Az, amma həmişə yemək haqqında fəlsəfi esse

Az, amma həmişə yemək haqqında fəlsəfi esse
25 iyun 2014
# 12:09

Kulis.Az Seymur Baycanın “Az, amma həmişə yemək haqqında fəlsəfi esse”sini tədqim edir.

Tiflisdə taksi saxladım. A nöqtəsindən B nöqtəsinə getməliyəm. Gediş haqqı qrx laridi. Hətta sürücüylə bir az danışıb otuz lariyə də getmək olar. Sadəcə danışmağa heç həvəs yoxdu. Xırda məsələlərdə çənə-boğaz etməyi sevmirəm. Nədən ki, enerji sərf etməyə daha vacib sahələr var. Hər xırda söhbətə enerji sərf etsəm yazı yazmağa hal qalmaz.

Taksi sürücüsü rus dilində danışdım deyə yetmiş lari gediş haqqı istədi. Adətən gəlmələrə qiymət oxuyurlar. Dedi: “Otur danışaq, aşağı düşərəm.” Dedim: “Sağ ol.” Bir anda qiymətdə yetmiş laridən qırx lariyə düşdü. “Dedim: “Sağ ol.” Qapını örtdüm. Başqa bir maşını saxladım. Dedim A nöqtəsindən B nöqtəsinə neçə lariyə apararsan. Dedi: “Otur, neçə verəsən verərsən.” Dedim: “Yox, yolun qiymətini de.” Dedi: “Qirx lari.” Üstəlik məni götürdüyü yerdən geriyə də qaytaracaqdı. Çünki tək deyildim. Bir nəfəri yola salırdım.

Qayıdanda yolda sürücüylə söhbət etdik. Çox yorğun görünürdü. Məlum oldu ki, müharibədə iştirak edib. Gopa basmadı. Hətta müharibədə baş verənlərdən əziyyət çəkdiyini hiss etdim. Moskvada təhsil alıb. Bir çox sovet insanı kimi o da imperiyanın qəfil çökməsinə hazır olmayıb. Söhbətindən belə başa düşdüm ki, hələ də baş verənləri heç cür həzm edə bilmir. Həzm etmək bir yana, hələ də nə baş verdiyini anlaya bilmir.

90-ci illərdən söhbət etdik. 90-ci illərdə baş verənləri yalnız o zamanlar yaşayanlar bir-birlərinə nəql edə bilərlər. Şəxsən mən özümdən cəmisi on yaş balaca adama 90-larda nələr baş verdiyini heç cürə çatdıra bilmirəm. İstər-istəməz söhbət absurd, hətta sürrealist formaya düşür. Axırda da adam yalançı kimi görünür. Sonra da öz-özünə sual edirsən: görəsən doğurdan da bütün bunlar baş verib, yoxsa mən uydururam, bəlkə bütün bunlar baş verməyib, sadəcə gözümüzə görünüb? Daha bir sual ortaya çıxır. Bu qədər hadisənin, bu qədər adamın gözünə görünməsi mümkündürmü? Bu zaman ilğım sözünün həqiqi mənasını anlamağa başlayırsan.

Başım bir balaca ağrıyırdı. Başımın ağrısından şikayətləndim. Səbəbini soruşdu. Dedim: “Dünən bir balaca içmişəm.” Dedi: “Axı din sizə içməyi qadağan edir?” Dedim: “Bu qadağa mənim üçün mövcud deyil.” Dedi: “Ateist?” Cavab verdim: “Təxminən.” Dedi: “Mən inancsız yaşaya bilmərəm. İnanıram, amma keşişlər Allahın evini bazara döndəriblər. Yekə-yekə ciplərdə gəzirlər. Adamları aldadırlar. Adamların inamından sui-istifadə edirlər. O qədər kökəliblər ki, maşınlara sığmırlar. Onların əlindən kilsəyə gedə bilmirəm. İsa belə deməmişdi. İsa başqa cür demişdi.”

O, bu sözləri deyən zaman “Karamazov qardaşları” əsərindən “Böyük inkivizitor” hissəsini xatırladım. Doğurdan da İsa peyğəmbər zühur etsəydi bu günün keşişləri, İsa peyğəmbərin adından danışanlar onu döyüb qovardılar.

“Ailəlisən?” Dedim: “Yox.” Sualına yox cavabı eşidəndə, bir çoxları kimi üstümə hücum çəkmədi. Ailənin müqəddəsliyi, vacibliyi mövzusunda dastan açmadı. Sadəcə dedi ki, o, indi yalnız uşaqları üçün yaşayır. Yoxsa onun üçün həyatda heç nəyin mənası qalmayıb. Dedim: “Bu həyatda hər bir adamı nəsə bir şey tutub saxlayır. Birini ailəsi, birini inancı, birini ideyası, başqa birini ağlımıza gəlməyən nəsə başqa bir şey.”

Bunu dedim və özüm-özümə sual verdim: Bəs məni bu həyatda nə tutub saxlayır? Yalnız və yalnız yaddaşımdakı informasiyalar, xatirələr, gördüklərim, eşitdiklərim, oxuduqlarım. Hansılar ki, yazıb, danışıb başqalarına ötürmək istəyirəm. Ola bilsin bütün bunlar heç kimə lazım deyil, ola bilər bu informasiyaları istədiyim formada çatdıra bilmirəm, ola bilər ümumiyyətlə bütün bunlar bir illüziya və miskin bir təsəllidi, amma bu heç nəyi dəyişmir, fakt faktlığında qalır və məni bu həyatda saxlayan yeganə şey informasiyanı başqalarına ötürmək yanğısıdı. Qalan hər şey artıq mənasız və darıxdırıcıdı. Hər şey. Bütünlüklə. İstisnasız.

Nə işlə məşğul olduğumu soruşdu. Adətən yad adamlardan yazdığımı gizlədirəm. Çünki axmaq-axmaq suallar verirlər. Üstəlik iki-üç kitab oxuyublarsa lap adamın zəhləsini tökürlər. Adamın enerjisini sorurlar. Amma söhbətimiz o qədər səmimi alındı və bu insanın səmimiyyətinə o qədər valeh oldum ki, utanmadan, çəkinmədən, tərəddüd etmədən yazıçıyam, yazıram dedim. O da ta başqaları kimi hekayə, roman yazmaq üçün mövzu vermədi. Demədi belə yazsan yaxşı olar, elə yazsan pis. Susduq. Mənzil başına çatana qədər söhbət etmədik.

Qayıdaq mövzumuza. Az, amma həmişə yemək haqqında söhbət etməliyik. Bilmirəm, nədənsə bu mövzuda yazı yazmaq qərarına gələndə, həmin sürücüylə aramızda gedən söhbətin qısa məzmununu da yazmağı düşündüm. Söhbətin məzmununu mütləq yazmalı idim? Yox. Əlbəttə yazmaya da bilərdim. Amma yazmaya bilmədim. Ürəyim əmr etdi ki, alicənab, yorğun, mədəni və dərdli sürücüylə aranda olan söhbətin məzmununu mütləq yazmalısan. Yazı məsələsində də çox vaxt ürəyimin əmrinə qulaq asmışam və əksər hallarda ürəyim qalib gəlir. Ürəyim gözümdən daha yaxşı görür. Sürücüyə qırx lari əvəzinə əlli lari verdim. Səbəb? Səbəbi az sonra izah edəcəm.

Təəssüf ki, bizim insanlar azadlıq və əxlaqsızlıq, səmimiyyət və sırtıqlıq, ərkyanalıq və sırtıqlıq, israfçılıq və səxavət, qənaət və xəsislik, sadəlik və bayağılıq anlayışlarını çox vaxt səhv salırlar. Çünki bu anlayışların arasından keçən incə xətti hər kəs müəyyən edə bilmir. Ona elə gəlir ki, qənaət edir, əslində xəsislik edir. Ona elə gəlir ki, səmimiyyət nümayiş etdirir, əslində sırtıqlıq edir. Ona elə gəlir ki, səxavət nümayiş etdirir, əslində israfçılıq edir. Ona elə gəlir ki, sadədir, əslində bayağıdı. Prinsipcə özümü xəsis adam hesab etmirəm. Tanıyanlar bilir, tanımayanlara da özümü tanıtmaq istəmirəm. Zatən xəsis şairə və yazıçıya ədəbi mühitdə yer yoxdu (daha ətraflı oxumaq üçün “Xəsis və əliaçıq kişilər yazısına baxa bilərsiniz). Mənə ötürülən puldan başqalarına da müəyyən qədər ötürməyi özümün mənəvi borcum hesab edirəm. Paylaşmağı sevirəm. Paylaşmaq rahatlıq gətirir. Həzz alıram. Məbləğ önəmli deyil. Əsas prosesdi. Necə deyərlər, “qaydalar və formalar şəraitə və zamana görə dəyişə bilər, prinsiplər isə dəyişməzdi”. Hər bir insan paylaşmalıdı. Vəssalam. Bu və ya digər formada.

Sadəcə və sadəcə yekə-yekə kişilər, yekə-yekə xalalar beş-üç manata görə utanmadan, qızarmadan xəcalət çəkmədən ağ yalan danışanda, onların əvəzinə xəcalət çəkirəm. Aldadılmağı sevmirəm. Bu əsla xəsislik deyil. Üstəlik beş-üç manata görə insan bütün müqəddəs adları çəkib, and-aman edəndə lap iyrənirəm. Yalan danışırsa danışsın, buna birtəhər dözmək olar, amma başqalarını da öz yalanına vasitəçi etmək istəyəndə dözmək olmur. Şüurlu canlının belə bir vəziyyətə düşməsinə baxmaq hədsiz çətindi.

Təəssüflər olsun ki, bizim insanlar ümumiyyətlə şərq adamı birdən-birə varlanmaq istəyir. Çox olsun, amma bir dəfə olsun. Etimad, etibar qazanmaq haqqında düşünmür. Düşünmür ki, az qazanmaq olar, amma elə bir etimad qazanmaq olar ki, hər zaman qazanmaq üçün şərait yaranar.

Bir dostum N rayonunda yemək yeyir. Hesab çox çıxır. Ofisantı çağırır və deyir: “İndi bir-bir masaya gətirdiyin yeməklərin qiymətini de.” Ofisant nə qədər qiyməti qaldırsa da yenə də əvvəl dediyi hesab alınmır. Soruşur: “Niyə məni aldadırsan, niyə hesabı artıq demisən?” Ofisant isə suala çox orijinal cavab verir: “Nə var ki burda, mən nə bilim sən bir də bura nə vaxt gələcəksən?!”

Ümumilikdə təəssüf ki, bizim adamların həyat fəlsəfəsi budu. Əlinə düşəni mümkün qədər aldatmaq, tez çapıb talamaq. Bunun üçün bütün mümkün vasitələrdən istifadə etmək. Gülmək, yaltaqlanmaq, hırıldamaq, yerlibazlıq etmək, alçalmaq... Bir anda qazanmaq, andan istifadə etmək, sabahı, birisi günü, ta birisi günü düşünməmək həyatın bütün sahələrində öz sözünü deyir, bizim hərəkətlərimizə öz təsirini göstərir. Ağacı əkən kimi istəyirik ki, bar versin.

Məhz buna görə biz azərbaycanlılar elmə və təhsilə, mədəniyyətə sərmayə qoymağı əksər hallarda bacarmırıq. Halbuki elm və təhsil ən çox gəlir gətirən sahələrdən biridi. Bir anda qazanmaq yanğısı bizə imkan vermir ki, hər hansı məkanı, düzəltdiyimiz əşyanı brendə, markaya çevirək. Adamlara sübut edilsin ki, bəli, filan restoranda, filan kafedə müştərinin hansı təbəqədən olmasından asılı olmayaraq, hər bir müştəriyə eyni səviyyədə xidmət göstərilir. Qiymətdə adamları aldatmırlar. Yeməklərin təmizliyinə tam zəmanət verilir. Azdı belə yerlər. Azdı. Hər sahədə azdı. Səbəb? Bir anda qazanmaq ehtirası.

İnsanı tanımağın ən qısa yollarından biri ona etibar etməkdir. İnsanların sevimlisinə çevrilməyin ən qısa yollarından biri insanların etibarını, etimadını qazanmaqdı. Bir ibrətamiz hadisəni nəql etmək istəyirəm. Böyük bir proyektdə iştirak edirdim. Proyekt Tiflisdə həyata keçirilirdi. Gecə yarısı restorandan çıxdıq. Taksilərə oturub otelə getməli idik. Hamı kefli, ağız deyəni qulaq eşitmir, it yiyəsini tanımır. Hərə bir dildə danışır. Rus, ingilis və başqa böyük və kiçik dillər bir-birinə qarışıb. İş elə gətirdi ki, layihənin rəhbəri ilə bir taksidə otelə getməli oldum. Şotland əsilli bu adam mənzil başına çatanda sürücüdən gediş haqqının nə qədər olduğunu soruşdu.

Birincisi, sürücü real qiyməti dedi. Halbuki sərnişinin xarici vətəndaş olduğunu, üstəlik kefli olduğunu görüb artıq qiymət də deyə bilərdi. Adətən çoxları belə edirlər. İkincisi, sürücüdə xırda olmadı, adam marketə qaçıb pulu xırdaladı və gətirib pulun qalığını şotlanda verdi. Bu xaricilərin də öz meyarları var. Sürücünün bu hərəkəti görünür onun çox xoşuna gəldi. Telefon nömrəsini götürdü. Nəticədə həmin sürücü proyekt çərçivəsində üç ay bizi ora-bura apardı. Gəzdi, yedi-içdi, xeyli söhbətlərdən agah oldu, istirahət etdi, otellərdə qaldı, həm də üç ildə qazana bilməyəcəyi pulu üç ayda qazandı. Sonra qazandığı etimad və etibar sayəsində başqa proyektlərdə də iştirak etdi. Əlbəttə bu əhvalatda bir hikmət vardır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.

# 6276 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #