writer1

Aqşin Yenisey

Məqalə sayı

80
clock12:00 calendar-gray 27 May 2011 view-gray2051 dəfə oxunub
view-gray2051 dəfə oxunub

Qarımış qızın hamiləliyi

Kənddə kənd silsiləsindən

Vaxtilə gənc olan yazıçı Seymur Baycanın özündən xeyli yaşlı olan xalq yazıçısının ətini lezvayla qıyma-qıyma doğrayaraq yemək istəməsi haqqında verdiyi bəyənat həssas oxucular tərəfindən kannibalizmin oyanışı kimi qiymətləndirilsə də, biz bunu acı bir zarafat kimi qəbul etmişdik, hətta öz aramızda Baycana “milli Raskolnikov” yarğısını da yapışdırmışdıq. Hər halda, ədəbiyyatımızda atalar-oğullar qarşıdurmasında “oğulun” “atanı” öz mədəsi, həzmeyi-rabesi ilə hədələməsi tarixdə ilk hadisə idi.

Bir üzünə baxanda hər bir xalq istənilən vaxt öz raskolnikovlarını doğa bilir, elə doğur da, lakin hər bir xalqın istənilən vaxt Dostoyevski doğmaq qüdrəti yoxdur. Rus xalqının xoşbəxtliyi bunda idi ki, Dostoyevski ilə Raskolnikovu əkiz doğa bilmişdi və hər iki oğul – istər yazıçı, istərsə də onun ədəbi qəhrəmanı – eyni dərəcədə rus idi.

Yadımdadır, bu məsələ ilə bağlı televiziyaya müsahibəsində rəhmətlik Azad Mirzəcanzadə belə bir fikir bildirmişdi: “Rusiyada elə bir rus tapa bilməzsən ki, “Karamazov qardaşları”nda onun prototipi olmasın”. Yəni Dostoyevski daha çox xalq yazıçısı idi, nəinki Seymur Baycanın qıyma-qıyma yemək istədiyi bizimkilər.

Hər bir ölkənin, şəhərin, kəndin özünəməxsus raskolnikovları olduğu kimi, Dağbasan kəndinin arvadları da bu cür övladlar doğmaqda “xəsislik” etməmişdilər, əksinə, hələ beş çömçə də üstünə qoymuşdular.

Günlərin birində Dağbasan kəndinin tarixində indiyəcən görünməmiş bir hadisə baş verdi; kəndin meşə ilə nikaha girdiyi, həyət ağaclarının meşə ağacları ilə qucaqlaşdığı, qurdla itin dostlaşdığı bir qırağında çiy kərpicdən hörülmüş əyri-üyrü daxmasında tək-tənha yaşayan Qarabirçək adlı qarımış qızın qarnı yavaş-yavaş qalxmağa başladı. Kənd duyuq düşdü ki, heç vaxt ərdə olmayan bu qadın hamilədir, lap İsa peyğəmbərin anası Məryəm kimi. Qadının qarnı böyüdükcə şübhələr də böyüdü, arvadlar ərlərinə, atalar oğullarına çəp-çəp baxmağa başladı. Bircə o qaldı ki Qarabirçək müqəddəs Məryəm ana kimi dilə gəlib uşağın sübh vaxtı bətninə üfürüldüyünü boynuna alsın.

Kənd iki cəbhəyə bölündü: mühafizəkar kəndlilər qadını bic uşaq doğmağa hazırlaşdığı üçün el-obadan qovmağı, islahata meyilli kəndlilər isə həqiqət naminə axıracan gözləməyi təklif etdilər. Qarabirçək isə boğaz vəhşi kimi heç kəsi yaxına buraxmayıb, qarnındakı övladının yolunu gözləyə-gözləyə, başqa arvadlar kimi, ot biçdi, noxud yoldu, cöngə hörüklədi, təzək yapdı, saman daradı...

Nəhayət, çağa doğuldu, Qarabirçək onu yaşadığı daxmada tək doğdu, çünki kənd kişiləri arvadlarına onun evinə getməyi qadağan etmişdilər. Bir at örüşdə, bir it samanlıqda, bir pişik zirzəmidə necə balalayırsa, Qarabirçək də elə doğdu, vəhşi kimi.

Ustündən bir həftə keçməmiş bu qadının naləsi kəndi başına götürdü; o, dağınıq saçlarını yola-yola, üz-gözünü didə-didə kəndi ələk-vələk edir, hər yerdə - tövlələrdə, təndir küllüklərində, ot tayalarında, su quyularında – itkin düşən çağasını axtarırdı. Çağa yoxa çıxmışdı. Ana isə az qala, it kimi, ulaya-ulaya, at kimi imsiləyə-imsiləyə, pişik kimi miyoldaya-miyoldaya hər yerdə onu gəzirdi, çağırırdı, səsləyirdi, yalvarırdı, qarğış eləyirdi... tövlərə girib axurlara baxırdı, əlindəki çomaqla ağacların dibini eşirdi... ona elə gəlirdi ki, gözünə görünən hər şey onun çağasını gizləyib. Hirsindən torpağı, ağacları döyəcləyirdi, özünü döyəcləyirdi.

Dağbasan isə susur, tamaşa edirdi.

Axırda onun ah-naləsini polis bölməsində eşitdilər və tezliklə dağbasanlı gənc bir oğlan həbs olundu; aydın oldu ki, bu gənc kənd toylarının birində qusanacan içəndən sonra gecəyarısı kəndin qırağındakı komada tək yaşayan Qarabirçəyin qapısını döyüb, əlindəki qazpüskürənlə qadını uydurub və “Məryəmin bətninə İsanı üfürüb”. Səhəri gün kənddən qaçıb, bir də o zaman kəndə qayıdıb ki, o gecədən bir uşaq doğulub. Bizim heç vaxt özümüzə izah edə bilmədiyimiz bir duyğu onu çağanı oğurlayıb öldürməyə vadar edib və “milli Raskolnikov” öz övladını oğurlayaraq həyətlərindəki samanlıqda diri-diri basdırıb.

Deyirdilər ki, polisin qoluna qandallanmış qatil-ata çağanı samanlığın altından çıxaranda zavallının əl boyda bədəni hələ isti imiş.

Oğlanı tutdular, Qarabirçək isə kəndin meşə ilə nikaha girdiyi, həyət ağaclarının meşə ağacları ilə qucaqlaşdığı, qurdla itin dostlaşdığı bir qırağında çiy kərpicdən hörülmüş əyri-üyrü daxmasında ağlayıb-ağlayıb kiridi.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modalyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021
Azərbaycanda Böyük Britaniya film festivalı başlayır
12:44 22 Yanvar 2021
Tənqidin tənqidi – Ağalar Qutdan yeni esse
12:08 22 Yanvar 2021
Yazıçılar Donald Trampa kitab qadağası qoydular
11:32 22 Yanvar 2021