Bütün dövrlərin ən zərif qadınından məsləhətlər

Bütün dövrlərin ən zərif qadınından məsləhətlər
27 dekabr 2013
# 08:45

Dəb deyəndə ağla gələn insanlardan biri və bəlkə də birinci Koko Şaneldir. Şanel yaşadığı müddətdə, hətta ölümündən sonra da bir çox modelyerlərə, dizaynerlərə ilham verib. Qadınları uzun, qabarıq paltarlar yox, rahat geyinməyə həvəsləndirib. Bu gün də qadınların ondan öyrənəcəyi çox şey var.


Stil: “Sadəlik”

Koko Şanel qadınların həmişə sadə geyinməyinin tərəfdarı olub. Onun fikrincə, həddən artıq gözəgəlimli geyinmək qadının ya paltarlarına, ya da özünə inanmadığını göstərir, daxili gözəllikdən daha çox xarici görkəmə üstünlük verdiyi təəssüratını yaradır. Dostunuzun toyuna cins şalvar və ya idman köynəyində getmək lazım deyil, amma həmişə üstünlüyü sadəliyə verin.


“Evdən çıxanda güzgüyə baxın və bir aksessuarınızı çıxarın” sözünün Şanelə aid olduğu deyilir. Elə deyilsə belə, bu söz onun geyim tərzini yaxşı ifadə edir. Sadəlik həmişə zərifliklə eyniləşdirilir və hələ uzun müddət də belə davam edəcək. Məgər daş-qaşlı kəmər, yaxud boyunbağı taxmaq məcburidir?

Geyimə çox vaxt sərf etməyin. Çünki özünə çox vaxt ayıran adamların həyatda özlərindən başqa heç kimi sevmədikləri deyilir. Alış-veriş edəndə bir-birinə uyğunlaşan paltarlar almağa meyl edin. Şanelin qarderobunda əsas rənglər ağ və qara idi, ona görə də “Nə geyinim?” sualına saatlarla baş sındırmırdı.


Şanel həm də yapon gülü kimi tanınan “kamelya”nın fetişi olub. Əslində, kamelya o vaxtlar fransız cəmiyyətinin gizli şifrəsi idi. Evlilikdən kənar münasibət yaşayanlar ətrafdakıları xəbərdar etmək üçün yaxalarına kamelya taxırmış. Şanel üçün kamelya sevginin ən yaxşı simvolu idi. Onun kamelya sevgisi ayaqqabıdan tutmuş çantalara, parçalardan papaqlara qədər uzanırdı. Qabrieli Koko Şanel edən də məhz nələrəsə qarşı hədsiz sevgisi olub.


Corcio Armani onun haqda “yaşamış ən zərif qadın” desə də, Şanelin gözəl qadın olmadığı şəkillərindən açıq-aydın bilinir. Hətta Kolet (fransız yazıçı - red.) Kokonu öküzə bənzədirdi. Xasiyyəti də gözəl deyildi. “Mükəmməl olmayan” Şanelin stili bu gün “mükəmməl” sayılırsa, bunun səbəbi sevdiyi və özünə yaraşan şeyləri geyinməyi idi. Koko qadınların at yarışlarına gedəndə iri papaqlar, uzun və qabarıq paltarlar geyinmələri ilə zarafatlaşırmış. Heç kimi vecinə almadan yarışlara kostyum geyinib gedirmiş. O, qadınlara özlərini rahat və yaxşı hiss etdikləri şeyləri geyinməyi aşılayırdı.

Karyera: “İş mənim narkotikimdir”


Şanel işinin vurğunu idi. İşini həm də həyatdan qaçış kimi görürdü. “İş mənim narkotikimdir” – deyirdi. Sevgilisi Artur Keypeli itirəndən sonra işinə daha çox bağlanıb. “Balaca qara paltar”ın da bu dövrlərdə ortaya çıxdığı rəvayət edilir.


Şaneldən öyrənəcəyimiz ən mühüm şeylərdən biri də təmkindir. “Heç kim özündən danışmamalıdır. İnsanlar sizi özləri təxmin edib tanımalıdır” – deyən Koko qadınlara sirli qalmağı məsləhət görürdü.


Pul: “Pulunuzu ayrı saxlayın”


Şanel hər şeyin ən yaxşısını istəyib, amma hər şeyə də tamah salmayıb. Çoxlu maşını, gəmisi olmayıb. Hətta paltarları da az olub. Özü tikmədiyi heç nəyi geyinməzmiş.


Çoxlarının əksinə Şanel varlandıqca daşınmaz əmlakının sayını azaldıb. “Hamı öz həddini bilməli və onu nəzərə alaraq yaşamalıdır. Əks halda başınıza artıq iş açmış olarsınız” – deyərmiş.


Jaklin Kennedinin gənc qızlara verdiyi “Ya evlənməyin, ya da ərinizlə pulunuzu ayırın” məsləhəti Şanel üçün də keçərli olub. Şanelin sevgililəri ilə heç vaxt pul mübahisəsi olmayıb.

# 5261 dəfə oxunub

Oxşar xəbərlər

Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

12:00 19 yanvar 2026
Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

15:00 18 yanvar 2026
Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur  ədəbi cərəyanlar

Əxlaqi seçimlər, bioloji instinktlər, oxucu ilə oyunlar... - Ən məşhur ədəbi cərəyanlar

12:00 18 yanvar 2026
"Gecə" - Varlam Şalamovun hekayəsi

"Gecə" - Varlam Şalamovun hekayəsi

17:00 17 yanvar 2026
“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

12:00 17 yanvar 2026
İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

17:00 16 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər