news-inner
clock17:08 calendar-gray 02 Avqust 2013 view-gray2468 dəfə oxunub
view-gray2468 dəfə oxunub

Ələkbər Hüseynovun ölümündən 6 il ötür

Öləcəyini biləndən sonra...

Epiloq

Balaca qızcığaz ağzını açıb yeməyini yemək istəmir. Anası deyir ki, yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemisən, ya yox. Qız dərhal ağzını açıb yeməyini həvəslə yeməyə başlayır.

Yeganə bala

Bakıda əslən Gəncədən olan Adıgözəl adlı bir kişi yaşayırdı. Xanımının adı Yaqut, kiçicik yeganə övladlarını adı Ələkbər idi. Adıgözəl kişi Bakı dəmir yolunda maşinist işləyirdi. Cavanlığında xanımı, ixtisasca həkim olan Yaqutun xəstəsi olmuşdu, soyuqdəymədən müalicəsini onun əlıərindən alandan sonra isə Yaqutun xəstəsinə çevrilmişdi. Onun üçün oxuduğu “Həkim qız” mahnısının sehrinə düşən Yaqut ona necə vurulmuşdusa bu məhəbbət evliliklə nəticələnmişdi.

1983-cü ildə, onda artıq Ələkbər də böyük oğlan idi, Adıgözəl kişini Binəqədi şosesini keçəndə “Volqa” markalı avtomobil vurdu. Abşeron tərəvəz institutunun direktorunu gəzdirən maşının sürücü hər gün onlara gəlir yalvar-yaxar edir, göz yaşları axıdırdı: “Mənim beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın”.


O vaxt əsgərlikdən atasının başına gələni eşidib icazə ilə evə gələn Ələkbərin ürəyi dözməyib. “Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutdurmaqla ata sağalan deyil”-deyə anasını razı salıb şükayət etməkdən çəkindirir.

Ata isə yataq xəstəsinə çevrilir. On bir il yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikən təkrar insult keçirib dünyasını dəyişir.

Anası Yaqut Hüseynova:

“Ələkbər 1961-ci ildə anadan olmuşdu. Sakit uşaq idi. Səkkizinci sinfə qədər o biri uşaqlardan heç nəylə fərqlənmirdi. Öz otağına çəkilər, özünə müxtəlif məşğuliyyətlər tapardı. Daha burada nələr düzəltmirdi: təyyarə, maşın, qatar. Onun üçün “Texnika-molodyoji” jurnalını alardıq. Ordan maraqlı konstruksiyalar seçib qurur, redaksiya ilə əlaqə saxlayır, gənc texniklər üçün keçirilən tədbirlərdə iştirak edirdi. Bir dəfə indiki Azadlıq meydanında keçirilən yarışda onun quraşdırdığı təyyarə modelini uçurtdular. Bu an mənə elə gəldi ki, bu, Ələkbərin fantaziyası, sakit, mülayim təbiətində gizlədib-saxladığı xəyallarıdır, genişliyə, ümmana doğru uçur. Ondan daim ehtiyat edirdim. Bir az zəif uşaq idi, tez-tez soyuqlayardı. Ona görə də çalışırdım onu bu işdən, açıq havada təyyarrə uçurmaqdan uzaqlaşdırım.

Amma hardasa 13-14 yaşlarından o özü texnikadan daha çox musiqiyə, rəqsə meyil göstərməyə başladı. Nəyə görəsə son vaxtlar xırda-xırda bizdən pul alır, özü üçün yığırdı. Günlərin bir günü gördük budur, həmin pula nağara alıb gətirib evə. Azca keçəndən sonra qarmon, sonra maqnitofon aldı. Beləcə, otağını çevirib incəsənət guşəsi elədi. Bununla paralel məktəbdə də özfəaliyyət musiqi dərnəyinin solisti kimi çıxış edirdi. Səs ona atasından keçmişdi. Adıgözəlin də gözəl səsi, qeyri-adi ifa tərzi vardı. Ələkbərin səsi isə çox nadir rast gəlinən tembrə malik idi. Bir gün də eşitdik ki, rəqsə gedir. Hardasa bir il rəqsə gedəndən sonra müəllimi ona belə xarakteristika verdi: bu uşaq artıq peşəkar rəqqasdır. Sən demə, Ələkbərin axtarışları bununla da bitməyəcəkdi. Bir gün gəlib bizə xəbər verdi ki, Yuri Qaqarin adına Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına Uşaq və Gənclər Sarayı – red.) dram dərnəyinə yazılıb. Bax özünü, nəhayət, orda tapdı. Ona baş rollar verirdilər. Bir gün Mark Tvenin əsəri əsasında “Şahzadə və dilənçi” tamaşasına məni çağırdılar. Tamaşa anşlaq keçdi. Mən hətta unutmuşdum ki, baş rolda oynayan mənim uşağımdır. Tamaşaya baxdıqca gülür, ağlayırdım. Onuncu sinfə qədər Ələkbər bütün diqqətini, gününü, vaxtını dram dərnəyinə sərf etdi. Bir-birinin ardınca müxtəlif tamaşalarda çıxış etdi. Açığı, istəmirdim bu yolu tutsun. Onu fikrindən döndərmək, başqa sənət seçməyə yönəltməyə çalışırdım: “Alik, bax a… Birdən artistliyə meyil salarsan… Biz atanla səni tamam başqa sahənin adamı görmək istəyirik.”

Bakıdan Şəkiyə və geri

Talehdən isə qaçmaq olmur. Ələkbər özü də bu taleyin ardınca məmnunluqla gedirdi. O, aktyor olmalıydı. Onuncu sinfi qurtaran kimi sənədlərini İncəsənət İnstitutunun aktyorluq fakültəsinə verir və daxil olur.
”İnstituta imtahan verəndə mən də qarşıdakı bağda oturub nəticəni gözləyirdim. Mənimlə yanaşı dayanan, skamyada əyləşən valideynlər dilənçilərə pul verir, dua eləyirdilər ki, uşaqları yaxşı qiymət alsın. Mənsə ürəyimdə Allaha yalvarırdım ki, qoy, Ələkbər daxil olmasın. İstəmirdim o, aktyor olsun. İstəyirdim, texniki elmlərə yiyələnsin, alim olsun. Bu fikirlərlə institutun qarşısında məşhur aktyorların içəri girdiyini, içəridən çıxdığına baxır və onları ilk dəfə həyatda gördüyümə görə xoş təəccüb, maraq hissi keçirirdim. Rasim Balayev, Şəfiqə Məmmədova, Mikayıl Mirzə… Birdən görürəm, daha bir tanış institutdan çıxıb, sevincdən əllərini havada yellədə-yellədə mənə doğru gəlir. O anda başa düşdüm ki, Allah belə məsləhət görür, oğlum aktyor olacaq. Mənim yalvarışlarımın heç bir əhəmiyyəti yoxdur.”


İxtisas fənnindən imtahan götürən müəllimlər, professorlar Mehdi Məmmədov, Rza Təhmasib, Ələmdar Quluzadə, Nəsir Sadıqzadə və digər hörmətli pedaqoq və sənətkarlar Ələkbərə şeir dedizdirdikdən, etüd oynadandan, mahnı oxutdurandan, rəqs etdirdikdən sonra onun aktyor olacağına tam əmin, arxayın olmuş, hamı ona “əla” qiymət yazmışdı. İnstitutda ixtisasdan ona Nəsir Sadıqzadə müəllim dərs deyirdi.

Təhsilini başa vurandan sonra Ələkbər hüseynov təyinatla Şəki teatrına yollanır. 1982-ci ildə Ələkbər bir il hərbi xidmətdə olandan sonra yenə öz işinə qayıtdı. 1987-də onlar Şəkidən Bakıya qayıtdılar. Ələkbər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləməyə başladı.

O vaxtdan Ələkbər əminin sənət yolu başladı desək, qəbahət etmiş olmarıq, çünki oynadığı rollar, rejissor kimi hazırladığı tamaşalar hamısı bir yana Ələkbər balacaların Ələkbər əmisi böyüklərin də yaddaşinda məhz Kukla teatrından başladığı yolla qaldı.

Lap ilk gəncliyindən, o vaxtlardan ki, özü uşaqlığa təzəcə əlvida deyib gəncliyinin ilk sevgi deyilən günlərini yaşayırdı.

Əminin sevgi tarixçəsi

Afaq Hüseynova (həyat yoldaşı):

“İlk baxışdan xoşuma gəlmədi. Analarımız bir yerdə işləyirdilər. Anası məni xoşlamışdı və anamla qərarlaşmışdılar ki, bizi görüşdürsünlər. Bir axşam Yaqut xala ilə bir qarayanız oğlan gəldi evimizə, boyu ortadan bir az hündür, qalın, qıvrım, qapqara saçlarını arxaya vermişdi. Nəyə görə birinci görüşdə xoşuma gəlmədi, bilmirəm. Amma ikinci görüşdə mən konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) oxuyurdum. Dərsdən çıxanda gördüm o gün anamın rəfiqəsi ilə bizə gələn oğlan dayanıb məni gözləyir. Üzündə elə xoş ifadə var ki, sanki biz bir-birimizlə bir dəfə yox, dəfələrlə, ömrüboyu görüşmüşük. Onun bu ovqatı beş dəqiqədən sonra mənə keçdi. Sən demə, evdə görüşəndə hər ikimiz sıxılırdıq. İndi isə Ələkbər sıxıntını aradan qaldırıb danışmağa başladı, özü də nə başladı… Heç özümdən xəbərim olmadan bir də gördüm, qəşş eləyib gülürəm. O qədər maraqlı, məzəli, mənim üçün yeni olan söhbətlər edirdi ki, bütün varlığımla ona diqqət kəsilmişdim. Bütün şəhəri gəzdik, elə bildik beş dəqiqə keçib. Xəbərimiz olmadı ki, artıq gün keçib, axşam olub. Mən o görüşü heç vaxt, heç vədə yadımdan çıxarmayacağam. O görüş bizi bir-birimizə əbədi bağladı. Əbədi. Bu gün Ələkbər dünyada yoxdur, amma o görüşün təəssüratı yaşayır. Özü də təkcə mənim daxilimdə yox, ikimizin arasında yaşayır. O günü, ona bənzər başqa günləri, eləcə də anları mən Ələkbərlə birlikdə xatırlayıram.

Bir dəfə uroloji xəstəxanada əməliyyat keçirmişdi. “Qətl günü” tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz eləmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər. Gözlədilər, Ələkbər azca sağalan kimi elə xəstəxanadan gəlib onu çəkilişlərə aparır, sonra yenə gətirib qaytarırdılar yatdığı palataya. Hətta çəkilişlərin birində qanazlığından huşunu itirdi. Təcili xəstəxanadan telestudiyaya həkim çağırdılar. Birtəhər onu özünə gətirəndən sonra yenə rolunu oynamağa qayıtdı.

Ələkbər üçün nə kiçik rol var idi, nə də kiçik iş. Hər bir şeyə diqqət, qayğı, işgüzarlıqla yanaşırdı. Evdə adi su kranını düzəldəndə belə onu ən yaxşı ustanın əlindən çıxan iş səviyyəsinə qaldırardı. Amma bir şərtlə: gərək buna daxilən hazır olaydı. Həvəs demirəm, sadəcə, evdə nəsə xarab olanda hamımızı belə sakit edərdi: “Darıxmayın, düzəldəcəyəm, amma hələ yox, hələ məqamı gəlməyib”.

İndi də bəzən nəyisə düzəltmək lazım gələndə, mənə elə gəlir, yenə onun səsini eşidirəm: “Darıxma, məqamı çatanda hər şey düzələcək”.

2002-ci ildə Ələkbər Hüseynov UNİMA – beynəlxalq kukla teatrları birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirlərdə iştirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl diş həkimi olan dostunun yanına gedib o ağrılı dişdən yaxasını qurtarır. Kaş elə diş ağrısı ilə Parisə gedəydi, görünür bud a tale oyunudur. Fransaya getdi, orada elə uğurlu çıxış etdi ki, hamı bəyəndi, çoxlu dəvətlər aldı. Gələndən sonra kefi yaxşı idi. Ailəsini götürüb Yessentukiyə dincəlməyə getdi. Hər şey yaxşı idi, yaradıcılıqda da, həyatda da işləri əla gedirdi. Amma həmin ilin sonlarında…

“Hepatit C” diaqnozu

Günü-gündən üzünün rəngi saralırdı. Gözlərinin içində də sarılıq əmələ gəlmişdi. Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxlamadan sonra məlum olur ki, onda “Hepatit C” adlı virus var. Nə özü, nə də yaxınları buna inanmadı. Buna kim inanmaq istəyərdi ki…Bir neçə fərqli yerlərdə təkrar analizlər eyni nəticəni diktə edir.

2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə həmin diaqnoz təsdiqləndi. Bu virus yalnız qanla keçə bilərdi. Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, harda bu virusa yoluxa bilərdi? Ailədə hamı susqunluq keçirirdi. Moskva həkimi diş dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dişini çıxartdırmışdı. İki il ərzində virus gizlicə bədəndə öz işini görübmüş. Artıq qara ciyəri şişməyə başlamışdı.

Ana, mən öləcəm…

İnternetdə maraqlı nəsə tapanda çardaqdan bizi yanına çağırardı. Bir gün eşitdim məni çağırır. Qalxdım onun yanına. İnternetdə “Hepatit C” səhifəsini açıb yavaşca mənə dedi:
- Görürsən, ana? Burda yazılıb ki, bu virusa tutulanlar üç ildən səkkiz ilə kimi yaşayırlar. Mənim üç ilim başa çatmaq üzrədir…
- Niyə sən üç ili fikirləşirsən, səkkiz ili yox? – etiraz edib qışqırdım. Sonra çalışdım onu sakit edəm. Özümdən yalan hadisə danışdım:
- Bizim yaşlı bir xəstəmiz var, iyirmi ilə yaxındır bu diaqnozla yaşayır. Gəl sən də bədbin olma, Allah kömək edər, bir çarə tapılar bizim üçün də, mənim balam……

Yaqut Hüseynova:

“Təzə ev almışdıq, beşinci mərtəbədə. Ələkbərin əl qabiliyyəti yaxşı olduğundan çardağı qəşəng düzəldib, yerə metlax döşəyib, oranı səliqəli iş otağına çevirmişdi. İndi də ora iş otağıdır. Amma çox zaman boş qalır. Ələkbər internetdə maraqlı nəsə oxuyanda oradan bizi çağırardı. İndi də bizə elə gəlir ki, hansısa hadisə ilə əlaqədar, yaxud maraqlı bir xəbər, ya da çox gülməli lətifə tapıb bizi yuxarı çağıracaq. Bu onun adəti idi. Evdə olanda internetə girər, maraqlı məlumatlarla tanış olardı. Bir gün eşitdim məni çağırır. Qalxdım onun yanına. İnternetdə “Hepatit C” səhifəsini açıb yavaşca mənə dedi:


- Görürsən, ana? Burda yazılıb bu virusa tutulanlar üç ildən səkkiz ilə kimi yaşayırlar. Mənim üç ilim başa çatmaq üzrədir…


- Niyə sən üç ili fikirləşirsən, səkkiz ili yox? – deyə ağlıma gələn birinci fikirlə ona etiraz edib qışqırdım. Sonra çalışdım onu sakit edim.

Özümdən yalançı bir hadisə danışdım:


- Bizim yaşlı bir xəstəmiz var, iyirmi ilə yaxındır bu diaqnozla yaşayır. Gəl sən də bədbin olma, Allah kömək edər, bir çarə tapılar bizim üçün də, mənim balam…


Bir neçə gündən sonra onun özünə gəlmədiyini, fikirli olduğunu, daim gözlərinin yol çəkdiyini görüb daha bir yalan danışdım. Mənim Türkan kəndində bibim yaşayır. Onun adından dedim:


- Bibi gedib Quran ağzı açdırıb, orda sənin üçün yazılıb ki, altmış yaşından az yaşamayacaqsan.


Hər gün mən onu belə söhbətlərlə qara fikirlərdən ayırmağa çalışırdım. Ona təlqin edirdim ki, xəstəlik keçəcək, yaxşı olacaqsan. Özüm isə dərdimi içimdə çəkirdim, hər səhər yastığım gecə tökdüyüm göz yaşlarından yamyaş olurdu. Gözüm get-gedə tutulurdu.”

Artıq ömrünün sonuna az qaldığını duyan Ələkbər əmi işinə həmişəkindən çox ciddi yanaşmağa, bir-birinin ardınca yeni layihələrin altından imza atmağa başladı. Qət etmişdi ki, getdikcə azalan bu müddət ərzində daha artıq işləmək lazımdır. Daha fəal, daha yaradıcı həyat yaşamalıdır. Teatrda, televiziyada maraqlı layihələr həyata keçirir, ən müxtəlif tədbirlərdə iştirak edir, hara çağırırdılar, hansı konsertə dəvət edirdilər, gedirdi. Allah elə bil onun gücünü artırmışdı. Səmərəli işləyirdi. Rejissor kimi tamaşalar hazırlayır, şou-proqramlar aparır, uşaqlar üçün yeni verilişlər yazdırırdı. Ölümünə bir neçə ay qalmış onu teatrın baş rejissoru vəzifəsinə təyin etdilər.

Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor Rəhman Quliyev valideynlərə müraciət etdi. Sonra televiziyalarda, onun iştirak etdiyi və etmədiyi proqramlarda, qəzetlərdə xəstəliyi və ciddi, böyük məbləğ tələb edən müalicəyə ehtiyacı olduğu barədə məlumat verildi. Onun üçün hesab nömrəsi açıldı. Heydər Əliyev adına fond yardım etdi. Onun bədəni antibiotikləri qəbul etmirdi. Bu xəstəliyin tələb etdiyi çoxsaylı və güclü antibiotiklərlə onu müalicə eləmək qeyri-mümkün idi. Onu xarici xəstəxanalara göndərməyin də xeyri yox idi. Orada da antibiotiklə müalicə edəcəkdilər. Odur ki bir yol qalırdı: yüngül vasitələrlə onu saxlamaq, xəstəlik hallarının gərginləşməsindən qorumaq.

Ölümünə bir neçə ay qalmış ona Polşada 1968-ci ildə təsis olunan “Təbəssüm” ordenini verdilər. Bu, dünyada yeganə orden-mükafatdır ki, onunla kimin təltif olunmasını yalnız uşaqlar müəyyən edir. Bu ordenə ən müxtəlif vaxtlarda Tereza ana, Bill Klinton, Marqaret Tetçer, Dalay-lama, Sergey Obraztsov, II İoann Pavel, Çingiz Aytmatov və başqa məşhur şəxslər layiq görülüb. Kim özünü uşaqlara, onların dünyanı daha rəngarəng görməsinə həsr eləyibsə, bax o adamlara bu mükafat verilir. 2007-ci ildə Ələkbər aldı bu ordeni.

Elə həmin il 2 avqust aktyor taleyində yeganə həsrət çəkdiyi kinonun günündə uzun sürən xəstəlikdən sonra vəfat etdi.

Balaca qızcığaz ağzını açıb yeməyini yemək istəmir. Anası deyir ki, yeməyini yeməsən Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemək yemisən, ya yox. Qız dərhal ağzını açıb yeməyini həvəslə yeməyə başlayır.

Oxşar xəbərlər

Xəbər lenti

Mübariz Örəndən yeni hekayə: İlıq
21:00 13 İyul 2020
Nərgiz İsmayılovanın yeni monoqrafiyası nəşr olundu
18:44 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
18:02 13 İyul 2020
Payızda vağzala getməyəsən... - Poetik etüdlər
17:36 13 İyul 2020
Mirmehdi Ağaoğlunun Türkiyədə hekayələr kitabı çap olundu
17:18 13 İyul 2020
On beş ilin salamı – Kənan Hacı yazır
16:39 13 İyul 2020
Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020