Çəlləkdə yaşayıb, çıraqla insan axtaran filosof ARAŞDIRMA

Çəlləkdə yaşayıb, çıraqla insan axtaran filosof  ARAŞDIRMA
18 oktyabr 2013
# 07:45

Onun yaşadığı dövr böyük şəxsiyyətlərlə zəngin olsa da, Diogen onların içində itib-batmayıb. O, qəribə yaşayış tərzi, qeyri-adi fəlsəfəsi ilə antik dövrün tanınmış filosoflarından olub.

Diogen eradan əvvəl 412-ci ildə indiki Türkiyənin Sinop şəhərində anadan olub. Bəzi mənbələrdə atasının zərgər, bəzisində isə puldəyişən olduğu söylənilir. Diogen sonradan Afinaya sürgün edilib. İnsanları aldatdığına görə.

Bəzi məlumatlara görə, onların sikkə sexləri də varmış. Atası Diogenə təklif edir ki, saxta pul kəsib istifadə etsinlər. Guya bundan dilxor olan Diogen Delfi məbədinə gedib ki, kahinlərdən məsləhət alsın. Kahin ona belə deyir: «Uğur qazanmaq üçün sən dəyərləri yenidən qiymətləndirməlisən». Gənc Diogen bunu müsbət cavab kimi anlayır və ata-oğul başlayırlar saxta pul kəsməyə. Tezliklə onların bu işinin üstü açılır və hər ikisini həbs edirlər. Atası elə türmədəcə dünyasını dəyişir. Diogen özü isə bir müddət sonra azadlığa buraxılsa da, rüsvayçı şəkildə şəhərdən qovulur. Uzun illər davam edən bu didərginlik Diogeni Afinaya gətirib çıxarır. Kahinin dedikləri düz imiş. Sadəcə, gənc və perspektivli vücud onu düzgün başa düşməyib. Burada o, yeni bir şəxsə çevrilir. Sonralar Diogen özünün nihilist fəlsəfi görüşləri ilə həyat və mənəviyyatla bağlı dəyərlərə tamam yeni qiymət verəcəkdi. Kahin də bunu nəzərdə tuturmuş, Diogen bunu sonralar anlayacaqdı. Amma həbsdən əvvəl dəyər deyəndə ağlına ilk gələn pul, sikkə olmuşdu.

Deməli ata nəsihəti faydasız da olurmuş.

Arxeoloji qazıntılar zaman “Gikesey” imzası olan döyülmüş dəmirdən hazırlanmış sikkənin siyasi və maliyyə xarakterli pul olduğu söylənsə də bunu təsdiq edən heç bir qaynaq yoxdur.

Diogen öz vətənindən qovulandan sonra Afinaya gəlib. Burada o, Sokratın dinləyiciləri Platon, Aristipp, Antisfen, Evklidin söhbətlərini eşidib.


Uzun götür-qoydan sonra Antisfenin şagirdi olmaq qərarına gəlir.

Antisfen sinizmin banisi olub. Sinizm fəlsəfəsinə görə xoşbəxtliyə dünyəvi həzlərdən imtina etməklə çatmaq olar. Xoşbəxtlik üçün ailə, din, mülkiyyət kimi şeyləri rədd etmək lazımdır. Sinizmə şöhrət qazanmasına, onun yayılmasına səbəb Diogen olmuşdur. Geniş yayılmış fikirdir ki, Diogen çəlləkdə yaşayıb. Diogen öz «ev»ini şəhər meydanında qoyubmuş. Orada həm yaşayar, həm də insanlara «necə azad olmağı» öyrədərmiş. Canını bərkitmək üçün yayda qaynar qumla üstünü örtər, qışda isə qarla örtülmüş heykəlləri qucaqlayırmış. Hamıya acı nifrətlə yanaşarmış. Deyirmiş ki, Evklidin tələbələri yox, zəhər tuluqları var. Platon özünün natiqlik qabiliyyəti ilə yox, boşboğazlığı ilə seçilir. Dionis bayramındakı yarışlar axmaqlar üçün möcüzədir. Demaqoqlar isə qara camaata yaltaqlıq edir. Bundan başqa, deyirmiş ki, idarəçiləri, həkim və filosofları görəndə adama elə gəlir ki, insan məxluqların ən ağıllısıdır. Yuxuyozanları, falçıları və onlara inananları, bir də şöhrət və var-dövlətindən lovğalananları görəndə isə düşünürsən ki, heç nə insandan axmaq ola bilməz.

Çox vaxt şəhər bazarının artığını yeyirdi. Cırıq plaş geyinərdi. Ondan həm yorğan, həm də döşək kimi istifadə edərdi. Ayaqyalın gəzərdi. Pul verərdilər ki, şagirdi olsunlar, qəbul eləmirdi. O hər şeyə nifrətlə yanaşardı: hakimiyyətə, rəhbərlik eləməyə, pula və insanların axmaq illüziyalarına… Amma camaat arasında böyük hörmət sahibi idi. Qadınlara nifrət edərdi, amma onlara yazığı da gələrdi.

Platonla araları sərin olub. Bir dəfə onu «Sokratın ağıldankəm variantı» adlandıran Platon qonaqlıq verirmiş. Diogen evə girən kimi xalçanı tapdamağa başlayır. Səbəbini soruşanda deiyr: «Platonun lovğalığını ayaqlayıram». Platon isə ona deyir: «Səni buna lovğalığın təhrik edir».

«Kosmopolit» sözünü də ilk dəfə Diogen işlədib. Ona sual verəndə ki, özünü Afina vətəndaşı hesab edirsənmi? Belə cavab verib: «Mən bu və ya digər şəhər və ya dövlətin yox, kosmosun vətəndaşıyam».


Başı tam keçəl olub. Uzun saqqal saxlayarmış. Beli bükülmüş, bir az donqar-fason, əynində əski-təsək. Donqar olduğundan baxışları acıqlı, əlində hər zaman yuxarı hissəsi düyünlü və haça əl ağacı olarmış. Bu haçaya yolçu Diogen öz dağarcığını asarmış.

Quduz bir itin dişləməsi çiy osminoq (səkkizayaqlı ilbiz) yeməsi və ya nəfəsini tutaraq intihar etməsi kimi bir çox ölüm səbəbləri rəvayət edilsə də bu günə qədər ölüm səbəbi haqqında dəqiq bir məlumat yoxdur. Eradan əvvəl 323-cü ildə həyatla vidalaşmışdır. Platonun çılğın Sokrat adlandırdığı, üstün zəkası ilə hər kəsi təsirləndirən bu məşhur filosof bütün qəribəliklərinə rəğmən hörmət görmüş, ölümündən sonra bir itin ona yaslandığı mərmər bir sütun tikilmişdir.

Diogen yoxsulluq içində, dilənərək yaşasa da hamının eyni cür yaşamalı olduğunu iddia etməmişdir. İnsanın ən məhdud yaşam şərtlərində belə xoşbəxt və azad ola biləcəyini göstərmək istəmişdir. Mədəniyyətin tələb etdiyi qanunlara və şərtlərə bağlı olan bir yaşamı rədd etmiş, həyatın təbii və sadə olmasının vacibliyinə inanmışdır. Çeşmədən əliylə su içən uşağı görüb ”Bu uşaq mənə lazımsız bir əşyam olduğunu öyrətdi” deyib əlindəki su çanağını yerə atır.

Psixiatriyada ”Diogen sindromu” anlayışı var, bu, cəmiyyətdən uzaqlaşıb tək yaşayan, insanlarla əlaqəni kəsən, geyim-kecimi kir-pas içində olan insanlara verilən addır.

***

Diogen bir heykəlin qabağında durub sədəqə istəyirmiş. Ondan soruşurlar:

- Niyə belə axmaq işlə məşğul olursan? Heykəl də sədəqə verər?


Diogen deyir:

- Axmaq sizsiniz. Özümü rədd cavabına alışdırıram. Mən məşq edirəm ki, adamlar mənə sədəqə verməyəndə ruhdan düşməyim.

Bir gün Diogendən soruşublar ki, evlənmək üçün ən uyğun hansıdır?

O, “Gəndirsə hələ tezdi, yaşlıdırsa artıq gecdir” cavabını verib.

Deyilənə görə, bir dəfə Diogeni tutub Filippin yanına aparırlar. Filipp ondan soruşur:

- Nə işlə məşğulsan?

- Sənin acgözlüklərini seyr edirəm.

***

Diogenin Makedoniyalı İsgəndərlə görüşü haqda isə müxtəlif versiyalar var. İsgəndər Korinf şəhərinin yaxınlığındakı Kraniya şəhərciyinə gələndə xəbər tutur ki, Diogen buradadır. Bu vaxt Diogenin qalmaqallı şöhrəti bütün Yunanıstana yayılıbmış. Gənc çar isə hər şeylə maraqlanan, dövlətin varlığını inkar edən, o vaxtın «allah»larının heç birinə inanmayan, ailəni şər hesab edən, «azad cəmiyyətdə arvadlar və uşaqlar ümumi olmalıdır» kimi fikirlər irəli sürən qəribə adamla görüşmək qərarına gəlir. Amma Aristotel qəti etiraz edir və bu görüşü İsgəndərə də məsləhət görmür: «Diogenlə görüşməyin heç bir faydası olmaz, o, çarı alçalda bilər. Hamıya bəllidir ki, onun başı işləmir, heç nəyə, heç kəsə hörməti yoxdur». Amma İsgəndər onu dinləmir və düşünür ki, bu qədər ərazini istila edən, gələcəkdə bütün dünyanı tutmağı düşünən hökmdarla söz güləşdirməyə kim cəsarət edər? O, əsgərlərin müşayiəti ilə Diogenin yaşadığı çəlləyin yanına gəlir. Diogen bu vaxt bayıra çıxıb özünü günə verirmiş.
Özünü təqdim edən İsgəndər ondan nə istədiyini soruşur. Diogen cavab verir: “Günün qabağını tutubsan, bir az kənara çəkil”. Diogenin belə saymazyanalığı onu qəzəbləndirir, amma İsgəndər vəziyyətdən ustalıqla çıxır: «Vallah, mən İsgəndər olmasaydım, mütləq Diogen olardım» deyir və ona çoxlu hədiyyə göndərir.

***

Böyük İsgəndər Diogeni üst-üstə yığılmış insan sümükləri içindən nəsə axtararkən görür və nə etdiyini soruşur. Diogen “Atanızın sümüklərini axtarıram, amma hansının kölələrə, hansının atanıza aid olduğunu dəqiqləşdirə bilmədim” deyir.

***

Diogen bir gün çox dar küçədə varlı və qürurlu bir adamla rastlaşır. İkisindən biri çəkilməsə, keçmək mümkün deyilmiş. Varlı adam xor gördüyü Diogenə ”Mən bir avaranın qarşısından kənara çəkilmərəm” deyir. Diogen kənara çəkilərək sakit bir tərzdə deyir: “Mən isə çəkilərəm.”

***

Diogendən “Yer üzündə ən yaxşı şey nədir” deyə soruşublar. Cavab belə olub: ”Azad olmaq”.

***

Diogen bir gün küçədə” Adamlar! Adamlar!” deyə bağırmağa başlayıb. Xalq onun ətrafına toplananda Diogen “Mən adamları çağırıram “deyib çomağı ilə onları qovub.

***

Günün günorta çağı əlində lampa ilə dolaşan Diogendən nə axtardığını soruşanlara “Adam axtarıram, adam!” deyə cavab vermişdir.

***

Diogen şəhər meydanında fəlsəfi mövzuda moizə deməyə başlayır. Heç kəs ona qulaq asmır. Bunu görən Diogen quş kimi cikkildəməyə başlayır. Ətrafa qısa müddətdə xeyli avara toplanır və maraqla onu dinləməyə başlayırlar.


- Baxın, afinalılar, budur sizin ağlınızın qiyməti – deyə Diogen onlara irad tutur – sizin üçün ağıllı söhbətlər edəndə, qızıl xırdalayanda dinləmədiniz, ağılsız quş kimi cikkildəyən kimi ağzınızı ayırıb dinləməyə başladınız.Описание: *

# 9212 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #