news-inner
clock11:42 calendar-gray 23 Dekabr 2013 view-gray806 dəfə oxunub
view-gray806 dəfə oxunub

Qoyun oğurluğumuz

Mən kənd uşağı olsam da heç vaxt mal nobatına getməmişəm. Həyətimizdə heyvan adına ancaq toyuq-cücə, bir də onları tülkünün həmləsindən qoruyan köpək olub. Atam Tuğay bağları tərəfdə bir ev tikmişdi və o tərəflərdə gecələr tülkü, çaqqal dolaşdığından gecələr köpəyin zəncirdən açıb buraxırdı ki, tülkü həyətə üzükməsin.

Amma yan-yörəmizdə mal-qara, qoyun-quzu saxlayanlar da vardı. İncəvara, o vaxtacan bir kimsənin həyətindən heyvan, toyuq-cücə oğurlayan olmamışdı. Amma bir gün qonşuluqda yaşayan Hafiz kişinin günün günorta çağı iki qoyununu oğurladılar. İndi də bu hadisə yadıma düşəndə bir anlıq mənə elə gəlir ki, bu qəziyyəni nə vaxtsa özümdən uydurmuşam. Amma olmuş əhvalatdır.

Yalançıların sözü olmasın, gündə bir qıza vurulan vaxtlarım idi. Yenə birinə bənd olub, xam cöngə kimi havalanmışdım. Həmin əhvalat baş verən gün də canı yanmışın ad günüydü. Bu qıza bir xalvar pul xərcləmişdim, bir sözlə, başdan-ayağa “rasxod” idi. Bir gün əvvəl də uşaqlıq dostum Ramillə danışmışdıq ki, sabah yığışaq, onun ad gününü yüngülvarı qeyd edək. İki ad gününün arasında qalmışdım. Tərslikdən cibişdan da boş. Gün yavaş-yavaş axşama doğru əyilirdi, evin içində pəjmürdə vəziyyətdə o baş-bu başa gedirdim. Bayaqdan gizlicə mənə göz qoyan anam axır dilə gəldi:

- A bala, yumurtası tərs düşən toyuq kimi nə ora-bura vurnuxursan?

Beynimdə anama verəcəyim cavabı fikirləşirdim ki, dəmir darvazamızın şiddətlə döyüldüyün eşitdim. Tez qapıya cumdum, bizim küçədən iki tin aralıda yaşayan qonşumuz Əlislam kişinin oğlu Ramil yekə bir toğlunu itələyib həyətə saldı. Toğlu yad yerə düşdüyündən narazı-narazı ətrafa baxıb geri çevrildi ki, qapıdan küçəyə adlasın, əclaf ayağıyla heyvanın qarşısını kəsib dəmir darvazanın bala qapısını bağladı.

- Bu, Hafizin qoyunudu. Bayaq qoyunları otluğa buraxmışdı, deyəsən kefi kökdü, kepkasını gözünün üstünə basıb fıştırıq çalırdı. Qoyunlardan ikisini çırpışdırdım. Biri bizim həyətdədir, bunu da bura gətirdim. Tez sal hamama, gəlib görməsinlər.

- Sənin başın xarabdı, nədi? Məni zibilə salmaq istəyirsən? Tez apar qaytar qoyunları. Xəbər tutsa, pis olacaq, - dedim.

Dediklərim vələdüznanın heç halına təfavüt eləmədi.

- Ala, piyandu, indi qoyunları sayası halda döyül. Heç kim də görmədi, qorxma. Sal hamama.

Xeyli mübahisə elədik və nəticədə Ramil qollarını çirməyib elə bizim həyətdəcə qoyunun başını kəsib cəmdəyini qənarədən asdı və dərisini soydu. Qanlı bıçağı torpağa sürtə-sürtə dedi:

- Bu da sənin sevgilinin hədiyyəsi! Bunu tənzifə bük, at maşına, apar ver, gəl.

Duruxub qalmışdım. Hava qaralmaq üzrəydi. Ramilin hərəkəti açıq-aşkar oğurluq sayılırdı. İndi mən də bu oğurluğa şərik çıxmışdım. Qız zəng vurdu və incik ədayla dedi ki, dəniz kənarında yığışmışıq, gəlmirsən?

Ramil əlini kürəyimə şappıldadıb: - yubanma, get, sən gələnəcən bizdə də kabab hazır olacaq, - dedi və bic-bic gülümsədi. Fikirləşdim ki, bu oğlan başdan-ayağa xatadı.

Həmin axşam taksi tutub ad günü hədiyyəsini maşının yük yerinə qoyduq və sürücüyə: - dəniz kənarına sür, - dedim. Kababçı dedi ki, ətin yarısı bizim olsun, yarısını da kabab çəkib süfrəyə verim, razısan? Razılaşmaqdan başqa çarəm yox idi. Qız da gülüb dedi ki, adə, bundansa balıq alıb gətirəydin də.

Ramil gecə ikən o biri toğlunu da kəsib ətini şişə çəkmişdi. Axşam atası işdən gələndə görür ki, həyətdə manqal yanır, kabab qoxusu gəlir. Soruşur ki, ay bala, bu əti hardan almısan? Ramil də kişi kimi əhvalatı olduğu kimi atasına danışır. Hər gün kabab yeməkdən boynu qat bağlamış Əlislam başı batmış Hafizlə badə dostuydu. İkisi də qırmızıyanaq kişilər idi, bir boyda, bir biçimdəydilər. Uzaqdan baxanda onları ayırd eləmək olmurdu. Amma onların arasında bir fərq vardı; Hafiz səxavətdə Hatəmə tay adam olsa da Əlislam xəsislikdə Hacı Qaradan geri qalmazdı.

Əhli-kef ata baxır ki, iş işdən keçib, oğluna yüngülcə bir şapalaq ilişdirir ki, kopoyoğlu, mən indi Hafizin üzünə necə baxacam? Deməz ki, oğlun qoyunlarımı oğurlayıb?

Səhərisi gün axşamacan evdən çölə çıxmadım. Ürəyim səksəkədə idi. Qəbih iş tutmuşduq. Bu işin sorağı bu gün mütləq çıxmalıydı. Darvaza döyüləndə oturduğum divandan dik atıldım. Gələn Ramil idi. Məni görçək hırıldadı, şit gülüş milçək kimi üzünə qondu:

- Noolub ala? Rəngin nöş qaçıb? Nə ağciyər adamsan sən...

Tövrümü pozmadan soruşdum:

- Nə xəbər var? Gərək belə eləməyəydin. İndi Hafiz əminin üzünə necə baxacağıq?

- Atam bu gün Hafizə yaxşı bir qonaqlıq verib, ağzını bağlayıb. – Ramil arxayın tövrlə bunu deyib cibindən bir siqaret çıxardı və damağına qoyub kibriti çəkdi. - Hərif dünəndən qoyunları axtarırmış. Kişini necə bişiribsə, deyib sizə qoyunlar qurbandı! Sənnən bir ton araq içmişik, iki toğlu nədi ki, onun söhbətini edək?!

Fikirləşdim ki, atam sağ olsaydı, bu əməlimə görə məni öldürərdi...

news-inner-user
Kənan Hacı

193 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020
Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020
Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
08:58 07 İyul 2020
Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020
Hamilə qalmaq üçün daş oyuğuna salınan gəlin – Güneydən hekayə
15:11 06 İyul 2020
İlin ən yaxşı internet serialı - "Şəxsiyyət"
14:28 06 İyul 2020
İsa Məshinin lezbiyan obrazına dindarlardan etiraz
13:45 06 İyul 2020
Əlini iki dəfə tərpətdi... - Mahmudun dəfnindən gecikmiş reportaj
13:02 06 İyul 2020
Mirşahin Ağayev koronavirusa yoluxdu
12:33 06 İyul 2020
Azərbaycanın Prustu – Şərif Ağayar yazır...
12:01 06 İyul 2020
Bəhram Bağırzadədən xoş xəbər
11:56 06 İyul 2020
Villalara sığmayan karantin ərköyünləri
11:30 06 İyul 2020
Dünya şöhrətli bəstəkar vəfat etdi
11:07 06 İyul 2020