyə gedirik? Fotoqraf Xalığa deyək. Öz kəndçimizdi. –Səməd dedi.

- Onun dədəsi 37-də donos verib Cəfərin atası Şıx Qulamı Sibirə göndərməmişdi? Bizi də satar, əclaf! – Ağahüseyn dedi.

- Öz atanı niyə demirsən, Ağaseyn? - Səməd birdən cuşa gəldi. – Sənin atan Salam bəyin güllələnməsində də Xalığın dədəsinin xidməti var.

- Məsələni çox uzatmayaq. Xalığın yükü deyil bu iş. – Məmmədin atasını da o illərdə güllələmişdilər, amma repressiya söhbətinə özü son qoydu. Ona qalsa, Səmədin atası Kəblə Əhmədi də o vaxt qolçomaq adıyla sürgün eləmişdilər. Hökumət gizli məclisdəkilərdən bircə Ağanın atası Seyidağa kişiyə dəyməmişdi. Hamı əmindi ki, bolşeviklər bütün mahalın nəzir verib cəddinə inandığı seyidi rahat buraxmayacaq. Lakin yenə də adam içinə çıxmaqdan qorxmurmuş.

Bir dəfə çölləmə Lənkərana gedirmiş. Yoldanca tutublar. İkicə gün qalıb içəridə. Birinci gün rəis qarınağrısına tutulub. İkinci gün praporşik qaça-qaça gəlib ki, komandir, evdə uşaqların, arvadın yerə uzanıb zarıyır, sancıları kəsmir. Kənd feldşeri nə qədər dərman yazsa da, əlac olmur. Praporşik kreslosunda sancıdan ikiqat olmuş rəisə deyir ki, qoca kişidir o, özü də ağır seyiddir, heç kimlə işi yoxdur, kimdi bizimlə onun “atçot”unu aparan, sınaq eləmirəm, amma balaların da yazıqdır. Evin yerində ikiqat olub zarıyırlar, bağırları çatlayır. Burax o qoca seyidi...

Ağa atasının möcüzələri barədə danışmağı xoşlamazdı. Əvvəla, belə şeylərlə öyünüb təşəxxüs göstərməkdən həya edərdi. İkinci, hökumətə qarşı lovğalıq eləmək olmazdı, 30-40 ilin qisasını oğlundan alardı. On iki nəfərlik ailə qalardı başsız.

Həyətə girəndə gördü ki, evin də, aşxananın da işığı sönüb. Bircə darvazanın üstündəki işıq yanırdı. Hamam evin dalında idi. Çəpər boyu sarmaşan qızıl güllər hamamın girişini cəngəlliyə oxşadırdı, küçədən evin dalı görünmürdü. Hamamın işığını yandırıb qapısı ağzında çömbəldi. Siqaret yandırdı. Əlini pencəyinin döş cibinə aparıb cib dəsmalını çıxartdı. Ehtiyatla açdı. Şəkli götürdü. Baxdı... baxdı... baxdı...

Hamamın içindən düşən işıq ancaq qapının yeri boyda hissəni işıqlandırırdı. Əli titrəyir, şəkil tez-tez qaranlıqda görünməz olurdu.

İmamın bir gözü uşaq gözü qədər məsum idi, digəri hökmlü və hirsli. Qılıncın qəbzəsini tutan əli qəzəblə sıxılmış, o biri uşaq başı sığallayır kimi qının üstünə qoyulmuşdu.

Şəkli tutan əlinin üstünə iki damla düşdü. Yağış deyildi... Ağlayırdı.

Sübh namazında şəkil göz önündən çəkilmədi. Səcdəyə gedəndə gəlib gözünün qabağında dururdu. Nə yaxşı ki, imamın şəklini gördü. O, özü dəfələrlə məclislərdə danışılan söhbətlər, nəql olunan əhvalatlar, hədislər zamanı, ta uşaq vaxtında atasından dinlədiyi rəvayətləri eşidəndə imamı gözünün qabağına gətirmişdi. O obrazlar da beləydimi görəsən, onun xəyalında canlandırdığı “imam”lar da şəkildəkinə oxşayırdımı? Yox! Şəkli görəndən sonra əvvəlki obrazlar çoxdan yadından çıxmışdı. İndi onların heç birini xatırlaya bilmirdi.

Həmin gün işdə zöhr namazı qılanda da eyni şeylər təkrarlandı. İmamın obrazı gözünün qabağından çəkilmədi. Namaz qıldıqca, hər dəfə səcdəyə getdikcə, gözünü yumub imamın rəsmini canlandırdıqca vəcdə gəlirdi, bəzən başını dəqiqələrcə qaldırmır, ağlayır, ağlayırdı...

Şəkil bir həftə idi ki, pencəyinin döş cibində idi. Cib dəsmalına büküb çərəkənin yanına qoymuşdu. Əvvəl-əvvəl şəkli üstündə gəzdirmək onu sevindirirdi, elə bilirdi şəkil nə qədər üstündədirsə ona ölüm də kar etməz. Od-alovdan keçər. Getdiyi məclislərdə rastlaşdığı dindar adamlara şəkli göstərmək, bax budur, imamın şəklidir, demək istəyirdi. Amma indi şəkil onun bütün dincliyini əlindən almışdı. Başını qaldırıb əngin göyə baxanda da gözünün qabağına onun obrazı gəlirdi, başını sinəsinə sıxıb Allahı düşünmək istəyəndə də onu görürdü. Tanrı ilə bütün bağlarının arasında indi o vardı. Sevgilisinə vəfasızlıq etmiş aşiq kimi başını qaldırıb göyə baxa bilmirdi.

Şəkil imanına hakim kəsilmişdi. Şəkildən başqa bir şey düşünə bilmirdi. Həddi-buluğa çatandan bir dəfə namazını qaçırtmamışdı. Amma indi ona elə gəlirdi ki, şəkli görəndən qıldığı heç bir namaz qəbul olmur. Nə eləsin, nə çarə qılsın, bilmirdi. Elədikləri doğru idimi, bunu da bilmirdi. Yalnız bircə şey hiss edirdi: Allahdan utanırdı.

...Oğlunun səsinə xəyaldan ayıldı. Axşamçağı idi. Günortadan hərəkətsiz oturubmuş. Əlindəki siqaret kötüyünü atıb ayağa qalxdı. Ayaqları gizildəyir, belə ağrıyırdı. Uşağı yığdığı oduna kömək etməyə çağırdı. Oğlu baltanı, boğçanı götürüb əl arabasına doldurduğu odunun üstünə qoydu, qabağa düşüb sürə-sürə getdi. O isə ayaqları gizildəyə-gizildəyə arabanın təkərinin izi ilə addımlayırdı. Qəlbindəki gizilti daha betər idi!

Gecə növbəsinin işçiləri talvarın altında yeyib–içirdilər. Ağa onlara qoşulmamışdı, idarənin qabağındakı açıqlıqda işçilərin od qalayıb kartof küllədikləri ocağın başında oturmuşdu. Fəhlələr onun içki məclislərindən qaçdığını bilirdilər. Ona görə əvvəldən payını ayırıb ocağın qırağına qoymuşdular. Talvarın altında məclis yarı olsa da o hələ ağzına bir tikə də atmamışdı.

Şam namazının vaxtı ötürdü. İlk dəfəydi ki, namaza gecikmək onu narahat etmirdi. Ürəyində bir neçə dəfə “lənət şeytana” dedi. Sonra cibindən çərəkəni çıxarıb ocaq işığına “Yasin” surəsini oxumağa başladı. “İnnaməma əmruhu” ayəsinə çatanda susdu. Kitabı bağlayıb sol əlinə aldı. Sağ əlini cibinə apardı.

Dəsmalı açıb şəkli əlinə aldı. Hıçqıra-hıçqara şəklə baxdı. Bu, bir həftə ərzində müctəhidin fikirlərini öyrənməyə çalışsa da, heç bir nəticə hasil olmadı. Bilmədiklərini soruşmağa da kimsə yox idi. Şəkil isə öz işini görürdü. Dindən, namazdan tamamilə soyumuşdu, Allahı ürəkdən ana bilmirdi. Allaha olan inamına ləkə düşmüşdü, şüşə lövhə kimi çiliklənmişdi.

Talvarın altından yeyib-içənlərin qəhqəhələri yüksəlirdi. Şəkli daha yaxşı görmək üçün əlini bir qədər də ocağa yaxınlaşdırdı. Gözlərini yumub eşitdiyi rəvayətləri bir-bir xatırlamağa çalışdı. Bir cüt göz yaşı saqqalına doğru axmağa başladı. Sulanmış gözlərini açıb şəklə baxdı, şəkil pul-pul olmuşdu, mozaikaya oxşayırdı. Gözlərini yumub təzədən açdı. Şəkli gərəksiz bir şey kimi ocağa atdı. Başını qaldırıb ulduzlu səmaya baxdı.

Səmada o qədər ulduz var idi ki... Elə bil ovuc-ovuc səmanın örpəyinə töküb, əllərinlə yaymışdın... Və ulduzların arasından ağ bir yol uzanıb gedirdi...

İyun-iyul, 2014

# 5540 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #