Milyonçuların ibadət etdiyi din

Milyonçuların ibadət etdiyi din
4 iyul 2014
# 08:00

Sayentologiya dünyada populyar anlayışlardan biri hesab olunur. Sayentologiya kilsəsi deyiləndə ilk olaraq ağlımıza milyarder Hollivud ulduzlarının yeni dini inancı gəlir. Bəs dünyada müxtəlif formalarda müzakirə olunan, gah din, gah təriqət, gah da mafiya hesab olunan sayentologiya nədir?

Yazıçının yaratdığı qəribə din

Dünyada 233 milyon tirajdan çox kitabı satılan amerikalı yazıçı Lafayet Ronald Hobbard iki dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Onun 1084 əsəri var, bu, rekord göstəricidir. Lafayet həm də xarici dillərə ən çox tərcümə edilmiş yazıçıdır. Heç bir elmi əsası olmayan tövsiyələri və nəsihətləri ilə məşhur olan Hobbard deyirdi: “Kəlmələrdən ibarət sənət yaratmaq, hekayə yazmaq axmaqlıqdır. Kimsə həqiqətən bir milyon dollar qazanmaq istəyirsə, bunun ən yaxşı yolu öz dinini yaratmasıdır”.

Hobbard olduqca maraqlı düşüncələri və qeyri-adi davranışları ilə fərqlənirdi. Məşhur yazıçı bir dəfə özünün kəşf etdiyi elektrometrlə pomidorların ağrı hissini ölçmüşdü. O iddia edirdi ki, pomidorlar dilimlənərkən çığırır.

Müxtəlif janrlarda əsərlər yazan Lafayet Ronald Hobbard ABŞ-ın Nebraska ştatında, Tilden şəhərində doğulub. 1930-cu ildə Vircinyada orta təhsilini tamamladıqdan sonra Vaşinqton Universitetinin inşaat mühəndisliyi fakültəsini seçir. Elə həmin ildən də universitet qəzetinə yazılar yazmağa başlayır. Amma yazıçının təhsili yarımçıq qalır. Aşağı qiymətlər aldığı üçün onu ikinci kursdan sonra universitetdən qovurlar.

Yazıçılığa başlayan Hobbard 1933-1938-ci illər arasında 138 kiçik roman yazır. O əsasən elmi-fantastik janrda yazsa da, demək olar ki, bütün mövzulara müraciət edirdi.

İkinci Dünya Müharibəsində iştirak edən yazıçı, müharibədən qayıtdıqdan sonra öz psixoterapiya təlimini elan edir və ona Diyanetik adını verir. Sonradan bu cərəyan tədricən yeni bir dinə çevrilir və Sayentologiya adını alır.

Kosmosdan qovulmuş ruhlardan qorunmaq

Sayentologiya təlimi Sayentologiya kilsəsinin dinini tanıtmaq və dünyada yaymaq üçün fəaliyyət göstərir. Sayentologiya sözü “tam olaraq bilmək” mənasını verir.

Sayentologiya tərəfdarlarının inancı Hobbardın “Diyanetik: Modern ruh sağlamlığı elmi” kitabında açıqlanır. Kitaba görə 175 milyon il öncə kosmik konfederasiyanın lideri Xenu (Henu) milyonlarla canlını dünyamıza göndərərək, Havay yaxınlığındakı vulkanlardan birinin içinə atdırmışdır. Bu gün insanların yaşadığı ağrı-acının, problemlərin və sıxıntının səbəbkarı həmin varlıqların yer kürəsində dolaşan ruhlarıdır. Bu ruhlara “titan” deyilir. Sayentologiyaya görə insanlar bu ruhların mənəvi basqısından xilas olduqdan sonra sakitliyə və hüzura qovuşa biləcəklər. Bu dinə inananlar ruhu paklaşdırmaq üçün müxtəlif vasitələr bildiklərini iddia edirlər. Sayentologiya dinin tərəfdarları bu üsullara və vasitələrə “diyanetika” adını veriblər.

Sayentologiya dini ortalığa çıxdığı gündən müxtəlif mübahisələrə səbəb olmuşdur. ABŞ, Böyük Britaniya, Kanada, Fransa və Almaniya kimi ölkələrdə hökumət və polislə qarşıdurmaya gedən hərəkat, hökumətlərə, təşkilatlara və fərdlərə qarşı qaldırdığı çoxsaylı məhkəmə iddiaları ilə məşhurdur.

Hazırda bu din onu tənqid atəşinə tutanlara zorakılıq tətbiq edən, üzvlərini istismar məruz qoyan, ticari maraqlarını daha çox qoruyan bir təşkilat kimi tanınır. “Time” jurnalı 1991-ci ildə yazmışdı ki, sayentologiya kilsəsi əleyhdarlarına mafiya qaydaları ilə göz dağı verən son dərəcə imkanlı beynəlxalq fırıldaqçı şəbəkədir.

3000 kilsə, 8 milyon tərəfdar

Sayentologiya ABŞ başda olmaqla bir çox ölkələrdə xüsusi din olaraq qəbul edilmişdir. Bu dinin dünyada 3000-dən artıq kilsəsi, 8 milyon tərəfdarı var. Bu kilsəyə üz olmaq istəyən şəxsin maddi durumu çox yüksək olmalıdır. Bu isə özlüyündə Sayentologiya kilsəsinin necə güclü bir təşkilat olduğunu göstərir.

Kilsə 1967-ci ildə “Sea Org” adlı xüsusi ordu yaradıb. Xüsusi uniforması və qaydaları olan orduda kilsə tərəfdarlarının uşaqlarına müəyyən bir yaşdan sonra xüsusi təlim keçirilir. Tərəfdarlarla bir milyon illik müqavilə imzalanır. Bu müqavilə simvolik olsa da, sayentologiyaya bağlılıq məsələsinin ciddiyyətini göstərir.

Sayentologiya 1990-cı ildən sonra daha da məşhurlaşmışdır. Böyüklər üçün komediya janrında çəkilmiş cizgi filmi “South Park”ın “Trapped in the Closet” adlı seriyasında Sayentologiyadan bəhs edilir. 1950-ci ildən sonra Amerika da geniş yayılmasına baxmayaraq, bir çox Avropa ölkələrində, xüsusən də Almaniyada Sayentologiya ciddi təhlükə hesab edilir.

Sayentoloq məhşurlar

Hollivudun tanınmış simaları – Tom Kruz, Con Travolta, Kristi Alle, Culyetta Levis, Bob Geldof, Prissila Presli Sayentologiya kilsəsinə üzv olub, milyonlarla dollarlıq ianələr verməyə xəsislik etmirlər.

Sayentologiyanın yayılmasında aktyor Tom Kruzun böyük rolu var. Onu Sayentologiya ilə keçmiş həyat yoldaşı Mimi Rocers tanış edib. Aktyorun sözlərinə görə, o, disleksiya xəstəliyinə Sayentologiya təlimləri sayəsində qalib gəlib.

Sayentologiyada 33 uğursuz rəqəm sayılır.

Maraqlıdır ki, Sayentologiyanın ilk kilsənin yerləşdiyi Arizona ştatının Fonex şəhəri də məhz 33-cü paraleldə yerləşir.

Con Travoltanın Sayentologiya kilsəsinin üzvü olduqdan sonra məşhurlaşdığı iddia edilir.

Elvis Preslinin qızı Liza Mari Prisli də, anası Prissila Presli də bu dinə inanır.

Sayentologiya anlayışına şou proqramlarda da, dini araşdırmalarda da, kriminal xəbərlərdə də rast gələ bilərsiniz. Bəzi ölkələrdə təhlükə hesab edilir, bəzi ölkələrdə isə din olaraq dəstək verilir. Tanınmış ulduzların sayəsində geniş reklam olunur, tərəfdar toplayır. Bu isə o deməkdir ki, sayentologiya hələ yüz il də sonra da gündəmdə olacaq.

# 6080 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #