Könül ver abırlı, həyalı qıza

Könül ver abırlı, həyalı qıza
12 avqust 2013
# 11:03

Aldanma

Dünya gözəllərdən xali deyil ki,

Aldanma sürməli, boyalı qıza.

Kişi tək sev, sevil, kişi tək yaşa,

Könül ver abırlı, həyalı qıza.

Çalış taleyindən, bəxtindən yarı,

İtirmə sevgini, həm etibarı.

Seçəndə doğru seç yoldaşı, yarı,

Sevən qəlbini aç vəfalı qıza.

Çox olar işvəli, qaşları kaman,

Vəfası olmasa o qızın, aman.

Sirrini açma sən çalış heç zaman,

İsmətdən, həyadan aralı qıza.

Anar, hər addımda götür-qoy elə,

Özünə ismətli qızla toy elə.

Yaşamaq, sevməkçün ömür var hələ,

Aldanma naza edən, ədalı qıza.

Eşqin qədrini bilənlərdənəm

Sən yoxsan, düşünmə dünya dağıldı,

Sənsiz də sevməyə gözəl tapılar.

Mən sənsiz ölməyi düşünmürəm heç,

Onsuz da ölməyə əcəl tapılar.

Məhəbbət qonaqdır gəlib, həm gedər,

Gedəni saxlamaq olmaz, əzizim.

Sevməyən ürəyi sevən ürəyə,

Heç zaman bağlamaq olmaz, əzizim.

Bir eşqlə sonadək yaşamaq olmur,

Nə qədər ürək var-sevib, sevəcək.

Nə vaxtsa rastıma rastıma çıxan bir gözəl,

Bəlkə mən aşiqə könül verəcək.

Məhəbbət qan kimi damarımdadır,

Sevgiylə yaşayıb, gülənlərdənəm.

Anaram, ürəkdə məhəbbətim var,

Mən eşqin qədrini bilənlərdənəm.

Gedirəm

Səsimi bir kimsə duymayacaqdır,

Bu fani dünyadan səssiz gedirəm.

Sən ki mən aşiqin bəxti olmadın,

Nigaran gedirəm, sənsiz gedirəm.

Gözümdə intizar, qəlbimdə yara,

Qanadsız uçuram mən buludlara.

Gedirəm qəlbimi mən yara-yara,

Ürəksiz, qanadsız, gözsüz gedirəm.

Həyat nə eşq bilir, nə aşiq bilir,

Bu dünya nə vüsal, nə aman verir.

Şairlər söz ilə imtahan verir,

Mən isə şeirsiz, sözsüz gedirəm.

Yaşamaq sevgisi özümdə yoxdur,

Sənsiz bu dünyada gözüm də yoxdur.

Alışıb, yanıram, közüm də yoxdur,

Ocaqsız, alovsuz, közsüz gedirəm.

Ölən eşqimiz

Bu saf eşqimiz öldü...

Qara yaylıq bağladın.

Mən gizlicə ağladım,

Sən aşkarda ağladın.

Bir də çətin qayıdar,

Uçub gedən durnalar.

Geri qayıtmaz bahar,

Nahaq ümid bağladın.

Məhəbbətin sevginin,

Yaşadıq saf adıyla.

Ayrılığın oduyla,

Ürəyini dağladın.

Ürək sevgi məbədi,

Bəs, bu ayrılıq nədi?

Bu sevgini əbədi,

Ürəyində saxladın.

Bu dünyada ayrılıq,

Eşqə qalib gələrmiş.

Qəlbimizdə qorunan,

Sevgini öldürərmiş.

# 1156 dəfə oxunub

Oxşar xəbərlər

# # #