Sizin cinsiniz haranızdadır?

Sizin cinsiniz haranızdadır?
24 yanvar 2014
# 08:30

Psixoloji cinsi uğrunda mübarizə aparanlara....

“İçində yaşadığım dəri” ilk dəfə 2011-ci ildə həm də Kann festivalı çərçivəsində təqdim olunub, məşhur ispan rejissoru Pedro Almodovarın filmidir.

Pedro çox filmlərində bildiyi, tanıdığı qadın dünyasını, cinsi azlıqları təqdim edir. Və o qadınlar həqiqidirlər, realdırlar, inandırıcıdırlar və hamısı da sevgi üçün yaranmış məxluqlardır. O, mavilərin məhəbbəti haqda çəkdiyi filmlərində qəhrəmanları tamaşaçıya maksimum yaxınlaşdırmağa çalışır. Yaxın edir ki, onların həyatı, hissləri tamaşaçıya özünü onun yerinə qoyacaq qədər yaxın olsun. Almadovar peşəkarlığı sayəsində milyonlarla insan üçün distansiyanı, baryeri götürməyə çalışır. O insanlar ki, öz subyektiv münasibətlərini başqaları üçün qanuna çevirməyə çalışır. Bu münasibət kiminsə haqqını tapdayırmı, tapdamırmı, fərqinə varmadan.

...Fərqinə varmaq. Əsl sənətkarın işi budur. Ədalətsizlik törədən münasibətə, fikirlərə təsir göstərmək, qarşılıq qoymaq. Təhlükəli monotonluqda boğulan cəmiyyəti, standart düşünməkdən, totalitarlıqdan xilas etmək, plüralizm gətirmək...

“İçində yaşadığım dəri” filmi atelyedə işləyən bir oğlandan bəhs edir. Vinsenta bir atelyedə işləyir, orada işləyən qızlardan birindən xoşu gəlir. Amma qız Vinsentanı rədd edir, çünki o lesbiyandır. Günlərin birində Vinsenta şərə düşür - bir cərrahın qızı ilə təsadüfi bir görüşdə qız qəflətən ölür. Plastik cərrah (Antonio Banderas) qızının ölümündə Vinsentanı günahkar bilir və ondan əcaib bir qisas alır.

Necə deyərlər, bir gülləylə iki dovşan vurur. Həm qisas alır, həm onu öz peşəsində nailiyyət qazanmaq üçün təcrübə dovşanına çevirir, özünə oğlandan ideal qadın düzəldir. Onun cinsini dəyişdirir. Daha doğrusu, bədənində ən kəskin dəyişikliklər aparır, amma görkəmcə tam bir qadın bədəni yaratsa belə, bir türlü Vinsentanın cinsini dəyişdirə bilmir. Oğurlayıb evindəki laboratoriyasında üzərində əməliyyat apardığı Vinsenta qadın bədəni qazansa da ruhən, psixoloji olaraq kişidir. Bədəni dəyişən cərrah Tanrının verdiyi ruhu dəyişə bilmir. Yeni qadın bədənli Vinsenta hiylə ilə tapançanı əlinə keçirir, cərahı öldürüb evdən qaçır, ilk olaraq axtardığı adam da atelyedə xoşladığı qız olur...

Filmin ana ideyası cinsi azlıqlara yönəlmiş hər cür təhdidə qarşı bir arqumentdir. Yəni, cins insanın dərisi-cildi, bədəni, cinsi orqanları ilə ölçülmür. Cins insanın mahiyyətində, içində, beynində qəlbində, ruhundadır. Visentanın bədənini dəyişsələr də, kişi ruhuna toxuna bilmirlər. Yəni cins toxunulmazdır. cins insanın ruhunda, psixologiyasındadır. Deməli, maviləri, transvistitləri qınamağa dəyməz, deməli, eynicinslilərin əlaqəsinə bir qədər düşüncəli, ciddi yanaşmaq lazımdır, amma Allah eşqinə, bu, mavilərin, transvistitlərin, çəhrayıların təbliği anlamına gəlmir (Əksinə, onlara əzici, müstəbid münasibət onların həyatını iyrəncləşdirir və bu faktı iyrəncliklə bir yerdə təbliğ edir).

Çoxunun filmdən çıxardığı qənaətin əksinə olaraq, film cinsi azlıqları müdafiə edir (internetdə filmə baxmış adamların şərhlərini oxudum. Bir nəfər yazmışdı ki, plastik cərraha əcəb oldu. Allah cinsini dəyişənləri, dəyişdirən cərrahları lənətləyib. Bu da adamın filmdən çıxardığı nəticə! O şərhi yazan adam əmindir ki, rejissor cinsi azlıqlara, transvestitlərə, könüllü cinsini dəyişdirən... Pardon! Bədənində dəyişikliklər edən cərrahlara qarşıdı. Bəlkə rejissorun cinsi oriyentasiyasından belə xəbəri yoxdu). Xüsusilə də, patriarxal cəmiyyətdə bu insanlara bəri başdan «pozğun» kimi yanaşırlar və bəzən bu yanaşma çox pis nəticələr verir. Cəmiyyət onlara pozğun kimi baxır və pozğuna da çevirir - cəmiyyətdə qovulan cinsi azlıq nümayəndəsi fahişəliyə məcbur olur.

Film bədən və ruh arasındakı cins ziddiyyətini izah etmək istəyir. Adamlar bədənlərini dəyişməkdə könüllüdürlərsə, bu onların ruhundan, beynindən, içindən gəlir, deyir rejissor. Cins əxlaq anlayışının çölündədir, deyir rejissor.

Film birbaşa və dolayısı yollarla başqa-başqa fikirlər ötürür tamaşaçılara. Amma ən əsas fikri qorumaq üçün bir ad seçir filminə Pedro. “İçinə yerləşdiyim dəri”. Filmin qəhrəmanı Vinsenta da plastik cərrahın ağlasığmaz təcavüzündən qaçmağa imkan tapmayanda bu fikirlə təsəlli tapır: “Hər zaman gizlənəcək bir yeriniz var, içinizdə olan bir yer”. Qalanı dəridir. İçinə yerləşdiyiniz dəri…

# 4966 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #