Türkiyədə Əjdər Olun iki kitabı çap olunub

Türkiyədə Əjdər Olun iki kitabı çap olunub
31 mart 2014
# 09:38

Bu günlərdə Türkiyədə Azərbaycanın tanınmış yazıçı-publisisti Əjdər Olun “Ölümlə oyun” və “Azərbaycan lətifələri” kitabı işıq üzü görüb. “İQ Kültür Sanat Yayıncılık” nəşriyyatında çap edilmiş hər iki kitabı türkcəyə qardaş ölkənin tanınmış yazarı İmdat Avşar tərcümə edib.

“Ölümlə oyun” kitabı ədib haqqında məlumatlarla açılır: “Əjdər Ol 1980-ci illərdən etibarən Azərbaycan ədəbiyyatında öz yerini tuta bilib. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış yazarı olan Əjdər Ol eyni zamanda ədəbi mühitə istiqamət verən önəmli sənətkarlardandır. “Dünənim də belə keçdi”, “Necə sevməyəcəksən”, “Gələcəkdə yaşayıram”, “Ölümlə oyun”, “Alın yazıma düzəliş”, “Könül vuruşu”, “Qrafoman”, “Günəbaxan zəmisi”, “Portret hekayələri”, “Azərbaycan lətifələri” kitablarının müəllifi Əjdər Ol bir çox beynəlxalq mükafatlara layiq görülüb. “Portret hekayələri” 2010-cu ildə Milli Kitab Mükafatını qazanıb, 2013-cü ildə isə II Beynəlxalq Mahmud Kaşğari hekayə müsabiqəsində “Qəzənfər rəisin Şuşaya yürüşü” adlı əsəri birinci yerə sahib olub”.

Kitabda həmçinin Əjdər Ol haqqında düşüncələr də öz əksini tapıb. Tənqidçi Tehran Əlişanoğlu yazıçının yaradıcılığını belə xarakterizə edib: “Əjdər Ol hər şeydən əvvəl realistdir. Milli insanın xarakteri və milli həyatın mənzərələri onun diqqətini çəkir. Bununla belə, klassik və müasir qərb hekayəçiliyi ilə yanaşı milli hekayəçiliyin də keçdiyi yola yaxşı bələd olan yazıçı insan xarakterlərinin və insan təsvirlərinin usta müşahidəçisidir”.

İmdat Avşar yazısında Əjdər Olun aid olduğu cəmiyyəti və toplumda yaşayan fərdlərin psixologiyasını yaxşı bildiyini önə çəkib: “O, eyni zamanda çox diqqətli bir müşahidəçi olduğundan hekayələrində cızdığı portretlər çox real, dili və üslubu isə son dərəcə səmimi və istidir. Milli məsələlərə toxunduğu hekayələrində Əjdər Ol həm unudulmaz qəhrəmanlar yaratmaqla , həm də mətnin gedişatında təsiredici mesajlar verməkdədir. Mənim fikrimcə, bu xüsusiyyət Əjdər Olu müasirlərindən fərqləndirən ən önəmli ədəbi özəlliyidir”.

Səlim Babullaoğlu isə Əjdər Olun “Portret hekayələri”ni şah əsər hesab etdiyini vurğulayıb: “Bu hekayələr eyni zamanda Çexov sadəliyinin və Dovlatov səmimiyyətinin də nümunələridir”.

Kitabın tərcüməçisi İmdat Avşar önsözdə Əjdər Olun yaradıcılıq məziyyətlərindən geniş bəhs edib: “Əjdər Ol 1980-cı illərin sonlarına doğru ömrünü tamamlayan və tarixin qaranlıq dəhlizlərində itməyə başlayan Sovetlər Birliyinin son dönəmi ilə Azərbaycanın ilk müstəqillik illərinə şahidlik edən bir sənətkardır. Bu səbəbdən söhbət mövzusu olan o illər Əjdər Olun hekayələrinin ana vətənidir. O eyni zamanda yaşadığı dönəmdəki ağrılı ictimai hadisələri, köklü siyasi, iqtisadi və ictimai dəyişikliyi və bu dəyişiklik dalğasının sürətlə sahilə sürüklədiyi insanları sənətkarlara xas həssaslıqla və diqqətlə müşahidə edən bir yazardır.

Əjdər Ol əsərlərində gerçək həyatdan götürdüyü qəhrəmanları fərqli yönləriylə işləmək bacarığına malik hekayəçidir. Əjdər Olun son dərəcə real, səmimi və uydurma olmayan, gerçək olayları və insanları anlatdığı hekayələrini oxuyarkən yuxarıda bəhs etdiyimiz tarixi dönəmlərə və bu dönəmlərdə yaşanan faciələrlə dolu ictimai hadisələrin arxa planına hakim bir yüksəklikdən və geniş pəncərədən baxmaq mümkündür. Bir tarixi zaman kəsiyinin yaratdığı qaranlıq arxa planın önündəki səhnədə isə Əjdər Olun bəzən dramatik, bəzən faciəvi, böyük bir dəyişikliyin dalğasıyla iti qayalara çırpılan Azərbaycan insanı var. Kitabda yer alan “Qəzənfər rəisin Şuşaya yürüşü”, “Komandirin meymunu”, “Şikayətçi”, “Yusif ustanın kamançası”, “Namiq Abdullayevin sonu” kimi hekayələr təxminən 25 il öncə Azərbaycanda yaşanan fəlakətlər və ictimai dəyişikliyin yaratdığı sosial olaylara ədəbiyyat cəbhəsindən tutulan güzgü kimidir. Son 25 ildə iqtisadi cəhətdən sosializmdən kapitalizmə keçən, siyasi cəhətdən də Sovetlər Birliyindən qopub müstəqil ölkə olan Azərbaycanda ağrılı dəyişiklik müddətini və bu müddətdə Qarabağ savaşını yaşayan, içində yaşadığı cəmiyyəti son dərəcə yaxşı müşahidə edən, əsərlərində bu problemləri bacarıqla dilə gətirən Əjdər Olun Türkiyədə çap olunan sayca bu üçüncü kitabının da bəyəniləcəyinə inanırıq”.

“Azərbaycan lətifələri” kitabında yazdığı təqdimatda isə İmdat Avşar Əjdər Olu Azərbaycan ədəbiyyatı və Azərbaycan sənətinin hafizəsi kimi səciyyələndirib: “Əhəmiyyətli vəzifədə olan biri kimi həm siyasət, həm ədəbiyyat, həm də sənət məclislərinin mərkəzində yer alan və daima xalqla iç-içə olan yazıçı eyni zamanda usta bir müşahidə qabiliyyətinə malikdir. Ətrafında baş verən hadisələri, cərəyan edən olayları, eşitdiyi və müşahidə etdiyi maraqlı durumları öncə zehninə yazan Əjdər Ol daha sonra bunları əsl tarixçi həssaslığıyla naxış-naxış işləyərək Azərbaycanın mədəni həyatına çox önəmli bir məxəz kimi bəxş edib. Əjdər Ol bu xidmətiylə Azərbaycan torpaqlarında yetişmiş müdrik siyasətçilər, ustad yazıçı və şairlər, dahi rəssam və sənətkarların hadisələr və durumlar qarşısında hər biri zərb-məsələ çevrilmiş sözlərini yumorun ölməz dilindən istifadə edərək əbədiləşdirib və gələcək nəsillərə çatdırıb. Bu kitabı oxuyarkən bəzən qəhqəhə ilə güləcək, bəzən hüznlənəcək, bəzən də acıyla təbəssüm edəcəksiniz. Millətimizin iti zəkasını, üstün qavrama və yumor qabiliyyətini ortaya qoyduğu üçün Əjdər Ola borcluyuq”.

Kitabda yer alan önsözdə Əjdər Ol Azərbaycan lətifələrini qələmə alma məqsədini açıqlayıb: “Sizə təqdim olunan bu əsər uzun illər öncə yazılmağa başlanmış və hələ də yazılan və ömrümüz olduqca yazılmağa davam edəcəyimiz bir əsərdir. Şən lətifələr, maraqlı olaylar, yerli-yerində deyilmiş sözlər və deyimləri özündə əks etdirən bu kitabdakı lətifələrdə insanların, heç unudulmayan, ən duyğulu, ən həssas, ən müdrik, ən hazırcavab, ən dünyagörüşlü və ən fəhmli olduğu anlar və durumlar ortaya qoyulmaqdadır. Bəzən dildən-dilə dolaşan sözləri, bəzən məclislərdə, toplantılarda və ya hər hansı bir ortamda qulağıma çatan lətifələri, yaşanmış hadisələri, mənbəyi bəlli deyimləri əlimə keçən kağızlara, əyri-üyrü əl yazısı ilə qeyd edib eynilə insanların qazandıqlarının bir hissəsinin qara gün üçün arxaya atdıqları kimi arxivimdə saxlamışdım. Bir gün bu yazıların yüzlərlə səhifəli bir kitaba dönüşəcəyini əsla təxmin etməmişdim. Bu kitabda görkəmli siyasətçi Heydər Əliyev, böyük elm adamı Ziya Bünyadov, rəngləri rəqs etdirən Səttar Bəhlulzadə, kamançanın piri, ustad Habil Əliyev, ürəyi millət sevgisiylə yanıb tutuşan şair Xəlil Rza və daha neçə-neçə dəyərli insanın ağzından çıxmış, yerində və zamanında söylənmiş deyimləri və yaşanmış olaylar əsnasında meydana gələn canlı lətifələri oxuyacaqsınız”.

Yazıçı ömür sürdükcə kitabı yazacağına söz verməklə yanaşı, nəşrlərin qardaş Türkiyədə yayımlanmasında böyük əməyi olan İmdat Avşara və Adəm Sarıgölə təşəkkürünü bildirib.

Kitab “Siyasətçilər və dövlət adamları”, “Yazarlar və elm adamları”, “Tanışlar, dostlar”, “Sənətkarlar” və “Habil Əliyevin lətifələri bölümlərindən ibarətdir.

# 1254 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #