Cəfər Cabbarlının ürəyinin partladılmağı...

Cəfər Cabbarlının ürəyinin partladılmağı...
17 oktyabr 2013
# 12:00

Azər Qaradərəli

1994-cü il idi. Qaçqın ailəmizi dolandırmaq üçün daş da daşımağa hazır idim. Həm Bakıda şəhər məktəbində dərs deyirdim, həm qaçqın məktəbimizin direktoru idim, həm də radioda çalışırdım. Belə bir vaxtda dostum Nəsiman Yaqublu məni daha çox əski Müsavatın tarixindən materiallar çap edən “Müsavat” adlı dərgiyə məsul redaktor vəzifəsinə dəvət etdi. Buradakı iş qrafiki sərbəst olduğundan, əski Müsavatın tarixiylə də maraqlandığımdan təklifi qəbul etdim. Dərgidə bir çox rubrikalarla yanaşı, “Müsavatçı yazıçılarımız” rubrikasını da mən aparırdım. İlk rubrikanı Cəfər Cabbarlıya həsr etdik. Yazdığım məqalə oxucular və Cabbarlışünaslar tərəfindən birmənalı qarşılanmasa da, hər halda əksəriyyət mənimlə həmrəy idi. Bunu o vaxt aldığım məktublar və telefon zəngləri də sübut edirdi. Bir az sonra tanınmış Cabbarlışünaslar Ramin Əhmədov və Asif Rüstəmov öz doktorluq və namizədlik işlərində mənim məqaləmdən istifadə etmişdilər.

Hətta məqaləni plagiat kimi bir az dəyişdirib öz adlarına çap etdirənlər də olmuşdu. Bu barədə Kulis.az saytının rəhbəri Qan Turalı bəylə söhbət edərkən o bu barədə yazmağımı və həmin məqaləni də yazıma daxil etməyi xahiş etdi. Beləcə, bu yeni qeydlərimlə yanaşı, bir zamanlar “Müsavat” dərgisinin 2-ci sayında getmiş həmin yazını olduğu kimi oxuculara təqdim edirəm. (Əlbəttə, məqalənin yazıldığı vaxtdan düz 18 il keçir və indiki düşüncə tərzimlə mən bu yazıda nələrisə dəyişərdim, yaxud 90-cı illərin romantik təfəkkür dalğasından xilas ola bilməyən bəzi pafoslu cümlələri o cür yazmazdım. Məsələn, “Ərəfə” romanı barədə o vaxtkı düşüncələrimdə indi yəqin ki, korrektələr edərdim. Fəqət, bu bir tarixdir və istənilən halda tarixi olduğu kimi təqdim etmək lazımdır. )

Müəllif

Tanıdığımız və tanımadığımız Cəfər Cabbarlı

Məktəb partası görmüş hər bir azəri türkü “Cəfər Cabbarlının “1905-ci ildə” pyesində xalqlar dostluğu”, ”Cəfər Cabbarlının yaradıcılığında qadın azadlığı”, ”Almaz” pyesində kollektivləşmənin təsviri” və bu kimi mövzularda inşa yazmış yetmiş illik təhsil sistemimizin eybəcərliyindən doğan yeni pripiska formasında Azərbaycan başdan-başa inşa yazanlar ölkəsinə çevrilmişdir. Özü də inşa yazan yox, bir-birindən çırpışdıran, köçürən, cibində, corabında, lifçiyində gizlədiyi konspektlərdən “bəhrələnən” gənclər... Qəddar rejim nə qədər çalışsa da heç kim belə inşaları mənimsəyə bilmirdi.(Əslində rejimə də elə bu lazım idi: qorxaq, koraqıpıq, suçlu insan kütləsi). Və nəticədə savadsızlar sürüsü meydana gəlirdi... Bəs niyə “başdan-başa savadlılar ölkəsinin övladları” belə kütbeyin olmuşdular ki, inşaları özləri yaza bilmirdilər, bir-birindən köçürürdülər?

Nəzərə alsaq ki, “inşa” sözü qurmaq, yaratmaq sözündəndir, onda hər şey aydınlaşar. Eyni qəlibdə düşünməyə məcbur edilmişlər onsuz da baş sındırıb yeni bir şeyin tapılmasının vecsiz olduğunu bilirdilər: eləysə havayı əziyyət çəkməyə dəyərdimi? Əslində Cəfər Cabbarlı kimi yazıçılar özləri istəsələr də, istəməsələr də , onları sovet rejiminin sərt tələbləri baxımından təhlil edəcəkdilər. (Adamın yadına hələ 19-cu əsrdə olmuş qəribə bir əhvalat düşür: böyük rus yazıçısı İ.C.Turgenev “Ərəfə” romanını yazır. Tənqidçi Dobrolyubov əsəri çar əleyhinə yazılmış inqilabi əsər kimi təhlil etməyə cəhd edir. Yazıçının üsyankarcasına etirazlarına baxmayaraq, tənqidçi əsəri öz bildiyi kimi, daha doğrusu, öz mənafeyinə uyğun şəkildə oxuculara təqdim edir. Sonralar marksist – leninçi ideologiya tərəfdarları sələflərinin bu yolunu “ləyaqətlə davam etdirdilər. Nəticədə Nizami “rus xalqının böyük dostu”, Fizuli “ateist şair”, Xətai isə “işğalçı” oldu).

Uzun illər parta arxasında oğurluq inşa köçürən şagirdlər, sonrakı bığlı-saqqallı kişilər bilmirdilər ki, Cəfər Cabbarlı heç də onlara təlqin olunmuş kimi yazmamışdı, yaxud yazmaq istəməmişdi. “Almaz” pyesinin sonluğuna sonradan yazıçının məcburiyyət qarşısında qalaraq əlavə etdiyi qondarma səhnədə Almazın öz “səhvlərini” (əslində bu dramaturqun “səhvi” kimi yozulurdu rejim tərəfindən) etiraf etməsi , “1905-ci ildə” pyesinin əvvəlinə və sonuna yamaq kimi qondarılan səhnələr, oçerk kimi yazdığı yazının ölümündən sonra hekayə kimi təqdim edilməsi, proletar yazıçılarının dramaturqa etdikləri haqsız hücumlar, yazıçının “ləkəli keçmişinin” tez-tez onun başına qaxınc edilməsi (əslində hər bir şey “ləkəli keçmiş” lə bağlı idi) və nəhayət 1934-cü ildə cəmi 35 il ömür yaşamış və bu qısadan-qısa ömrün içində fantastik dərəcədə işgüzarlıqla yazıb-yaratmış Cəfər Cabbarlının ürəyinin partlaması... (partladılması) Hələ nə yaxşı ki, böyük ədib dəhşətli 37-ci ili görmədi, yoxsa onun da taleyi məsləkdaşları - müsavatçı yazıçılar Əhməd Cavad , Hüseyn Cavid, Mikayıl Müşfiq kimi imperiyanın ət maşınının içindən keçməli olacaqdı.

Bəli, Cabbarlının o “ləkəli” keçmişi əslində onun Müsavat Partiyasının üzvü olmasında idi. Azərbaycan Demokratik Respublikası rus imperiyasının və onun yerli nökərlərinin qanlı əlləri ilə boğulandan sonra Müsavat iki istiqamətdə - həm mühacirətdə, həm də Vətəndə gizli surətdə işləməli oldu. Bakıdakı gizli Müsavatın rəhbərlərindən biri də məhz Cəfər Cabbarlı idi. Gizli Müsavatın bir sıra yığıncaqları hətta onun evində keçirilirmiş.

Qüdrətli sənətkar əsərlərini olar-olmaz çərçivələri daxilində yazmağa məhkum edilsə də o, əslində saxta ideyalarının fonunda yazdığı əsərlərində ezopvari yolla olsa da özünün müsavatçı məsləkinə sadiq qalmışdır. Əslində böyük bir tədqiqat obyekti ola biləcək bu mövzunun yalnız müəyyən nöqsanlarına (bu söz çap zamanı o vaxt səhv olaraq “nüansları” əvəzinə nöqsanları kimi gedib – müəllifin indiki qeydi) toxunmaq istərdik.

Rus imperiyasının xalqlar arasına nifaq toxumu səpdiyini dahi dramaturq “1905-ci ildə” pyesində ustalıqla verə bilmişdir. (Bu gün də bu siyasət davam etməkdədir - Qarabağda, Gürcüstanda, Tacikistanda... (Ermənilərə gizli silah verən qubernator azəri türklərini də tovlayır, özünü onların dostu kimi qələmə verir. Bugünkü Volskilərin, Polyaniçkoların sələfi olan qubernator milli hissələrdən məhrum olan Bahadır bəyləri, Salamovları vəzifə, təltif və s. ilə tovlayır, azərbaycanlıları ermənilərin əliylə qırdırır. Salamovun döşünə medal taxan qubernator (sonralar döşümüzə yad medallar, başımız üstünə yad bayraqlar o qədər asılıb ki!) şöhrətə aludə olduğumuzu, hətta aludəçilikdən milliyətimizi belə tapdamağa hazır olduğumuzu gözəl başa düşür. İş o yerə çatır ki, Salamov Bahadır bəyə millət sözünü ağzına almamağı tapşırır: “Zaman o zaman idi ki, bu əsərin yazıldığı dövrdə də millət sözü əvəzinə sovet sözü işlənirdi”. “Formaca milli , məzmunca sosialist ədəbiyyat” deyilən qondarma bir ideyanın meydanda olduğu vaxtda belə tiplər və tipajlar yaratmaq özü də risk idi).

“Salamov-Yenə də saldı bu zəhrimar milliyyəni ortalığa. Adə , bir belə keç. Mariya Tumannıfeynən, padşah mənə böyük xəcalət verib, bu midalın əvəzinə sabah sizin barmağınıza şəhərimizin ən böyük brilyantını taxacam...”

O brilyantın dalınca Zəngəzur, Göycə ermənilərə verildi, içimizdə əbədi sızlayan Dağlıq Qarabağ deyilən xərçəng yaradıldı.

Dramaturq pyesdə manqurt bir ata obrazı da yaradıb. Keçmişini danan, əslini unudan, biqeyrət, bişərəf Qoca Baxşı. Qızının etirazlarına baxmayaraq Azərbaycanda alternativi olmayan və bəlkə yazıçının imperiya mühitinə olan kin və nifrətindən doğan bu “kişi” qızını - türk qızını erməniyə vermək istəyir(?!) Özünün dediklərinə özü də inanmayan, fəqət sosializm koloniyasında yaşamağa məhkum edilmiş bu manqurt “ata”nı qızı da rədd edir.

Yazıçının “Pravda” qəzetində 28 aprel inqilabının (oxu: 28 aprel istilası) on illiyinə sifarişlə yazdığı “Bakı” adlı oçerkini sonralar tərcümə edib “Firuzə” hekayəsi kimi oxuculara təqdim etmişlər. Bu “hekayədə” də yazıçı öz saçmaları ilə mövcud rejimə öz münasibətini bildirmişdir. “Hekayə”nin qəhrəmanı öz evlərini, doğma Çəmbərəkəndi, qəbiristanlarını, hətta atasının qəbrini də tapa bilmir. Burada müdrik yazıçı gizli bir eyhamla keçmişindən ayrılmış insanın faciəsini yarada bilmişdir - özü də faciəsinə sevinən insanın!

“...Atamın da qəbrini tapmadım. Bu əbədi sükut dünyasının yerində geniş xiyabanlı qəşəng bir park əmələ gəlmişdi, atamın qəbrinin yerində isə bir çiçəklik salmışdılar(!)”

“Çılpaq qumlu düzlər iki gün içərisində yaşıl, çiçəkli bir bağa dönür... qəbristan... mədəniyyət və istirahət parkına çevrilir”.

(Müəllifin indiki əlavəsi: mən sonralar, təxminən 15 ilin ardından bu mövzuda bir hekayə də qələmə almışam. “Üç pinqvin” adlanan həmin hekayə baş redaktoru olduğum “Yazı” dərgisinin 7-ci sayında işıq üzü görüb. yazidergisi.com saytına girib oxumaq olar.)

Sanki yazıçı gözləri ilə gördüyü 1918-1919-cu illərin dəhşətli erməni qırğınları zamanı salınmış Şəhidlər Xiyabanının dağılmasından, bizim qanlı yaddaşımızın gələcək nəsillərdən gizlədilməsindən söhbət açır.

“Hekayə”nin başqa bir yerində yazıçı saxta sosializm “həqiqətlərinin” təbiətin qanunlarına belə müdaxilə etdiyini məharətlə açır:

“Bəlkə iki gün içində köhnə evi sökmək, yeri düzəltmək, hətta asfaltlamaq və ağac əkmək o qədər təəccüblü deyildir. Təəccüblü orasıdır ki, dünən əkilən ağaclar, bu gün çiçəkləmişdir...”

Bu cümlələrdə yazıçı fantastikasından, hiperboladan daha çox, saxta, yapma bir cəmiyyətin istəklərinə və iştəklərinə qarşı bir ironiya duyulmaqdadır.(Bu saxta cəmiyyət sonralar iki gün əkilən, çiçəkləyən, bar verən ağacla kifayətlənmədi, bir qoyundan 2-3 bala, özü ağırlığında yun, bir inəkdən özü ağırlığında süd, bir qarış torpaqdan fantastik pambıq, üzüm tələb etdi və aldı da!)

“1905-ci ildə” pyesində əsər boyu hadisələri müşayiət edən ecazkar mahnıda isə yazıçı sanki doğma Müsavat ideyalarının, müstəqillik arzularının faciəsini vermişdir:

Azad bir quşdum,

Yuvamdan uçdum.

Bir bağa düşdüm,

Bu gənc yaşımda.

Bir ovçu gördü,

Köksümdən vurdu.

Torpağa düşdüm,

Bu gənc yaşımda.

Müsavat Partiyasının 3-cü (bərpa) qurultayında Məmməd Əmin Rəsulzadənin davamçılarından olan Əbdül Vahab Yurdsevər həzin, lakin çox ibrətamiz bir xatirə söylədi: “Bir gün mən Səməd Vurğunun “26-lar” poemasını Məmməd Əmin bəyə göstərib dedim ki, bu əsərdə sizin adınız anılıb, fəqət satqın kimi. O, əsəri məndən alıb baxdı, sevincindən şaşırmış bir halətdə dedi:

- Bunu yazan çox böyük adamdır. Fəqət adım mənfi planda çəkilsə də, gələcək nəsillərə varlığımı bildirər. Çocuq atasından soruşar, müəllimindən soruşar, Müsavat, müstəqil Azərbaycan haqqında həqiqətlər çözülər... Demək, bunu yazan böyləcə ağıl sahibiymiş... O ki, qaldı məni satqın kimi göstərməyinə, öylə yazmasaydı, dərc olunmazdı”.

Məhz bu xatirat məni Cəfər Cabbarlı yaradıcılığına bir ayrı gözlə baxmağa vadar etdi.

Bəli, bizlər, bu gün saxta bir rejimin xəstə ideyaları ilə yoluxmuş nəsil əslində öz keçmişimizə indi ayrı gözlə baxmalıyıq. Onda Cəfər Cabbarlı kimi əqidə və məslək sahiblərinin nə çəkdiyini duymuş olarıq. Bu gün familiyalarının arasına “ov”, “yev”ləri şəlləyənlər, qəzet səhifələrində “familiyamız necə olmalıdır?” sualıyla Amerika açanlar böyük Cəfər Cabbarlının familiyasına baxmasınlar.

Sensasiya ardınca qaçmaq xətrinə yox, haqq-ədalət naminə aşağıdakıları da qeyd etmək istərdik: tək Cəfər Cabbarlı yaradıcılığına yox, bütöv 70 illik ədəbiyyat tariximizə yenidən baxmağın vaxtı gəlib çatmışdır.

“Müsavat” dərgisi N-2; 1995

# 6536 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #