Qəlblərdə ləpir qoyan yazıçı

Qəlblərdə ləpir qoyan yazıçı
28 aprel 2014
# 10:42

Qönçəgül Kamalqızı

Mən özgələrin ləpirinə baxa-baxa qarda yeriyirdim. Sonra dönüb öz ləpirimə baxmaq istədim. Çox baxdım, öz ləpirlərimi seçə bilmədim.

Pərviz Yusifov

Bu gün rejissor, yazıçı Pərviz Yusifovun ad günüdür.

Düzü, Pərvizin yaradıcılığından ölümündən sonra xəbərim olub. Nə yalan deyim, illərlə eyni yerdə çalışdığım bir insanın qələminə bələd olmamağım utandırır məni. Bir az da peşman oluram, yazdıqlarından, düşündüklərindən xəbərim olmadığı üçün.

Bir gün işə gələndə ölüm xəbərini eşitdim onun, inanmadım. Cəmi bir neçə gün əvvəl birlikdə yol getmişdik, dərdləşmişdik.

Bu xəbərin yükü çox ağır oldu mənim üçün. Gəncliyinə heyfim gəldi.

Təəssüf ki, onunla daha çox xəstəliyi ilə bağlı söhbət edirdik. Uzun müddətli müalicələrinin sonunda nəhayət, sağlamlığına qovuşmaq ümidi olduğu üçün sevinirdi.

Hələ də onun “bilirsən, bir neçə-vaxtdan sonra ancaq gündə bir dərman içəcəm” sözlərini unutmamışam. Amma təəssüf, sevinci yarımçıq qaldı, ümidi puç oldu.

Mən onun həyat eşqi ilə dolu olduğunu görürdüm və yumor hissinə heyran qalırdım. Amma sən demə, Pərvizin iç dünyası əslində başqa imiş. Əslində ölümü gülə-gülə özü ilə gəzdirirmiş.

Onun yazdıqlarını oxuyuram…

“Böyük planlarım var, çox işlər görmək istəyirəm, amma mənə deyirlər gözlə... Mən də gözləyirəm. Nəyi gözləyirəm bilmirəm. Mənə kim dedi, nə vaxt dedi, harda dedi bilmirəm. İndi bax, oturmuşam beləcə. Eləcə gözləyirəm. Bəlkə də qeybdən deyirlər bu sözü mənə? Bəlkə nəyisə gözləməyim Qeybə, hakimə lazımdı? Ancaq nəyi? Hər halda ibadətdə və diləkdə təsəlli olmasaydı, gözləməzdim…”

Qəribə idi, fərqli idi Pərviz. Onun yazılarında bir üsyan, bir çağırış, yanğı, mərhəmət, ən başlıcası haqqa tapınmaq gördüm…

“Nəfəs küləkdi, külək səsdi, səs sözdü, söz sirrdi, sirr odu, O təkdi…”

Qələmə aldıqlarını oxuyandan sonra mənə elə gəldi ki, Pərviz bu narahat dünyada rahatlıq tapmadığı üçün göylərə tələsib. Ya da ölümdən çox yazmağı onu hər gün daha çox yaxınlaşdırdı o biri dünyaya.

Bilmirəm. Bəlkə də, bu yer üzünün kəşməkəşindən canı daha çox yanmasın deyə, Allah onun ruhunu özü tez alıb götürdü.

Pərvizin ölümündən 2 il keçir.

Göylərə ucalan ruhların yaşı olmur, amma o, bu dünyada 36 il yaşadı….

Günahı ilə, savabı ilə yalnız Allaha sığınan bu nəhəng, gülərüz oğlan yer üzündən bərk yapışmadı. Yerdən bərk yapışan göyə heç nə aparmazmış çünki. O, əkdiyi ağacın çiçəklədiyini də ancaq yuxusunda görübmüş….

“Ya Rəbbim,

Sənə qəlbim daim həmd-şükürlə yaşayır

Yaşadıqca yaşamaqdan qorxa-qorxa yaşayır …

Bu həyatda sevgisi, sevinci nə qədər çox olub bilmirəm. Onu bilirəm ki, ölümünə təəssüf etdiyim insanlardan biri idi, Pərviz.

Yol pulunu çox zaman o verərdi və bunun üstündə həmişə bir balaca dalaşardıq. Deyirdi, mübahisə etmək əvəzinə dua et ki, cibin dolu olsun, amma qəpiklə yox, kağız pulla. Sözünə gülüb, istədiyi kimi dua edərdim.

Amma kaş ki, ona hər dəfə cibin dolu olsun yox, ömrün uzun olsun deyərdim. Axı, hər duada bir xeyir var…

Ölüm ən böyük imtahanı oldu, özü boyda torpağa döndü Pərviz.

O, öz ləpirlərini seçə bilməsə də, yazdıqları ilə sevənlərinin ürəyində fərqli və əvəzolunmaz iz qoyub getdi.

# 1380 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #