news-inner
clock12:20 calendar-gray 28 Yanvar 2014 view-gray4583 dəfə oxunub
view-gray4583 dəfə oxunub

Bir gecikmənin səbəbi

Kulis.Az Azad Yaşarın tərcüməsində Çarlz Bukovskinin “Bir gecikmənin səbəbi” hekayəsini təqdim edir.

(«Mənə sevgini gətir» kitabından)

Hörmətli baş redaktor,

Sizə təqdim etməli olduğum yazını xeyli gecikdirdiyimi bilirəm, ancaq bu ara başıma bəzi əhəmiyyətsiz hadisələr gəldi. Qadınla dilləşmə, maşının təmiri, bir həftəliyinə gələn qonaq-qara və indi xatırlaya bilmədiyim bunun kimi hadisələr. Bunlardan biri də, indi xatırladım, sürücülük vəsiqəmin yenilənməsiydi. Vəsiqə müddətini hər dəfə uzadanda necə yaşlandığıma diqqət yetirirəm. Vəsiqəni təzələmək məndən ötrü məzara nə dərəcədə yaxınlaşdığımı göstərən bir işarətdir.

Həm də bu, Yeni il və doğum günləriylə müqayisədə daha dəqiq işarətdir. Ölmək sən deyən də vecimə gəlmir, çünki canımı daha çox sıxan ölümün qaçılmazlığıdır. Ona görə də dörd ildən bir vəsiqəmi təzələməzdən öncəki gecə nəyi var içirəm. Bu dəfə də mən axşamkı xumarlığım keçmədən yolumu Hollywood Motorlu Nəqliyyat Departamentindən saldım. Başım ağrıdan çatlayırdı, arabir gözümün önü elə qaralırdı, az qalırdı ağlım başımdan çıxa. Sağ tərəfə burulmaqla, Hollivud bulvarı tərəflərdə bir bara baş çəkdim. Saxlayıb, maşından endim, bara girib, əyləşəndən sonra bir «Heineken» pivəsi sifariş elədim, stəkandan imtina elədim və butulkanı başıma çəkməklə bir dəfəyə boşaltdım…

Məndən iki oturacaq o yanda oturan içkili qadının saçları kirpi tikanlarını xatırladırdı. Əynindəki şey paltardan daha çox ortasında deşik açılaraq, başından keçirdiyi kirli yataq mələfəsini xatırladırdı adama.

Mənə: «He-ey!» dedi.

Düppədüz gözlərinə baxmalı oldum.

- Mə Qaraçı Helenayam, - dedi.

Mən də:

- Filip Messbel – hava uçuşları üzrə dispetçer. İndilik işsizəm, - dedim.

- Falına baxım, Filip?

- Neçəyə?

- Bir şüşə pivəyə.

- Olsun.

Əyninə taxdığı klu-klaks-klan mələfəsini döşəməylə sürüyən Helena yaxınlaşıb, böyrümdəki oturacağa yerləşdi. Sol əlimi ovcuna alıb, çevirdi və ovcumdakı xətlərin üstə barmağını gəzdirdi.

- O-o-o, - dedi, - həyat xəttin uzunmuş. Çox yaşayacaqsan demək…

- Bu, onsuz da bəllidir. Sən mənə fərqli bir şey de görüm.

Barmağını ovcumda gəzdirərək əlavə elədi:

- Ən çox sevdiyin pivə – «Heineken»dir.

- Baş aldatmağı buraxsana, - dedim.

Qadın səsini yüksəltdi:

- O-o-o, axır ki gördüm!

- Nə, nə gördün elə?

- Yaxın vaxtda, bəlkə qarşıdakı bir saaat ərzində biriylə yatağa girəcəksən.

- Kimlə, axı? Yoxsa səninlə?

- O da ola bilər. İyirmi beş dolların varmı?

- Yoxdur.

- Onda başqasıyla yatacaqsan.

Qadın şüşəsini götürdü, mən isə özümünkünü boşaldıb, bayıra çıxdım. Maşına minib, bulvardan sola buruldum və Motorlu Nəqliyyat Departamentinə üz tutdum. Başağrım qismən azalsa da, beynimin dumanı çəkilməmişdi hələ. O lənətə gəlmiş sürücülük imtahanına yenə də test kitabıyla hazırlaşmadan girəcəkdim, ancaq bu, o qədər də əhəmiyyət daşımırdı, çünki daha çox zəhləmi tökən şey – uzun növbələrə dayanıb, gözləyərkən başqalarının boynunun ardına baxmaq məcburiyyətimdi. Düzdür, boyun ardları üzlər qədər ürək bulandırmır, bununla belə onlar da adama dəhşət hissi aşılamağa qadirdirlər…

Qırmızı işıqda dayananda qəfildən qarınağrım tutdu. Fikrimi ağır abdəstə köklənməsin deyə, bulvara göz gəzdirməyi uyğun gördüm. O ara baxışlarım avtobus dayanacağındakı cavan qadına sataşdı. Dirilmiş Merilin Monronun bir az aşınmış halını xatırladırdı. Budları onunkundan daha iri, təbəssümü isə daha şux idi. Aylardan bəri tamarzısı olduğum şeyin on qatını vəd edən tumanına baxıb, gülümsədiyimi sezincə, qadın mənə gülümsədi. Mən gülümsədim, o, gülümsədi, beləcə gülümsəmə dünyasına sığındıq. Sarı işıq yananda o, yerindən sıçrayıb, maşınıma tərəf qaçdı. Sağ ayağımla atdığım təpiklə maşının qapısını açdım və o dilbər qoparılmağı uman meyvə kimi özünü içəri saldı.

Arxadakı maşının sahibi siqnala basdı və: «Səni öldürsə-öldürsə, ancaq o qəhbə öldürəcək!» - deyə bağırdı.

Qaz pedalına basıb, yola düşdüm. Yan tərəfə nəzər saldığımda qadın baldırını qaşıyırdı.

- Adım Rozidir, - dedi.

- Mən də Qordon Plaqqam.

Rozi soruşdu:

- Məndən umduğun «Dərinliyə dalma»dır, yoxsa «Dünya səyahəti (turu)»? Yoxsa «İngilis duzu», «Qara it», «Sarı dəniz», «Məftildən qamçı», «Əmmə-gömmə», «Süpürgə sapı», «Baca təmizləmə»? Könlün bu sadalananlardan nəyi çəkir?

- Sürücülük vəsiqəmi təzələməliyəm, - dedim.

- Əlli dollara, - dedi.

- Bunu da bəcərırsan? – soruşdum.

- Hə.

- Onda razıyam.

Qısa siqarasının qalan qismini alışdıraraq məni süzdü:

- Qəribə görkəmə sahib qoca qurumsaqsan sən. İndiyədək çoxdan ölməliydin, bunu təsadüfən unutmuş birisinə bənzəyirsən sən.

- Bu gün bunu yada salacağam.

- Nədir axı, dərdin?

- Bəzi şeylər, Rozi, daim rahatlığıma haram qatır. Məsələn, gecə və gündüz.

- Nə mənada?

- Məsələn, hər səhər şalvarımı geyinəndə və nəfəyimi bağlamazdan öncə düşünürəm ki, görəsən zəncirbəndim tutulmayıb ki hələ? Əlbəttə ki, adətən işlək olur o və mənə narahatlıq aşılayan bu cür şübhələrə qapılmamdır. Niyə? Nə ilə bağlıdır? Heç nəyə yaramayan belə şübhələr sadəcə adamın enerjisini sümürür.

- Bəlkə psixiatra gedəsən?

- Qəbuluna gedəcəyim psixiatr özü psixitara ehtiyac duymamalıdır, ancaq belə biri yoxdur.

- Yəni deyirsən ki, hər kəs başdan «o məsələ»dir?

- Hərənin özünə görə bir taxıntısı var, əlbəttə. Aradakı yeganə fərq isə o taxıntının kimi nə dərəcədə narahat etməsidir.

Rozini əsnəmə tutdu.

- Evin buradan çox uzaqdadır?

- İşə bax ha! Mən də elə sanırdım ki, sizə gedəcəyik!

Siqarasından qullab alan Rozi havaya bir tüstü halqası buraxdı:

- Onda on dollar da verəcəksən.

- Razıyam. Ancaq öncə vəsiqəmi təzələyək, sonra…

- Yaxşı. Onu dərd eləmə.

- Dəhşət bir şey olacaq bu.

- Sükan arxasında ikən sənin bananından süd sümürə bilərəm. İstəyərsən?

- Yox. Vəsiqəmi təzələməni arzulayıram hələlik.

- Buna necə, hazırsanmı?

- Dörd ildə bir – hə…

Rozi necə gedəcəyimi izah elədi və evinə çatdıq. Ev faner lövhələrdən tikilmişdi deyəsən, kənar tərəfləri və damı isə çökmüşdü. Qarşısında əzəmətli bir palma ağacı ucalırdı.

Gözümü yançaqlarından ayırmadan içəri keçdim. Əvvəlki müştəriləri kimi, mən də qadının o burcutduğu, oynatdığı, hansısa nəğməni söyləyən və bir an öncə tumanından sıyrılmaq istəyən yançaqlarının ardınca düşdüm. Belə yançaqlar kişilərin vəzlərində yığılan, onların bütün iyrəncliklərini meydana qoyan hormonların boşalmasına rəvac verməkdədir.

Rozi qapını təpiklə vurub açdı. İçəridə bir neçə oğlan uşağı dəydi gözümə. Onlardan biri ikiqat bükülərək, təyyarə modelinin detallarını bir-birinə yapışdırmaqla girinc-giriftar idi. Ona tərəf yönələn Rozi yanına necə təpik ilişdirdisə, oğlancığaz üzbəüz divara yapışdı.

- Devid! Sənə neçə kərə deməliyəm ki, bu yapışqan qoxlamağı tərgit?! Beynini əridəcək o, axırda!

Başını bulayan Devid Roziyə barmağını yelləyərək: «Poxunu yeyib, gəbər!» deyə qışqırdı.

Əynindəki maykada Tim Lirinin rəsmi olan digər oğlan da döşəmədə oturmaqdaydı. Təxminən dörd yaşı olardı. Dalğaların kimsəsiz adaya atdığı birisinin çarəsizliyi oxunurdu üzündən. Bir qızcığaz isə əlində Bart Reynoldsun fotosunu tutmuşdu. O, yanan alışqanı Bart Reynoldsun təbəssümdən açıla qalan, kobud ağzına yaxınlaşdırdı. Bir anda Reynoldsun qaralıb külə dönən ağzının yerində dəlik açıldı.

Qızcığaz dedi: «Bart Reynolds».

Rozi baxışlarını mənə dikdi:

- Pulu bəri başdan ver.

Ona bir əllilik və onluq əskinas uzatdım. Pulu haradasa gizləyəndən sonra tez soyunmağa girişdi. Bir çox qadından fərqli olaraq, çılpaq ikən daha canalıcıydı.

Pıçıltıyla:

- Rozi, bəs uşaqlar…

- Belə şeylərə alışıblar. Onlar bu filmi dəfələrlə gördüklərindən gözləri yağır olub, bundan beziblər. Əslinə qalanda, elə mən də bezmişəm, vallah…

- Bura bax, Rozi, mənə sürücülük vəsiqəsi lazımdır!

- Qorxma, puluna görə zövq alacaqsan.

İşığı keçirən Rozi kirli döşəyin üstünə uzandı. Ona yanaşıb, nəfəyimi açdım və özümü onun əndamının cazibədar genişliyinə təslim elədim. Döşləri də, yançağı da adamın ağlını alırdı. Bu ara buludlar, şəlalələr, bərbudda (nərd zərləri atmaqla oynanan bir qumar növü – A.Y.) bəxtimin gətirməsi gəlsə də xəyalıma, bir də fərqinə vardım ki, ilahi, heç əynimi soyunmamışam. Barmaqlarımla saçlarını xışmaladığım zaman onlar mənə quma bulaşmış təsiri bağışladılar. Rozinin vücudu rezin əlcək qoxusu verirdi. Qəfildən qüssə bürüdü içimi, səbəbini bilməsəm də, hönkürmək keçdi içimdən. Düşündüm ki, bu – yalqız bir qadındır, həm də çox yalqız. Sonra öz-özümə: «Xeyr, yalqız olan sən özünsən» dedim. Qadının dili sərin idi. Dilini dişlədiyimdə, o, kürəyimi dırnaqlarıyla cırmaqladı, sonra köynəyimi cırdı. Kürəyimin qanadığını duymaqdaydım. İçi sulanmışdı, girişə hazır idi, ona daldım. Şux can idi. Harada olduğumu unutdum, gecəni-gündüzü unutdum. Ancaq sonra göylərdən yerə endim, «Bu, bir röyaydı» deyə düşündüm, «həm də misilsiz bir röya». O, misilsiz əndamın üstündə uzanıb, bir müddət dincələndən sonra yan tərəfə yumbalandım…

Bir fotoaparatın qarşısında durmuşdum. Aparatın arxa tərəfindəki gonbul qadın şux idi və mən yaşda olardı. Mənə: «Haydı, gülümsə, - dedi, - qorxma, incitməyəcək».

Gülümsədim. Fləş alışdı…

«Müvəqqəti vəsiqəni bir neçə gün ərzində alacaqsan. Əsli isə iki ay içində poçtla sənə göndəriləcək».

O ara qabağıma baxanda nəfəyimin açıq olduğunu sezdim. Zəncirbəndi çəkməyə çalışdım, ancaq tutulmuşdu. Xarab olmuşdu.

Bayıra çıxdım. Köynəyimin arxasındakı yırtıqdan vuran sərin havadan xoşhallandım. Maşınım dayanacaqda idi. Sükan arxasına keçib, bir siqaret yandırdım, maşını işə saldım və dayanacağı tərk elədim. Günümün pis keçdiyini söyləyə bilməzdim və maşındakı saata inanılarsa, gün hələ bitməmişdi. Qumlu sahilə və ya kinoteatra gedə bilərdim. Kinodan sən deyən həzz almırdım və getməyəli çox olmuşdu. Kinoya baxmağa qərar verdim. Radionu açdım. Sevgiyə aid bir mahnı səslənirdi və hədsiz zay mahnı idi. Yaşadığımız bu dünya zay-zay sevgi mahnılarıyla əcəb doluymuş. Radionu söndürdüm və niyə görəsə hələ də böyük abdəstə çıxmadığım gəldi ağlıma.

Bir yanacaqdoldurma stansiyasına yan alıb, maşını saxladım. Düşüb, tualetə tərəf getməyə başladım. Benzinçi məni sezdi: «Ehey, qağa, nəfəyin açıqdır».

«Bilirəm» dedim.

«Tualetə baş çəkənlərin bizimlə alver eləməsi də arzuolunandır».

«Onda təkərlərə hava vur» dedim.

Tualetə girib, kabinəyə saldım özümü. Burada tualet kağızı da var idi. Şalvarımı və alt tumanımı çıxarıb, dərin oturuşa keçdim. Döşəmədəki jurnalınıza da nəzərlərim məhz o anda sataşdı. Üz qabığı cırılmışdı və nəm idi, ona baxanın içini kədər bürüyürdü. Xatırladım ki, sizə göndərməli olduğum növbəti yazının vaxtı keçib. Bunun səbəbləriylə bağlı bir yazı yazmaq qərarına gəldim.

O yazı – bax, bu oxuduğunuzdur.

https://www.facebook.com/azadyasharofficial

news-inner-user
Azad Yaşar

83 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020