Eldar Quliyevin fiaskosu

Eldar Quliyevin fiaskosu
6 mart 2014
# 11:27

Qayğısız insanlar, sağa-sola şütüyən xarici markalı maşınlar, göydələnlər, Xəzər dənizi…

Eldar Quliyev “Dərvişin qeydləri”ni AZTV-də yüz dəfə göstərilən, limon kimi suyu sıxılan, nimdaş, basmaqəlib təsvirlə başlayır.

Məsələ ondadır ki, film iki fərqli zamanı göstərir. Müasir zamanda professor (Vidadi Həsənov) tələbəsi ilə (Elnar Qarayev) keçmişdə-XIX əsrdə baş verən qətli araşdırır, daha sonra keçmişdə baş verən hadisə ekrana gəlir.

Müasirliyi anladan təsvirlər əhvalat boyu ara-sıra görüntülənir. Əgər müəllif onu ironik kontekstdə əhvalata yerləşdirsəydi, başqa məsələ.

Fəqət, E.Quliyev müasir zamanın ekran həllini yalnız yuxarıda dediyim basmaqəlib təsvirlə tapa bilib.

Artıq ilk uğursuz kadrlar filmin fiaskosundan xəbər verirdi.

Yazılanlara inansaq, filmin janrı tarixi detektivdir.

Rejissor Azərbaycan tarixinə - (əhvalat Çar Rusiyasının Azərbaycanı işğalı ərəfəsində qətli yaradan səbəbləri araşdırır) detektiv janrıyla baxmağa çalışır. Demək istəyir ki, əslində böyük faciələrimizin kökündə lokal qətllər dayanıb. E.Quliyev həm də özünü sığortalayaraq danışdığı əhvalatın tarixi faktlara söykənmədiyini deyir: “Mən tamaşaçılardan xahiş edirəm ki, bu filmdə dəqiq tarixi faktlar axtarmasınlar. Hesab edirəm ki, bu, müasir filmdir”.

“Müasir film” deyəndə rejissor yəqin ki, tarixin dekonstruksiyasını, alternativ tarix janrını nəzərdə tutur. Ya da əhvlatın mahiyyətinin günümüzdəki aktuallığını.

İdeya doğrudan da müasirdir və hətta maraqlıdır. Amma təəssüf ki, E.Quliyevin kino dilinə “müasir“dir demək olmur. Azərbaycan kinosunun qocaman, təcrübəli rejissorlarından sayılan E.Quliyevin əhvalatı dekonstruksiya etməyə gücü yetməyib, o, kino dili ilə sərbəst davrana bilməyib.

Yenə də vətən, millət sevgisi, qəhrəmanlıq banallaşdırılıb, iki daşın arasında müəllif imkan tapıb xalqımızın qədimliyini, böyüklüyünü, sənətkarlığını ifadə edən-misgərlik, dulusçuluq, xalçaçılıq haqda info-kadrları əhvalata birtəhər yerləşdirib, montaj dramaturgiyasının qüsurları səbəbindən iki fərqli zamanın paralelliyi əhvalatda vahid kompozisiya yaratmayıb.

Əgər filmin janrı detektivdirsə, onun elementləri lazımi qədər yer almayıb. Məsələn, qətlin baş verdiyi karvansarada hamının bir-birini ittiham etməsi səhnəsi bu janra xas detallarla işlənməyib, həyəcanı, psixoloji əndişəni yaşadan rakurslar, iri planlar yoxdur. Ən əsası intriqanı hiss eləmirsən. Həyəcan, tərəddüd atmosferini gücləndirməkdən ötrü məsələn, qırıq montajdan istifadə olunmayıb.

Klassik detektivlərdə adətən saspens elementinə müraciət edilmir, çünki burda əsas aksent emosiyaya yox, ağıla, məntiqə edilir, yəni müəmmalı qətli soyuqqanlıqla araşdıran, ağıllı xəfiyyənin araşdırmasına.

“Dərvişin qeydləri” isə klassik detektiv deyil, burda tarix, döyüş elementləri var, üstəlik, xəfiyyə-dərviş kənardan gələn yox, birbaşa şübhə obyektlərindən, əsas iştirakçılardan biridir. Ona görə də filmdə güclənmiş emosional atmosfer, saspens vacib idi.

Ümumiyyətlə isə “Dərvişin qeydləri” kino yox, mətndir. Daha doğrusu, ifadə vasitələri olmayan, bəsit görüntülü mətn. Yəni əhvalatın təsvir həlli tapılmayıb. Sanki biz bədii tarixi televiziya estetikasında çəkilən, diktor mətni ilə şərh edilən teletamaşa və ya proqram izləyirik.

Məsələn, biz dərvişin cinayəti necə araşdırdığını görmürük.

Əhvalat tez-tələsik nəql edilir. Tamaşaçı nə baş verdiyini anlamağa, əhvalatla yaşamağa macal tapmamış film bitir.

Aktyorlar obraz yaradıcısından çox idarə edilən marionetlərə bənzəyir. Ən uğursuz aktyor oyunlarından biri Rəhim bəyi oynayan Kənan M.M-in işidir. Kənan oynadığı Rəhim bəyə yox, elə özünə oxşayır. Biz onun yaratdığı obrazı görə bilmirik. Bunun bir səbəbi qrimin, digər səbəbi isə rolunun plastikasının yoxluğudur.

Səs fakturası ilə də işlənməyib. Məsələn, Əbdülağanın (Rafiz Mehdizadə) səsinin xarakteri yoxdur. Nədənsə, qəhrəman, igid xan oğlu nərmə-nazik, feminal danışıq tərzi ilə təqdim olunur.

Başqa bir məsələ də arxa planların işlənilməsidir. İsgəndər xan (Fuad Poladov) Dərvişlə (Pərviz Məmmədrzayev) danışır, ikinci planda sağa-sola süzən atlılar görünür. Rejissor arxa plan boş qalmasın deyə, atlıları istifadə edib və ən pisi odur ki, bu, qətiyyən kinematoqrafik, təbii, zərurət kimi görünmür.

Ssenarist İlqar Fəhmiyə gəlincə... Müasir dünya ədəbiyyatı və kinosu haqda yetərli informasiyaya malik İ.Fəhmi (bu, onun ssenarilərindən bəllidir) kommersiya filmləri üçün yaxşı ssenaristdir.

Amma klassik qayda dəyişməzidir; filmin Tanrısı rejissordur. Yaxşı rejissorun hətta ən pis ssenaridən ortaya normal iş qoyacağına inanıram.

Qısası, alman rejissoru Fridrix Murnau 1921-ci ildə minimal şərtlərdə ekranlaşdırdığı “Nosferatu. Qorxunun simfoniysı” filmi ilə hələ də bizi həyəcanlandırır, E.Quliyev isə 2013-də, yaxşı texniki imkanlarla çəkdiyi “Dərvişin qeydləri” ilə bunu bacara bilmir.

# 4413 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #