news-inner
clock11:06 calendar-gray 21 Oktyabr 2013 view-gray1355 dəfə oxunub
view-gray1355 dəfə oxunub

AYB-nin yeni mətbuat katibi: “Bakıya təkcə müğənniləri gətirməmişik”

Kulis.az-ın suallarını Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza cavablandırır.

- Sizin AYB-nin mətbuat katibi təyin olunmağınız birmənalı qarşılanmadı. Çünki indiyədək sizi prodakşn rəhbəri kimi tanıyırdıq. Bununla bağlı nə düşünürsünüz?

- Hər kəsin düşüncəsinə hörmətlə yanaşıram. Birmənalı qarşılamayan insanların kimliyini, niyə bu düşüncədə olduqlarını bilməsəm də, təbii qəbul edirəm. İcazə verin, “sizi prodakşn rəhbəri kimi tanıyırdıq” fikirilə razılaşmayım. 1997-ci ildən mətbuatdayam. Müxtəlif qəzetlərdə müxtəlif vəzifələrdə calışmışam. Həmin ildən Yeni Nəsil Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Redaktorlar Birliyinin üzvü olmuşam. “O dünyaya məktublar” başlıqlı yazılarımın kifayət qədər oxucu kütləsi olub. Həftədə 4 dəfə işıq üzü görən, tirajı 20 mindən yuxarı olan və hər dəfə 90 faiz satış göstəricisi olan bir qəzetdə şöbə müdiri, redaktor, baş redaktor vəzifələrində çalışmışam… Elə ilk kitabım da 2001-ci ildə “O dünyaya məktublar” (məqalələr) adlanır. Şair olaraq şeirə klipi ilk dəfə mən çəkdirmişəm. 5 kitabım, 3 şeirlər diskim işıq üzü görüb. Türkiyədə və ölkəmizdə önəmli mükafatlara layiq görülmüşəm. Azərbaycan və Türkiyə müğənnilərinin ifalarında səslənən onlarla mahnıların söz müəllifiyəm. İndi sizcə bəzilərinin məni yalnız prodakşn rəhbəri kimi tanımalarının günahı məndədir? Prodakşn işinə gəlincə. Bəli. Mən prodakşn rəhbəri olmuşam və “Xəyal prodakşn” adlı jurnalım var. Əsas məsələ odur ki, hansı işlə məşğul olursan ol, o işin öhdəsindən layiqincə gələsən. Düşünürəm ki, təşkilatçılığım da uğurlu olub. Bu işi yaxşı bacaran beş nəfərdən biriyəm. Ancaq xüsusi qeyd etmək istədiyim bir məqam var. Başqa prodakşnlardan fərqli olaraq “Xəyal prodakşn”nın bütün layihələri Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyaya tanıdılması ilə bağlı olub. Bir az ətraflı cavab verdim ki, tanımayanların da geniş məlumatları olsun.

- Tək jurnalistlər yox, yazıçılar və şairlər də sizi yaxşı tanımırlar. Bu, sizə çətinlik yaratmayacaq ki?

- Tanıyırlar! Amma tanımayanların da olmağı təbii haldır. Məni tanımayanları da tanımayanlar var yəqin ki… Kimlər tanımırlarsa, tanış olarıq. İnanıram ki, ən qısa zamanda onlar məni tanıyacaqlar, mən də onları.

- Sizin namizədliyinizin Anar tərəfindən verildiyi bildirilir, bu doğrudurmu?

- Azərbaycan Yazıçılar Birliyində bu və buna bənzər məsələlərdə qərar sədrin katiblərlə müzakirəsindən sonra verilir. Namizədliyimi irəli sürənlərə də, dəstəkləyənlərə də, qərar verənlərə də təşəkkür edirəm.

- AYB kimi qalmaqallı kimi bir qurumun mətbuat katibi olmaq sizdə narahatlıq yaratmır ki?

- Mətbuatda, ədəbi cameədə düşmənlərim yoxdur. Əksinə, dostlarım çoxdur. Başını aşağı salıb, işinlə məşğul olandan sonra kiminsə səninlə işi olmaz və narahatlığa da əsas qalmaz. Sülh tərəfdarıyam. Süni qalmaqalların isə qəti əleyhinəyəm. Hər problemə sülhlə, danışıq yolu ilə çarə tapmaq mümkündür.

- Mətbuat xidmətinin fəaliyyətində nəsə yenilik etmək barədə düşünürsünüzmü?

- Şair Ədalət Əsgəroğlu ilə dost idik... İşini bilən, sadə və səmimi insan idi. Hər kəslə dil tapırdı. Allah rəhmət eləsin. Mətbuat xidmətinin işində önəmli olan operativlikdir. Xüsusi yeniliyə gərək duymuram. Amma təbii ki, inkişaf da olacaq.

- Prodakşn rəhbəri kimi türk müğənnilərini bura gətirmisiniz. Yəni ora ilə əlaqəniz var. Bizim şair və yazıçıların kitablarının orda təbliği istiqamətində hansı işləri görmək planınız var?

- Biz yalnız türk müğənniləri gətirməmişik Bakıya. Onların arasında millət vəkilləri, şairlər, yazıçılar, naşirlər, siyasətçilər, jurnalistlər, media rəhbərləri də olub. Və yalnız Türkiyədən deyil, dünyanın 10-dan çox ölkəsindən qonaqlar dəvət etmişik dəfələrlə. Artıq 3 ildir ki, iyun ayının 5-də, Mikayıl Müşfiqin doğum günündə Şairlər Günü qeyd olunur. Bu tədbirə də müxtəlif ölkələrdən tanınmış ziyalılar, yazıçılar, ədəbiyyat adamları dəvət edirik. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin tanınması naminə bundan sonra da işlərimizi davam etdirəcəyik. Bundan başqa, şair və yazıçılarımızın kitablarının həm ölkədə, həm də xarici ölkələrdə təbliği istiqamətində bu yaxınlarda çox möhtəşəm bir layihəyə start veriləcək. Bu layihədə biz də varıq.

- Prodakşnda fəaliyyətinizi davam etdirəcəksiniz? Belə olacaqsa bu sizin mətbuat katibi kimi fəaliyyətinizə maneçilik törətməyəcək ki?

- Prodakşnın artıq 10 yaşı var. Mən olmasam da işlər öz yolunda gedəcək. Mətbuat xidmətinin rəhbəri olaraq işimdə çətinliklərin yarana biləcəyini düşünmürəm.

Oxşar xəbərlər