Nə çox adamsanmış sən

Nə çox adamsanmış sən
4 sentyabr 2013
# 14:30

Barmağına

Balaca xaç işarəsi qoymusan

Baxanda indi unutduğun o nəyisə

Xatırlamaq üçün guya

Nəydi o

Nə idi amma...

Çarmıxa çəkilmiş İsa!

Başqa heç nə gəlmir ağlına

***

çox böyük oldu bu gün
o baş bu baş sərdim xalı kimi
içində gəzməyə hövsələm olmadı
qırağında dayanıb baxdım bir az-
bircə ucu gəlsə əlimə,
büküb qatlasam, dedim.
bir yağış da yağdı üstünə
islanıb ələgəlməz oldu
sən gəlməz oldun
o gəlməz oldu.
hər an, hər saniyə bu gün oldu
sabah açılacaq, dedim öz - özümə-
bir düşün
açıldı, sabah açıldı
amma o da bu gün
bu gün

Əclaf

pəncərənin tərləmiş şüşəsində
gülən adam rəsmi çəkdim
damcılar sürüşdü
cizgilər axdı
adam ağladı
kim elədi bunu?
hansı əclafdi?

***

geydiyin ayaqqabıları geydim,
yatdığın yeri dağıtdım
səndən gedib sənə qayıtdım
burda olanda bu qədər çox deyildin
hər addımda qarşıma çıxdın
sən nə çox adamsanmış
bir tək özümdən utandım...

***

Kəlmə belə kəsmədik amma

Qapının dalındakı asılqanda

Paltolarımız bir-birinin qucağında ..


***

darıxıram
sən burda yoxsan
sən də darıxırdın
mən burda yox idim
indi də yoxam
bir gizlənqaç qorxusu kimi yoxam
sən yaxınlaşırsan
mən gizlənirəm
daha dərində
sən tapa bilmirsən
amma mən də
mən də
unuduram özümü gizləndiyim yerdə.
və birdən
təsadüfən
bir qapının dalında
bir səhifənin arasında

özümə rast gəlirəm -
qapını örtürəm
səhifəni çevirirəm;
burda belə bitirəm.

**

Nə qəddarsan, balaca...

Sabun köpüyü buraxan

Tapançanla öldürürsən bizi

Bu amansız dünyada...

***

Bir qar adamıdı
bizim kimi
zamana qarşı
quru budaq əlləri
gecələr səmaya açılı
gündüzlər günəşə qarşı
əridikcə düymə gözləri
çuxura düşür sallanır baxışlardan
bağışlama bizi
bağışlama, qar adam
əvət, biz etdik
hər keçən zamana
qucaq açmağa
buz ürəkli qar adam düzəltdik
daş ürəkliydik.
gülsün istədik
kefi az adam
burnu kök adam
həp ağlamada,
ürəyi buzdan,
papağı qırmızı,
göbələk adam.

***

Buludlu, küləkli sentyabrda
əncir ağacı olmaq bağda.
Nə bağdan, nə sentyabrdan gedə bilməmək.
Yaya qədər dözmək -
siz tünd sarı əncir mürəbbəsi yerkən
yarpaq –külək döyüşündə
yarpağın tərəfində olmaq acısı -
ən çox sizə bənzəyən hekayəm mənim.

Aşiq

bir durdu, soyuducunun qapısını açdı
una-yağa, yumurtaya, mürəbbəyə qarışdı
bir romantik səhər yeməyi olsun, dedi
saçından ətəklərinə yeməklərə bulaşdı....

Yay

- O nədi abi, orda o qarlar?
- Qar deyil, balası, buludlardı, buludlar.
- Yox, qardı, tökün yerə, qar! qar!
tök yerə onları, əlcəyim də var!!!

# 3296 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər