news-inner
clock13:30 calendar-gray 14 Aprel 2014 view-gray1388 dəfə oxunub
view-gray1388 dəfə oxunub

Kirillə latını qarışdıranda...

Kulis.Az tanınmış şairə Sevinc Elsevərin “Uşaqlar üçün kədərli şeylər” silsiləsindən yeni şeirlərini təqdim edir.

İki yalan

akvariumda üçüncü balıq idi ölürdü

ata onları oğrun-oğrun götürürdü

amma balıqları adbaad tanıyırdı

balaca Elçin

əzbər bilirdi hansının rəngi necədi

birinin quyruğu

birinin üzgəci qəşəngdi

balıq vardı başında qıpqırmızı papağı

balıq vardı yupyumruydu dodağı

vardı uzunburunu

yumrubaşı

hərəsi bir cürdü

Elçin hamısını sevirdi.

bir gün yoxa çıxdı albinoslardan biri

o biri gün qırmızıpapaq

bir gün də irigöz olanı

Elçin gördü atası

hərəkətsiz balığı ovcuna aldı

aparıb həyətə

ağacın dibinə atdı...

doluxsundu

kəsdi atasının qabağını

soruşdu niyə atdın balığımı?

"təzə balıq alacam

o balıq doğruçu deyildi

daşı qurtarmışdı

görürsən, hərəkət eləmirdi..."

"bəs bunlar doğruçudu?" –

akvariumu göstərib

soruşdu Elçin

ata bilmədi nə desin

"doğruçudu" söylədi

səhəri gün

ata akvariumdan bir balıq da götürdü

Elçin bunu da gördü

yalan danışdığını boynuna aldı ata

ağladı Elçin

dedi: "ata, bəs mən iki alanda,

sonra onu pozub yerinə beş yazanda

pis hərəkətdi yalan demək" demişdin

özün niyə yalan danışdın?

ana qarışdı sözə, dedi:

"canım, gözüm

iki yalan arasında fərq vardır

atan yalan danışdı

səni üzməmək üçün..."

dodağını büzdü Elçin

burnunu çəkdi möhkəm

"mən də iki aldığımı sizə görə demədim

nə vaxt ki, beş alıram

üzünüz gülür sizin

nə vaxt ki, iki alsam

kədər qonur gözünüzə

bir söz demək olmur sizə

beş aldım oluram yaxşı

iki alsam pis oğlan

əgər siz qəmlənməsəz

mən də yalan danışmaram"...

on balıqdan qalanda cəmi ikicə balıq

ata balıqların nədən öldüyünü tapdı

dərman alıb gətirdi

dəyişdi akvariumun suyunu

sonra dərmanı səpdi

iki balıq sağ qaldı

kağıza yazılmasa da

ata Elçindən "iki" aldı...

Quş gətirən ağac

babamın bağında

çoxlu ağaclar var

o ağaclardan dərir

babam bizə alma, nar

biz bazardan almarıq meyvəni

babamın bağından edərik nübar

bir ağac da var bağçada

bütün ağaclardan axırda

yoxdu başında yeməli meyvə

doludu budaqları

quş yuvasıyla

hər cür quş yaşayır bu ağacda

yuvalar meyvə kimi yumru-yumru üstündə

bütün meyvələrdən yekə

babam deyir ki

özü bitib bu ağac bağında

yerini dar eləmir başqa ağacların da

babam bu ağaca da su verir

belləyir dibin

o biri ağaclar kimi

yaz gəlib

gizləyib meyvələrini

yaşıl yarpaqlar içində

payız gəlsin görünəcək hamısı

başqa ağaclarınkıtək

meyvəsindən biri də dibinə düşməyəcək

babam deyir

əslində yaman xoşbəxt ağacdı

quşlar çıxır meyvələrinin içindən...

Balaca avtoş

saysan bəlkə

on maşını var

hər gecə birini bağrına basıb yatar

balaca "avtoş"

elə danışır maşınla

deyərsən ki canlıdı

bir gün oyuncaq at aldı ona

tarix müəllimi babası

minsin belinə nəvəsi

qorxdu minmədi atın tərkinə

babası olmuşdu atı indiyə kimi

nəvə babasını at bilirdi...

"baba at ol, baba at ol!" deyirdi...

az qala özü boydaydı bu at nəydisə

hürkə-hürkə baxdı ona

dedi baba:

"ən qorxusuzu atdı, bala"

nəvə atı vurub uzağa atdı

at kişnədi qəfil

gerçək at kimi

baba özü də qorxdu

xəbəri yox imiş sən demə

atın qarnındakı düymədən

babanın qorxmağına bir yerdə güldülər

güldü, güldü, ürəkləndi

maşını buraxdı avtoş

ata mindi

gecə atı çarpayısına bağlayıb yatdı

yuxuda bir atlı gördü

qan-tər içində çapıb gəlirdi

ta uzaqlardan...

Kirillə latını qarışdıranda

hər gün qutab alır

məktəbdən Nunu

yarısını yeyir

yarısını yemir

evə gətirir vərəq arasında

vərəqi açıb

baxır anası

kiril əlifbasıyla olan

hansı kitabdandı düşünüb tapır

hansı fənndi

neçənci sinif

hansı bölmə

hansı fəsil

neçə almışdı həmin dərsdən

müəlliminin adı nəydi?

Nunu yarımçıq qutabları daşıyır qəsdən

anasının xatirələrini öyrənir

bəzən dalbadal çıxır vərəqlər

tutuşdurmaq

bir neçə səhifə ard-arda oxumaq olur

bu olur əsil əyləncə

kiril əlifbasını öyrənib Nunu

daha oxuya bilir

anası yazı yazanda

latınla kirili qarışdıranda...

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020
“Durna balığı” onlayn göstəriləcək
15:48 02 İyul 2020
Bakıda böyüyən yazıçının Avropada bestsellər olan romanı - O, rus çarına niyə "dünyanın ən bədbəxt adamı" deyirdi?
15:02 02 İyul 2020
Roma papasını lağa qoyan film çəkildi
14:15 02 İyul 2020
Uşaqlar üçün tamaşa
13:29 02 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
12:48 02 İyul 2020
“Laçınım” mahnısını efirə verməyə qorxdu, ailəsini mətbuatdan gizlətdi, qripin qurbanı oldu – Adını yanlış bildiyimiz Əməkdar artist
12:10 02 İyul 2020
Tələbə qız məşhur Azərbaycan romanından yazdı
11:49 02 İyul 2020
“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
11:15 02 İyul 2020
Kannda erməni biabırçılığı ilə bağlı Nazirliyə suallarım
10:37 02 İyul 2020
Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
10:09 02 İyul 2020
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020